Məhkəmə qərarları › İş №2(005)-391/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-391/2025

20.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-391/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən sorğu vasitəsilə 2020-ci ilin iyun ayında yazılan 2750 gürcü larisi (1734 manat) məbləğində cərimə qəbzinin cavabdehdən alınması və 1274 manat məbləğində borcun və tərəfindən ödənilmiş 38 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, 099 nömrəli əmri ilə Cavabdeh MMC-nin Maşın və mexanizmlər parkına sürücü vəzifəsində işə qəbul olmuşdur. Həmin tarixdə cavabdeh ilə aralarında əmək müqaviləsi bağlanılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, 83 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 2020-ci ilin iyun ayında cavabdehin tapşırığına əsasən Gürcüstan Respublikasının Kutayski şəhərində layihə ilə əlaqədar ezamiyyətə göndərilmişdir. Covid-19 pandemiyasına görə, orada cəmi 72 saat ərzində qalmalı olduğundan xəbərsiz olduğu üçün cəmiyyətin layihəsi ilə əlaqədar 20 gün müddətində orada olmuşdur. Cavabdeh tərəfindən ona orada 72 saatdan yəni 3 gündən artıq olacağı təqdirdə cərimə yazılacağı barədə məlumat verilməmişdir. Cavabdehə məxsus olan yük maşını ilə gömrük məntəqəsində olarkən ona 2750 gürcü larisi (1734 manat) məbləğində cərimə yazılmışdır. Həmin qəbzi cavabdehə təqdim etmiş, cavabdeh həmin cəriməni ödəyəcəyini demişdir. Lakin pulu ödəməkdən boyun qaçırmışlar. Daha sonra həmin qəbzi onlardan istədikdə verməmişlər. Hazırda işi ilə əlaqədar Gürcüstan Respublikasına getməlidir, lakin cərimə yazıldığı üçün gedə bilmir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət edərək işlə bağlı araşdırılma edilməsini xahiş etmiş, lakin tələb olunan sənədlər müəssisə tərəfindən təqdim edilmədiyindən müraciətin araşdırılmasının mümkün olmadığı qeyd edilmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 2020-ci ilin iyun ayında yazılan 2750 gürcü larisi (1734 manat) məbləğində cərimə qəbzinin cavabdehdən alınması, həmin cəminənin cavabdeh tərəfindən ödənilməsi və tərəfindən ödənilmiş 38 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; İddiaçı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, 099 nömrəli əmri ilə Cavabdeh MMC-nin Maşın və mexanizmlər parkına sürücü vəzifəsində işə qəbul olunmuş və xx.xx.2022-ci il tarixli, 83 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti ilə bağlı Cavabdeh MMC-nin ünvanına məktubla müraciət olunaraq ona aid olan sənədlərin Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. İdarəyə təqdim etdiyi sənədlərdən işəgötürən tərəfindən son haqq-hesabınnın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq sonuncu iş günü ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə Cəmiyyətin vəzifəli şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəra qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı, Cavabdeh MMC-nin Maşın və mexanizmlər parkına sürücü vəzifəsində işə qəbul olmuşdur. 2020-ci ilin iyun ayında cavabdehin tapşırığına əsasən iddiaçı Gürcüstan Respublikasının Kutayski şəhərində layihə ilə əlaqədar ezamiyyətə göndərilmişdir. Covid-19 pandemiyasına görə, orada 72 saat ərzində qalmalı olduğundan xəbərsiz olduğu üçün cəmiyyətin layihəsi ilə əlaqədar 20 gün müddətində orada olmuşdur. Cavabdeh tərəfindən ona orada 72 saatdan yəni 3 gündən artıq olacağı təqdirdə cərimə yazılacağı barədə məlumat verilməmişdir. Cavabdehə məxsus olan yük maşını ilə gömrük məntəqəsində olarkən iddiaçıya 2750 gürcü larisi (1734 manat) məbləğində cərimə yazılmışdır. İddiaçı qəbzi cavabdehə təqdim etmiş, lakin cavabdeh pulu ödəməkdən boyun qaçırmışdır. Daha sonra həmin qəbzi onlardan istədikdə verməmişlər. Bu səbəbdən iddiaçının Cavabdeh MMC-yə qarşı tələb hüququ yaranmışdır. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçı maddi ziyana məruz qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən törədilmiş inzibati xətaya görə tərtib edilmiş inzibati cərimənin qəbzi və cərimə üzrə 2750 gürcü larisi (1734 manat) pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, inzibati xəta haqqında protokolun qəbzinin surəti İddiaçı verilməsi və inzibati protokola görə yazılmış cərimə məbləği 2750 gürcü larisi (1734 manat) ödənilməsi öhdəlikləri Cavabdeh MMC-nin üzərində qoyulması, iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İnzibati xəta haqqında protokolun qəbzinin surəti İddiaçı verilməsi və inzibati protokola görə yazılmış cərimə məbləği 2750 gürcü larisi (1734 manat) ödənilməsi öhdəlikləri Cavabdeh MMC-nin üzərində qoyulsun, iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar