Məhkəmə qərarları › İş №2(005)-3700/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3700/2023

02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3700/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Nərimanov RPİ 18-ci Polis Bölməsi və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən və Cavabdeh2 İddiaçı dəymiş mənəvi ziyana görə 1000 manat və maddi ziyana görə 500 manat pul tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, təqdim olunan inzibati protokol əsasında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşı X1 tərəfindən tərtib edilib. İddiaçı yalnız hərbi şalvarda olduğuna görə inzibati cəzaya cəlb ediblər. Onun qeyri-qanuni hərəkətləri nəticəsində əsgər yoldaşı ilə birlikdə zorla polis bölməsinə aparılaraq qanunu aşan şəxs kimi tanındığı üçün ruhi iztirab və stress keçirdi. İddiaçı 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır, üç medalla təltif olunmuş və saxlandığı gün Nərimanov rayon hərbi komissarlığından ilk medalını almağa dəvət almışdır. Müdafiə Nazirliyinə ilk təltif olunanlardan biri kimi İddiaçı və digər oğlanların şəklini çəkəcəkləri üçün hərbi komissarlığın zabiti təkidlə geyim formasında olmağını tələb etdi. İddiaçı zəng vurub bir saat ərzində gəlməyini istədilər. Formanın bir hissəsi yuyulub, qurumağa vaxtı olmadığından xaki mülki sviteri geyinmişdir. Komissarlıqdan medal və təbrik alaraq evə yollandı. Metronun yaxınlığında 2020-ci ilin oktyabr ayının sonunda döyüş bölgəsindən təxliyə olunmuş və bütün bunlar Papanin xəstəxanasında olan əsgər yoldaşı ilə qarşılaşdı. İddiaçı taksi maşını saxlamaq istəyəndə polislər yaxınlaşaraq dedilər ki, onlar qaydanı pozur, hərbi geyimdədirlər. Polislər polis bölməsinə gətirdilər və oradan ayrıldılar. Polislərə izah etdilər ki, müharibədən qayıtmışlar, medalla təltif olunmaları ilə bağlı bu geyimləri geymək məcburiyyətində qalmışlar. Polis əməkdaşı Yusifkənan Mürsəley oğlu protokol tərtib edərək onları məhkəməyə çağıracaqlarını bildirdi. Məhkəmə polis əməkdaşının hərəkətlərinin əsassız və qanunsuz olduğu qənaətinə gəlib və onun protokolunu qanunsuz hesab edib. Ona görə də zorla şöbəyə gətirilməyi, qanunsuz saxlanmağı və 18-ci polis bölməsində cinayətkar kimi saxlamağı İddiaçı ruhi iztirablar verib. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə iddiaya etiraz təqdim edərək, Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları 25 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən metrostansiyasının yaxınlığında xidmətdə olan zaman bir nəfər vətəndaşın hərbi geyimdə, yəni hərbi şalvarda olduğunu görmüş və onun hərbçi olub-olmadığını araşdırmaq üçün ondan müvafiq sənədlər təqdim etməsini xahiş etmişlər. Məlumat üçün bildirir ki, həmin vaxtlarda 44 günlük Vətən müharibəsi yenicə qurtarmışdı və hərbçilərlə yanaşı, bəzi hallarda hərbçi olmayan vətəndaşlar da müxtəlif məqsədlərlə hərbi geyimdə şəhərdə gəzir, bununla bağlı onlara tutulan iradları qəbul etməyib səs- küy salır və vətəndaşların diqqətini özlərinə cəlb edərək ictimai asayişi pozurdular. Polis əməkdaşları da həmin vaxtlar tez-tez rast gəlinən belə neqativ halların qarşısını almaqdan ötrü müvafiq tədbirlər görür, reydlər keçirirdilər. Araşdırma zamanı X2 hərbi qulluqçuların hərbi geyim formasını qanunsuz daşıması məlum olmuş və o, daha sonra 18-ci Polis şöbəsinə dəvət edilmişdir. Sözügedən ərazi onun xidmət göstərciyi sahə olduğuna görə materiallar ona təqdim edilmiş və onun tərəfindən həmin vətəndaşın barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İddiaçı polis şöbəsində heç bir təzyiqə, təsirə və ya diger qeyri-insani rəftara məruz qalmamış, tərəfimdən qısa müddət ərzində izahatı alındıqdan və barəsində protokol tərtib edildikdən sonra protokolun baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilərək sərbəst buraxılmışdır. İddiaçı iddia ərizəsində mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, 1000 manat məbləğində mənəvi ziyanın hansı qaydada və əsaslarla maddi formada qiymətləndirməsini aydınlaşdıra bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq hazırki məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları SX ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Füzuli Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. AR Prezidentinin xx.xx.2020-ci il tarixli 2364 nömrəli Sərəncamı ilə “xocavəndin azad olunmasına görə”, xx.xx.2021-ci il tarixli 2719 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı, ARNK-nin 2104.2022-ci il tarixli 2508 nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)-333/2021 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı 25 yanvar 2021-ci il tarixdə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hərbi geyim formasına əməl edilməməsi əsası ilə saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)-333/2021 saylı qərarı ilə inzibati xəta tərkibi olmadığından işə xitam verilməsi qərara alınmışdır. Hazırda İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Cavabdeh2 və Nərimanov RPİ 18-ci Polis Bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Qanun normalarının tələbindən görünür ki, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Yəni bu növ iddialar üzrə cavabdeh qismində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxsləri deyil, Azərbaycan Respublikası çıxış edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında iddialarda cavabdeh qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilir. Hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyini deyil, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Cavabdeh2 və Nərimanov RPİ 18-ci Polis Bölməsini cavabdeh olaraq göstərmişdir. Halbuki yuxarıda qeyd edilənlərdən aydın olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi və barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Cavabdeh2 iş cavabdeh olması üçün əsaslar mövcud deyil. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, hazırki cavabdehlərin iddia tələbləri üzrə hər hansı hüquqi məsuliyyət daşımaları iş materialları ilə sübut olunmur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin hüquqlarının məhkəmə müdafiəsini təmin etmək üçün qanunvericiliyin imkan verdiyi bütün səlahiyyətlərdən istifadə edilmiş, iddiaçı tərəfə əlavə sübutların təqdim olunması təklif olunmuş, yetərli sübutların toplanması üçün məhkəmə iclası təxirə salınmışdır, eyni zamanda cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı bu təkliflə razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçı iddia ərizəsində göstərdiyi cavabdehlərə qarşı iddianın təmin edilməsini xahiş etmişdir. Bununla belə iddiaçı hazırki cavabdehlərə qarşı iddia tələblərinin əsaslı olduğunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Nərimanov RPİ 18-ci Polis Bölməsi və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Nərimanov RPİ 18-ci Polis Bölməsi və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar