Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4046/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1447,37 (bir min dörd yüz qırx yeddi manat 37 qəpik) manat pulun alınaraq ona verilməsi üçün Bakı şəhəri 33 saylı vəkil bürosuna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavbadehlə “nikahın pozulması, aliment tələbi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbi üzrə Bakı şəhəri 33 saylı Vəkil Bürosu arasında 30 oktyabr 2023-cü il tarixdə, 245 nömrəli müqavilə imzalanmış və həmin iş iddiaçıya tapşırılmışdır. Cavabdeh tərəfindən vəkilə verilən xx.xx.2023-cü il tarixli, AR-İ1İ 160489 №-li etibarnaməyə əsasən Qamzatovanın (Məmmədovanın) ailə və maddi vəziyyətini nəzərə alınaraq prosesin gedişində ödənilmək şərtilə AR DİN-nin DYP-nə, AR DİN-nin MAPS şöbəsinə, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə, "xxxx" MMC-yə, Bakı 6 saylı Mediasiya Təşkilatına aidiyyatı sorğuları vermiş, müraciətləri etmiş və bununla əlaqədar olaraq bütün xərcləri, o cümlədən müqavilə və mediasiya xərclərini, məhkəməyə dövlət rüsumunu, ümumilikdə 447,37 (dörd yüz qırx yeddi manat 37 qəpik) şəxsi vəsaiti hesabına ödəmişdir. Vəkil olaraq xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə iştirak etdiyi məhkəmə proseslərinin sonunda iddia tələbi Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-882/2024 saylı qətnaməsi ilə təmin edilmiş, hətta cavabdehin ödəmədiyi vəsaitlərdən 200 (iki yüz) manat pulun ona ödənilməsi qət edilmişdir. Cavabdehin işin müsbət və operativ həlli müqabilində ona vəd etdiyi 1000 (bir min) manat məbləğində mükafatla birlikdə bugünədək ödəməli olduğu məbləğ 1447,37 (bir min dörd yüz qırx yeddi manat 37 qəpik) manat təşkil edir. Ödənilmiş məbləğləri təsdiq edən sənədlərin surətlərini göndərməklə qeyd edilən 1447,37 manat məbləği 3 (üç) iş günü ərzində könüllü olaraq Bakı şəhəri 33 saylı Vəkil Bürosunun məktuba əlavə edilmiş bank hesabına ödəməsi barədə təklif 05 avqust 2024-cü il tarixli, 55 nömrəli məktuba əlavə edilmiş 2 vərəq qoşma ilə birlikdə cavabdehə göndərilmiş, o məktubu alsa da, bugünədək qeyd edilən vəsaiti ödəməmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, oktyabr ayında nikahın pozulması ilə bağlı hüquqi yardım almaq üçün iddiaçıya müraciət etmişdir. Həmin vaxt xərcinin nə qədər olmasını soruşmuş və o bildirmişdir ki, prosesin sonunda deyəcək. Bundan sonra məhkəmə proseslərində onu təmsil etmək üçün etibarnamə verməyini bildirdi. Fevral ayında telefon vasitəsilə nikahın pozulduğunu bildirdi və həmin vaxt xərc barədə yenidən ona sual vermişdir. İddiaçıya 1.000 manat vəd etməmişdir. Avqust ayında yaşadığı ünvana məktub gəlmişdir və həmin məktubda qeyd olunub ki, guya mən iddiaçıya 1.000 manat vəd etmişdir. Müqavilə barədə məlumatı olmayıb və ancaq notariusdan etibarnamə almışdır. İddiaçı tərəfindən xidmət göstərildiyini qəbul edir, həmin xidmətə görə ödəniş etməmişdir. İddia tələbini 447 manat hissəsində qəbul edir. Ödənilən 320 manat məbləğini iddiaçıya qaytarmamışdır. Həmçinin Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan 447 manat borcu qəbul etdiyini bildirdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iclasın iştirakı olmadan keçirilməsini və tələbin tam təmini üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC xx.xx.2023-cü il tarixli ********** / ********* saylı ödəniş tapşırığından görünür ki, Bakı şəhəri 33 saylı Vəkil bürosu tərəfindən Bakı şəhəri 33 saylı Vəkil bürosunun hesabına X7 hüquqi yardım təyinatı ilə 320 (üç yüz iyirmi) manat ödənilmişdir. - 07.11.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, X3 tərəfindən DƏDRX Bakı Hesabına 11 manat ödənilmişdir. - "xxxx" QSC xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Qamzatova Arzu tərəfindən 6 saylı mediasiya təşkilatına 61 manat ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli ********** saylı dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, X11 tərəfindən Bakı şəhər Nərimanov rayon Məhkəməsi üzrə 50 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-882/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 nümayəndəsi və vəkili X1 iştirakı ilə iddiaçı X4 cavabdeh X5rşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması, aliment və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılaraq iddia qismən təmin edilməsi, iddiaçı X11 və cavabdeh X15 arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı "Asan xidmət” X16 tərəfindən qeydə alınmış və 1826 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2019-cu il təvəllüdlü X8 iddiaçı (anaları) X4 yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün yetkinlik yaşına çatana kimi saxlanılması üçün X6 hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq X7 verilməsi, cavabdeh X6 iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat, mediasiya xərcinə görə 50 manat, vəkilin hüquqi yardımından istifadəyə görə 100 manat, cemi 200 manat pul iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri 33 saylı Vəkil bürosu tərəfindən X7 ünvanlanmış məktubdan görünür ki, sonuncudan 1447,37 manat məbləğin 3 iş günü ərzində könüllü olaraq Bakı şəhəri 33 saylı Vəkil bürosuna ödənilməsi təklif edilmiş, əks halda aidiyyəti orqana müraciət ediləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatları və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, vəkil qismində fəaliyyət göstərən İddiaçı cavabdeh Qamzatova (Məmmədova) Arzu Əlhad qızı ilə arasında olan razılaşmaya əsasən sonuncunun X5rşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması, aliment və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işdə onu nümayəndəsi və vəkili kimi təmsil etmişdir. Hazırda iddiaçı göstərdiyi xidmətə görə ona vəd edilmiş 1000 manat və mülki iş üzrə verilmiş sorğulara görə çəkilmiş xərclər, ödənilmiş dövlət rüsumu, mediasiya xərci və s. olmaqla 447,37 manat məbləğin cavabdehdən öz xeyrinə tutulmasını xahiş edir. Cavabdeh iddia tələbini 447 manat hissədə qəbul edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, İddiaçı nümayəndəsi və vəkili kimi cavabdeh X9 2(005)-882/2024 saylı mülki işdə təmsil etməsi işin mübahisəsiz halıdır. Cavabdeh X11 İddiaçı tərəfindən ona hüquqi xidmətlər göstərilməsini təkzib etmir. Bununla bağlı Bakı şəhəri 33 saylı Vəkil bürosunun hesabına X7 hüquqi yardım təyinatı ilə 320 (üç yüz iyirmi) manat ödənilmişdir. Həmçinin İddiaçı tərəfindən DƏDRX Bakı Hesabına verilmiş sorğuya görə 11 manat, mediasiya prosesində iştiraka görə 6 saylı mediasiya təşkilatına 61 manat, Bakı şəhər Nərimanov rayon Məhkəməsi üzrə xx.xx.2023-cü il tarixdə 50,40 manat dövlət rüsumu, bank xidmət haqqı və 4,97 (0,97+1.80+2.20) manat poçt xərcləri olmaqla cəmi 447,37 manat ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qeyd olunan məbləğləri iddiaçıya qaytarmağını bildirərək, xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim etmiş və iddia ərizəsində qeyd olunan 447 manat borcu qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə cavabdehin hazırda ona qarşı qaldırılmış iddianı qismən – 447 (dörd yüz qırx yeddi manat) borcunun olmasını etiraf etdiyi təsdiq edilmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı qeyd olunan hissədə etiraf etməsini qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsini təsdiq edir. Məhkəmə iddia tələbinin “iddiaçıya vəd olunmuş 1000 manat məbləğin ödənilməsi” hissəsinə münasibətdə isə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin işin müsbət və operativ həlli müqabilində ona 1000 manat mükafat vəd etdiyini bildirərək, qeyd olunan məbləğin cavabdehdən öz xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə belə bir razılaşma olmadığını bildirərək, qeyd olunan halı – habelə iddia tələbini bu hissədə qəbul etmir. Məhkəmə qeyd edir ki, tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bununla belə, iddiaçı tərəfindən cavabdehlə aralarında 1000 manat məbləğində mükafat verilməsinə dair hər hansı bir razılıq olmasını (şifahi və ya yazılı) təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı mötəbər sübut aşkar edilməmişdir. Halbuki, iddiaçının bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırda məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Belə olan halda yaranmış mübahisədə iddiaçının cavabdehdən 1000 manat məbləğində pul vəsaiti tutulması hissədə tələbinin əsaslı olması, habelə hazırda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu” haqqında AR Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 447,37 (dörd yüz qırx yeddi manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 447,37 (dörd yüz qırx yeddi manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4046/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4046/2024
06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver