Məhkəmə qərarları › İş №2(005)-381/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-381/2021

30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-381/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 1000 AZN, əlavə olaraq vurduqları mənəvi zərərə görə 500 AZN və ödənilmiş dövlət rüsumu ümumilikdə 1530 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər 12.12.2011-ci il tarixdə “X2 Azərbaycan”QSC-dən illik 19 faiz olmaqla 36 ay müddətində 3000 manat məbləğində kredit götürmüşlər. Qeyd edir ki, pulu götürən şəxs Cavabdeh1 tanımır. Onunla həmyerli olan Cavabdeh2 onu öz qohumu kimi təqdim edərək onun zamin durmağını xahiş etdi. Eyni zamanda hər hansısa problem olarsa, yəni onun əmək haqqından tutulma olarsa, əvəzinin ödənilməsini edəcəklərini hər iki cavabdeh öz öhdəliklərinə götürdü. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2790/2013 saylı 17 sentyabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən yaranmış borc üzrə ümumilikdə 2738,83 manat borcun borclulardan tutulması qeyd olunmuşdur. Hal hazırda iddiaçı pensiya müavinatı alır. Həmin borc onun pensiya müavinatına yönəldilmişdir. Bu barədə cavabdehlərə dəfələrlə xahiş etsə də, əhəmiyyət verməyərək əksinə ona mənəvi və maddi zərər vurmuşlar. Hər dəfədə deyəndə onun pensiyasına tutulma üçün yönəldilmiş pulu şəxsən qaytaracaqlarına söz veriblər. Lakin bu vaxta qədər heç bir nəticə olmamışdır. Odur ki, maddi və mənəvi zərərin əvəzini ona ödənilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 1000 manat, əlavə olaraq vurduqları mənəvi zərərə görə 500 manat və ödənilmiş dövlət rüsumu əlavə olaraq cavabdehlərə görə ondan tutulmuş pul vəsaitinin 7 faizinin tutulmasına dair qətamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etmədi rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.4-cü və 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2013-cü il tarixli 2(005)-2790/2013 saylı qətnaməsindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və İddiaçı müştərək qaydada 12.12.2011-ci il tarixdə 139 saylı kredit müqaviləsinə əsasən 2336,85 manat əsas kredit borcu, 291,77 manat hesablanmış faiz borcu, 77,71 manat hər gecikdirilmiş günə görə cərimə, cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xidməti xərcləri 02,50 manat,.dövlət rüsumuna görə 30 manat cəmi 2738,83 (iki min yeddi yüz otuz səkkiz manat səksən üç qəpik) manat «X2 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, Cavabdeh1 hal-hazırda hər hansı banka kredit borcu yoxdur. İş materiallarında olan Sabirabad Rayon İcra və Probasiya şöbəsinin 21 yanvar 2020-ci il tarixli 1208/2013 saylı məktubundan görünür ki, DSMF-un Sabirbad rayon şöbəsinə borclu İddiaçı pensiyasından 912,94 manat borc tutularaq tələbkar “X2 Azərbaycan”QSC-nin hesabına, ümumi məbləğin 7%-i miqdarında yəni 63,90 manat məbləğində icra ödənişi isə Sabirabad rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülməsi təklif edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 tərəfindən kreditin götürülməsi zamanı ona zamin durmuşdur. Qətnamənin icra edilməsi məqsədi ilə iddiaçıdan 912,94 manat və ümumi məbləğin 7%-i miqdarında, yəni 63,90 manat pul tutulmuşdur. Məhkəmə iddia tələbinin maddi zərərin tutulması hissəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsindən göründüyü kimi, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-ci maddəsinə görə, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının zamin kimi Cavabdeh1 tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində borcun bir hissəsinin ödənilməsi məhkəmə tərəfindən tədqiqi edilmiş sübutlarla təsdiq edildiyindən, həmin məbləğ ona qaytarılmalıdır. İddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə yenə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun mənəvi iztirablar çəkməsinə dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından cavabdehlərdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Fəaliyyət oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 975,94 manat İddiaçı Fəaliyyət oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar