Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4037/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X7 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.tələbinə dair mülki iş üzrə (açar sözlər: hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X7 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X7 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən hərracın nəticələrinə dair 24 iyul 2025-ci il tarixli **********89764352 nömrəli protokola xitam verilməsi və hərrac etibarsız hesab edilməsi, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 6 saylı Notariat Kontorunun 8İ- 15189 saylı xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən tələbkar X2 xeyrinə iddiaçıdan 20.000 dolların tutulması qərarı verilmişdir.Bu icra qeydi icra olunması üçün Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir.Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə mülkiyyətində olan 90BH464 dövlət qeydiyyat nişanlı avtomobilə həbs qoyulmuşdur.Həmin avtomobil "xxxx" MMC tərəfindən 16700 manat dəyərində qiymətləndirildi."xxxx" MMC tərəfindən keçirilən 17 iyul 2025-ci - 24 iyul 2025-ci il tarixləri aralığında keçirilən birinci təkrar hərracda avtomobilin satış qiyməti 10020 manat müəyyən olundu və satıldı. İddia ərizəsinə etirazının dəlilləri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 iddia ərizəsinə yazılı etiraz ərizəsi ilə müraciət etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı barəsində icra işi Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun icraatındadır. 8İ-15190 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə İddiaçı mənə 20.000 ABŞ Dolları məbləğində pul borcludur. Buna baxmayaraq iddiaçı icra qeydi ilə öz üzərinə düşən öhdəlikləri icra etməkdən qərəzli şəkildə yayınır. İddiaçı 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (2(004)-233/2024 hakim: Məmmədov Ayaz) müraciət edərək cavabdeh “Qiymətləndirmə Xidməti Mərkəzi'' MMC-yə və üçüncü şəxs X1rşı “hesabatın ləğv edilməsi^ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli QX 3493 saylı əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qiymətləndirmə təşkilatı tərəfindən borcluya (iddiaçıya) məxsus daşınar əmlaka bazar dəyəri 15.000 manat qiymət təyin olunmuşdur. İddiaçı isə öz ərizəsində daşınar əmlakın (avtomobilin) 16.000-19.000 manat civarında olduğu iddia edərək hesabatın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İş üzrə iddia tələbi təmin olunaraq iddianın təmin olunması və hesabatın ləğv edilməsi barətə qərar qəbul olunmuşdur. Bundan sonra həmin əmlaka Sərraf-M MMC tərəfindən 16.700 manat dəyərindən bazar qiyməti hesablanmışdır. Halbu ki, bu qiymətdə həmin ilə aid avtomobilin real bazar dəyərinə görə çox idi, hazırda həmin avtomobilin bazarda qiyməti heç 15.000 manatda deyildir. Daha sonra, avtomobil icra məmurunun təqdimatına əsasən CAPİTALİS AUCTİON MMC hərrac təşkilatına göndərilmiş və xx.xx.2024-cü il tarixdə avtomobil tələbkar kimi mənə təklif olunmuşdur. Təqdimat hərrac təşkilatına göndərildiyi 2025-ci ilin fevral ayınadək dayanmış vəziyyətdə qalmışdır. Buna səbəb Ədliyyə Nazirliyi tərəfindən elektron hərrac sisteminə keçməsi ilə əlaqədar ölkə üzrə bütün hərraclar dayandırılmışdır. Nəhayət, 2025-ci ilin yay aylarında avtomobil elektron hərrac vasitəsi ilə X7 tərəfindən elektron qaydada qazanılmışdır. Hərrac protokolu xx.xx.2025-ci il tarixdə tərtib olunaraq avtomobil Emilə vəsaitin isə mənə ödənilməsi barədə qərar qəbul olunmuşdur. Lakin, həmin dövrdə İddiaçı qərarı icra etməkdən qəsdən boyun qaçırmış, nəqliyyat vasitəsini icra qurumuna təqdim etməkdən yayındı, bunun nəticəsində Xətai Rayon Məhkəməsinin ş № 8(011)-819/2025 xx.xx.2025-ci il saylı qərarı ilə İddiaçı barəsində 500 manat cərimə tətbiq olunmuşdur. İddiaçı yenə də avtomobili təqdim etməkdən boyun qaçırmış, hətta apellyasiya şikayət vermiş, şikayəti təmin olunmamışdır. Hazırki vəziyyətdə İcra qurumu tərəfindən mənə bildirilir ki, İddiaçı barəsində AR Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işinin başlanılması üçün İstintaq idarəsinə təqdimat ünvanlanıb, lakin, hazırki məhkəmə icraatına görə avtomobili almaq qeyri-mümkündür. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O qeyd etdi ki, hərracın keçirilməsindən məlumatlı olub. Lakin icra məmuru və hərrac təşkilatı tərəfindən hərrac düzgün təşkil edilməyib, onun hüquqları pozulub. Belə ki, onun avtomobili ipoteka predmeti deyildi, hərrac baş rurmadığı təqdirdə təkrar hərrac keçirilə bilməzdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs, X6 bildirdi ki, o icra sənədi üzrə tələbkardır. İddiaçının saysız-hesabsız sui-istifadəsi nəticəsində icra sənədi icra olunmur. Onun barəsində inzibati məsuliyyət tədbirləri də tətbiq edilib. Hərrac qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 izahat verərək bildidi ki, iddia tələbini qəbul etmir. Hərrac qanunvericiliyin tələblərinə uyğun şəkildə həayata keçirilmişdir. Həmin hərracda o vicdanlı alıcı olaraq iştirak ediblər və hərrac predmeti olan nəqliyyat vasitəsi tərəfindən əldə edilmişdir. Lakin buna baxmayaraq, hazırki iddia rizəsindən əlavə, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə də təqdim edib və hazırda o, avtomobili öz adına rəsmiləşdirə bilmir. Məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - 25 iyul 2025-ci il tarixli hərracın nəticələrinə dair protokolun surətindən görünür ki, Bakı şəhəri 6 saylı Notariat Kontorunun 8İ-15189 saylı xx.xx.2022-ci il tarixli icra qeydinin icrası məqsədi ilə hərrac təşkil edilmiş və hərracın qalibi X3muşdur.Hərrac predmeti olan “Hyundai Tucson” minik markalı,**-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 16700.00 AZN,minimum satış qiyməti 10020.00 AZN,son satış qiyməti 10020.00 AZN təyin edilmişdir. - 24 noyabr 2022-ci il tarixli icra qeydindən görünür ki, X2 xeyrinə İddiaçı vaxtında ödənilməmiş 20000 ABŞ dolları və 25 manat dövlət rüsumunun tutulması qeyd edilmişdir. - 09 dekabr 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı X2 hesabına 500 manat pul vəsaiti ödənilmişdir. - Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı göndərilmiş xəbərdarlıqdan görünür ki, Bakı şəhəri 6 saylı Notariat Kontorunun 8İ-15189 saylı xx.xx.2022-ci il tarixli icra sənədini icra edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmişdir.Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gələrək,icra sənədi üzrə tələbin təmin edilməsi bildirilmişdir. Əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi qedy edilmişdir. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,3(011)-6491/2025 saylı qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “borclunun(onun əmlakının və ya uşağının) axtarılması haqqında) qərarın surətindən görünür ki,borclu İddiaçı mülkiyyətində olan “Hyundai Tucson” minik markalı,**-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində Azərbaycan Respublikasının ərazisi üzrə axtarış elan edilməsi və saxlanılaraq duracağa yerləşdirilməsi qərara alınmışdır. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,8 (011)-214/2023 saylı qərardadına əsasən,təqdimatın təmin edilməsi, İddiaçı məxsus “Hyundai Tucson” minik markalı,**-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-324/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin qüvvədə saxlanılma müddətinin uzadılmasına dair ərizəsinin təmin edilməsi; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-4037/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək İddiaçı məxsus "Hyundai Tucson" minik markalı **-BH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin, o cümlədən alıcı Emil Osmanovun adına qeydiyyata alınmasının qadağan edilməsi qərara alınmışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-269.2-ci maddə. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-cü maddə. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddə. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 311.2-ci maddə. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 317.1-ci maddə. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddə. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci maddə. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 354.1-ci maddə. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddə. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 416-cı maddə. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 421.1-421.2-ci maddə. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddə. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 43.5-ci maddə. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 44-cü maddə. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 46.1-ci maddə. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun : 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddə. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddə. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2-ci maddə. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddə. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır İşə baxan məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, “Hyundai Tucson” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmişdir ( bu halı iddiaçı da mübahsiələndirməmişdir). Mülki işin materialalrında olan 24 noyabr 2022-ci il tarixli icra qeydindən görünür ki, X2 xeyrinə İddiaçı vaxtında ödənilməmiş 20000 ABŞ dolları və 25 manat dövlət rüsumunun tutulması qeyd edilmişdir. Bundan sonra iddiaçı həmin icra sənədi üzrə tələbi yerinə yetirməmiş və bu barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-6491/2025 saylı qərara əsasən İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.Buradan da görünür ki,iddiaçı icra sənədinin icrasını yerinə yetirmədiyi üçün qanunvericililikə nəzərdə tutulmuş qaydada cərimə edilmişdir. Həmçinin iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,8 (011)-214/2023 saylı qərardadına əsasən, İddiaçı məxsus “Hyundai Tucson” minik markalı,**-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Daha sonra Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri 6 saylı Notariat Kontorunun 8İ-15189 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin yerinə yetirilməsi məqsədi ilə hərracın keçirilməsi sifariş verilmişdir. 25 iyul 2025-ci il tarixli hərracın nəticələrinə dair protokola əsasən görünür ki, Bakı şəhəri 6 saylı Notariat Kontorunun 8İ- 15189 saylı xx.xx.2022-ci il tarixli icra qeydinin icrası məqsədi ilə hərrac təşkil edilmiş və hərracın qalibi X3muşdur. Hərrac predmeti olan “Hyundai Tucson” minik markalı,**-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 16700.00 AZN,minimum satış qiyməti 10020.00 AZN, son satış qiyməti 10020.00 AZN təyin edilmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş,iddiaçı tələblərini hərracdan xəbərdar olmaması, hərraca dair bildirişləri almaması ilə əsaslandırır. İddiaçı iddia tələblərinin əsaslı olduğunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının dəlilləri subyektiv, formal mülahizələrdən ibarətdir və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə bu qənaətə gələrkən hərracın qalibi olan üçüncü şəxs Osmanov Emil və icra sənədi üzrə tələbkar Xanlarov Viktorun da qanuni mənafelərini nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “Hyundai Tucson” minik markalı,**-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracdan satılmasına dair hərrac təşkilatının “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları” barədə protokolun nəticəsinin etibarsız hesab edilməsinə dair hallar aşkar olmamaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və “Hyundai Tucson” minik markalı,**-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hərracın keçirələcəyi barədə məlumatı özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitəsində elan dərc edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmadığından iddia təmin edilə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X7 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X7 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4037/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4037/2025
19.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver