Məhkəmə qərarları › İş №2(005)-3580/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3580/2021

09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3580/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx"MMC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı səhhətindəki problemlərə görə uşağı doğulmur. Lakin, hazırda tibb elminin inkişafı nəticəsində süni mayalanma yolu ilə hamiləlik mümkündür. Bu məqsədlə 2019-cu ilin aprel-may aylarında iddiaçı Azər-Türk Med klinikasına müraciət etmişdir. Orada həmin vaxt Türkiyədən gəlmiş həkim Ərsadiq Turan ilkin baxışdan sonra mayalanmanın müsbət nəticə verəcəyini bildirmişdir. Bu məqsədlə 03 may 2019-cu il tarixdə klinikanın hesabına 3000 manat pul ödəmişdir. Ümumi prosessin qiyməti 4500 manat bildirilmişdir, lakin ilkin mərhələdə 3000 manatın ödənilməsi kilayət etmişdir. Qeyd edir ki, həmin ərəfədə iddiaçı hələ qızlıq soyadını daşıyırdı, ona görə də müqavilə və qəbzlərdə soyadı Sərdarova kimi qeyd olunub. Sonradan məhkəməyə müraciət etməzdən öncə şəxsiyyət vəsiqəsini dəyişərkən ərinin soyadına keçmək zərurəti yaranmışdır. Klinikaya ödənişi Sərdarova Sevincin adından bacısı Sərdarova Yeganə həyata keçirmişdir. Pul ödənildikdən 2-3 gün sonra iddiaçı çoxsaylı analizlər vermiş və bütün analizlərin nəticələri əməliyyatın keçirilməsi üçün qənaətbəxş hesab edilmişdir. Analizlərin nəticələri müsbət olduğu üçün, həkim onlarla tanış olan kimi müalicəyə başlamaq qərarına gəlmiş və müxtəlif təyinatlı iynə və digər preparatları təyin etmişdir. 1 ədəd əzələdaxili iynə vurulmuşdur. Bin neçə gün sonra həkim baxış keçirdikdən sonra bildirmişdir ki, birinci mərhələdə mayalanma baş tutmamışdır və qısa müddət sonra kursu təkrarlanmalıdır. İddiaçı təxmini 1 həftə sonra təkrar olaraq klinikaya gəlsə də, oradan ona bildirilmişdir ki, Ərsadiq Turan adlı həkim artıq burada işləmir və ümumiyyətlə klinikada fəaliyyət göstərmir. Təxmini avqust ayına qədər gözləmək lazımdır, həmin vaxta digər həkim tapacaqlar və o, müalicəni davam etdirəcək. Bir az arxayınlaşan iddiaçı heç yerə müraciət etmədən avqust ayını gözləmişdir. Daha sonra avqust ayından başlayaraq müxtəlif bəhanələrlə gözləmə müddəti klinika tərəfindən hazırkı günədək uzadılır. Gözləməkdən bezən iddiaçı oraya ödənilmiş pulların ona qaytarılmasını tələb etsə də, pulun qaytarılmasından imtina edilmiş və şikayəti varsa məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçı hesab edir ki, klinikaya ödədiyi pullar ona maddi zərər kimi qiymətləndirilərək geri qaytarılmalıdır. Həmçinin uzun illər uşaq arzusunda olan iddiaçı klinika tərəfindən ona verilmiş vədlərə görə ümidlənmişdir. Sonra isə mayalanmanın baş tutmadığı (hamilə qalmadığı) səbəbindən güclü stress keçirmiş və ona mənəvi zərər dəymişdir. Hazırda cavabdeh klinikanın əlaqə qurmaqdan qaçması, oraya edilən zənglərin cavabsız qalması bu depressiya və stress vəziyyətini daha gücləndirir, bu hal fiziki iztirablarla müşahidə olunur. Bundan əlavə klinikadan bildirilmişdir ki, ödənilmiş 3000 manatdan 800 manatı analizlər üçün ödənilmişdir. Halbuki heç bir nəticə verməyən, ümumiyyətlə aparılmayan müalicəyə görə analizlərin götürülməsinə zərurət yox idi və ələlxüsus da heç bir klinikada laborator analiz aparılması belə baha qiymətə başa gəlmir. İddiaçı hesab edir ki, cavabdehin işinə səhlənkar və laqeyd yanaşması nəticəsində ona 3000 manat real maddi zərər vurulmuşdur. Daha sonra 1 il ərzində keçirdiyi stress və sıxıntılar nəticəsində aldığı mənəvi zərəri isə 10000 manat qiymətləndirir. Həmçinin məhkəmə xərclərinin də, cavabdehdən tutulub ona ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, cavabdeh "xxxx" MMC bir səhiyyə müəssisəsi olaraq orada çalışan həkimlərin işlərinə görə məsuliyyət daşıyır, həkim pasiyentini və işini atıb getdiyi təqdirdə pasiyentin müalicəsinin davam etdirilməsi üçün klinika bütün səylərini əsirgəməməli, digər həkimlə təmin etməlidir, bu mümkün olmadıqda pasiyenti öz hesabına başqa klinikaya köçürməlidir, bu da mümkün olmadıqda isə qarşılıqlı razılığa əsasən pasientdən aldığı ödənişi ağlabatan kompensasiya əlavə olunmaqla geri qaytarmalıdır. Hazırkı iş üzrə cavabdeh bu hərəkətlərin heç birini etməmişdir, mülki müqavilə üzrə öhdəlikləri icra etmədiyi halda, münasibətlərin düzəlməsinə doğru da addım atmamışdır. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh “Azər- Türk MED" MMC-dən İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi kimi 3 000 manat və 10 000 manat mənəvi zərərin əvəzini, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 13030 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2578/2020 nömrəli, 04.11.2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh "xxxx"MMC-dən 3000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyan və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmuşdur. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2578/2020 nömrəli, 04.11.2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC fəaliyyətini dayandırmışdır və ona görə də məhkəmə prosesləri barədə məlumat olmamışdır və yalnız məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra məlumat əldə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2578/2020 nömrəli, 30.06.2020ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2578/2020 nömrəli, 04.11.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2578/2020 saylı mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan "xxxx" MMC-nin tibbi müayinə aktlarından görünür ki, İddiaçı müxtəlif analizlər götürülmüşdür. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMCnə 3000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı səhhətində yaranmış problem ilə əlaqədar “Azər-Türk Med“ Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, ondan müxtəlif analizlər götürülmüş və iddiaçı 03 may 2019-cu il tarixdə klinikanın hesabına 3000 manat pul ödəmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. .Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh “Azər-Türk Med“ Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 3000 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla, cəmi 13.000 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, iddiaçı ““Azər-Türk Med“ Məhdud Məsuliyyətli Cəmiyyətinin öz öhdəliyini lazımınca yerinə yetirməməsi nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini bildirir, iddia ərizəsində sadaladığı əsaslara görə həmin məbləğin ona ödənilməsini xahiş edir. Məhkəmə qеyd еdir ki, iddiа tələbinin qаnuni əsаsını mülki qаnunvеriciliyin mülki hüquq pоzuntusu ilə bаğlı müddəаlаrı təşkil еdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.“ Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər iddiaçının üzərində müəyyən tibbi əməliyyatın aparılması ilə bağlı şifahi razılaşmaya gəlmişlər, iddiaçı həmin əməliyyatın ödənişini əvvəlcədən etmiş, lakin onun üzərində əməliyyat aparılmamış və ödəniş də geri qaytarılmamışdır. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, laki bunun müqabilində iddiaçı tərəfindən verildiyini qaytarmalı olduğu halda, bunu etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı xeyrinə maddi ziyana görə 3000 manat cavabdeh “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinəindən tutulmalıdır. Bundan başqa İddiaçı mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin cavabdeh şəxsdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X3rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Cavabdehin öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməməsi nəticəsində iddiaçının fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi öz təsdiqini tapmadığından, məhkəmə işin hallarını nəzərə alaraq, məhkəmə mənəvi ziyanla bağlı idiianı əsaslı hesab etmir və onun rədd edilməsi qənaətinə gəlir. İddia qismən təmin edildiyindən məhkəmə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qənaətinə gəlir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azər-Türk Med“ Məhdud Məsuliyyətli Cəmiyyətindən maddi zərərə görə 3000 manat iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azər-Türk Med“Məhdud Məsuliyyətli Cəmiyyətindən 3000 (üç min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar