Məhkəmə qərarları › İş №2(005)-3901/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3901/2021

20.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3901/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və onların nümayəndəsi və vəkili Vəkil2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı7 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, üçüncü şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı birliyi və X4 Agentliyi cəlb edilməklə çıxarışın ləğv edilməsi, yaşıllıq və piyada keçidinə edilən qəsdlərin dayandırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, üçüncü şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı birliyi və X4 Agentliyi cəlb edilməklə çıxarışın ləğv edilməsi, yaşıllıq və piyada keçidinə edilən qəsdlərin dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında icraata xitam verilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, mübahisəli əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati akt olan 20.05.2010-cu il tarixli 80 nömrəli sərəncamı ilə “X2 Kömək” İctimai Birliyinin icarəsinə verilmişdir. Qeyd edilən sərəncam qüvvədə qaldığı təqdirdə, onların əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbi irəli sürülə bilməz. İddiaçı ilkin olaraq inzibati aktın mübahisələndirilməsi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə, inzibati akt ləğv olunduğu təqdirdə onun nəticəsi olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi ilə bağlı iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. Lakin, iddiaçı özəlləşdirmə üçün əsas olmuş inzibati akt ləğv olunmadan həmin inzibati aktın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürmüşdür ki, belə bir tələb də təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, üçüncü şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı birliyi və X4 Agentliyi cəlb edilməklə çıxarışın ləğv edilməsi, yaşıllıq və piyada keçidinə edilən qəsdlərin dayandırılması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar