Məhkəmə qərarları › İş №2(005)-3794/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3794/2021

05.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3794/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5 İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X14, Üçüncü şəxs “Azneft” İB-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (“Azneft” İstehsalat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Socar" X9 mərhum Qürbət Rəsulovun ailə üzvlərinin xeyrinə 27.000 manat maddi ziyan olmaqla, 100.000 manat mənəvi ziyan olmaqla, cəmi 127.000 manat pul vəsaitinin birdəfəlik təzminat olaraq tutulması, onun orta aylıq əmək haqqı miqdarında - 1500 manat məbləğində anasına və arvadına ömürlük pensiya təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha İddiaçı1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə 29.09.2021-ci il tarixində yazılı ərizə təqdim edərək, iddia tələbi üzrə cavabdehin - “Socar" X10 əsl cavabdehlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, 08.10.2020-ci il tarixdə mərhum atası Qürbət Rəsulov digər iş yoldaşları ilə birlikdə işə çıxmış, aparılan iş bölgüsü əsasında yeni nasosxananın quraşdırılması zamanı nasosxananın paylayıcı quruluş hissəsində montaj işləri apararkən yüksək gərginlikli elektrik təsirinə məruz qalmış, “təcili yardımla” tibb məntəqəsinə aparılarkən aldığı xəsarətdən yolda vəfat etmişdir. Faktla bağlı 05.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmış və cavabdehin işçisi, 1 saylı şəbəkə rayonunun rəis müavini Baxşəliyev Əlzamin cinayət məsuliyyətinə cəlb edilmişdir. İstintaq orqanının 18.01.2021-ci il tarixli Qərarı ilə o zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Həmin iş üzrə "Socar”ın işçisi olan Baxşəliyev Əlzamin təqsirli bilinmiş və Pirallahı Rayon Məhkəməsinin 1(094)- 18/2021 saylı, 30.04.2021-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmişdir. Zərərçəkənin hüquqi varisi olaraq cinayət əməli nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir, ona və ailəsinə dəymiş maddi və mənəvi ziyan hüquqi şəxs olan “X19 Birliyi, "28 may” Neft və Qazçıxarma İdarəsinin işçisi tərəfindən iş tapşırığını yerinə yetirərkən vurulduğuna görə, sonuncu onlara dəymiş maddi və mənəvi ziyanı ödəməlidir. Belə ki, atasının himayəsində 1937-ci il təvəllüdlü anası, İddiaçı3, arvadı, 1963-cü il təvəllüdlü X11 olmuşdur. Onların heç bir yerdən qazanc və gəlir mənbələri yoxdur. Qürbət Rəsulov ailəyə yeganə qazanc gətirən şəxs idi. Baxmayaraq ki, Tavat onun nənəsi, Solmaz isə anasıdır, himayəsində həyat yoldaşı və üç azyaşlı övladı olması səbəbindən onlara maddi cəhətdən köməklik etmək imkanı yoxdur. Bu halda atasının ölümü onun anasına, arvadına, ona, nəvələrinə, ümumilikdə bütün qohumlarını ağır mənəvi ziyan vurmuşdur. Xüsusilə 84 yaşlı anası və 58 yaşlı arvadı ağır psixoloji sarsıntı keçirmişdir. Onlar ailəsinə dəymiş mənəvi ziyanı 100.000 manat miqdarında dəyərləndirirlər. Cavabdeh tərəfindən vurulmuş maddi ziyan 27.000 manat, mənəvi ziyan isə 100.000 manat məbləğində olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X22 iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs “Azneft” İB-nin nümayəndəsi və vəkili Vəkil 27.10.2021-ci il tarixində yazılı etiraz təqdim edərək, bildirmişdir ki, 08.10.2020-ci il tarixdə X4 əmək mühafizəsi qaydalarını pozması nəticəsində X3 ağır xəsarətlər alaraq ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. X4 barəsində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 1(094)-18/2021 saylı 30.04.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçıların mərhumun anasına və arvadına ömrlük pensiya təyin edilməsi ilə əlaqədar olaraq bildiririk ki, nə SOCAR nə də “Azneft” İB pensiya təyin edən orqan olmadığından heç kimə pensiya təyin edə bilməzlər, pensiya təyin etmək səlahiyyəti Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna aiddir. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 1(094)- 18/2021 saylı 30.04.2021-ci il tarixli hökmündən də görünür ki, X1 yol verərək təhlükəsizlik qaydalarını pozması nəticəsində Qürbət Rəsulov vəfat etmişdir. Nə SOCAR, nə də “Aznerft” İB Ə.Baxşəliyevə səhlənkarlığa yol verməsini, təhlükəsizlik qaydalarına riayət etməməsini bildirməmişlər. Əgər belə hal olardısa SOCAR və ya “Azneft İB cinayət törətmiş hüquqi şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərdilər. Göründüyü kimi SOCAR-ın və ya “Azneft” İB-nin nə cinayət nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbləri onlardan tələb edilə bilməz. Həmçinin iddiaçılar öz. tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddia ərizəsinə SOCAR-ın və ya “Azneft” İB-nin iddia ərizəsində qeyd edilən mülki hüquq pozuntularına etmələrinə dair heç bir sübut əlavə edilməmişdir. Bundan əlavə, keçirilmiş məhkəmə iclasında İddiaçı1 və iddiaçıların nümayəndəsinin bildirdiklərinə əsasən, Qürbət Rəsulovun vəfatı ilə əlaqədar sığorta şirkəti tərəfindən iddiaçılara 27000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Pirallahı rayon prokurorluğunun 18.01.2021-ci il tarixli Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərarının surətinə əsasən İddiaçı1 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınması qərara alınmışdır; Pirallahı Rayon Məhkəməsinin 1(094)-18/2021 saylı, 30.04.2021-ci il tarixli saylı hökmün surətinə əsasən X4 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, X2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza şərti hesab olunması və ona 2 (iki) il sınaq müddəti müəyyən edilməsi qərara alınmışdır; “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin 1/2020 saylı İstehsalatda bədbəxt hadisə haqqında aktın surətinə əsasən 1964-cü il təvəllüdlü X7 08.10.2020-ci il tarixdə saat 17:30 radələrində X21 ilkin hazırlanması və nəqli sahəsində yerləşən Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 1 saylı şəbəkə rayonunda yerləşən PQ-40-ın daxilində bədbəxt hadisə nəticəsində elektrik gərginliyinin təsirinə məruz qalaraq, tibb məntəqəsinə aparılmış və aldığı xəsarətdən yolda vəfat etmişdir. 03.07.2021-ci il tarixli qəbzə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunan və mübahisələndirilməyən digər halına görə, Pirallahı Rayon Məhkəməsinin 1(094)-18/2021 saylı, 30.04.2021-ci il tarixli saylı hökmün surətinə əsasən X4 ( “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin səlahiyyətli şəxsi) Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona qanunvericilyiə müvafiq qaydada cəza təyin edilmişdir. İdida ərizəsidən və iş materiallarından aydın olur ki, X8 “Azneft” İstehsalat Birliyində elektrik montyoru vəzifəsində işləmiş, əmək funksiyalarını yerinə yetirərkən aldığı xəsarətlərdən ölmüşdür. Hazırda iddiaçılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən ailə üzvlərinin xeyrinə 27.000 manat maddi ziyan olmaqla, 100.000 manat mənəvi ziyan olmaqla, cəmi 127.000 manat pul vəsaitinin birdəfəlik təzminat olaraq tutulması, onun orta aylıq əmək haqqı miqdarında - 1500 manat məbləğində anasına və arvadına ömürlük pensiya təyin edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarında olan iddiaçı tərəfin məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mövcud iddia tələbi ilk öncə cavabdeh olaraq Socar/X13 göstərmiş, sonradan iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia tələbini yönəltmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əsl olan cavabdeh “Azneft” İstehsalat Birliyi ilə əvəz olunmasına razı olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən mövcud iddia tələbi əsasında işə baxaraq yekun qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya cavab verməli şəxs olmadığından, iddia rədd edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi ayrı-ayrılıqda hüquqi şəxsdir, mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyırlar. İşin materiallarından görünür ki, iddiaçı konkret olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı tələb irəli sürmüşdür. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bu o deməkdir ki, İddiaçı1 “Azneft” İstehsalat Birliyinə qarşı tələb irəli sürülmədiyindən məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olub-olmadığı konteksində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə cavabdehin əvəz olunması məsələsini həll edilməlidir. Hazırki mülki iş üzrə iddiaçının tələb etdiyi mərhum Qürbət Rəsulovun ailə üzvlərinin xeyrinə 27.000 manat maddi ziyan, 100.000 manat mənəvi ziyan, 127.000 manat pul vəsaitinin birdəfəlik təzminat olaraq tutulması, onun orta aylıq əmək haqqı miqdarında - 1500 manat məbləğində anasına və arvadına ömürlük pensiya təyin edilməsi və həmin məbləğin həcmi ilə bağlı olan məbləğinin bazar qiymətinə uyğun olmadığı kimi halları araşdırmağı zəruri hesab etmir. İddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya cavab verməli şəxs olmadığından, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, bununla da, işə irəli sürülmüş tələb üzrə baxıldığından, mövcud iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (“Azneft” İstehsalat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (“Azneft” İstehsalat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar