Məhkəmə qərarları › İş №2(005)-4046/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4046/2023

07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4046/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbi barədə ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-4046/2023 nömrəli qərardadından ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35.000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, 2020-ci ilin may ayında “ADA” Universiteti tərəfindən abadlıq işlərinin aparılması üçün “Şəhriyar adına Mədəniyyət və İncəsənət Parkında yerləşən obyektlər sökülməyə başlamışdır. “ADA” Universitetinin prorektoru Şahmar müəlim və hazırki iş üzrə cavabdeh şəriki Cavabdeh ilə obyektin sökülməsində razılıq əldə etməsi üçün onlara 44.000 manat pul təklif etmişdir ki, obyektə xərclədiyi pul qarşılansın. Lakin həmin məbləğ az olduğundan etdiyi şikayət əsasında Şahmar müəllim məbləği 250.000 manata qaldırmış və onlar obyektin sökülməsinə razılaşmışlar. Bundan sonra Cavabdeh ona bildirmişdir ki, həmin pulun 2/3 hissəsi ona çatmalıdır. O, pulun yarıya bölünməli olduğunu bildirmişdir. Daha sonra Şahmar müəllim onu “ADA” Universitetinə dəvət edib bildirmişdir ki, ona 120.000 manat pul veriləcəkdir. O da onunla razılaşmış və 21 iyul 2022-ci il tarixdə “ADA” Universitetinə getmişdir. Orada Şahmar müəllimlə görüşüb. Şahmar müəllim ona 85.000 manat pul verdi. İddiaçı ona 125.000 manat pul verməli olduğunu, hətta ona düşəsi puldan 5.000 manat imtina etdikdən sonra 35.000 manat pul verməli olduğunu bildirib. Şahmar müəllim deyib ki, pulu Cavabdeh verib. Gedib ondan ala bilərsən. Daha sonra Cavabdeh bu barədə deyib qalan pulu ondan istəyib. Lakin cavabdeh ona düşəsi olan pulu özünə götürüb hazırki vaxtadək yayınmışdır. Qeyd olunanlarla bağlı dəfələrlə polisə şikayətlər etmişdir. 17 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi X3 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub. İbtidai istintaq orqanı tərəfindən araşdırma aparılarkən izahatı alınmış Cavabdeh izahatında da təsdiq etmişdir ki, həqiqətən obyektin sökülməsi müqabilində 250.000 manat pul vəsaiti ona ödənilmişdir. İddiaçı orada bir işçi kimi işləmiş, yay aylarında müştərilərə çay vermişdir. Eyni zamanda izahatında bildirmişdir ki, İddiaçı həmin puldan 86.000 manat vermişdir. İddia ərizəsində qeyd etdikləri və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində cavabdehin özü tərəfindən verilmiş izahat onu sübut edir ki, ona düşən 35.000 manat pulu qaytarmaqdan yayınır. Yazdığı şikayətlər və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində verdiyi izahatları onu da təsdiq edir ki, Cavabdeh kompensasiya kimi veriləcək pulun yarısını deyil, 1/3 hissəsini ona verəcəyini demişdir. Yəni ki ona 250.000 manat pulun 2/3 hissəsini özünə götürəcəyini və onun haqqını tapdalayacağını demişdir. 250.000 manat pulun 1/3 hissəsi 83.300 manat edir. Razılaşmaları isə yarıbayarı olmuşdur. Göründüyü kimi, cavabdeh ona düşəsi 35.000 manat pulu qaytarmalıdır. Azərbaycan Respublikası Müharibəsi X1 xx.xx.2023-cü il tarixli 03 saylı məktubundan da görünür ki, Nərimanov rayonunun ərazisində yerləşən Şəhriyar adına Mədəniyyət və İstirahət parkında çay evinin ona məxsus olduğu, onun orada əziyyət çəkməsi, Cavabdeh sonradan onun şəriki kimi fəaliyyət göstərməsinə razılıq verilməsi və s. iş üçün əhəmiyyətli olan bütün faktlar öz əksini tapmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı 85.000 manat məbləğində pul vəsaitinin və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ödənilmiş 345 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh, iaşə obyektində yalnız işçi kimi işlədiyi halda, hər hansı bir yazılı sübut, müqavilə və s. məhkəməyə təqdim etmədən, qeyri səmimi olaraq, “bizə 44.000 manat pul təklif edilmişdir”, “obyektdə xərclədiyimiz pul” kimi ifadələrdən istifadə etməklə, məhkəməni həqiqətdən yayındırmaq məqsədi ilə, özünü belə təqdim etməyə çalışır ki, guya onun iaşə obyektinə onunla birlikdə hər hansı bir şərikliyi olmuşdur. Əslində cavabdeh iaşə obyektində onun işçisi olmaqla yalnız təsərrüfatçı-administrator kimi fəaliyyət göstərmiş və “veteran” adından sui-istifadə etməklə əsassız varlanmaq niyyətindədir. Belə ki, ilkin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, cavabdeh, nəinki ilkin iddianın predmetini təşkil edən 35.000 manat məbləğində pul vəsaitinin ona aid olduğunu və ona verilməli olduğunu isbat edə bilməmiş, hətta, bundan əvvəl, özünə cinayət ortaqları tapmaqla, cinayət yolu ilə, yəni qrup şəklində, ona qarşı hədə-qorxu gəlməklə tələb etmə cinayət əməlini işlədərək, əldə etdiyi 85.000 manat məbləğində pul vəsaitinin hansı əsaslarla ona aid olduğunu belə sübut edə bilməmişdir. Belə ki, o, 2012-ci ilin axırlarında, hazırda mərhum anası X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 29, mənzil 16 ünvanında yerləşən 2 otaqlı, 100 m2 yaşayış sahəsini təqribən 130.000 manata (və ona məxsus BMW-525 avtomobilin 10.000 manat satışından bununla bağlı yazılı sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mülki iş materiallarına əlavə olunacaq) əldə etdiyi pul vəsaitindən 40.000 manat ayıraraq, məhkəməyə təqdim olunan 17 ədəd fotoşəkillərdə əks olunmuş, ünvan 2 ünvanında yerləşən, 230 m2 qeyri-yaşayış və 2.200 m2 sahəsi olan, hasara alınmış, yeri qranit metlaxla döşənmiş, təqribən 60 ədəd şam ağacları, gül-çiçək va sair bitkilər əkilərək tərəfindən abadlaşdırılmış, fantan, çərhovuz va uşaq əyləncə zonası daxil olmaqla, həyətyanı sahələrdən ibarət “Bağ saray” restoranı inşa etdirib. Azər Səfərovla belə razılaşıb ki, onun tərəfindən verilən 30000 ABŞ dolları məbləğində borc pulu o qaytarana qədər iaşə obyektindən əldə etdikləri ümumi gəlirin 40%-i ona, 60%-i isə ona nisbəti ilə aralarında bölsünlər. Beləliklə, iaşə obyektindən əldə olunan ümumi gəlir Azər Səfərovla onun arasında qeyd olunan qaydada bölünürdü. Ən əsası odur ki, bu bölgüdə iddiaçının heç bir iştirakı olmamışdır. O, iddiaçıya yalnız gördüyü təsərrüfat işləri müqabilində pul verib. 2022-ci ilin yay aylarına “ADA” Universitetində abadlaşdırma və tikinti işlərinin aparılması məqsədi ilə “ADA” Universiteti Fondu ilə onun arasında Kompensasiyanın ödənilməsi barədə Müqavilə imzalanaraq, təqribən on il ərzində işlətdiyi iaşə obyektinin sökülməsinin əvəzi olaraq, xx.xx.2022 tarixli “Kompensasiyanın ödənilməsi barədə təhvil-təslim” Aktı ilə təqdim etdiyi ona məxsus bank hesabına onun adına 250.000 manat pul keçirildi. Kompensasiyanın ödənilməsindən xəbər tutan iddiaçı “Vətən müharibəsi veteranları” İctimai Birliyindən özünə cinayət ortaqları tapıb, onlarla birləşərək, ona məxsus pul vəsaitini cinayət yolu ilə ələ keçirmək məqsədi ilə, hədə-qorxu ilə tələbetmə cinayət əməlini edərək, onu biabır edəcəkləri hədəsi ilə, ona qarşı zor göstərərək, təyziq və hədə-qorxu gəlməklə, masaya yumuruqlar vurmaqla, topa şəklində üstünə gələrək, pul tələb etməyə başlayıblar və sonda niyyətlərinə nail oldular. Həmin vaxt üzərində keçirilən ağır cərrahiyyə əməliyyatından təzə çıxmışdı. Bununla yanaşı insulindən asılı halda yüksək şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi də əməliyyatdan sonrakı vəziyyətini ağırlaşdırırdı. Vəziyyət o yerə çatıb ki, İddiaçı və onun cinayət ortaqlarından canını qurtarmaq məqsədi ilə onlara külli miqdar təşkil edən 85000 manat pul vermək məcburiyyətində qalaraq, həmin məbləği “ADA” Universitetinin işçisi olan Şahmar müəllimə verib. Daha sonra xəbər tutub ki, iaşə obyekti sökülən vaxtlarda onun orada bir müddət olmadığından sui-istifadə etməklə, İddiaçı orada quraşdırılmış bütün məişət texnikası (kondisionerlər, sənaye və məişət soyuduculari, iri həcmli plazma televizor, restoranda istifadə olunan bütün mətbəx əşya və avadanlıqları), 35 ədəd masa, 200 ədədə yaxın oturacaqlar, həmçinin, yuxarıda qeyd olunan iaşə obyektinin inventarına daxil olan digər qiymətli əşyaları, onun xəbəri olmadan, oğurlayıb aparmışdır. Cavabdehin əsassız varlanmaq niyyəti ilə, özünə cinayət ortaqları tapmaqla, ona aid olmayan və külli miqdar təşkil edən 85.000 manat pul vəsaitinin cinayət yolu ilə əldə etməsi və söküntü zamanı iaşə obyektinin inventarını təşkil edən qiymətli əşyaların oğurlaması barədə hüquq mühafizə orqanlarına çox sayda şikayət ərizələri yazmasına baxmayaraq, hüquq mühafizə orqanları əməldə cinayət tərkibinin olmaması və məsələyə mülki icraat qaydasında baxılmalı olduğu qənaətinə gəlmişlər. xx.xx.2022 tarixli, 07 nömrəli “Kompensasiyanın ödənilməsi barədə” Müqavilənin mətnindən göründüyü kimi, “ADA” Universitetində abadlaşdırma və tikinti işlərinin aparılması məqsədi ilə “ADA” Universiteti Fondu ilə onun arasında Kompensasiyanın ödənilməsi barədə Müqavilə imzalanmışdır. Həmin Müqavilənin giriş hissəsindən göründüyü kimi, hüquq münasibətləri yaranmış tərəflərdən biri Cavabdeh, digəri isə “ADA” Universiteti Fondudur. Həmin Müqavilənin 1.5-ci bəndində qeyd olunduğu kimi, əvəzində kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş qeyri yaşayış və həyətyanı sahə Cavabdeh məxsusdur. xx.xx.2022 tarixli “Kompensasiyanın ödənilməsi barədə təhvil-təslim” Aktında qeyd edilmişdir ki, həqiqətən “ADA” Universiteti Fondu tərəfindən aparılan abadlaşdırma tə tikinti işləri ilə əlaqədar olaraq Cavabdeh məxsus 210 m2 qeyri yaşayış sahə və 2200 m2 olan həyətyanı sahə həmin şəxs tərəfindən “ADA” Universiteti Fondunun mülkiyyətinə təhvil verilmişdir. Həmin aktdan və iş materiallarına əlavə olunan fotoşəkillərdən göründüyü kimi, ot və kollar bitən boş bir sahə tərəfindən abadlaşdırılaraq, orada inşa etdirdiyi və təqribən on il ərzində işlətdiyi iaşə obyektinin sökülməsinin əvəzi olaraq, qarşı tərəfə təqdim etdiyi bank hesabı vasitəsi ilə onun adına 250.000 manat pul keçirilmişdir. İaişə obyektinin tikilməsində və işlədilməsində İddiaçı onunla heç bir şərikliyi olmamış, o, yalnız bir işçi, yəni administratortəsərrüfatçı kimi həmin obyektdə işləmişdir. Mülki iş materiallarında onun İddiaçı qarşısında hər hansı bir öhdəliyinin yaranmasını təsdiq edən sübut mövcud olmadığı, həmçinin, İddiaçı yazdığı iddia ərizəsi ilə ona verilən kompensasiyadan 85.000 manat aldığını etiraf etdiyi halda, ilkin iddia tələbi təmin olunmadan, qarşılıqlı iddia tələbi isə təmin olunaraq, qeyd olunan məbləğ İddiaçı alınaraq ona qaytarılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4046/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbi barədə ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-4046/2023 nömrəli qərardadının ləğv edilməsi və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd olunan qərardadı qanunsuz və əsassız olduğu üçün məhkəmə tərəfindən ləğv edilməli və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Mülki iş materiallarından göründüyü kimi, hər iki iddia “pul tələbi” barədədir. Yəni, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə olunmuş pul məbləğinin tərəflər arasında bölüşdürülməsi ilə tamamilə bağlı deyil. Eyni zamanda hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti dövründə deyil, məhz həmin dövr bitdikdən sonra baş vermişdir. Hər iki iddia tələbinin predmetini əmlakın sökülməsinin əvəzi olaraq verilən kompensasiya təşkil etməklə, mübahisənin yarandığı səbəb də eynilə əmlakın sökülməsinin əvəzi olaraq verilən kompensasiya olmuşdur. Eyni zamanda hazırkı mübahisə deliktdən irəli gələn mübahisələrə də aid deyildir. Göründüyü kimi, bu kompensasiya sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməmişdir. Hər hansı bir əmlakın sökülməsinin əvəzi olaraq verilən kompensasiyaya dair mübahisə kommersiya deyil, məhz mülki mübahisədir. Digər tərəfdən, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının VÖEN-i tamamilə başqa fəaliyyətlə bağlı olmaqla ümumiyyətlə dayandırılmışdır. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğunu müəyyənləşdirərək, həmçinin, hazırki iş üzrə pul tələbinin məhz tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrindən irəli gələn tələb olması, bununla da pul tələbi məhz sahibkarlıq fəailiyyətindən irəli gəlir və həmin fəaliyyətin həyata keçirilməsinin təmin edilməsinə yönəlməsi üçün tərəflər arasındakı hazırkı mübahisənin kommersiya mübahisəsi olması barədə hakim yanlış nəticəyə gəlmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Məhkəmə qeyd etmişdir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında məhkəmə mübahisələndirilən qərardadında belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, həm İddiaçı, həm də Cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişlər. Yuxarıda qeyd olunduğu kimi, ən azı iki qarşı tərəfin birgə və yaxud ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirilmələri ilə əlaqədar yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki iş üzrə isə pul tələbi məhz tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrindən irəli gələn tələbdir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Şikayətin iddiaçının VÖEN-in dayandırılması və fəaliyyət istiqamətinin fərqli olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir (23-cü bənd). Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, fərdi sahibkar olan iddiaçının fərdi sahibkar olan cavabdehə qarşı pul tələbi məhz sahibkarlıq fəailiyyətindən irəli gəlir və həmin fəaliyyətin həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Bu baxımdan tərəflər arasındakı hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndinə uyğun olaraq, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)-4046/2023 saylı qərardadı qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar aşkar edilmədiyindən şikayət təmin edilməməli, şikayət 7 gün müddətində işlə birlikdə baxılmaq üçün kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 31, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 4046/2023 saylı qərardadından ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar