Məhkəmə qərarları › İş №2(005)-3873/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3873/2023

22.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3873/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci massiv, 24B saylı evə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İ saylı Bakı ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın reyestr nömrəsi **********78-10301, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2018-ci il, Daşınmaz əmlakın dövlət reyestrində 454 nömrəli kitabında 42552 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX N: ******* çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci ildə İddiaçı1 ilə rəsmi nikaha daxil olmuş və onların nikahları Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində (o zaman X1 Şöbəsi) qeydiyyatdan keçmiş və o zaman onlara Vİİ-JQ N: 422532 nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. O zaman o, gəlin kimi Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci massiv, 24B ünvanında yerləşən özbaşına tikilmiş qayınata evinə köçmüşdür və bütün cehiz əşyalarını da həmin evdə yerləşdirmişdir. Birgə nikahlarından iki övladları anadan olmuş və onların ailəsi həmin evdə yaşamışlar. Hazırda da, həmin evdə qeydiyyatda olmaqla yaşayırlar. O, gəlin kimi həmin evə gələndə qayınatası onun birinci övladı anadan olandan sonra bildirmişdir ki, yaşadıqları ev öz nəvəsi, onun oğlunun adına sənədləşdirəcəkdir. Onlar həmin evin ümumi sakinləri olmuşlar və ev onların ümumi sahibliklərində olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci massiv, 24B ünvanında yerləşən ev o zaman qayınatası X2 ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına ev olmuşdur. O da həmin evə gəlin köçəndən sonra həmin ünvanda bəzi tikililər tikərək ailəsiylə birlikdə həmin tikilidə yaşamışlar. Lakin sonradan həyat yoldaşıyla münasibətlərində soyuqluq yaranmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə onların aralarında bağlanmış nikah pozulmuş və Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixində AZ-1 N: 398594 saylı “X3 Şəhadətnamə” verilmişdir. O, yaşadığı evə gəlin gələndə ev özbaşına tikili olmuşdur. Qayınatası xx.xx.2009-cu ildə, qayınanası isə 2013-cü ildə vəfat etmişdir. Həmin vaxta kimi evin özəlləşdirilməsi olmamışdır. Lakin sonradan bilmişdir ki, yaşadığı ev onun keçmiş həyat yoldaşının öz atasının adına, daha doğrusu 2009-cu ildə vəfat etmiş şəxsin adına özəlləşdirmişdir. Hazırda, evin qayınatasının adına özəlləşdirilməsindən istifadə edən həyat yoldaşının yaxınları evin vərəsəlik qaydasında bölüşdürülməsini və ya evə paylarının müəyyən edilməsini tələb edirlər. Halbuki, 20 ildən çox müddətdə və hazırda həmin evdə yaşamayan şəxslərin evdən paylarını müəyyən edə bilərlər, lakin həmin evdə yaşamış, doğulub böyümüş və bu vaxta kimi yaşayan şəxslərin evə heç bir payı müəyyən oluna bilməz. Bu qanunsuzluqdur. Evin vərəsəlik qaydasında bölüşdürülməsi və ya evə vərəsəlik qaydası ilə payların müəyyən edilməsi ilə onun və övladlarının hüquqlarının kobud pozuntusu deməkdir. Evin onun qayınatasının övladları arasında vərəsəlik qaydası ilə payları müəyyən edildikdən sonra, onun və övladlarının evdən istifadələrinin məhdudlaşdırılması deməkdir. Belə çıxır ki, özbaşına tikilmiş evə onun və övladlarının paylarından məhrum edilməsi gələcəkdə onların həmin evdən çıxarılmalarına səbəb olacaqdır. Halbuki, yaşadıqları evə həm onun, həm də onun övladlarının hüquqları təmin edilməlidir. Yaşadığı ev özbaşına tikili olduğundan və sonradan həmin evin tikilməsində və artırılmasında onların vəsaitləri sərf edildiyindən onların həmin evə hüquqları təmin edilməlidir. Nəzərə alınmalıdır ki, yaşadıqları ev ilkin olaraq özəlləşdirilərkən həmin evin kimin adına özəlləşdirilməsi üçün onların razılıqları alınmalı olduğu halda, cavabdeh Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi onların razılıqlarını almamışdır. Bununla da, kobud qanun pozuntusuna yol vermişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə uyğun olaraq, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı hər hansı mülki hüquqi əqdə əsaslanan reyestrdəki qeydin deyil, əmlakın özəlləşdirilməsi nəticəsində reyestrdə qeydə alınmış hüquqmüəyyənedici sənədin ləğv edilməsini xahiş edir. Belə ki, iddiaçı yaşadığı özbaşına tikilinin onun razılığı olmadan özəlləşdirilməsinə istinad edir. Mübahisə iddia tələbinin mahiyyətinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçılara aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara qaytarılsın. İddiaçı1 tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (AR Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə, qəbzin nömrəsi: **********) İddiaçı1 geri qaytarılsın. İddiaçılara izah edilsin ki, müvafiq iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüquqları vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar