Məhkəmə qərarları › İş №2(005)-421/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-421/2021

01.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-421/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı –X2 Cavabdeh- X6 iştirakı ilə, İddiaçı X2 cavabdeh X9 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh X9 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisinin və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin mənim mülkiyyətimdə olan 1/2 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)- 2391/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisinə və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə X6 payı 1/2 hissədə, X3 payı 2/1 hissədə müəyyən edilməsi və həmin paya mülkiyyət hüququ tanınması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələrləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə dövlət reyestrindən çıxarış verilmiş və Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisinin 1/2 hissəsinə mənim mülkiyyət hüququm tanınmışdır. Lakin cavabdeh ona xüsusi mülkiyyətində olan evdən istifadə etməyinə və orada yaşamağına imkan vermir. İddiaçı 1-ci qrup gözdən əlildir. Səhhətində problemlər vardır. Onkoloji xəstəlikdən əziyyət çəkir. Cavabdeh isə onun mülkiyyətində olan evdən istifadə etməyimə imkan vermir. O, isə məcburiyyət qarşısında qalaraq, Xaçmaz rayonu, Ləcət kəndində yaşamaq məcburiyyətində qalmışdır. Onun xəstəliyi ilə əlaqədar mütəmadi olaraq, Bakı şəhərinə həkimə gəlib gedir. Xaçmaz rayonu, Ləcət kəndindən Bakı şəhərində gəlib getmək ona maddi ziyan vurmaqla yanaşı, müəyyən çətinliklər yaradır. Cavabdehə paylı mülkiyyətçi kimi əmlakı satın almaqda üstünlük hüququ olduğundan, ona məxsus payı alması barədə yazılı bildiriş göndərmişdir. Lakin cavabdeh ona məxsus payı almaqdan imtina etmişdir. Bu səbəbdən, "Paylı mülkiyyətdə olan əmlakların açıq hərrac vasitəsilə satılaraq, əldə olunmuş məbləğin paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "15" tikilisinin və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun bölüşdürməklə, 1/2 hissəsinin paylı mülkiyyətdə olan əmlakların mülkiyyətçisi kimi mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(005)l722/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(005)-1722/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsinin əsası kimi iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməməsi, habelə iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçilərinə ödənilməsini tələb etmək hüququna malik olduğu halda, öz payının ayrılmasını təklif etməsi göstərilmişdir. Bu səbəbdən, payın naturada ayrılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X10 məhkəmə iclasında iddia tələbini qəbul edərək əmlakın naturada ayrılmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 91 saylı fərdi yaşayış evinin B tikilisi ½ hissədə X2 və X6 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2391/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisinə və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə X6 payı 1/2 hissədə, X3 payı 2/1 hissədə müəyyən edilməsi və həmin paya mülkiyyət hüququ tanınması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2021-cu il tarixli, 10/3355 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisinin iddiaçının və cavabdehin payına uyğun ½ hissədə naturada təcrid şəkildə bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.1., 2.2., 2.4., 2.9 bəndlərinin və məhkəmə Tikinti-X5 Metodları "Yaşayış evlərinin bölgü variantlarının işlənib hazırlanması” metodikasına müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 91 saylı fərdi yaşayış evinin B tikilisi ½ hissədə X2 və X6 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(005)-2391/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisinə və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə X6 payı 1/2 hissədə, X3 payı 2/1 hissədə müəyyən edilməsi və həmin paya mülkiyyət hüququ tanınması qət edilmişdir. Ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 91 saylı fərdi yaşayış evinin B tikilisinin iş üzrə tərəflərin ½ hissədə payına uyğun olaraq, təcrid mənzil şəklində ayrı-ayrılıqda naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mənzil şəklində ayrı-ayrılıqda naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığını müəyyən edən müvafiq ekspert rəyini nəzərə alaraq hesab edir ki, paylı mülkiyyətdə olan mənzil mülkiyyətçilər arasında bölünə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı X4 cavabdeh X8 qarşı “əmlaka olan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi təmin ediməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdeh X9 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar