Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4161/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə qarşı “icra sənədinin dayandırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Nərimanov Rayon İcra Şöbəsinə qarşı “icra sənədinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon İcra Şöbəsinin hərəkətlərini əsassız sayaraq, ASC tərəfindən verilən şikayətə Nərimanov rayon prokurorluğunda baxılanadək, İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının icrasının müvəqqəti olaraq dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə qarşı iddia qaldıraraq icra sənədinin dayandırılmasını xahiş edir. İcra sənədi üzrə icraatın dayandırılmasının əsasları və qaydası “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Prosessual Məcəllə ilə tənzimlənir. “İcra haqqında” Qanunun 17, 18 və 21-ci maddələrində icraatın dayandırılmasının məcburiliyi və icraatın dayandırılmasının mümkün olduğu hallar, eləcə də icraatın dayandırılması haqqında məsələyə baxılması qaydası müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Maddələrin məzmunundan göründüyü kimi, icra sənədi üzrə icraatın dayandırılması qanunvericiliklə nəzərdə tutulmuş hallarda icra məmurunun qərarına, yaxud icra icraatı çərçivəsində verilmiş təqdimata baxan məhkəmənin qərarına əsasən həll edilir. Eyni zamanda icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra qurumunun rəhbərinə və ya məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən icra sənədi üzrə icraatın dayandırılması üçün ilk növbədə icra məmuruna müraciət olunmalı, ərizə təmin edilməzsə həmin qərardan məhkəməyə şikayət verilməlidir. İcra məmurunun hərəkət və ya hərəkətsiziliyindən şikayət isə ayrıca məhkəmə icraatının predmeti ola bilməz və həmin məsələyə şikayət ərizəsi əsasında icra icraatı qaydasında baxılmalıdır (müvafiq yekun məhkəmə aktının icrası qaydasında). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə qeyd edir ki, Məcəllənin 153.2.1-ci maddəsində əks olunmuş “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Mülki Prosessual Məcəllənin 153.5 və 153.6-cı maddələrinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Beləliklə, hazırkı tələbə müstəqil iddia ərizəsi əsasında baxılmalı olmadığından, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. İddiaçıya icra icraatı qaydasında məhkəməyə şikayət vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı icra sənədinin dayandırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı icra sənədinin dayandırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya icra icraatı qaydasında məhkəməyə şikayət vermək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4161/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4161/2022
07.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver