Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-396/2023 10.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülməyə və daxil olmağa törədilən maneəçiliyə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı “evə köçürülməyə və daxil olmağa törədilən maneəçiliyə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka köçməyimə, fərdi yaşayış evinin İddiaçı məxsus olan və içəridə əşyalarının olduğu yerin qapısından içəri daxil olmağına, həmin ünvana Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün həmin idarənin mütəxəssislərinin içəri daxil olmalarına Cavabdeh və qeyriləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 91 saylı ev xüsusi mülkiyyət hüququ əsasında ümumi birgə pay olaraq, İddiaçı və Cavabdeh məxsusdur. İddiaçı təxminən son 7-8 ildir ki mülkiyyətçi kimi yuxarıda qeyd edilən evdən istifadə edə bilmir. Belə ki, digər mülkiyyətçi Cavabdeh ilə münasibəti olmadığı üçün evi faktiki olaraq aralarında bölünmüşdür. İddiaçı bir neçə ildir ki evə getmir. Lakin evin İddiaçı aid olan hissəsinə əşyalarını yığaraq, qapısını da kildləmişdir. Hazırda həmin əşyalarının hansı vəziyyətdə olmasından xəbəri yoxdur. Cavabdeh aralarındakı münasibətdən sui-istifadə edərək, bir müddətdir ki, İddiaçı evimə buraxmır. İddiaçı, mülkiyyətçi kimi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan evə köçə, lazım gələrsə mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmir. Bu yaxınlarda evin və həyətin texniki pasportunun alınması üçün müvafiq ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Əmlak Xidmətləri Məkanına müraciət etdim. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 02 iyun 2022-ci il tarixli **********22 saylı məktubunda, həmçinin 13 iyun 2022-ci il tarixli. **********59 saylı, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki. “Müraciətinizlə əlaqədar olaraq bildiririk ki fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması uçun idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Qeyd olunanlar nəzərə olunaraq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.“ a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının İddiaçı vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X1 əmlakın cavabdehin mülkiyyətində olduğunu və onu tərəfindən dövlət orqanı işlərinə heç bir maneə yaradılmadığını bildirərək, iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM 008452 nömrəli qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 91 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olması barədə xx.xx.2000-ci il tarixdə qeyd aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 91 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətindədir. Bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş məktubda qeyd olunur ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Qeyd olunanlar nəzərə olunaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. - Bakı Şəhər Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2000-ci il tarixli 3k-124/2000 saylı qərardadından müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1999-cü il tarixli qətnaməsi dəyişdirilərək Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 91 nömrəli evin alqı-satqı müqaviləsinin X4 ilə Cavabdeh və İddiaçı arasında bağlanmış hesab edilməsi, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həmin evə dair Cavabdeh və İddiaçıadlarına payları məlum olmayan birgə əmlak kimi qeydiyyat vəsiqəsinin verilməsinin həvalə edilməsi qərara alınmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Cavabdeh və İddiaçı faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, 30 dekabr 1986-cı il tarixdə onlarən birgə nikahdan İlkin, 22 dekabr 1987-ci il tarixdə isə Elvin adlı oğlan uşaqları anadan olmuşdur. lar. Faktiki nikah münasibətlərində olduqları zaman X4 ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 91 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair müqavilə bağlamışlar. Daha sonra tərəflər arasında münasibətlər pisləşmiş və faktiki ailə münasibətlərinə son qoyulmuşdur. Bakı Şəhər Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2000-ci il tarixli 3k-124/2000 saylı qərardadına əsasən qeyd edilən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət kimi qeydə alınması qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 91 ünvanında yerləşən fərdi yaşayış evinə olan mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradıldığını bildirir və bu maneələrin aradan qaldırılmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüqunun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, yuxarıda göstərilən qanunvericilik normalarını və mülki iş üzrə məhkəməyə təqdim olunmuş sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 91 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyətdə olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Həmin məkəmə qərarının əsasında verilmiş çıxarışda da fərdi yaşayış evinin tərəflərin ümui birgə mülkiyyəti olduğu təsdiq edilib. Beləliklə, İddiaçı öz mülkiyyətindən sərbəst şəkildə istifadə etmək hüququ olduğundan iddia tələbi “daşınmaz əmlaka köçməyə, fərdi yaşayış evinə giriş-çıxışa cavabdeh tərəfindən yaradılan maneələrə qadağa qoyulması” hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün həmin idarənin mütəxəssislərinin içəri daxil olmalarına Cavabdeh və qeyriləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin üzərinə belə bir vəzifənin qoyulması üçün əsaslar yoxdur. Birincisi, artıq iddia tələbi daşınmaz əmlaka köçmə və giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin edildiyindən, hər hansı dövlət orqanı əməkdaşlarının daşınmaz əmlaka daxil olmasına yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin edilməsinə zərurət qalmamışdır. İkincisi, cavabdeh tərəfindən belə maneələrin yaradılması barədə konkret və mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka köçməyə, fərdi yaşayış evinə giriş-çıxışa Cavabdeh tərəfindən yaradılan maneələrə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka köçməyə, fərdi yaşayış evinə girişçıxışa cavabdeh tərəfindən yaradılan maneələrə qadağa qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-396/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-396/2023
10.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver