Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-403/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iddianın təmin edilməsi, cinayət əməli nəticəsində iddiaçıya vurulmuş 5400 (beş min dörd yüz) manat məbləğində maddi zərərin, işləməməyi ilə bağlı vurulan ziyana görə 4600 (dörd min altı yüz) manat, cəmi 10.000 (on min) manat və mənəvi zərərə görə 1500 (bir min beş yüz) manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə xx.xx.2011-ci il təvəllüdlü oğlu X4 ilə taksidə olduğu zaman "xxxx" MMC-nə məxsus 202 nömrəli marşrut xətti üzrə avtobus qarşısında hərəkətdə olan taksini vuraraq qəza törətmişdir. Baş vermiş qəza nəticədə iddiaçı və 2011-ci il təvəllüdlü X4 xəsarətlər almışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən iddiaçının bədənində aşkar olunmuş xasarətlər qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan sol əng sümüyünün alın çıxıntısının, sol orbitasının bayır divarının sınıqları, sağ təpə nahiyəsinin səthi əzilmiş yarası, burun əsasının, sağ said nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixdə X8 stasionar müalicəyə qəbul edilmişdir və xx.xx.2023-cü il tarixədək stasionar müalicədə olmuşdur. Stasionar müalicədən sonra ambulator müalicələr davam etdirilir, belə ki, iddiaçının sağlamlığı tam bərpa edilməmişdir və uzun müddətli və davamlı müalicələr tələb olunur. Aldığı xəsarətlər tam yaxşılaşmamışdır, onda baş boyun, bel, çənə ağrıları, baş gicəllənmə, ürək bulanma, yaddaş pozğunluğu, nevroz və qorxu hissi yaranmışdır, nevropatoloq müayinələrində olmalıdır. Müalicə və müayinələrə , analizlərə , dərman preparatlarının alınmasına hazırki dövrədək 2000 (iki min) manat məbləğində vəsait sərf etmişdir, uzun müddətli müayinə və müalicələrə ən azından 3400 (üç min dörd yüz) manat vəsait sərf ediləcəkdir. Həmçinin iddiaçı ailənin yeganə qazanc gətirənidir, nikahı pozulmuşdur və öhdəsində iki uşaq vardır və onların da 16 yaşlı oğlu abituriyentdir. Qeyd edir ki, 05 mart 2011-ci il təvəllüdlü X4 da xəsarətlər almışdır, baş-beyin silkələnməsi və dizindən zədələr almışdır. Ona daima baş ağrıları, ürəkbulanmalar olur, qorxu hissi, gözlərini döyməsi və psixoloji problemlər yaranmışdır, avtomobilə minə bilmir, yenə də qəza törənəcəyi qorxusu altındadır. Onun da müayinə və müalicələrə ehtiyacı vardır. İddiaçı işləyib hər ay 1200-1300 manat civarında qazanc əldə edirdi və ailəni dolandırırdı, lakin sağlamlığının pozulması səbəbindən iyul ayının 4-dən işləməmişdir, hal-hazırda da işləməyə sağlamlıq vəziyyəti yol vermir və hələ bir-neçə ay da işləyə bilməz, sağlamlığı tam bərpa edilənədək. Bununla bağlı olaraq iddiaçı dörd ay müddətidə 4600 (dörd min altı yüz) manat zərərə məruz qalır və bu maddi zərər də cavabdehdən tutulmalıdır. Cavabdehdən ümumilikdə 10.000 (on min) manat maddi zərər tutularaq ona ödənilməlidir. Cavabdehin təqsiri üzündən iddiaçı dəfələrlə stress keçirmiş, onda əsəb gərginliyi yaranmışdır, sağlamlığı pozulmuşdur. Bütün bunların səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Bu hal onun gündəlik həyatına və işinə mənfi təsir göstərir. Hadisə baş verdikdə həddindən artıq qorxu keçirmiş, sağlamlığının pozulması, işsiz qalmağı, istirahətə gedə bilməməyi və maddi zərərə məruz qalmağım onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərəri 1500 (min beş yüz) manat məbləğində dəyərləndirir. Daha sonra xx.xx.2024-cü il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus 202 marşurut xətti üzrə avtobusun qəza törətməsi nəticəsində aldığı xəsarətlərin müalicəsi üçün 26.000 (iyirmi altı min) manat məbləğində maddi zərərin, işləməməyi ilə bağlı vurulan ziyana görə 4600 (dörd min altı yüz) manat, mənəvi zərərə görə isə 20.000 (iyirmi min) manat, cəmi 50.600 (əlli min altı yüz) manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Bbaş vermiş qəza nəticəsində aldığı xəsarətlərdən yaranan xəstəliklər günü-gündən dərinləşir və kəskinləşir. Çünki iddiaçı müalicə olunmur. Həkimlərə gedir, yazdıqları dərmanları almağa imkanı çatmır. Ailənin yeganə qazanc gətirəni iddiaçı idi, nikahı pozulmuş və himayəsində 2 uşaq vardır. Biri onunla qəzaya düşən 2011-ci il təvəllüdlü 7-ci sinif şagirdi Əkbər Bərhamlıdır, digəri isə 2007-ci il təvəllüdlü 11-ci sinif şagirdi Əli Bərhamlıdır. Ən böyük mənəvi zərər isə abuturient övladı Əli Bərhamlı məruz qaldı. Xəstəliyə düşməyinə görə işləyə bilmir, onun hazırlığına ödəniş edə bilmir və bu onu böyük stressə salıb. İddiaçı qəzadan öncə tam sağlam idi. Hər gün şəxsi təmizlik üçün evlərə gedirdi, günə 30-40 manat, bəzən də daha çox pul qazanırdı. Övladlarını yaxşı saxlayardı, onların istədiklərini alırdı. Əyləncə yerlərinə aparıb gəzdirirdi. İndi iddiaçının xəstəliyi, maddi imkansızlığı övladlarının həyatında böyük bir travma oldu. Bu qəzadan aldığı xəsarətlər nəticəsində iddiaçı və övladları maddi-mənəvi zərərlərə məruz qalmışlar. Bütün bunları nəzərə alaraq ədalətli qərar çıxacağına inanır və xahiş edir. Övladı Əkbər qəza keçirən zaman 12 yaşda idi. Həkimlərin onun psixoloq yardımı almasını məsləhət görsələr də, buna maddi imkanı çatmır. Uşaq həmin hadisədən sonra maşına minəndə qorxur, gecə işıqları yanılı saxlayır, yuxuda sayaqlayır, gözlərini tez-tez döyür, həyacanlı şəkildə nəfəs alır və digər neqativ hallar yaşayır. Bu yaxınlarda həkimə aparmışdı, mütləq şəkildə psixoloq yardımı almasına göstəriş verdilər. Əgər müalicə almazsa, uşağın qəza ilə bağlı yaranmış bu hallar pisləşəcək. Lakin iddiaçının psixoloqa ödəniş etməyə gücü çatmır. Xahiş edir işin bu halı da nəzərə alınsın. Hər gün baş ağrısından, ürəkbulanmadan əziyyət çəkir. Başı gicəllənir tez-tez. Başını tərpədə bilmir normal şəkildə. Hər gün ağrıkəsici qəbul etməyə məcbur olur. Aldığı travma nəticəsində yaddaşında problemlər yaranıb. Hələ də yaddaşı düzəlməmişdir. Həkimlər başdan travma alınması nəticəsində yaddaşın zəifləməsini və zamanla düzələcəyini demişdilər. O da qismən düzələcəyini dedilər. Çox əfsuslar olsun ki, iddiaçı qəza zamanı xəsarətləri üzdən və başından almışdır. Yaddaşının zəifləməsi iddiaçıya çox pis təsir edir. Gözü çox zəifləyib, elə bil gözlərinin önünə pərdə çəkilib. Ekspertin dediyi kimi göz yuvasının sümükləri sınıb. Nəticədə görmə sinirləri atrofiyalaşıb. Göz həkimi təzəlikcə göz sinirlərinin rənginin dəyişdiyini bildirdi və atrofiya diaqnozu qoydu. Buna görə də iddiaçı hər ay nəzarətdə olmalıdır. Qəzadan bu qədər müddət keçməsinə baxmayaraq hələ də normal nəfəs ala bilmir. Hər gün burnuna dərman tökür. Buna baxmayaraq yenə də tam nəfəs ala bilmir. Ürəyi partlayır və bir insan nə qədər nəfəssiz qalar. Ağzını ancaq açıq salxayır. Artıq ürəyində sancılar yaranıb. Düzgün nəfəs almamağın nəticəsində bu kimi neqativ hallar yaranır. Çox əzab çəkir, bunu sözlə ifadə edə bilmir. İddiaçı hələ də çörək yerə bilmir, ən yumşaq qidanı çeynəyə bilmir. Üz nahiyəsində çökmə var, ağzını açanda şiddətli ağrı verir. Ağzı tam açılmır. Əng sümüyünün sınması nəticəsində və çənəsindən aldığı travmalara görə çeynəmə deyilən bir prosesi yaşaya bilmir. Sol tərəfi demək olar ki, işləmir. Qəza nəticəsində başından, bədənindən, üzündən aldığı travmalar göz zəifliyi, çeynəmə qabiliyyətinin itirilməsi, burundan nəfəs ala bilməmək, burundan nəfəs ala bilməmək, hər gün baş ağrıları, iş qabiliyyətini itirməyi iddiaçıda əsəb xəstəliyi yaradıb. İndi əsəbləri pozulub nevroz olmuşdur. Əli, ayağı və bədəni əsir, elə bilir ki, zəlzələ olur. Tez-tez özündən asılı olmadan əsəbləşib qışqırıb ağlayır. Artıq sözləri gec qavrayır, danışanda kəkələyir, qəflətən iddiaçıya qorxu hissi gəlir, bir otaqdan o biri otağa keçə bilmir. Nevropotoloq əsəblərinin pozulduğunu və ağır nevroz olduğunu dedi. Mütləq psixiatrdan müalicə götürməyi məsləhət gördü. Həkim iddiaçıya 6 aylıq dərman yazdı, bütün psixoloji problemlərini qəza ilə əlaqələndirdi, əgər müalicə almasa, vəziyyətinin pisləşəcəyi barədə iddiaçını xəbərdar etdi, hər ay onun nəzarətində olmağını məsləhət gördü. Bədənində və boynunda ağrılar davam edir, həkim ona dedi ki, bu qəza nəticəsində möhkəm silkələnmədən yaranıb. Ekspert də xəstəliklərini təsdiq edib və düzgün qiymətləndirmə verib. İddiaçıya və ailəsinə dəymiş maddi və mənəvi zərərlərin qarşı tərəfdən tutularaq ona verilməsinə inanır və xahiş edir. Müalicə olunaraq zamanla sağalmağı, iş qabiliyyətinin bərpa olunması və əvvəlki sağlamlıq vəziyyətinə qayıtmağı üçün məhkəmədən ədalətli qərar verilməsini gözləyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, hər gün səhhətindəki problemlərin artdığını, tezliklə müalicə olunmadığı təqdirdə sağlamlığının bərpa olunmaz şəkildə pisləşəcəyini, bu səbəbdən də iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiaçının səhhətinin müalicə olunmadığı təqdirdə daha da pisləşəcəyini, ərizədə qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında heç bir üzrlü səbəb təqdim etmədən iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsiinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza X9 Birliyi" X6 28 iyul 2023-cü il tarixli 1589 nömrəli rəyindən görünür ki, Vət. İddiaçı bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan sol əng sümüyünün alın çıxıntısının, sol orbitasınm bayır divarının sınıqları, sağ təpə nahiyəsinin səthi əzilmiş yarası, burun əsasının, sağ said nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Vət. İddiaçı bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Vət. İddiaçı bədənində aşkar olunmuş xəsarətlər onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. - Tibbi-Ərazi Bölmələrini İdarəemə Birliyinin resept-blankından müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müalicə olunmuş, ona müalicəsi üçün müxtəlif dərmanlar yazılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə xəstəxanaya müraciət etmiş, ona müştərək qapalı kəllə beyin travması və s. diaqnozu qoyulmuşdur. Xəstənin travma aldığı, huşunu itirdiyi qeyd olunmuşdur. Çıxış tarixi xx.xx.2023-cü ildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 351/KE, saylı ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.3.4. İddiaçı mütəxəssis müayinələri zamanı hazırda onda “Gicgah çənə oynağının posttravmatik iki tərəfli xroniki artritin kəskinləşməsi” və "Posttravmatik ensefalopatiya, qabarıq asteno-nevrotik vəziyyət”in olduğu müəyyən edilmişdir. Bununla əlaqədar onun konservativ müalicəyə və nevroloqun nəzarətində ambulator müalicənin davamına ehtiyacı vardır. Müalicələrə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. 2. X12 PHŞ-ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər '"Müştərək qapalı kəllə-beyin travması. Baş beynin silkələnməsi. Sol əng sümüyünün alın çıxıntısının, sol orbitasının bayır divarının natamam sınıqları. Burunun yumşaq toxumlarının əzilməsi” diaqnozu ilə xəstəxanada stasionar müalicədə olmuşdur. X10 PHŞ-ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə əsasən, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər ‘"Keçirilmiş müştərək qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Posttravmatik xroniki baş ağrısı. Fobiyalı həyəcan pozuntusu. OU görmə sinirinin atrofiyası. Vazomator rinit. Tireoidit” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli ilə bağlı İddiaçı xəstəlik tarixi araşdırılmış, diaqnozun tədqiq edilmiş, müalicə və müayinələrin nəticələrinin monitorinqi aparılmışdlr. Xəstəliyin müayinə və müalicəsinində istifadə edilən medikamentozlar müəyyən edilmiş, tibbi kliniki analizlərin qiyməti, əməliyyat xərcləri və s. prosesin digər maddi tərəflərini aşkar edən qiymətləndirmə işi aparılmışdır. Məlum olmuşdur ki, İddiaçı diaqnozu xəstəliyin ağır növüdür və əməliyyat göstərişi zəruridir. Ekspert qarşısına qoyulmuş sual "Qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunean sol əng sümüyünün alm çıxıntısının. Sol orbitsının tayır divarının sınıqları, sağ təpə nahiyəsinin səthi əzilmiş yarası, burun əsasının, said nahiyəsinin, sağ bazu nayihəsinin, sağ baldır nayihəsinin qançırları və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları" diaqnozu üzrə İddiaçı müalicə və müayinəsinin təminat xərclərinin Azərbaycan qiyməti barədə qeyd etmək mümkündür ki, sualın birinci hissəsi üzrə (kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunan sol əng sümüyünün alın çıxıntısı. Sol orbitasının bayırdivarının sınıqları) bu proses ağır olaraq qiymətləndirilməli və müalicəsi uzun bir proses olaraq bahalı bir əməliyyat hesab edilə bilər. Əməliyyat göstərişi vacib olsa da xəstənin əməliyyat sonrası görməsinin tam bərpa edilməsi mümkün deyil, sadəcə olaraq əməliyyat xəstənin üz çənə hərəkətliliyini nisbətən bərpa edəcək və çənə hərəkətliliyini daha az ağrılı edəcək. Görmə sahəsinin və faizinin nisbətən bərpa oluna biləcəyi gözlənilə bilər. Əməliyyatın Azərbaycanda mümkün olduğu müəyyən edilmişdir. Əməliyyat hərəkət məhdudiyyətinin qarşısını almağa xidmət edəcək. Travmanın zamanla görmə sinirini atrofiyalaşdırması qaçılmazdır və bu medikamentoz və fizioterapevtik yanaşmalar tələb edən xəstəlik növü sayılır ki, bu da xəstədə travma nəticəsində ömürlük davam edəcəkdir. Sualın ikinci hissəsi üzrə (sağ təpə nahiyəsinin səthi əzilmiş yarası, burun əsasının, said nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları) təyin edilən müalicə həmçinin Azərbaycanda mümkündür, az ağırdır və daha tez müalicəyə tabe olan travmalar hesab edilə bilər. İddiaçı (İddiaçı) “kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunan sol əng sümüyünün alın çıxıntısının, Sol orbitasının bayır divarının sınıqları" və "sağ təpə nahiyəsinin səthi əzilmiş yarası, burun əsasının, said nahiyəsinin, sağ bazu nayihəsinin, sağ baldır nayihəsinin qançırları və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları" diaqnozu üzrə əməliyyat və müalicə adlı tibbi xidmət Azərbaycan üzrə qiymətləri aşağıdakı cədvəldə əks edilmişdir: Ölkə Diaqnoz Əməli yyat dəyəri AZN Azərbay kəllə beyin travması və baş beyin silkələnməsi 20000, can ilə müşayət olunan sol əng sümüyünün alın 0 çıxıntısının, Sol orbitasının bayırdivarının sınıqları (əməliyyat, çənə implantı) Azərbay sağ təpə nahiyəsinin səthi əzilmiş yarası, burun 2000,0 can əsasının, said nahiyəsinin, sağ bazu nayihəsinin, sağ baldır nayihəsinin qançırları və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları Azərbay Müayinə, medikamentoz və fizioterapevtik 1 il can üçün 4000 - AR Səhiyyə Nazirliyinin PAB-nin Binəqədi rayon MTE-nin rəsinin 10 iyul 2023-cü il tarixli məktubundan görünür ki, 04 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X4 xəsarət almışdır. - AR Səhiyyə Nazirliyinin PAB-nin Binəqədi rayon MTE-nin rəsinin 10 iyul 2023-cü il tarixli məktubundan görünür ki, 04 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı xəsarət almışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza X9 Birliyi" X6 rəyindən görünür ki, 2011-ci il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizasına əsasən, iş haqqında qərarda olan məlumatları nəzərə alıb və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlir: 1. Vət. Ə.B.Bəhramlının bədən səthində aşkar olunmuş xəsarətlər - sol saidin qançırlı sıyrığı bərk küt əşyanın təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Vət. Ə.B.Bəhramlının bədənində olan xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi və qərarda qoyulmuş digər sualların cavabı “X11” PHŞ-də onun adma tərtib olunmuş tibbi sənədin (sənədlərin) və rentgen şəklinin (şəkillərinin) alınaraq ekspertizaya təqdim edilməsindən sonra təyin ediləcəkdir. - İnzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli Qərarın surətindən görünür ki, X3 “Daewoo BS090” Avtobus markalı, 10TG828 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 469.3-cü, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, inzibati xətanı törətməsinə görə 50 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - Çıxarışın surətindən görünür ki, “Daewoo BS090” Avtobus markalı, 10TG828 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, araşdırma nəticəsində üçüncü şəxs X1 verdiyi izahatında Cavabdeh MMC-yə məxsus “Daewoo BS090” Avtobus markalı, 10TG828 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixdə üçüncü şəxs X3 nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 469.3-cü, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, inzibati xətanı törətməsinə görə 50 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı aşağıdakı xəsarətləri almışdır. Qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan sol əng sümüyünün alın çıxıntısının, sol orbitasının bayır divarının sınıqları, sağ təpə nahiyəsinin səthi əzilmiş yarası, burun əsasının, sağ said nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza X9 Birliyi" X6 28 iyul 2023-cü il tarixli 1589 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, yuxarıdakı xəsarətlər dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Həmin hadisə nəticəsində iddiaçı ilə bərabər 2011-ci il təvəllüdlü X4 da xəsarət almış, sonuncunun rəyi ilə Ə.B.Bəhramlının bədən səthində aşkar olunmuş xəsarətlər - sol saidin qançırlı sıyrığı bərk küt əşyanın təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində əmələ gələ bilməsi nəticəsinə gəlinmişdir. Məhkəmənin təyinatı əsasında “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 351/KE saylı məhkəmə-tibbi ekspert rəyində göstərilmişdir ki, İddiaçı “Gicgah çənə oynağının posttravmatik iki tərəfli xroniki artritin kəskinləşməsi” və "Posttravmatik ensefalopatiya, qabarıq asteno-nevrotik vəziyyət”in olduğu müəyyən edilmişdir. Bununla əlaqədar onun konservativ müalicəyə və nevroloqun nəzarətində ambulator müalicənin davamına ehtiyacı vardır. X12 PHŞ-ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər "Müştərək qapalı kəllə-beyin travması. Baş beynin silkələnməsi. Sol əng sümüyünün alın çıxıntısının, sol orbitasının bayır divarının natamam sınıqları. Burunun yumşaq toxumlarının əzilməsi” diaqnozu ilə xəstəxanada stasionar müalicədə olmuşdur. X10 PHŞ-ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə əsasən, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər "Keçirilmiş müştərək qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Posttravmatik xroniki baş ağrısı. Fobiyalı həyəcan pozuntusu. OU görmə sinirinin atrofiyası. Vazomator rinit. Tireoidit” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz üzrə İddiaçı müalicə və müayinəsinin təminat xərclərinin Azərbaycan qiyməti barədə qeyd etmək mümkündür ki, sualın birinci hissəsi üzrə bu proses ağır olaraq qiymətləndirilməli və müalicəsi uzun bir proses olaraq bahalı bir əməliyyat hesab edilə bilər. Sualın ikinci hissəsi üzrə təyin edilən müalicə həmçinin Azərbaycanda mümkündür, az ağırdır və daha tez müalicəyə tabe olan travmalar hesab edilə bilər. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, İddiaçı cavabdehin təqsiri üzündən sağlamlığı pozulmuşdur. İddiaçı stasionar müalicədə olmuşdur. Stasionar müalicədən sonra uzun müddətli, davamlı ambulator müalicələr tələb olunur. Hadisə baş verdikdən sonra həddindən artıq qorxu keçirmiş, sağlamlığı pozulmuş, işsiz qalmış, maddi və mənəvi zərərə məruz qalmışdır. Dəfələrlə dəvət olunmasına baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinin əsassızlığına dəlalət edən mövqe ortaya qoymamış və mübahisələndirilən məsələ ilə bağlı iddiaçının müalicə və müayinələri üçün hər hansı ödəmələrin edilməsi, yaxud da baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçının sağlamlığına hər hansı zərərin dəyib-dəyməməsi və s. kimi halların izahını verməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etsə də, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. İrəli sürülən faktiki halları nəzərə almaqla məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin “fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Ona görə də, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş təqsirli əmələ əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, müvafiq olaraq, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu baxımdan iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, cavabdehə məxsus nəqliyyat vasitəsi idarə edilərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı və onunla birlikdə olmuş yetkinlik yaşına çatmayan övladı müxtəlif xəsarətlər almış və nəticədə iddiaçının başında müştərək qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, sol əng sümüyünün alın çıxıntısı, sol orbitasının bayır divarının natamam sınıqları, burunun yumşaq toxumları əzilmiş, sağlamlığına az ağır zərər dəymiş, iddiaçı sağlamlığına dəymiş xəsarətlərlə bağlı hadisə baş verdikdən sonra yəni xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinə müraciət etmiş, orada ambulator müalicə almış, həmçinin də iddiaçının sağlamlığına dəymiş zərərlə bağlı ambulator müalicənin davam etdirilməsi məsləhət görülmüş, müalicə və müayinə xərcləri onun öz vəsaiti hesabına qarşılanmış, hazırda iddiaçının səhhəti yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlər səbəbindən pisləşmiş, iddiaçı bu səbəblə maddi-mənəvi zərərə məruz qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd olunan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə məxsus nəqliyyat vasitəsini idarə edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına az ağır zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu baxımdan məhkəmə, iddianın “baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə səhhətinə dəymiş ziyanın müalicə olunması üçün 26000 manat maddi ziyanın ödənilməsi” hissəsinə aşağıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmənin təyinatı əsasında verilmiş xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspert rəyinə əsasən, iddiaçıda olan “Gicgah çənə oynağının posttravmatik iki tərəfli xroniki artritin kəskinləşməsi” və "Posttravmatik ensefalopatiya, qabarıq asteno-nevrotik vəziyyət” ilə bağlı konservativ müalicəyə və nevroloqun nəzarətində ambulator müalicənin davamına ehtiyac vardır. Lakin həmin müalicələrə sərf olunacaq vəsaitlə bağlı məsələ komissiyanın səlahiyyətinə aid deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin təqdim etdiyi hesabatdan görünür ki, İddiaçı “Qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunan sol əng sümüyünün alın çıxıntısının, sol orbitasının bayır divarının sınıqları, sağ təpə nahiyəsinin səthi əzilmiş yarası, burun əsasının, sağ said nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ baldır layihəsinin qançırları və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları” diaqnozu üzrə əməliyyat və müalicə adlı tibbi xidmətin Azərbaycan üzrə qiymətlərinin 1) çənə implantı və əməliyyat üçün dəyəri 20000 manat, 2) sağ təpə nahiyəsinin səthi əzilmiş yarası, burun əsasının, said nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları üçün 2000 manat, 3) müayinə, medikamentoz və fizioterapevtik müalicə 1 il üçün 4000 manat əks olunmuşdur. Məhkəmə bu hissədə qeyd edir ki, gicgah çənə oynağının və nevrotik vəziyyətin konservativ müalicəsi və nevroloqun nəzarətində ambulator müalicənin davamına görə vəsait tibbi ekspertizanın rəyinə əsasən, gələcəkdə real çəkiləcək xərclər olduğundan, bu hissədə tələbin qismən təmin edilməsi, o cümlədən "xxxx" MMC-nin təqdim etdiyi hesabatda müayinə, medikamentoz və fizioterapevtik müalicə üçün bir illik xərcin 4000 manat olması ağlabatan göründüyündən, bu hissədə iddia tələbi qismən təmin edilməli və bu xərclərə görə 4000 manat cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə məhkəmə maddi ziyanın ödənilməsi barədə iddia tələbinə hüquqi qiymət verməyi davam etdirərək bildirir ki, xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspert rəyindən müəyyən olunur ki, iddiaçı “Müştərək qapalı kəllə-beyin travması. Baş beynin silkələnməsi. Sol əng sümüyünün alın çıxıntısının, sol orbitasının bayır divarının natamam sınıqları. Burunun yumşaq toxumlarının əzilməsi” və "Keçirilmiş müştərək qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Posttravmatik xroniki baş ağrısı. Fobiyalı həyəcan pozuntusu. OU görmə sinirinin atrofiyası. Vazomator rinit. Tireoidit” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Belə ki, iddiaçı bu günə qədər olan müalicə və digər xərcləri (dərmanların alınması, analizlər, müayinələr və sair) təqribi hesablamalarına əsasən ağlabatan məbləğ kimi 2000 manat vəsait sərf etdiyini bildirmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, tələb edilən vəsait real çəkilmiş xərclər olduğundan, həmin xərclərin həcminə dair sübut təqdim edilməli olsa da, nəzərə almaq lazımdır ki, bu xərclərə dair hazırda hər hansı sübutun təqdim edilməmiş olması xərclərin (məsələn, analizlər, dərman) çəkilməmiş olması demək deyildir. İlk öncə ona görə ki, iddiaçının yuxarıda qeyd olunan diaqnozlar üzrə müalicə və müayinələrdə olması faktı məhkəmə-tibbi ekspert rəyinə əsasən öz təsdiqini tapmışdır. Baxılan iş üzrə bu kimi xərclərin çəkilməsi işin mübahisəsiz halı olduğundan, ağlabatanlıq prinsipi baxımından bu hissədə iddia tələbi qismən təmin edilməli və bu xərclərə görə ağlabatan məbləğ olaraq 2000 manat cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “işləyə bilməməsinə görə 4600 manat həcmində maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı hadisədən əvvəl gündəlik işlərdə işlədiyini, hər gün 30-40 manat qazancı olduğunu bildirsə də həmin hissədə tələbini təsdiqləyən mötəbər sübutları təqdim etməmişdir. Ona görə də məhkəmə bu hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Yaranma əsaslarından asılı olmayaraq, maddi zərərlə bağlı tələbinin təmin edilməsi bununla bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsindən, başqa sözlə, həmin tələblərin sübuta yetirilməsindən asılıdır. Eyni zamanda məhkəmə mənəvi zərərin ödənilməsi hissəsində aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Bu baxımdan, məhkəmə iddiaçının sağlamlığına az ağır zərər dəyməsi, qapalı kəlləbeyin travması alması, iddiaçıda fobiyalı həyəcan pozuntusunun olması, OU görmə sinirinin atrofiyasına və digər diaqnozlara görə stasionar müayinə və müalicədə olması, xroniki baş ağrılarına məruz qalması, həmin xəsarətlərin səhhətində mənfi dəyişikliklərə səbəb olmasına görə xeyli müddət gündəlik həyatına mənfi təsir etməsini nəzərə alaraq mənəvi zərərin məbləğinin 3000 manat məbləğində müəyyən olunması qənaətinə gəlir. Belə ki, iddiaçının hadisə nəticəsində fiziki ağrılar keçirməsi, o cümlədən yetkinlik yaşına çatmayan övladının da hadisədə yanında olması və onun da xəsarət alması iddiaçının mənəvi sarsıntı keçirməsinə, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsinə səbəb olması, bu halın onun şüurunda mənfi psixi reaksiya ilə nəticələnməsi mübahisəsizdir. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 20000 manat vəsaitin iddiaçı xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Məhkəmə mənəvi zərər həddinin iddiaçıya 3000 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən vəkilə məhkəmədə təmsil olunmaq üçün verdiyi etibarnamədən görünür ki, iddiaçıdan notariat hərəkətlərinin aparılması üçün 17,25 manat haqq tutulub. İddiaçı həmin rüsumun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alıb, 17,25 manat məbləğində rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.3-cü maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsinin qiyməti 1000 manatdan 10000 manata qədər olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 110 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 6000 manat maddi ziyan və 3000 manat mənəvi zərər olmaqla, ümumilikdə 9000 (doqquz min) manat pul və 17,25 manat notariat hərəkətlərinin aparılması üçün rüsum İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 110 manat dövlət rüsumu tutulsun və Dövlət büdcəsinin xeyrinə ödənilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-403/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-403/2024
10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver