Məhkəmə qərarları › İş №2(005)-3745/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3745/2022

01.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3745/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istintaq orqanının qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona vurduğu 10000 manat mənəvi zərərin, 15000 manat maddi zərərin Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə tanışı X1 dostları Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları, adlarını dəqiq xatırladığı Zülfüqarov Elçin, Kərimov Rəşad və tanışı Rəşad yaşadığı ünvana gəlmişdir, digərləri maşında blokun önündə gözləyirdilər. Tanışı qapını döyüb demişdir ki, gələnlər onun dostlarıdır, bir hadisə var narahat olma “sənlik bir şey yoxdur”. Bölməyə daxil olanadək onunla mehriban danışırdılar. Bir neçə saat sonra onlar oğurluq işini boynuna almağı təklif etmişlər. Polis bölməsində ona qarşı təzyiq edilmiş, hətta zor tətbiq edərək məcbur etmişlər ki, guya tanışı Azad onu mobil telefon oğurlamağa məcbur etmişdir, izahat və ifadəsini təzyiq altında vermişdir. xx.xx.2020-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərara əsasən X2 və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs kimi tutulmuşlar. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-873/2020 nömrəli qərarına əsasən barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Uzun müddət, 10 aya yaxın Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Bu səhhətinə çox pis təsir etmişdir. Təcridxanada “hepatit C” virusuna yoluxmuş, 2 nömrəli Klinik Psixatriya xəstəxanasında “F60.3” diaqnozu qoyulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 1(005)-64/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə təqsiri sübuta yetirilmədiyi üçün bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalından azad edilmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1143/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, həmçinin Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İstintaq təcridxanasında yoluxduğu “hepatit C” və psixi sağlamlıqla əlaqədar müailəcələrini davam etdirmiş, hələ də müalicəni davam etdirir. İş qüvvəsini itirdiyinə görə maddi vəziyyəti pisdir. Həbs olunmazdan əvvəl fərdi qaydada saç ustası işləyirdi və onlayn satışı ilə məşğul idi. Günə 100-150 manat gəliri olurdu. Atası rəhmətə gedib, anası ali təhsillidir, yaşı və səhhəti ilə əlaqədar işləmir. Ailəni ancaq o dolandırırdı. Anası onun tutulmağı ilə əlaqədar vəkillə müqavilə üçün, təcridxanada dolanışığına görə və müalicə üçün tanışlardan xeyli miqdarda borc pul almışdır. İstintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona 10000 manat məbləğində mənəvi ziyan, 15000 manat məbləğində maddi ziyan, ümumilikdə 25000 manat məbləğində ziyan vurulmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-873/2020 nömrəli qərarından görünür ki, İddiaçı barəsində 3 ay həddində həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-64/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı AR Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə bəraət verilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi hökm edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1143/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-64/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-653/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya protestinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı 25 iyul 2020-ci il tarixdən 19 may 2021-ci il tarixədək həbsdə olmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə bəraət almışdır. Qeyd edilən məhkəmə aktlarından İddiaçı 09 ay 22 gün müddətində həbsdə saxlanıldığı müəyyən olunmuşdur. Hazırda iddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 25000 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6 və 7-ci maddələrinin 1-ci bəndlərinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir (7-ci maddənin 2-ci bəndi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən aydın olur ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği, yəni 10000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, vəkilə ödənilmiş 670 manat xidmət haqqından başqa, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi və s.) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı istintaq təcridxanasında “hepatit c” virusuna yoluxduğunu və psixi xəstəliyə tutulduğunu bildirsə də, bu xəstəliklərin həqiqətən onda olmasını, eləcə də həmin xəstəliklərə məhz həbs edildikdən sonra istintaq təcridxanasında yoluxduğunu, müvafiq hadisə ilə səbəbli əlaqəsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Cinayət Prosessual Məcəlləsinin 58.3-cü maddəsinə əsasən bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı iddiaçının əmlakının müsadirə edilməsi və ya üzərinə həbs qoyulması, tərəfindən hökmün icrası zamanı cərimə ödənilməsi halları da müəyyən edilməmişdir. Beləliklə, iddiaçı iddia ərizəsində göstərilən məbləğdə maddi itkilərə məruz qalmasını, bununla təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin hüquqazidd hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğunu sübuta yetirə bilmədiyindən iddia bu hissədə qismən, yəni iddiaçının vəkilə xidmət haqqı olaraq ödədiyi pul həcmində təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 112İNTL202170120 nömrəli, xx.xx.2020-ci il tarixli, 112İNTL202170121 nömrəli, xx.xx.2020-ci il tarixli və 108İNTL202880050 nömrəli, xx.xx.2020-ci il tarixli qəbzlərinə əsasən iddiaçının Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına müvafiq olaraq 500 manat, 10 manat və 160 manat, cəmi 670 manat məbləğində pulun ödədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimalı ortaya çıxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iddiaçının tələblərini Cavabdehnə münasibətdə qismən təmin edərək həmçinin qeyd etməyi zəruri sayır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş “Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə”nin 1-ci bəndinə əsаsən, Cavabdeh Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi və maddi zərərin əvəzi məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.13-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 670 manat və mənəvi zərərə görə 10.000 manat, ümumilikdə 10.670 (on min altı yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 670 manat və mənəvi zərərə görə 10.000 manat, ümumilikdə 10.670 (on min altı yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar