Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3594/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Ədilova Solmaz İmran qızı, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutuna və Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə qarşı “2025-ci il Tarix fənni üzrə MİQ imtahanında istifadə edilmiş səhv və mübahisəli sualların ləğvi və s.” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutuna və Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə qarşı “2025-ci il Tarix fənni üzrə MİQ imtahanında istifadə edilmiş səhv və mübahisəli sualların ləğvi, imtahan nəticələrinin yenidən hesablanması və bu barədə ictimaiyyətə rəsmi məlumat verilməsi, yeni MİQ imtahanının keçirilməsi, hüquqlarının pozulmasına görə cavabdehlərdən iddiaçıların xeyrinə kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, eyni zamanda “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” həmin iddia tələbinə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən aidiyyəti üzrə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən görünür ki, iddiaçının mübahisəsi cavabdehlər tərəfindən təşkil edilmiş imtahan nəticələrinin ləğvi, yeni imtahanın keçirilməsi və s. ilə bağlıdır. Məlum olduğu kimi, hazırda iddiaçı tərəfindən mübahisələndirilən məsələ inzibati orqanın inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmiş hərəkətlərindən ibarətdir. Bu baxımdan hesab edirəm ki, iddiaçılar cavabdehlərə müvafiq ərizə ilə müraciət edə bilər və onların müraciəti müsbət həll olunmadığı təqdirdə inzibati orqanların hərəkət və hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilərlər. Beləliklə, hesab edirəm ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutuna və Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə qarşı “2025-ci il Tarix fənni üzrə MİQ imtahanında istifadə edilmiş səhv və mübahisəli sualların ləğvi və s.” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutuna və Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə qarşı “2025-ci il Tarix fənni üzrə MİQ imtahanında istifadə edilmiş səhv və mübahisəli sualların ləğvi və s.” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və ödənilmiş 100 manat dövlət rüsumu (GPP qəbz: **********) İddiaçı1 geri qaytarılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3594/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3594/2025
25.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver