Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-397/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi (anası) X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, bütün maneələrin aradan qaldırılması, cavabdehin azyaşlı uşaqla birlikdə özünə məxsus olan əşyaları ilə evdən çıxarılması və sözügedən mənzilin təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, bütün maneələrin aradan qaldırılması, cavabdehin azyaşlı uşaqla birlikdə özünə məxsus olan əşyaları ilə evdən çıxarılması və sözügedən mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti küçəsi, ev 99/2, mənzil 57-ə dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, bütün maneələrin aradan qaldırılması, cavabdehin azyaşlı uşağı ilə özlərinə məxsus olan əşyaları ilə birlikdə evdən çıxarılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti, ev 99/2, 57 saylı mənzil xx.xx.2020-ci il tarixli, **********16-05101-093007 saylı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətindədir. O, qohumunun xahişi ilə tanışına müvəqqəti olaraq xüsusi mülkiyyətində olan mənzili yaşamaq üçün vermişdir. Uzun aylardır ki, şəxslər ailə üzvləri ilə birlikdə orada yaşayırlar. O, qohumundan mənzilin həmin şəxslər tərəfindən boşaldılmasını xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası) X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, еləcə də yеrində müayinə еtməklə hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, onlar evi cavabdehin türk yoldaşına kirayə vermişlər. Türk yoldaşı çıxdıqdan sonra o, evdə cavabdehi bir oğlanla görmüş, cavabdeh 2 günə evdən çıxacağını qeyd etmiş, lakin sonra qapının açarını dəyişmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 80.90 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti, ev 99/2, mənzil 57-i xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. AR DİN-in xx.xx.2024-cü il tarixli, ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı mülkiyyətinin ünvanı ünvan 1 iltizamdan görünür ki, Cavabdeh 4 aydır ki, Sabunçu rayonunda kirayə yaşayır və bu fakt onun qonşuları Qasımova İnsaf, Xıdırova Vüsalə, Əzizova Ayşə, Əzizova Sevil tərəfindən təsdiq olunur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Moskva prospekti, ev 99/2, 57 saylı mənzili Cavabdeh tərəfindən boşaldılmasını tələb etsə də, mənzil təhvil verilməmiş və o, məhkəmədə idda qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə hеsab еdir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti, ev 99/2, 57 saylı mənzil üzərində mülkiyyət hüququnun mövcudluğu iş materiallarından olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda öz əksini tapdığından onun cavabdеh Cavabdeh həmin mənzildən çıхarılması ilə bağlı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə, məhkəmə iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırarkən hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Bеlə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.1 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyət hüququ-subyеktin оna mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib оlmaq, оndan istifadə еtmək və оna dair sərəncam vеrmək üzrə dövlət tərəfindən tanınan və qоrunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavfilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Cavabdeh əşyaya sahiblik hüquqlarının olmaması iş üzrə mübahisələndirilməyən haldır. Cavadeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması inkar edilir, bu hal mənzilin açarının təhvil verilməsi və 4 aydır ki, onun Sabunçu rayonunda kirayədə qalması ilə əsaslandırılır. Lakin cavabdehin istinad etdiyi əsaslara məhkəmə münasibət bildirərək qeyd edir ki, əmlak münasibətləri onların tərəfləri arasında baş verir və bu münasibətlərdən irəli hərəkətlər də tərəflərin bir-birlərinə qarşı həyata keçirilməlidir. İş üzrə əmlak münasibətləri mənzilin mülkiyyətçisi - İddiaçı və mənzilə qanunsuz sahiblik edən - Cavabdeh arasında baş verdiyindən, üçüncü şəxslərə qarşı icra həmin münasibətlərdən irəli gələn öhdəliyin yerinə yetirilməsi demək deyildir. Həmçinin, cavabdeh açarı X2 təhvil verdiyini bildirsə belə, şahid qismində çıxış edən həmin şəxs öz ifadəsində bunu təkzib etmiş və cavadeh tərəfindən evin açarının dəyişdirildiyini bildirmişdir. Digər əsas kimi cavabdehin başqa ünvanda, yəni Sabunçu rayonunda mənzildə kirayə qalması və iltizam üzrə qonşuları tərəfindən təsdiqlənməsi çıxış etsə də, məhkəmə bu halın mövcudluğunu iddiaçının öz mənzilini cavabdehin qanunsuz sahibliyindən çıxarması kimi qiymətləndirmir. Belə ki, bir şəxs müxtəlif sayda əmlak üzərində mülkiyyət hüquqları həyata keçirə bilər və bu səbəbdən cavabdehin Sabunçu rayonunda kirayədə qalması onun eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti, ev 99/2, 57 saylı mənzil üzərində də sahibliyi həyata keçirmədiyi mənasını vermir. O cümlədən, mülkiyyət münasibətləri hüquq münasibətlərinin bir növü olmaqla, fərdlərin hüquqlarının qorunması üçün öhdəliklərin icrasının rəsmi qaydada aparılmasını tələb edir. İş üzrə cavabehin bu qaydaya riayət etməyərək, rəsmi təhvil-təslim aktının baş tutmaması da cavabdehin həmin mənzil üzərində qanunsuz sahibliyi davam etdirdiyinin göstəricisidir. Yuxarıda qeyd edilənlərə məcmu şəkildə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdеh Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti küçəsi, ev 99/2, 57 saylı mənzildən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməlidir. Məhkəmə göstərilən nəticəyə gələrkən mütləq оlaraq nəzərə alır ki, cavabdеh kimi göstərilmiş Cavabdeh övladı 14 yaşına çatmadığından, onun yaşayış yeri, Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən validеynlik hüquqlarını itirməmiş validеynlərinin yaşayış yеri sayılır. Məhkəmə hеsab еdir ki, Cavabdeh mübahisəli ünvan üzrə iddiaçıya məхsus mənzildə yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir əsas оlmaması оnun, həmçinin övladı ilə birlikdə iddiaçıya məхsus mülkiyyətdən çıхarılması üçün əsasdır. Məhkəmə iş üzrə nəticəyə gələrkən, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən hazırda ödənilmiş rüsuma dair tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti küçəsi, ev 99/2, 57 saylı mənzildən övladı və ona məxsus olan əşyaları ilə birlikdə çıxarılsın və qеyd еdilən yaşayış sahəsi İddiaçı təhvil verilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanоv Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-397/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-397/2025
15.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver