Məhkəmə qərarları › İş №2(005)-4044/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4044/2025

05.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4044/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi (atası) X3, Cavabdeh “Azərbaycan İdman Akademiyası” X9 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azərbaycan İdman Akademiyası” X5rşı təhsil haqqının geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan İdman Akademiyası” X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci təhsil ilində ödənilmiş 2200 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun valideynləri Füzuli rayonunda məcburi köçkün olmaqla məcburi köçkün statusuna malikdirlər. Bununla əlaqədar onlara məcburi köçkün vəsiqəsi də verilmişdir. O, 2021-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci kursuna qəbul olunmuş, ödənişli qrupa düşdüyü üçün atası X6 ailənin məcburi köçkün statusuna malik olması barədə cavabdehə arayış təqdim etmiş və onun təhsil haqqı ödəməkdən azad olunmasını xahiş etmişdir. Həmin vaxt cavabdeh tərəfindən atasından onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəni təqdim etməyi tələb olunmuşdur. Atası Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət komitəsinə müraciət etsə də, əsassız olaraq ona vəsiqənin verilməsindən imtina edilmişdir. Atası dərhal iddia ərizəsi ilə Bakı İnzibatı Məhkəməsinə müraciət etmiş, lakin cavabdeh israrla təhsil haqqını tələb etdiyi üçün məcbur olub 2200 manat məbləğində təhsil haqqını ödəmişdir. Bakı İnzibatı Məhkəməsi tərəfindən atasının iddiası təmin olunduqdan sonra ona məcburi köçkün vəsiqəsi verilmişdir. Bundan sonra atası cavabdehə ödədiyi təhsil haqqının geri qaytarılması ilə əlaqədar müraciət etsə də, 2-ci təhsil ilində ödənilmiş təhsil haqqı geri qaytarılmış, lakin 1-ci təhsil ilinə görə ödənilmiş təhsil haqqı geri qaytarılmamışdır. Bununla əlaqədar cavabdeh onun məcburi köçkün vəsiqəsinin gec alındığını əsas gətirərək, 1-ci ilə görə ödənilmiş təhsil haqqını geri qaytarılmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, “Təhsil haqqında” Qanunun 14.8-1.6-cı maddəsinə görə dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşlarının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 12-ci maddəsində qeyd olunur ki, “müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir”. Yəni şəxs qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında nəzərdə tutulmuş hüquqlardan o halda istifadə edə bilər ki, onun qaçqınlıq şəxsiyyəti təsdiq olunsun. 12-ci maddəyə görə də bunu qaçqın vəsiqəsi təsdiq edir. İşin hallarından da məlum olduğu kimi İddiaçı universitetə qeydiyyatdan keçərkən qaçqın vəsiqəsini təqdim etməmişdir. Mövcud qanunvericiliklə müəyyən edilmiş bir sıra güzəştli kateqoriyadan olan tələbələrin ödədikləri təhsil haqlarının geri qaytarılması ilə bağlı tərəflərindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müvafiq sorğu göndərilmiş, cavab məktubunda qanunvericilikdə təhsil xidmətlərinin göstərilməsinə görə təhsilalanlar tərəfindən əvvəlki illər üçün ödənilmiş təhsil haqqının geri qaytarılması mexanizminin nəzərdə tutulmadığı bildirilmişdir. İddiaçının əvvəlki il üçün ödənilmiş təhsil haqqının geri qaytarılması Akademiyanın səlahiyyətləri xaricindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (atası) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, ilk ilin ödənişini məcburiyyət qarşısında ödəmişlər, inzibati məhkəmədə işə müddət baxılmış, son nəticədə iddiaları təmin edilmiş, lakin ödənişləri geri qaytarılmamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərbaycan İdman Akademiyası” X9 nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ödənişin geri qaytarılması barədə Maliyyə Nazirliyi və Təhsil Nazirliyi hər hansı bir mexanizm nəzərdə tutmamışdır. Vətəndaş müraciət etdikdə ödəniş qaytarılmış, əvvəlki illərdə isə belə bir mexanizm nəzərdə tutulmadığından geri qaytarma olmamışdır. Məcburi köçkün sənədini onlara gec təqdim etdiyindən onlar ödənişi qaytara bilməmişlər. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2018-ci il tarixdə DİN tərəfindən verilmiş vəsiqədən görünür ki, X6 vəsiqənin sahibi kimi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imkanlardan istifadə etmək hüququna malikdir; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. - AA seriyalı, ******* nömrəli Məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Vəsiqə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən verilmişdir; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, təqdim edilən məlumatlar əsasında Maliyyə Nazirliyi tərəfindən mövcud qanunvericilikdə təhsil xidmətlərinin göstərilməsinə görə təhsilalanlar tərəfindən ödənilmiş təhsil haqqının geri qaytarılması və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara əvvəlki illər üçün təqaüdün ödənilməsi mexanizminin nəzərdə tutulmadığı bildirilmişdir; - Azərbaycan İdman Akademiyasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2021/2022-ci tədris ilində Akademiyanın bakalavriat ali təhsil səviyyəsinin Məşqçilik ixtisası üzrə əyani təhsilalama formasının İ tədris ilinə ödənişli əsaslarla qəbul olmuşdur və hazırda İV tədris ilində təhsilini davam etdirir. İddiaçı xx.xx.2023-cü il tarixində təhsil haqqı ödənişindən azad olmaq üçün məcburi köçkünlük haqqında vəsiqəsini təqdim etmiş və 2022/2023-cü tədris ilindən təhsil haqqı ödənişindən azad edilmişdir. İddiaçı əvvəlki il üçün ödənilmiş təhsil haqqının geri qaytarılması Akademiyanın səlahiyyətləri xaricindədir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2021-ci ildə iddiaçı ilə cavabdeh ali təhsil müəssisəsi arasında təhsil müqaviləsi bağlanmış, təhsil haqqı 2200 manat təşkil etmişdir. İddiaçının ailəsi Füzuli rayonundan məcburi köçkündür. İddiaçı özü isə məcburi köçkün vəsiqəsi almaq üçün Komitəyə müraciət etsə də, atasının qeydiyyat ünvanı dəyişdiyindən vəsiqəni əldə edə bilməmişdir. 2023-cü ildə isə məcburi köçkün vəsiqəsi alaraq cavabdehə təqdim etmiş və növbəti tədris illəri üçün təhsil haqqından azad edilmişdir. Hazırda iddiaçı məcburi köçkün olduğunu əsas gətirərək, əvvəlki il üçün ödənilmiş 2200 manat təhsil haqqının geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncam 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi haqqında verilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statuslu şəxslər dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslər siyahısına daxil edilmişlər. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, həmçinin onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Məhkəmənin 2-1(112)-515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçılar İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddiası təmin olunmuş, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Bu əsasda Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Füzuli rayonundan məcburi köçkün olmasına dair vəsiqə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı məcburi köçkün statusunu müəyyən edən sənədi xx.xx.2023-cü il tarixdə əldə etsə də, bu hal onun məhz həmin tarixdən məcburi köçkün olmasına dəlalət etməmiş, həmin status onun doğulduğu andan mövcud olmaqla məcburi köçkünlərə şamil edilən imtiyazlardan yararlanmaq huququna malik olmuşdur. İddiaçının məcburi köçkün statusunu təsdiq edən vəsiqəni daha gec tarixdə əldə etməsi onun həmin statusdan irəli gələn hüquqlardan əvvəlki dövr üçün istifadə etmək imkanını aradan qaldırmır. Belə ki, məcburi köçkün statusu hüquqi fakt kimi şəxsin faktiki vəziyyəti ilə müəyyən edilir və bu statusu təsdiq edən sənəd həmin hüquqi vəziyyəti yalnız rəsmiləşdirir. Buna görə də vəsiqənin verildiyi tarix iddiaçının məcburi köçkün kimi hüquqlarının başlanğıc anı hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ali təhsil müəssisəsinə qəbul olduğu dövrdə də məcburi köçkün statusuna malik olmuş və qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququna malik olmuşdur. Bu səbəbdən iddiaçının həmin dövrdə təhsil haqqı ödəməsi qanunvericiliyin məqsədinə uyğun olmamışdır. Məhkəmə cavabdehin dəlili ilə bağlı qeyd edir ki, iddiaçının məcburi köçkün olmasına dair vəsiqəni univeristetə daxil olarkən təqdim edə bilməməsi iddiaçının təqsiri olmamışdır. Belə ki, səlahiyyətli orqan olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən vəsiqənin verilməsindən imtina edilmiş, məhkəmə çəkişməsi davam etdiyindən iddiaçı tərəf bu müddət ərzində təhsil haqqını ödəməyə məcbur qalmışdır. Cavabdehin məsuliyyət sferasına aid olmadığına istinad etdiyi məsələyə görə iddiaçının pulunun geri qaytarılmasından imtina edilməsinə dair hərəkəti əsassızdır. Digər tərəfdən məhkəmə bildirir ki, mövcud uyğunsuzluqların aradan qaldırılması, cavabdehin vəzifəsidir. Təhsil haqqını əvvəlcədən ödəmiş tələbələrə həmin vəsaitlərin geri qaytarılmasına ilk növbədə qarşılıqlı razılıq əsasında tələbə ilə təhsil müəssisəsi baxmalıdır. Hazırki iş üzrə isə cavabdeh iddiaçının təhsil aldığı dövrdə məcburi köçkünlərin imtiyazlarından istifadə etmək hüququnu pozmuş və iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-cü maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə ödənilməli olan dövlət rüsumu 40 manat təşkil etdiyindən həmin məbləğ cavabdehdən tutularaq, dövlət büdcəsinə ödəniməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azərbaycan İdman Akademiyası” X8 1-ci təhsil ilində ödənilmiş 2200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 40 manat məbləğində dövlət rüsumu cavabdeh “Azərbaycan İdman Akademiyası” X8 tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azərbaycan İdman Akademiyası” X8 2200 (iki min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan 40 (qırx) manat məbləğində dövlət rüsumu cavabdeh “Azərbaycan İdman Akademiyası” X8 tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar