Məhkəmə qərarları › İş №2(005)-370/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-370/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-370/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında 310 (üç yüz on) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 340,40 (üç yüz qırx manat 40 qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-4121/2022 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh (avtomobili idarəetmə hüququ olmadan) idarə etdiyi "Toyota Prius" markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti ilə hərəkət edən zaman ara məsafəsinin düzgün seçilməsi qaydalarını pozmuş, nəticədə "Kia Sorento" markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla "Toyota Prius” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Kia Sorento" markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilə 310 (üç yuz on) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS221568 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 310 (üç yüz on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. X2 hadisə vaxtı "Toyota Prius" markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cu maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası uzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək işə qiyabi icraat qaydasında baxaraq iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP № ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh məxsus "Toyota Prius" markalı, **-FV-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə edərkən yol hərəkətləri qaydalarını pozaraq Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, "Kia Sorento" markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 310 (üç yüz on) manat dəyərində ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş İAS221568 №-li sığorta ödənişi aktından görünür ki, "Kia Sorento" markalı, **-BC-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə ümumilikdə 310 (üç yüz on) manat məbləğində zərər sığorta şirkəti tərəfindən X3 ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 948-06/22SH saylı bildirişdən görünür ki Cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin geri alınacağı bildirilmiş, əks halda ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə olunmuş ƏN-Vİ seriyalı, 082000 №-li etibarnamənin surətindən görünür ki, Cavabdeh "Toyota Prius" markalı, **-FV-*** dövlət nömrə nişanlı minik avtomobilin idarə etmək üçün X4 tərəfindən etibarnamə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sığortalanmış "Kia Sorento" markalı, **-BC-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə Cavabdeh məxsus "Toyota Prius" markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən zərər vurulmuşdur. İddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə dəyən zərər qarşılanmışdır. Daha sonra çəkilmiş xərclərin ödənilməsi barədə cavabdehə bildiriş göndəriilmiş lakin cavabdeh vurulmuş zərərin əvəzini ödəməmişdir. Bu səbəbdən də iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət etmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1 -ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 916.1 -ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Mülki Məcəllənin 448.1 -ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, "Kia Sorento" markalı, **-BC- *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 310 (üç yüz on) manat məbləğində pul "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.4 manat dövlət rüsumu cavavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 310 (üç yüz on) manat məbləğində ziyan və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 310 (üç yüz on) manat məbləğində ziyan və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar