Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-374/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınar əmlakdan qanunsuz istifadəyə son qoyulması və əmlakın sahibinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınar əmlakdan qanunsuz istifadəyə son qoyulması və əmlakın sahibinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus dezinfeksiyaedici məhsullar istehsal edən T15- 100 (seriya nömrəsi: 2020038T03A00393) aparatından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsinə son qoyularaq aparatın qanuni sahibinə, yəni ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Türkiyə Respublikasında yaşayır. O, Türkiyədə dezinfeksiyaedici məhsulların istehsalı və satışı sahəsində fəaliyyət göstərir. 2020-ci ildə onun həyat yoldaşı X4 Azərbaycan Respublikasına qayıtmışdır. Qayıtdıqdan sonra o, burada özünə iş qurmaq istəmiş və qərara gəlmişdir ki, dezinfeksiyaedici məhsulların satışı sahəsində fəaliyyət göstərsin. Anar Məmmədov ona bu işdə dəstək olmasını, ondan Türkiyədən dezinfeksiyaedici məhsullar emal edən xüsusi aparat alıb onun əvəzsiz istifadəsinə verməsini xahiş etmişdir. O da həyat yoldaşının istəyini qəbul edib 2020-ci ilin noyabr ayında Türkiyədən 21800 avro dəyərində aparat (T15-100, seriya no: 2020038T03A00393) alıb həyat yoldaşı Anarın əvəzsiz istifadəsinə vermişdir. Bundan sonra Anar Məmmədov qərara gəldiyi işlə məşğul olmaq üçün Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə şirkət qurmaq barədə razılaşmışdır. Bu məqsədlə onlarla birlikdə "xxxx" MMC-ni təsis etmişdir. Anar Məmmədov "xxxx" MMC-nin icraçı direktoru olmuşdur. Ona məxsus aparat şirkətin fəaliyyəti zamanı istehsal üçün istifadə olunmuş, lakin şirkətin balansında olmamışdır. 2022-ci ildə X6 Respublikasına qayıtmaq qərarına gəlmiş, buna görə də şirkətin fəaliyyətinin müvəqqəti dayandırılması üçün xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin vergi orqanı tərəfindən şirkətin fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması təmin edilmişdir. Şirkət dayandırıldığı üçün o, həyat yoldaşı Anardan əvəzsiz istifadəyə verdiyi aparatını şirkətdən geri götürməsini və özü ilə gətirməsini istəmiş, lakin cavabdehlər aparatı qaytarmaqdan imtina etmişlər və aparatın yerləşdiyi icarəyə götürülmüş obyektin qapısının açarlarını dəyişdirmişlər. Şirkətin fəaliyyətinin rəsmi olaraq dayandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin aparatdan istifadə etməklə şirkətin fəaliyyətini davam etdirmişlər. Onlar hazırkı vaxtadək sözügedən aparatdan qanunsuz olaraq istifadə etməklə istehsalı və satışı davam etdirirlər. Müvəqqəti təminat tədbiri haqqında məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq icra məmurları tərəfindən aparatın yerləşdiyi obyektə gedilərək, aparata baxış keçirilmiş və aparatın cavabdehlər tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Bundan başqa, şirkətin icraçı direktoru Anar Məmmədov olduğundan şirkətin fəaliyyətinin icrası ilə əlaqədar səlahiyyətlər də məhz ona məxsusdur. Cavabdehlər hüquqi şəxsin təsisçilərindən olsalar da, onların şirkətin fəaliyyətini bilavasitə həyata keçirmək səlahiyyətləri yoxdur. Şirkətin hazırkı fəaliyyəti qanunsuz olduğundan və bu fəaliyyət məhz həmin aparatla bağlı olduğundan aparatdan istifadənin qanunsuz olduğu bir daha aydın olur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda, bildirdi ki, müvəqqəti təminat tədbiri barədə qəraradın icrası ilə bağlı icra məmuru ünvan 1 ünvanında olan zaman dəyəri 21800 avro olan aparatın tamlığının pozulması və yalnız kassasının qalması faktını aşkarlamışdır. Tərtib edilmiş aktla aparatın faktiki sahibliyində olduğu sübuta yetirilən Cavabdeh1 bu barədə soruşduqda hadisə ilə bağlı məlumatı olmadığını bildirmişdir. Qeyd olunan faktlardan aşkar olur ki, əmlak talanmışdır. Nəticədə qərardadın icrası mümkün olmamışdır. Göstərilənlərə əsasən faktla bağlı araşdırma aparılması üçün materialların prokurorluq orqanlarına göndərilməsi barədə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, onun vəsaiti ilə cəmiyyət yaradıldığı, həmin cəmiyyətə iddiaçının əri tərəfindən hər hansı vəsait qoyulmadığını, mübahisəli daşınar əmlakın da onun vəsaiti ilə əldə olunduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, mübahisəli aparat birinci təminat tədbiri ilə icra məmuru tərəfindən ona tapşırılmış, lakin daha sonrakı təminat tədbiri verilənədək keçən təqribi 10 günlük müddətdə onun məsuliyyətində olmadığını, aparatın da həmin müddətdə tamlığının pozulmasının mümkün olduğunu bildirdi. Habelə müəssisənin fəaliyyət göstərdiyi əmlak şirkət tərəfindən icarəyə götürülmüşdü. İddiaçının əri bütün işi atıb getdikdən sonra işlər dayandı, bu səbəbdən də artıq icarə haqqını ödəməkdə çətinlik çəkdiyini, bu səbəbdən də həmin yeri boşaltmaq məcburiyyətində qaldığını qeyd etdi. Bildirdi ki, ərazini boşaldanda həmin aparat da orda idi, müəssisəni tərk edəndə aparatı müəssisəni təhvil alanlara tapşırmış və bildirmişdir ki, bu əmlakla bağlı məhkəmə mübahisəsi gedir, ona görə də həmin əmlakı tərpətməməyi xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır. Həmin aparat Cavabdeh1 vəsaiti ilə əldə olunmuşdur. Belə ki, Cavabdeh1 iddiaçının əri olan Anar Məmmədovla o tanış etmişdir. Anar Məmmədovun şirkətin yaradılmasında hər hansı vəsaiti olmamışdır. Ümumiyyətlə sözügedən aparat şirkətin balansında deyildi, qeydiyyata alınmamışdı. Anar Məmmədov da hər şeyi qoyub gedəndə həmin aparatı heç onlara təhvil də verməmişdi. İndi nəyə görə aparatı onlardan tələb edir?! Bundan başqa aparat iddiaçıya məxsus olsa da götürüb gedərdi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, cavabdehləri işlə bağlı tanıyır, iddiaçını tanımır. Cavabdehlərdən ilk öncə Orxanla daha sonra Etibarla tanış olub. O, cavabdehlərlə bir müddət birgə iş görüb. Belə ki, o şirkətdə spreylərin satışı ilə əlaqədar bir növ marketinqlə məşğul olurdu. Şahid suallara cavab olaraq bildirmişdir ki, şirkətin fəaliyyəti üçün lazım olan bütün vəsaiti Etibarın qoyduğunu eşidib. O bunu Anarla onların söhbətlərindən, sonra Etibarın Anardan tələbindən başa düşürdü. Hardasa bildiyinə qədər Etibar 50000 ABŞ dolları pul vəsaiti qoymuşdur. Anar öz hissəsini satmaq istəyəndə Dünyamin adında şəxs gətirmişdir. Həmin vaxt söhbət düşdü ki, kim şirkətə nə qədər pul qoyub, onda Anar bildirdi ki, guya türkə pul verib, bir də ideya irəli sürüb. O, həmin şirkətdə iki aya qədər qeyri-rəsmi işləyib. Əslində rəsmi olacaqdı, lakin sonra işdən çıxdı. Yadında deyil hansı tarixlə arasında orada işləyib. Həmin vaxt marketinq işinə baxırdı, qeyri-rəsmi ona görə işləyirdi ki, özü üçün müəyyən etməyə çalışırdı ki, orada qalıb işləyə biləcək ya yox. Dünyamin şirkətə baxaxnda hər şeylə tanış oldu. Şahid bildirmişdir ki, o pul danışıqlarında çox da iştirak etməyib.Onların arasında olan söhbətin birində iştirak edib. Yemək yeyiblər. Anarın onunla hansı tarixdə görüşməsi yadında deyil. Məhkəmə iclasında şahid Hüseyin Kuru ifadəsində bildirmişdir ki, o Türkiyədə dezenfeksiya məhsullarının istehsalı ilə məşğul olurdu. Cavabdehləri Azərbaycana gələndən sonra tanıyıb. İddiaçı ilə bir dəfə görüşüb. Onun həyat yoldaşı Anar bəyi tanıyır. Belə ki, Anar bəy ona Azərbaycanda həmin məhsulları istehsal edə biləcəyi təklifi ilə müraciət etmişdir. Razılaşma belə olmuşdu ki, Azərbaycanda qurulan şirkətin 10 faizi onun olacaq. Bundan əlavə də iş qurulduqdan sonra 10000 ABŞ dolları verəcəyini söz vermişdir. Bundan sonra o Azərbaycana gəlmişdir. O, üzərinə düşən hissəsini yəni təsisatın qurulması və s.ni həyata keçirsə də, ona söz verilənlər yerinə yetirilmədi. Təxmini 3-4 min ABŞ dolları pul hissə-hissə ödənildi. Şahid suallara cavab olaraq bildirmişdir ki, sərmayə qoyulması söhbətindən xəbəri yoxdur. Anar bəy ona bu barədə heç vaxt deməyib ki, o hansı həcmdə Etibar bəy hansı həcmdə sərmayə qoyub. Aparatın necə işlədiyini bilir. O, Türkiyədən məhz buna görə gəlmişdir. Hətta belə söhbət vardı ki, aparatın pulunu Etibardan alıb ödəyəcək. Deyilənə görə hər ikisindən pul çıxıb. Etibar bəyin hesabından aparata görə pulun çıxmasını görüb. O, məhsulun qablaşdırılması üçün lazım olan pulun Etibar bəydən gəldiyini görüb. Anar bəy Türkiyədə olanda bildirmişdi ki, onun maliyyə ortağı var, aparatın alınması üçün pulu Azərbaycandan göndərəcəklər. Həmin vaxt o Etibar bəyi tanımırdı. Sonra gələndə onlarla tanış oldu. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 225 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmindədir və hər biri 6.6667 manat olmaqla, 3 paydan ibarətdir. X3 1 pay 9 manat, Cavabdeh1 1 pay 9 manat və Cavabdeh2 1 pay 2 manat olmaqla cəmiyyətin təsisçiləridir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. İş materiallarında olan qəbzdən görünür ki, Peri Çihangiroğlu tərəfindən bank hesabına 10.000 avro məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli E-Arxiv Fakturasından görünür ki, T15- 100, seriya no: 2020038T03A00393/120 x80x110 sm ağır: 176 kq olan aparatın qiyməti 21.800 avrodur. İş materiallarında olan hüquqi şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışdan görünür ki, "xxxx" MMC-nin fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, dezinfeksiyaedici məhsullar istehsal edən T15-100 (seriya nömrəsi: 2020038T03A00393) aparat iddiaçıya məxsusdur, sonuncu həmin aparata görə 10.000 avro məbləğində pul vəsaiti ödəmişdir. İddiaçı özünə məxsus aparatı "xxxx" MMC-nin təsisçiləri – həyat yoldaşı X1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 əvəzsiz istifadəsinə vermişdir. "xxxx" MMC fəaliyyətini xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırdığından, iddiaçı özünə məxsus aparatın qaytarılmasını tələb etmiş, lakin cavabdehlər aparatı qaytarmaqdan imtina etmişlər. Cəmiyyət fəaliyyətini rəsmi olaraq dayandırmasına baxmayaraq, cavabdehlər həmin aparatdan istifadə etməklə şirkətin fəaliyyətini davam etdirmişlər. Müvəqqəti təminat tədbiri haqqında qərardadın icrası ilə əlaqədar icra məmurları tərəfindən aparatın yerləşdiyi obyektə baxış keçirilən zaman aparatın əsas hissələrinin çıxarılaraq aparıldığı müəyyən olunmuşdur. Məhkəmə şahid ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, həmin ifadələr işin məhkəmə iclasında araşdırılan digər halları ilə üst-üstə düşmür. Belə ki, şahid ifadələri əsasında mübahisəli əmlakın cavabdehlərin qanunsuz sahibliyində olmaması müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə həmin ifadələri cavabdeh tərəfin etirazının əsaslılığını göstərən sübut kimi qəbul etmir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən müəyyən edilir ki, hazırda iddiaçının iddia tələbi MM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyindən, yəni mübahisəli aparatın qanunsuz sahiblikdə olması faktı sübuta yetdiyindən, iddia tələbi əsaslıdır, bu səbəbdən də iddia tələbi təmin edilməli, T15-100 (seriya nömrəsi: 2020038T03A00393) aparatdan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsinə son qoyularaq aparat iddiaçıya qaytarılmalı, aparatın qaytarılması mümkün olmadıqda isə onun dəyəri olaraq 10.000 avro məbləğində pul vəsaiti qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı aşkar edilmişdir ki, mübahisəli T15-100 (seriya nömrəsi: 2020038T03A00393) aparat "xxxx" MMC-nin balansında deyildir, hüquqi şəxsin adına qeydiyyata alınmamış, həmin aparat iddiaçının şəxsi vəsaiti hesabına alınmış və sonuncunun mülkiyyətindədir. İddiaçı həmin aparatı cəmiyyətin təsisçisi və icraçı direktoru Anar Məmmədovun və cavabdehlərin əvəzsiz istifadəsinə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. T15-100 (seriya nömrəsi: 2020038T03A00393) aparat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılsın, aparatın qaytarılması mümkün olmadıqda isə onun dəyəri olaraq 10.000 avro məbləğində pul vəsaiti qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-374/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-374/2023
26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver