Məhkəmə qərarları › İş №2(005)-3709/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3709/2022

14.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3709/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İbadova (Əliyeva) Yeganə Əhmədağa qızının ( xx.xx.1981-ci il doğum tarixli) Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 231 nömrəli mənzilə dair istifadə hüququnun itirilməsi, cavabdehin və onun az yaşlı uşağının X6 ( xx.xx.2015-ci il doğum tarixli) qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 231 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh ilə 30 avqust 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 290050-251/2014 saylı qətnaməsi ilə 30 avqust 2005-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Cavabdeh 2013-cü il tarixdən ona məxsus evdə yaşamır. Ona məlum olmuşdur ki, cavabdeh bu yaxınlarda ailə həyatı qurmuşdur. Rəsmi məlumatı almaq üçün vəkil sorğusu verilməsinə baxmayaraq, fərdi məlumat olduğundan sorğuya cavab verilməmişdir. Cavabdeh rəsmi nikaha daxil olmasına baxmayaraq, ona məxsus evdən pasport qeydiyyatından çıxmır bu isə onun mülkiyyətçi kimi hüquqlarını pozur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbiniin təmin olunmasını xahiş etdi. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddia üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericiliklə hazırki iddia tələbi üçün xüsusi iddia müddəti müəyyən edilmədiyindən bu iddia tələbi üzrə ümumi iddia müddətinin tətbiq edilməlidir. Ümumi iddia müddəti 10 ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bununla belə, ümumi iddia müddətinin axımının tərəflər arasına olmuş nikahın pozulduğu xx.xx.2014-cü il tarixdə hesablansa belə, iddiaçı iddia müddətini ötürməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki cavabdehin vəsatəti təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 231 nömrəli mənzil tam payda İddiaçı mülkiyyətindədir. Bu barədə xx.xx.2010-cu il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ 187291 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X2 arasında olan rəsmi nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur və bu barədə həmin tarixdə 95 nömrəli qeyd aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli,652761 saylı kassa mədaxil orderinin surətindən görünür ki, X1 34.650.000 manat məbləğində pay haqqı ödəmişdir. Kassa mədaxil orderinin əks tərəfində aparılmışqeyddən görünür ki, xx.xx.2007-ci il tarixdə mənzil İddiaçı adına keçirilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, X7 2013cü il tarixdən ünvan 1 ünvanında yaşamır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan müəyyən olunur ki, İbadova (Əliyeva) Yeganə Əhmədağa qızı xx.xx.2005-ci il tarxdə Bakı nikah evində xx.xx.1981-ci il təvəllüdlü İddiaçı ilə bağlanmış nikahı xx.xx.2014-cü il tarixdə X5 pozulmuşdur. İbadova (Əliyeva) Yeganə Əhmədağa qızı xx.xx.2014-cü il tarixdə Səbail Rayon Qeydiyyat Şöbəsində xx.xx.1981-ci il təvəllüdlü X8 ilə nikaha daxil olmuşdur və bu nikahın pozulması haqqında hər hansı məlumat aşkar olunmamışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı və İbadova (Əliyeva) Yeganə Əhmədağa qızı xx.xx.2005-ci il tarixdə Bakı nikah evində rəsmi nikaha daxil olmuşlar. Onlar arasında olan nikah xx.xx.2014-cü il tarixdə X5 pozulmuşdur. İbadova (Əliyeva) Yeganə Əhmədağa qızı xx.xx.2014-cü il tarixdə Səbail Rayon Qeydiyyat Şöbəsində xx.xx.1981-ci il təvəllüdlü X8 ilə nikaha daxil olmuşdur və hal-hazırda da onunla rəsmi nikahdadır. Lakin Cavabdeh və xx.xx.2015-ci il doğum təvəllüdlü X11 indiyək ünvan 2 ünvanında qeydiyyatdadırlar. xx.xx.2015-ci il doğum təvəllüdlü X6 İbadova(Əliyeva) Yeganə Əhmədağa qızı və X3 birgə nikahlarından doğulması həqiqi fakt kimi qəbul edilməldir. Belə ki, İbadova(Əliyeva) Yeganə Əhmədağa qızı və X8 xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlamışlar və X11 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Həmçinin cavabdehin nikaha daxil olarkən ərin soyadını götürdüyü və uşağın da eyni soyadlı olduğu görünür. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığıolmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları 2000-ci ilin sentyabrayının 1-dən sonra yarandığından, hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Qərarında müəyyənləşdirilmiş mövqeyə əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Cavabdeh Əhməd qızı İddiaçı ilə birgə nikahda olmuş, həmin mənzildə, iddiaçı və birgə nikahdan olan övladları ilə birgə yaşamış, ümumi təsərrüfat aparmışlar. Bu fakt iddia ərizəsində də öz əksini tapmış, iddiaçının vəkili və nümayəndəsinin izahatları ilə də təsdiq olunur. Beləliklə, məhkəmə müəyyən edir ki, Cavabdeh Əhməd qızının göstərilən mənzildən istifadə hüququ yaranmışdır. İddiaçı ilə cavabdeh arasına olan nikah 2014-cü ildə pozulmuşdur, yəni yaşayış sahəsindən istifadə hüququ olan şəxsin mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Qərarına əsasən, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Qərarda təsbit edilmiş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanış nikah pozulduqdan sonra cavabdehin 2013-cü il tarixdən sonra həmin mənzildə yaşamaması və digər şəxslə nikaha daxil olması onun mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi üçün əsasdır. Belə ki, cavabdehin mənzildən istifadə hüququnun saxlanmasına səbəb ola bilən, Konstitusiya Məhkəməsinin Qərarında da təsbit edilmiş əsaslardan heç biri mövcud deyil. İşin halları ilə də müəyyən edilmişdir ki, cavabdeh uzun müddətdir başqa ünvanda yaşayəır, mənzil sahəsinə ehtiyacı yoxdur və qeydiyyatı sırf formal xarakter daşıyır. Digər cavabdeh azyaşlı X6 isə İddiaçı ailə üzvü deyil, o heç vaxt o ünvanda yaşamamışdır, qeydiyyatı formal xarakter daşıyır və onun həmin mənzilə istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Buna görə də bu hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qaninvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansi ki, qanunvericilik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirmişdir. Hazırkı işin halları baxımından məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüququnun olmamasını qeyd etsələr də, iddianın əsasından da görünür ki, onlar, əslində cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasını təmin etmək üçün mənzilə istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini Cavabdeh və onun azyaşlı uşağı X6 onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi və istifadə hüququnun itirilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxsbrə və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, iş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Məhkəmə hesab edir ki, cavabdehlər hazırki qanunvericiliyə görə sözügedən mənzilə istifadə hüquqları saxlanmamalıdır. Cavabdehlər həmin mənzildə yaşamırlar. Onlar həmin mənzilə formal olaraq qeydiyyatda qalmışdır. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 231 saylı mənzilindən istifadə hüquqları itirilməli, xx.xx.2015-ci il təvəllüdlü X6 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 231 saylı , mənzilindən istifadə hüquqlarının olmaması halı müəyyən edilməli və ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.1981-ci il təvəllüdlü İbadova (Əliyeva) Yeganə Əhmədağa qızının İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 231 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6 İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 231 nömrəli mənzilinə dair istifadə hüququnun olmaması halı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar