Məhkəmə qərarları › İş №2(005)-4001/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4001/2024

24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4001/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC Hərrac Mərkəzinə qarşı (Göygöl rayon İcra və probasiya şöbəsi və Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra məmurunun sifarişinin qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 1,70 ha torpaq sahəsində yerləşən 441 kv.m. daş sexinin 360.000 manata xx.xx.2014-cü ildə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifarişin 1.70 ha torpaq sahəsinə dair hissəsinin qismən ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmurunun hərəkətinin qanunsuzluğunu mübahisələndirərək, keçirilmiş hərracla bağlı göndərdiyi sifarişin qismən ləğv edilməsini xahiş edir. “İcra haqqında” Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hazırki halda məhkəmə tərəfindən icra məmurunun hərracın keçirilməsi ilə bağlı etdiyi hərəkətlərin qanunamüvafiq olub-olmaması araşdırılmalıdır. Belə olan təqdirdə isə iddia ərizəsi ilə deyil, icra icraatı çərçivəsində (8 indeksi ilə) şikayət ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. “İcra haqqında” Qanunun 29.1 və 87.1-ci maddələrinə uyğun olaraq, tərəflər icraat materialları ilə tanış olmaq, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Maddələrin məzmunundan göründüyü kimi, icra sənədi üzrə icraatın tərəfləri icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət vermək hüququna malikdirlər. Lakin bu zaman iddia ərizəsi ilə deyil, icra icraatı çərçivəsində (8 indeksi ilə) şikayət ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə qeyd edir ki, Məcəllənin 153.2.1-ci maddəsində əks olunmuş “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Mülki Prosessual Məcəllənin 153.5 və 153.6-cı maddələrinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Beləliklə, hazırkı tələbə müstəqil iddia ərizəsi əsasında baxılmalı olmadığından, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. İddiaçıya icra icraatı qaydasında məhkəməyə şikayət vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC Hərrac Mərkəzinə qarşı (Göygöl rayon İcra və probasiya şöbəsi və Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra məmurunun sifarişinin qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı MMC-yə icra icraatı qaydasında Göygöl Rayon Məhkəməsinə şikayət vermək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar