Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4122/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdeh İkız Murata qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh İkız Murata qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İkiz Muratdan 1500 (bir min beş yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 35,40 (otuz beş manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 1535,40 (bir min beş yuz otuz beş manat, qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İkiz Muratın idarə etdiyi "Mercedes Benz 320" minik markalı ** KC *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, H.Ələsgərova küçəsi ilə hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmış nəticədə, "Mercedes Benz E270 CDİ" markalı ** KH *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla "Mercedes Benz 320" minik markalı, ** KC *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü İkiz Murat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz E270 CDİ" markalı ** KH *** dövlət nömrə nişanlı avtomobilə 1500 (bir min beş yüz) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS220487 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İkiz Murat xarici ölkə vətəndaşıdır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli MYİ 0****** saylı müvəqqəti yaşamaq üçün icazə almışdır. Lakin icazənin alındığı gündən bir ay müddətində qanunvericiliyin tələbinə əsasən sürücülük vəsiqəsini müəyyən edilmiş qaydada dəyişdirilməli olduğu halda dəyişdirməmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19 may 2022-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelnumunun Qərarında gostərılrı kı, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Qeyd olunanlardan da göründüyü kimi, İkiz Murat hadisə vaxtı Mercedes Benz 320 minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbyacan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Bildirmək istəyirlər ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cu maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mulki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya huququ yaranır. Buna görə də "Mercedes Benz 320" minik markalı ** KC *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü İkiz Murat bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin cavabdeh İkız Murat tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, məlumat üçün bildirir ki, icraatda iddiaçı “Meqa Sığorta ASC-nin cavabdeh olaraq cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında baxılan mülki iş vardır. İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ‘‘Mercedes Benz E 270 CDİ” markalı ** KH *** dövlət nömrə nişanlı avtomobilə 1500 (bir min beş yüz) manat maddi zərər dəyməsini, PME********** saylı sığorta şəhadətnaməsinə və İAS220487 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 1500 (bir min beş yüz) manat məbləğində Sığorta ödənişi həyata keçirdiyini bildirmişdir. İlk olaraq onu qeyd edir ki, iddiaçı “Meqa Sığorta ASC-nin dəymiş zərər olaraq 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini cavabdeh olaraq cavabdehdən tələb etməsi qanuna ziddir. Belə ki, tələb olunan sığorta ödənişi sığorta müqaviləsinə əsasən Sığorta şirkəti tərəfindən cavabdehə deyil, zərərçəkmiş şəxsə ödənilmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh xarici ölkə vətəndaşıdır və Azərbaycan Respublikası Dövlət Miqrasiya xidməti tərəfindən xx.xx.2021-ci il tarixli MYİ0****** saylı müvəqqəti yaşamaq üçün icazə almışdır. Qeyd edir ki, cavabdeh xarici ölkə vətəndaşı olsa da, Azərbaycan Respublikası ərazisində qanunvericiliyin hüquq və normalarına uyğun olaraq yaşamaq üçün icazə almış və bugünə qədər də Azərbaycan Respublikası ərazisində yaşamağı ilə bağlı qanunvericiliyin heç bir tələblərini pozmayıb. İddiaçı eyni zamanda onu da qeyd edir ki, cavabdeh sücülük vəsiqəsini müəyyən edilmiş qaydada dəyişdirməli olduğu halda dəyişdirməmişdir. Bildirir ki, sözügedən nəqliyyat vasitəsini satın almışdır, alqı-satqı müqaviləsi notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə əsasında həyata keçirilmiş, notariat kontoru avtomaşına dair etibarnaməni cavabdehə məxsus olan sürücülük vəsiqəsi əsasında yazıb vermişdir və həmin sürücülük vəsiqəsinin etibarsız olması barədə heç bir söz və irad bildirilməmişdir. Mülkiyyətçi tərəfindən rəsmi olaraq verilmiş baş etibarnamə əsasında avtomobili idarə etmişdir və yol polisi əməkdaşları tərəfindən saxlanılarkən cavabdehə məxsus sürücülük vəsiqəsi ilə bağlı irad bildirilməyib və bununla bağlı barəsində protokol tərtib olunmayıb. Avtomobilin faktiki istifadəçisi və sahibi kimi cavabdeh tərəfindən onun idarə edilməsi üçün iddiaçı təşkilata ödəniş edilmiş və sığorta hadisəsi baş verdiyindən sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktı və xx.xx.2022ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “Mercedes Benz E270 CDİ” markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1500 manat müəyyən edilmiş, sığorta ödənişi zərərçəkənə "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabı vasitəsilə ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərərin hesablanması haqqında qüsur aktdan görünür ki, "Mercedes Benz E270 CDİ" markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1500 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "Mercedes Benz 320" minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən İkız Murata ünvanlanmış məktubun surətindən görünür ki, "Mercedes Benz 320" minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən idarə olunarkən xx.xx.2022-ci il tarixində Bakı şəhəri, H.Ələsgərova küçəsində baş vermiş yol nəqliyyat hadisəsində "Mercedes Benz E270 CDİ" markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Həmin yolnəqliyyat hadisəsi zamanı avtomobili idarəetmə hüququ olmadan idarə etdiyi bildirilmişdir. Bu səbəbdən də “İcbari sığortalar” haqqında Qanunun 25.1.3-cü maddəsinə uyğun olaraq zərərçəkənə ödəniləcək ödənişin İkız Muratdan geri alınacağı və təkliflərinin üç gün müddətində cəmiyyətə yazılı şəkildə təqdim etmək hüququ izah edilmişdir. İş materiallarında olan X3 tərəfindən İkız Murata verilmiş etibarnamənin surətindən görünür ki, "Mercedes Benz 320" minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi etibar edir. İş materiallarında olan İXP seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 09:37 radələrində İkız Murat "Mercedes Benz 320" minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə barədə qərarına əsasən, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü İkız Murat "Mercedes Benz 320" minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.2-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1980-ci il tarixdə anadan olmuş İkiz Murat sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli MYİ 0****** saylı müvəqqəti yaşamaq üçün icazə almışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2022-ci il tarixli Plenum qərarının bəndinə əsasən, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsində fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs olunur. Həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. Beləliklə, qanunverici şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasının üç şərtini müəyyən etmişdir: sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi; yol hərəkəti qaydalarının bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulması; şəxsdə müvafiq xəstəliklərin və ya fiziki qüsurların müəyyən edilməsi. Sürücülük vəsiqəsinin etibarlıq müddəti “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsində göstərilmişdir. Belə ki, maddənin V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. Maddənin məzmununun təhlili belə nəticəyə gəlməyə əsas verir ki, onun müddəaları, o cümlədən vəsiqənin etibarlıq müddətinə dair tələblər Azərbaycan Respublikası tərəfindən verilən sürücülük vəsiqələrinə şamil edilir. Belə ki, bu maddənin İİ hissəsində Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin növlərinin müəyyən olunması, İİİ hissəsində sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş müvafiq məlumatların göstərilməsinə dair tələblər, Vİ hissəsində isə sürücülük vəsiqəsindəki məlumatların Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunması göstərilmişdir. Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələri əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrinin idarə olunmasının şərtləri “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə bu cür vəsiqələrin Respublika ərazisində etibarlıq müddətinə dair müddəalar birbaşa müəyyən edilməmişdir. Bununla belə, qanunverici həmin normada Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin üzərinə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti bitməmiş sürücülük vəsiqəsini dəyişdirmək vəzifəsini qoymuşdur. Yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Mülki iş materiallarından görünür ki, mülki məsuliyyətin icbari sığortası üzrə sığortalanmış "Mercedes Benz 320" minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2022-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “Mercedes Benz E270 CDİ” markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobillə zərər vurmuşdur. Hadisə baş verərkən İkız Murat avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Əgər həmin vəsiqə qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirilməmişdirsə, onda xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında avtomobili idarə edən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Lakin cavabdeh İkız Murat ölkə ərazisinə daxil olduqdan sonra qanunvericiliyin tələblərinə əməl etməyərək daxil olduğu gündən 1 ay keçdikdən sonra xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin dəyişdirilməsini təmin etməmişdir. Yol hərəkəti haqqında AR Qanununun 35-1-ci maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İİ bəndinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İİİ bəndinə əsasən, bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, zərərçəkən X2 tərəfindən idarə olunan Mercedes Benz E270 CDİ” markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən X1 avtomobilinin təmiri üçün ümumilikdə 1500 manat pul ödənildiyindən, iddiaçı Şirkətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936, 1108.1 və 1108.3-cü maddələrinin tələblərinə əsasən, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Belə ki, məhkəmə iclasında yol nəqliyyat hadisəsini törətmiş olan "Mercedes Benz 320" minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin İkız Muratın avtomobili sürücülük hüququ olmadan idarə etdiyi müəyyən olunmuşdur. Odur ki, iddiaçının dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı çəkdiyi xərcin subroqasiya qaydasında ödənilməsi, yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin, yəni "Mercedes Benz 320" minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İkız Muratın üzərinə qoyulmalı və 1500 manat məbləğində pul cavabdehdən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İkız Muratdan 1500 manat məbləğində sığorta ödənişi və 35,40 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4122/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4122/2022
15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver