Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3675/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi, mənəvi zərərin və hüquqi xidmət xərclərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı qarşı təqsirli hərəkətləri nəticəsində dəymiş ******* (bir milyon) manat məbləğində maddi və mənəvi zərərin əvəzinin, eyni zamanda hüquqi xidmət xərclərinə görə çəkdiyi 5000 (beş min) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Ailəlidir, bir övladı var. Cavabdeh uroloqandroloqdur. Bakı şəhəri, Nəriman Nərimanov rayonu, X13 48 ünvanında yerləşən “Buta” klinikasında çalışır. 2020-ci ilin oktyabr ayında böyrək müayinəsi üçün həkim Cavabdeh müraciət etmiş və bildirmişdir ki, böyrəyi ilə bağlı şikayətləri var. Cavabdeh əvvəlcə kurs müalicə yazmış və bir müddət sonra əməliyyat edilməli olduğunu vurğulamışdır. İddiaçı 31.10.2020-ci il tarixində ümumi dəyəri 200 manat məbləğində olan müxtəlif müayinələrdən və dəyəri 80 manat məbləğində olan “əməliyyat öncəsi paket qan analizi” müayinəsindən keçmişdir. Əməliyyata hazırlaşdığı ərəfədə “C0VİD-19” virusuna yoluxduğu üçün əməliyyatın edilməsi təxirə salınmışdır. 2021-ci ilin fevral ayında yenidən əməliyyatına qərarlaşmış və 06.02.2021-ci il tarixində bir daha 80 manat dəyərindəki əməliyyat öncəsi qan analizi müayinəsindən keçmişdir. İddiaçının yoldaşı Günel Gözəlova həkimin köməkçisi ilə əlaqə yaratmış, əməliyyatla bağlı hər hansı bir problem olub olmadığını, hansı tarixdə əməliyyat edilə biləcəyini soruşduqda, cavabdehin köməkçisi bildirmişdir ki, əməliyyatla bağlı heç bir narahatlıq yoxdur. Hər nə qədər qandakı şəkərir miqdarı bir qədər yüksək olsa da, sağlamlıq vəziyyəti qısa müddətdə əməliyyat edilməyə uyğundur. 18.02.2021-ci il tarixində əməliyyat olunmuşdur. Əməliyyat müddəti adətən 2 saat çəkməli olduğu halda, əməliyyatı 5 saat 40 dəqiqə davam etmişdir. Əməliyyatdan sonra uzun müddət özünə gələ bilməmiş, yalnız 1,5 saat sonra həkimlər onu ayılda bilmişlər. Əməliyyatdan sonra nitqində və dərk etməsində problemləri yaranmışdır. Həyal yoldaşı bunu qeyd etdikdə onu otaqdan çıxarıb və bu halların normal olduğunu bildirmişlər. Yalnız ertəsi gün, 19.02.2021-ci il tarixində (saat 17:00 radələrində) onun yoldaşının təkidlərindən sonra “Lazur” klinikasından Sevinc adlı bir nevrapatoloq həkimi gətirib müayinə etmişlər. Həkim iddiaçıda sensor-mator afaziya, amneziya prosesinin müşahidə olunduğunu bildirmişdir. Həkimin təkidi ilə iddiaçı KT müayinəsindən keçdikdən sonra məlum olmuşdur ki, beyində insult ocaqları var. Müayinə nəticəsindən məlumatlı olan Cavabdeh “Buta” klinikasının digər rəhbər şəxsi olan atası onunla maraqlanmayıb. Bütün müalicəni həyal yoldaşı həyata keçirmək məcburiyyətində qalmışdır. Bir neçə gün sonra xəstəxanadan evə buraxılıb və bildirilib ki, xəstənin vəziyyəti qənaətbəxşdir. Öz hesabına etdirilən MRT müayinəsi nəticəsində məlum olmuşdur ki, əməliyyat zamanı işemik, gemoragik insult keçirmişdir. Belə ki, iddiaçının beyninin sağ yarımkürəsində geniş zonada, eləcə də sol beyin yarımkürəsində nitq və dərk etmə bazası zədələnmişdir. İddiaçını müayinədən keçirən nevropotoloq həkim bildirmişdir ki, iddiaçının vəziyyəti ağırdır. Üstəlik, o, bundan sonra hər an təkrarən və dəfələrlə insult keçirə bilmə riski ilə üzüzədir. Həkim qeyd etmişdir ki, onun qanında şəkərin miqdarı iki dəfə yüksək, trombositlərinin sayı həddindən artıq çox, həmçinin xolesterini yüksək olduğundan onun perkutan yolla, planlaşdırılmış əməliyyat edilməsi yanlış, hətta həyati təhlükəli bir qərar olmuşdur. Həyat yoldaşı onun sağlamlıq vəziyyətini, onun səhvi nəticəsində bunun baş verdiyini və hal-hazırki müalicələrə maddi imkanının olmadığını, cavabdehin səhvini düzəltməli olduğunu cavabdehə izah etdikdən, səhvini düzəltməli olduğunu bildirdikdən sonra yenidən 02.03.2021-ci il tarixdə qeyri-rəsmi şəkildə “Buta” klinikasına yerləşdirilmişdir. Lakin bundan sonra da cavabdeh onun sağalması üçün heç bir addım atmamışdır. Müalicə həyat yoldaşının gətirdiyi həkimlər vasitəsilə həyata keçirilmişdir. Cavabdeh bir neçə dəfə dərmar almaqla kifayətlənmişdir. 02.04.2021-ci il tarixində isə, ümumiyyətlə, yerləşdirildiyi Buta klinikasından çıxarılmışdır. O vaxtdan etibarən cavabdeh sağlamlıq vəziyyətinə vurduğu zərərin tozmini mahiyyətində heç bir hərəkət etməmişdir. Hal-hazırda tamamilə əqli geriləmə yaşayır və əmək qabiliyyəti tam itmiş vəziyyətdədir. Sağalmasına da demək olar ki, heç bir ümid yoxdur. Bundan sonrakı həyatını əlilliyi olan şəxs kimi keçirmək məcburiyyətindədir. Sensor-mator afaziya, amneziya diaqnozu ilə daimi müalicə alır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ******* (bir milyon) manat mabləğində maddi və mənəvi zərərə məruz qalıb. O, əməliyyat üçün cavabdehə ödəniş etsə də, bu məbləğin qarşılığı olan tibbi xidmət almamış, əksinə, cavabdeh öz təqsirli hərəkətləri ilə iddiaçının sağlamlıq vəziyyətində bərpaedilməz nəticələr meydana gətirmişdir. Hal-hazırda daimi əlilliyi olan şəxs kimi yaşamaq məcburiyyətindədir. Üstəlik, əməliyyatdan öncə o, ailənin təməl gəlir gətirəni olsa da, indi işləyə bilmədiyindən özünün və ailəsinin maddi vəziyyəti daimi şəkildə pisləşmişdir. İşlədiyi dövrdə yüksək əmək haqqı ilə işləmiş və hal-hazırda bu gəlirdən daimi olaraq məhrum olmuşdur. Digər tərəfdən əməliyyatın nəticələri onun bir fərd kimi özünü realizə edə bilmə imkanını əlindən almışdır. Faktiki olaraq, əqli geriləməsi olduğundan hər şeyi yenidən öyrənmək məcburiyyətindədir. Bu vaxta qədər yaxınları və çevrəsi tərəfindən daim hörmət edilən şəxsin hal-hazırda bu vəziyyətdə olması onun imicini və prestijini zədələmişdir. Bütün bu zərər cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş və cavabdehin əməli ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə olmuşdur. Cavabdeh özü də, əvvəlcə, əməliyyatdan sonra səhvin ona məxsus olduğunu qəbul edən (iddiaçının xəstəxanaya yerləşdirilməsi, müalicəsinə kömək edəcəyi vədi verməsi və s.) hərəkətlər etsə də, daha sonra bundan imtina etmişdir. Hazırkı iş üzrə ona dəyən zərər maddi zərərdən əlavə, ümumiyyətlə ölçülə bilməyəcək həddədir. Çünki o, cavabdehin təqsirli hərəkətləri nəticəsində bu vaxta kimi illər ərzində ailəsi və çevrəsi içərisində qazandığı prestijini itirmiş və ömur boyu sağalmayacağı halda müalicə almağa məhkum edilmişdir. Onun bundan yetkin bir fərd kimi özünü reallaşdırma imkanı əlindən alınmışdır. Cavabdeh həkim hər nə qədər, əvvəlcə bu səhvin ona məxsus olduğunu qəbul etsə də, daha sonra onunla maraqlanmamış və ödənişli əsasla aldığı xidmətin əvəzində nəinki sağlamlıq vəziyyətinin düzəlməsinə nail olmamış, əksinə bu vəziyyət daha da pisləşmişdir. Əməliyyatdan öncə hansı nasazlıqlarının olduğunu müəyyən etmək birbaşa cavabdehin peşə vəzifəsi olduğu halda o, bunu etməmiş və səhlənkarlıq göstərmişdir. Nəticədə onun qanında şəkərin miqdarı iki dəfə yüksək, trombositlərinin sayı həddindən artıq çox, həmçinin xolesterini yüksək olduğu halda o perkutan yolla əməliyyat edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6, nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı Nərimanov rayon Məhkəməsinə ******* (bir milyon) manat məbləğində maddi və mənəvi zərərin əvəzinin, eyni zamanda hüquqi xidmət xərclərinə görə çəkdiyi 5000 (beş min) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilənlər tam əsassız və qanunsuzdur, ərizədə göstərilənlər həqiqəti əks etdirmir və Cavabdeh qarşı böhtandır. İddia tələbində qeyd olunanların heç bir hüquqi əsası yoxdur. Beləki, Cavabdeh tərəfindən həyata keçirilmiş böyrək daşı əməliyyatı uğurla aparılmış və fəsatsız yekünlaşmışdır. Əməliyyatdan sonra iddiaçının səhhətində aşkarlanmış problemin və xəstəyə qoyulmuş “Sağ periventrikulyar nahiyyədə sağ putamenə də uzanan 15*9 mm ölçüdə xroniki dövr işemik ocaq və sol temporoparietooksipital nahiyyədə kortikosubkortikal sol orta beyin arteriyası (MCA) hövzəsində gec yarımkəskin dövr işemik insult”-u diaqnozunun “Böyrək daşı” əməliyyatı ilə heç bir səbəbli əlaqəsi yoxdur. Əməliyyatdan 5 ay öncə sidik axarı daşının kəskin ağrıları ilə gecə saatlarında Cavabdeh müraciət etmiş və dərman müalicəsi tövsiyyəsi ilə sidik axarı daşını salmış və həkim Cavabdeh çox məmnun qalmışdır. Ondan sonra oktyabr 2020-ci ildə müayinə zamanı mərcanvari çox iri ölçülü böyrək daşı və İİİ – İV-cü dərəcə hidronefroz aşkarlanmışdır. Kəskin əlamətləri olmasına baxmayaraq İddiaçı dərhal əməliyyata götürülməmiş və dərman müalicəsi təyin edilmişdir. Gözəlovlar Araz həkimin müalicəsindən çox məmnun olmuşlar və bu səbəbdən tez-tez müayinə və müalicə üçün Araz həkimə müraciət etmişlər. Sonradan dekabr 2020-ci ildə koronavirus xəstəliyinə tutuldu. İddiaçı həyat yoldaşı Günel Gözəlova ilə birlikdə “Buta” Klinikasına 6 fevral 2021 ci ildə kəskin böyrək ağrıları və sidikdə qan ilə müraciət edərək təkidlə əməliyyata olunmasını istəmişdilər. İddiaçının müayinə zamanı sidiyində qan aşkarlandığına və kəskin ağrılarla müraciət etdiyinə görə xəstə əməliyyat olunmasını istəyirdi, əməliyyat öncəsi müayinə və analizlərdən keçmiş, klinik protokollar əsasında əməliyyata əks göstəriş olmayıb. Şəkərin və trombositlərin bu göstəriciləri ilə minlərlə xəstə əməliyyat olunur və bu əməliyyata əks göstəriş sayılmır. Ümumiyyətlə xəstənin vəziyyəti Avropa Uroloqlar Cəmiyyətinin protokollarına əsasən əməliyyata göstəriş sayılır, (xəstəlik tarixçəsi və.s., sənədlər məhkəməyə təqdim olunmuşdur). Əməliyyat öncəsi tibbi qaydalara uyğun olaraq xəstənin əməliyyata hazırlanması ilə əlaqədar müvafiq analizlər götürülmüş və analizin nəticələrinə görə tibbi qaydalara əsasən böyrək daşı əməliyyatı üçün əks göstəriş müəyyən olunmamışdır. İddiaçı özü və həyat yoldaşı Günel Gözəlovanın əməliyyatın və anesteziyanm riskləri barədə məlumatlandırılmış və bu barədə iltizam alınmışdır. Onlar əməliyyata razılıq vərəqəsini oxuyaraq əməliyyatın keçirilməsi barədə razılıq vərəqəsini imzalamışlar, (sənədlər məhkəməyə təqdim olunmuşdur). Əməliyyatın uzun zaman davam etməsi və xəstənin vəziyyətinə mənfi təsir göstərməsi barədə qeyd olunanlar əsassızdır. Belə ki, əməliyyatın davam edən müddətinin, ddiaçının səhhətində yaranmış problemlə əlaqələndirilməsi tamamilə yanlışdır. İddiaçının qeyd etdiyi hallar və məhkəməyə təqdim etdiyi arayışlar ehtimallara söykənir və tibb sahəsində mütəxəssis rəyini əvəz edə bilməz. Bundan başqa müxtəlif KT və MRT müayinələrində xəstədə xroniki dövr işemik insult ocaqları aşkarlanıb ki, bu da köhnədən gizli prosesin getdiyinin göstəricisidir. Bu sənədlər qoşmaya əlavə olunub. Bundan başqa iddia ərizəsində göstərilir ki, iddiaçı əməliyyatdan öncə “Covid-19” xəstəliyi keçirmişdir. Belə ki, Beynəlxalq tibb mütəxəssisləri, son vaxtlar göstərir ki, koronavirus xəstəliyinin əsas yaratdığı fəsadlardan biridə Beyində işemik insult ocaqlarının yaranmasıdır. İddiaçının həyat yoldaşı Günel Gözəlovanın atasının xərçəngdən əziyyət çəkməsi, atasının xərclərini özü çəkməsi, maddi durumunun aşağı olması səbəbi ilə humanizm göstərərək İddiaçı Vip palatada həftələrlə təmənnasız yatışı, müayinə və müalicələri Araz həkim tərəfindən qarşılanmışdır. İddiaçının MRT müayinəsi City Hospitalda edilib 27 fevral tarixində, xəstə Klinikanın ambulansı ilə Cavabdeh hesabına xəstə tərəfindən heç bir ödəniş olmadan City Hospitala aparılmış və həmin klinikada Araz doktorun ödəniş etməsi ilə MRT müayinədən keçirilmişdir. İddiaçını həyat yoldaşı Günel Gözəlova atasının xərçəng xəstəsi olduğunu və maddi vəziyyətinin yaxşı olmadığını bildirdiyi üçün iddiaçının müalicə və müayinə xərcləri ilə əlaqədar tərəfilərindən maddi köməklik göstərilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı Nərimanov rayon Məhkəməsinə ******* (bir milyon) manat məbləğində maddi və mənəvi zərərin əvəzinin, eyni zamanda hüquqi xidmət xərclərinə görə çəkdiyi 5.000 (beş min) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 32021-ci il tarixli əmək qabiliyyəti olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı 17.05.2021-26.05.2021-ci il, 27.05.2021-05.06.2021-ci, 27.04.2021-06.05.2021-ci il və 07.05.2021-16.05.2021-ci tarixlərdə əmək qabiliyyətsiz hesab olunmuş və işdən azad edilmişdir. "xxxx" Aviaşirkəti MMC-nin K24 № 5715 saylı vəsiqəsinin surətindən görünür ki, Gözəlov X2 üzrə şöbə rəsinin müavini vəzifəsinə çalışır. 27.02.2021-ci il tarixli Sevinc Ərəbinin epikrizinin surətindən görünür ki, 18.02.2021-ci il tarixdə İddiaçı anesteziya altında əməliyyat icra olunmuşdur. Əməliyyatdan 12 saat sonra xəstədə hissəvi amneziya, baş ağrıları, ümumi halsızlıq müşahidə olunmuşdur.Xəstəni müayinə etmiş və müayinə zamanı xəstə tam aydın idi, lakin suallara qeyri-adekvat cavab verirdi. “Buta Clinic” klinikasının İddiaçı 19.02.2021-ci il tarixli Kranial KT nəticəsindən görünür ki, sol beyin yarımkürəsində sol təpə payının orta beyin arteriyası hövzəsində (MCA) kortikosubkortikal yarımkəskin dövr işemik insult müəyyən olunmuşdur. “Mərkəzi Klinika” klinikasının İddiaçı 01.05.2021-ci il tarixli maqnit-rezinans tomoqrafiya müayinəsinin protokolundan görünür ki, beynin və boyunun alınmış MRTangioqrammalarında qeyd olunmuşdur ki, sol orta beyin arteriyasının periferik budağında okkluziya izlənilir. Sağ vertebral arteriyanın proksimal hissəsi nazikdir (hipoplaziya). Sol vertebral arteriyalarda, bazillyar arteriyada, hər iki tərəfdə daxili yuxu, ön serebral, arxa serebral və sağ orta serebral arteriyaların görüntüsü, rtayektoriyası normaldır, patoloji genişlənmə, daralma təyin olunmur. “EGE hospital” klinikasının 19.04.2021-ci il tarixli İddiaçı beyin MR müayinəsinin nəticəsindən görünür ki, sağ periventrikulyar nahiyədə sağ putamenə də uzanan 15*9 mm ölçüdə xroniki dövr işemik ocaq, sol temporoparietooksipital nahiyədə kortikosubkortikal sol orta beyin arteriyası (MCA) hövzəsində gec yarımkəskin dövr işemik insult müəyyən olunmuşdur. “X14” klinikasının İddiaçı 27.02.2021-ci il tarixli baş beyin MRT müayinəsindən görünür ki, infratentorial-Hər iki serebellar hemisfer, pons və medullaoblangata normal görünüşdə olub, siqnal intensivliyi təbii homogendir. İV ventrikul normal genişlikdədir. Bazal sislemalar təbiidir. Hər iki imernal akustik kanal genişliyi və 7, 8-ci sinir kompleksi normaldır. Pontoserebellar bucaqlar bilateral olaraq simmetrikdir. Supratentorial-Hər iki beyin yarımkürəsində boz və ağ maddə dağılımı normaldır. Sol oksipitotemporal nahiyyədə orta və arxa serebral arteriya (MCA et PCA) hövzəsinə aid geniş sahəli subakul mərhələ kortikal/subkortıkal işemik insult sahəsi və minimal subarax-noidal hemorragiya aşkar edilir. Eyni zamanda sol frontal payda MCA hövzəsinə aid subsantimetrik ölçülü subakul mərhələ kortikal işemik insult sahələri qeyd edilir. Sağ bazal nüvələr sahəsində lentikulostriate arteriya hövzəsinə aid ~İ8x14mm aksial ölçülü emefalomalaziya sahəsi və perifokal qliozis izlənir. Sol lentriculostriate arter hövzəsində 10mm ölçülü perivaskulyar sahə (pv.space) təyin edilir. Frontal nahiyyədə anterior subaraxnoidal sahələrin genişliyi təbiidir. Talamışlar normal siqnal intensivliyindədir. Korpus kollozum və pineal vəzinin radioloji görünüşü və siqnal intensivliyi təbiidir. İİİ və hər iki lateral mədəcik normal genişlikdədir. Sella genişliliyi və hipofız vəzi normal qiymətləndirilir. Kavemoz sinus simmetrik olub siqnal intensivliyi homogendir. Hər iki bulbus okuli, okulyar əzələlər, optik sinir və retrobulbar yağ planlar radioloji normal görünüşdə olub, siqnal intensivliyi homogendir. Mastoid hüceyrələrin və paranazal sinusların pnevmatizasiyası təbiidir. Burun çəpəri orta xətdədir. Bilateral olaraq nazal konxalar norma, radioloji görünüşdədir. Kalvarial sümük toxumalarda patoloji dəyişiklik izlənmir. 0677247 nömrəli epikrizin surətindən görünür ki, İddiaçı Retroqrad amneziya, Dissosiativ pozuntu diaqnozu qoyulmuşdur. 0734579 nömrəli epikrizin surətindən görünür ki, İddiaçı sol böyrəyin daşları, sol tərəfli 4-cü dərəcəli hidronefroz diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X15 39 nömrəli şəhər poliklinikasının Vəkil ünvanladığı 23.06.2021-ci il tarixli, 163 nömrəli məktubundan görünür ki, poliklinikada ambulator müalicələr alan İddiaçı həm poliklinika tərəfindən, həmdə özəl həkimlər tərəliıdən müayinə və müalicələr almışdır. Durumunda azda olsa, müsbətə doğru irəliləyiş olmuşdur. Xəstənin mövcud durumunda nitq qüsurları qeyd edilmişdir. Normal eşitmə və danışıq qabiliyyəti olsa da, aldığı zədəyə görə (Beyin İnfarktı) nitqi dərk olunması pozulmuşdur. Yalnız bəzi qısa ifadələri, vərdiş etdiyini gündəlik işlədilən sözləri anlaya bilmişdir. 39 nömrəli Şəhər Poliklinikasında İddiaçı əmək qabilliyyətinin itirilməsi vərəqi davum etdiyi halda müayinə və müalicə davam etdirilmişdir. NB Lazur Hospitalın nevropatoloqu X7 Vəkil məktubuna cavabında qeyd etmişdir ki, “Buta” klinikasının baş həkimi Cavabdeh 19.02.2021-ci il tarixdə İddiaçı əməliyyat sonrası yaranan fəsadları ilə əlaqədar onu təcrübəli həkim kimi “Buta” klinikasına dəvət etmişdir. İlkin müalicənin təyin olunması üçün “Buta” klinikasından tibbi sənədləri tələb etdikdən sonra və tibbi sənədlərə baxış keçirdikdən sonra bir sıra qan göstəricilərinin əməliyyatdan öncə yüksək olduğunun şahidi olmuşdur. Protokol üzrə ümumi göstəriciləri nəzərə alaraq bu əməliyyatın keçirilməməsi qənaətinə gəlmişdir. Xəstənin vəziyyətini və “Buta” klinikasının imkanları nəzərə alaraq müalicəni daha ixtisaslaşmış nevroloji klinikada davam etdirilməsini tövsiyyə etmişdir. Tövsiyyələrini istədiyi kimi yerinə yetirilməsinə baxmayaraq, təkrar təkidi ilə 10 gün sonra MRT müayinəsi olunmuşdur. Ailə Psixoloji və İnkişaf Mərkəzinin defektoloq, loqoped Vüsal Ağayevin Vəkil məktubuna cavabında qeyd etmişdir ki, İddiaçı adıçəkilən mərkəzdə pasienti olmuşdur. Xəstə ilə tanışlığı 15.03.2021-ci il tarixində, yəni əməliyyatdan 25 gün sonra, İddiaçı çağırışı ilə olmuşdur. Aprel ayın 2-nə qədər “Buta” klinikasında xəstənin müalicəsi davam etmiş, daha sonra isə hazırki dövrə qədər Ailə Psixoloji Xidmət və İnkişaf Mərkəzində müalicə olmuşdur. 18-27 mart 2021-ci il tarixində “Buta” klinikasında müvafiq səhiyyə ocağının təqdim etdiyi epikrizə əsaslanaraq, böyrəyində endotraxeal anesteziya altında sol tərəfli perkutan nefrolitotripsiya əməliyyatı icra olunmuşdur. Daha sonra xəstənin yaxılnlarının bildirdiyinə görə, İddiaçı 6 saata yaxın əməliyyatda qalmış və anestezidən ayılıb palataya köçürüləndə doğmalarını tanımamış və danışa bilməmişdir. Ailənin söylədiklərinə görə 1 gün sonra, 19 fevral axşam saat 17 radələrinə onların təkidi ilə kənar klinikadan nevropotoloq dəvət olunmuş və xəstənin vəziyyəti aydınlaşmışdır. Xəstənin ağırlıq durumunu təsbit etmək üçün ilk gündən vacib olan MRT müayinəsi isə yalnış 10 gün sonra, 27 fevral 2021-ci il tarixində aparılmışdır. Beyinin sol hemisferinin gicgah-ənsəarxa təpə nahiyəsində orta serebral arteriya hövzəsinə aid işemik insult (infarkt) sahəsi, sağ hemisferində mərciyəbənzər nüvənin arxa-yuxarı tərəfində paraventrikulyar sahədə yerləşən, kiçik ölçülərdə keçirilmiş infarkt ocağı aşkar edilmişdir. “X9” X12 17.07.2021-ci il tarixli müayinədən görünür ki, İddiaçı üzvi mənşəli (insult nəticəsində) şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Qulluq və nəzarətə ehtiyyac var. Vaskulyar demensiya istisna olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18.02.2021-ci il tarixli, ******* nömrəli Xəstəlik Tarixindən görünür ki, İddiaçı sol böyrəyin daşları, soltərəfli 4-cü dərəcəli hidronefroz, post COVİD-19 vəziyyət diaqnozu qoyulmuşdur. Xəstənin əməliyyata razılıq vərəqəsinin surətindən görünür ki, perkutan nefrolitotomiya böyrək daşı xəstəliklərinin son mərhələsinin yeganə müalicə üsuludur. Bu əməliyyat zamanı böyrək daşı endoskopik yolla çıxarılır. Xəstənin iri ölçülü mərcanvari daşı olduğuna görə xəstənin 1-ci dərəcəli yaxınlarına qalıq daş qalacağı haqda ətraflı məlumat verilmişdir. İddiaçı və X6 18.02.2021-ci il tarixdə həmin Xəstənin əməliyyata razılıq vərəqəsini imzalayaraq təsdiqləmişdilər ki, yazılanları oxumuş və başa düşmüşlər. Bütün sualları qane edəcək şəkildə cavab almışlar. Əməliyyatın təhlükəsini başa düşmüşlər. Rast gələ biləcək hər cür problemlər barədə məlumatlandırılmışlar. Böyrək daşı xəstəliyi ilə əlaqədar olaraq planlanan perkutan nefrolitotomiya əməliyyatının bütün riskləri ilə dərk edərək qəbul etmişlər. 18.02.2021-ci il tarixli Diaqnostik manipulyasiyaların və cərrahi müdaxilələrin aparılması üçün xəstə və xəstənin qanuni nümayəndəsinin razılığına dair sənədin surətindən görünür ki, İddiaçı həmin sənədi imzalayaraq perkutan nefrolitotomiya əməliyyatının keçirilməsinə razılıq vermişdir. 18.02.2021-ci il tarixli Anesteziya üçün razılıq vərəqəsinin surətindən görünür ki, İddiaçı həmin vərəqi imzalayaraq təsdiqləmişdir ki, tələbinə əsasən tətbiq olunacaq anesteziya və bununla bağlı digər tibbi xidmətləri hayət və sağlamlıq üçün yarada biləcək riskləri, meydana gələ biləcək fəsadları, anestaziya zamanı və anestaziyadan sonra ciddi ağırlamalar, həmçinin ölüm hadisəsinin baş verə biləcəyi barədə səlahiyyətli şəxslər tərəfindən ona məlumat verilmişdir. Öz idarəsi ilə anesteziya və bununla bağlı digət tibbi xidmətlərin göstərilməsinə razılıq vermişdir. Qeyd olunan risklər həkimin səhvi nəticəsində yaranmadıqda anesteziya və digər tibbi xidmətlərin nəticəsində həyat və sağlamlığı üçün yaranacaq təhlükənin maddi və mənəvi məhsuliyyətini öz üzərinə götürmüş və qiymət cədvəlində qeyd olunan xəstəxanaya ödədiyi məbləğin ona ödənilməyəcəyi ilə razılşmışdır. 18.02.2021-ci il tarixdə Qəbul otağı həkimin qeydləri vərəqəsinin surətindən görünür ki, 18.02.2021-ci il tarixdə xəstə İddiaçı cərrah uroloq Cavabdeh tərəfindən baxılmış və sol böyrəyin daşları, sol tərəfli 4-cü dərəcəli hidronefroz, post COVİD-19 vəziyyəti ilkin diaqnoz qoyulmuşdur. 06.02.2021-ci il tarixli İddiaçı Elektrokardioqrafiya (EKQ) nəticəsindən görünür ki, düzgün sinus ritmi, ÜEO – sola meyilli, patoloji dəyişiklik qeyd edilməmişdir. 06.02.2021-ci il tarixli İddiaçı Döş qəfəsi üzvlərinin rentgenoskopiyasının nəticəsindən görünür ki, döş qəfəsi üzvlərinin normal rentgenoloji görüntüsü qeyd olunmuşdur. 31.10.2020-ci il tarixli İddiaçı Ekskretor uroqrafiyasının nəticəsindən görünür ki, sol böyrəyin mərcanvari daşı, sol böyrəkdən kontrast sidik ifrazının mühüm dərəcədə pozulması, soltərəfli 3-4-cü dərəcəli hidronefroz müəyyən edilmişdir. 06.02.2021-ci il tarixli İddiaçı Ultrasəs müayinəsindən görünür ki, sol böyrəyində 3-4cü dərəcəli hidronefroz və mərcanvari böyrək daşı müəyyən edilmişdir. İddiaçı Şikayətlər, Anamnez vərəqəsinin görünür ki, endotraxeal anesteziya altında litotomi vəziyyətində sistoskopla sidik kisəsinə girilmişdir. Hər iki sidik axarı dəliyi tipik yerləşib. Sol sidik axarına bələdçi tel üzərinə 7 fr ureteral kateter qoyuldu. Bundan sonra xəstə pron vəziyyətə keçirildi. Rentgen kontrol ilə sol böyrəyin alt kaliksi punksiya olundu. Bələdçi tel ötürüldü. Onun üzərindən nefrostomi kanalı 30 fr-dək genişlədildi. Nefroskopiya zamanı iri ölçülü daşın biri ləyəndə biri isə yuxarı kasacıqda aşkarlandı, pnevmotik litotriptorla daşlar parçalanan zaman sərt olması müşahidə edildi. Daşlar pnevmatik litotriptorla parçalandı və tutqacla tutularaq xaric edildi. Bələdçi tel üzərində böyrəyə FR 6/28 double J qoyuldu. Əməliyyat bitirildi. 18.02.2021-ci il tarixli Həkimin gündəlik müayinələrində qeyd olunmuşdur ki, İddiaçı ümumi vəziyyəti kafidir, tənəffüs sərbəstdir, hemodinamik göstəricilər stabildir, qarın yumşaqdır, ağrısızdır.ş sidik ifrazı kateterlə adekvatdır, sarğı təmizdir. 0734579 nömrəli Stasionardan çıxan pasiyentin statistik vərəqinin surətindən görünür ki, İddiaçı 18.02.2021-ci il tarixdə klinikaya daxil olmuş və 27.02.2021-ci il tarixdə klinikadan çıxmışdır. Əsas xəstəlik - sol böyrəyin mərcanvari daşı, soltərəfli 3-4-cü dərəcəli hidronefroz, post COVİD-19 vəziyyət qeyd olunmuş, əsas xəstəliyin ağırlaşması – sağ periventrikulyar nahiyə xroniki dörv işemik insult, sol təpə payının yarım kəskin dövr işemik insult qeyd olunmuş, yanaşı xəstəliklər – şəkərli diabet və post COVİD-19 vəziyyət qeyd olunmuşdur. Azərbaycan Respublikası “Məhkəmə Tibbi Ekspertiza və X5” X12 21.09.2021-ci il tarixli, 2870 nömrəli məktubla məhkəməyə daxil olmuş 732/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, 1.2) İddiaçı adına “Buta” Klinikasında tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi o, 18.02.2021-ci il tarixdə “Sol böyrəyin daşları. Soltərəfli İV dərəcə hidronefroz" diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və diaqnoza uyğun olaraq onun üzərində həmin tarixdə ümumi anesteziya altında “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Lakin, əməliyyatdan öncə xəstədə şəkərli diabeti, arterial hipertenziyanı və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyasının, böyrək və sidik yollarının KT müayinəsinin aparılması məqsədəuyğun olardı. Ekspertizaya təqdim edilmiş tibbi sənədlərdə bu müayinələrin aparılması və ya nəticələri barədə qeydlərə rast gəlinmir. 3.4) İddiaçı üzərində aparılmış “Soltərəfli perkutan nefrolitotripsiya" cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Əməliyyatdan 12 saat sonra xəstədə hissəvi amneziya, baş ağrıları, ümumi halsızlıq müşahidə olunmuş və vəziyyətinə uyğun olaraq konsultasiya üçün nevropatoloqun baxışı keçirilmiş, kompüter tomoqrafıya müayinəsi aparılmışdır. Aparılan kliniki, laborator və instrumental müayinələrə əsasən, ona “Sol beyin yarımkürəsində sol təpə payının yarımkəskin dövr İşemik insultu’' diaqnozu düzgün təyin edilmişdir. İşemik və ya hemorragik insultlar baş beyin damarlarının anadangəlmə inkişaf anomaliyalan və ya sonradan qazanılmış serebro-vaskulyar xəstəliklər və s. digər bəzi xəstəliklər fonunda inkişaf edən patologiyalardır. Qeyd olunanları nəzərə alaraq, bu patologiyanın aparılmış əməliyyatla səbəbli əlaqəsi olmamışdır. 5) İddiaçı sol beyin yarımkürəsində sol təpə payının yarımkəskin dövr işemik insultu ilə əlaqədar aparılmış müayinə və müalicələr onun vəziyyətinə, həmçinin səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. 6) İddiaçı üzərində aparılmış əməliyyatın planlı olmasını nəzərə alaraq əməliyyatönü hazırlıq daha geniş həcmdə və konsultantların tövsiyələri nəzərə alınmaq şərti ilə aparılması məqsədə müvafiq olardı. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı xəstəliyi ilə bağlı “Buta Hospital” klinikasına müalicə məqsədi ilə müraciət etmiş, İddiaçı həmin klinikada diaqnoz qoyulmuş və xəstənin əməliyyat olunması təklif olunmuşdur. İddiaçı və X3 razılığı ilə İddiaçı qeyd olunan müəssədə əməliyyat olunmuşdur. İddiaçının əməliyyatı bitdikdən sonra o, müəyyən olunmuş tibbi prosedurlardan keçmiş, lakin əməliyyatdan sonra İddiaçı yaddaş və nitq pozuntusu, halsızlıq müəyyən olunmuşdur. İddiaçı müayinəsi üçün kənar klinikadan həkim dəvət olunmuş və İddiaçı lazım olan müayinələrdən keçmişdir. İddiaçı tərəf əməliyyatdan sonra müşahidə olunana sağ periventrikulyar nahiyə xroniki dörv işemik insult, sol təpə payının yarım kəskin dövr işemik insulta dair cavabdehin əməliyyatı uğursuz keçirməsində təqsirli görsə də, Azərbaycan Respublikası “Məhkəmə Tibbi Ekspertiza və X5” X12 21.09.2021-ci il tarixli, 2870 nömrəli məktubla məhkəməyə daxil olmuş 732/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Buta Hospital” klinikasında aparılmış Cavabdeh tərəfindən “Soltərəfli perkutan nefrolitotripsiya" cərrahiyyə əməliyyatı ilə İddiaçı işemik insult keçirməsinin səbəbli əlaqəsi yoxdur. Habelə Cavabdeh tərəfindən əməliyyat icra edilərkən İddiaçı sol beyin yarımkürəsində sol təpə payının yarımkəskin dövr işemik insultu ilə əlaqədar aparılmış müayinə və müalicələr onun vəziyyətinə, həmçinin səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3-cü maddəsinə görə Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası “Məhkəmə Tibbi Ekspertiza və X5” X12 21.09.2021-ci il tarixli, 2870 nömrəli məktubla məhkəməyə daxil olmuş 732/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyindən də göründüyü kimi işemik və ya hemorragik insultlar baş beyin damarlarının anadangəlmə inkişaf anomaliyalan və ya sonradan qazanılmış serebrovaskulyar xəstəliklər və s. digər bəzi xəstəliklər fonunda inkişaf edən patologiyalardır. Qeyd olunanları nəzərə alaraq, bu patologiyanın aparılmış əməliyyatla səbəbli əlaqəsi olmamışdır. Bundan başqa müəyyənləşdirilmiş diaqnoza əsasən müalicə taktikası, yəni perkutan nefrolitotripsiya əməliyyatı düzgün seçilmişdir. Əməliyyatdan sonrakı dövrdə baş vermiş erkən fəsad düzgün dəyərləndirilmiş, bu münasibətlə geniş müayinələr aparılmış və nevropatoloq tərəfindən vaxtında və adekvat konservativ tədbirlər görülmüşdür. Göründüyü kimi, göstərilən tələb üzrə İddiaçı əsaslandırması həqiqəti əks etdirmir və istinad etdiyi hallar da əsassızdır. İddiaçı şəxs “Buta” klinikası ilə əməliyyat olunması üçün razılaşmışdır. Əməliyyata razılıq kağızının surətindən də görünür ki, İddiaçı özü və X1 Anar Yaqub oğlunun üzərində aparılacaq əməliyyat haqqında ətraflı məlumatlandırılmışlar, xəstənin əməliyyat zamanı və ondan sonra ölə biləcəyi barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 732/KEŞ nömrəli rəyə əsasən İddiaçı düzgün əməliyyat olunmuşdur. İddiaçı tərəfin mübahisələndirdiyi bütün hallar məhkəmə tərəfindən araşdırılmış və mövcud mübahisə ətraflı araşdırılmaqla məhkəmə iddia tələbilə bağlı qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. O da qeyd edilməlidir ki, mənəvi zərərin əvəzinin, eyni zamanda hüquqi xidmət xərclərinə görə çəkdiyi 5000 manat tələbi əsas tələblə bağlı olan törəmə tələblərdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən onun və oğlunun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə və hüquqi xidmət üzrə çəkilmiş xərcin tutulması üzrə tələbləri də rədd olunmalı, iddia rədd olunduğundan iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi, mənəvi zərərin və hüquqi xidmət xərclərinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3675/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3675/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver