Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4225/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin cavabdeh Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə qarşı “icra hərəkətlərinin davam etdirilməsinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Nərimanov Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-789/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə AR ƏN Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən İddiaçı MMC-nin barəsində icra hərəkətlərinin davam etdirilməsinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə qarşı iddia qaldıraraq icra hərəkətlərinin davam etdirilməsinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. İcra sənədi üzrə icraata xitam verilməsi əsasları və qaydası, eləcə də icra məmurunun hərəkətlərindən şikayət verilməsi qaydası “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Prosessual Məcəllə ilə tənzimlənir. “İcra haqqında” Qanunun 20-ci maddələrində icraata xitam verilməsinin əsasları və qaydası müəyyən edilmişdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Eyni Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Adıçəkilən Qanunun 29.1 və 87.1-ci maddələrinə uyğun olaraq, tərəflər icraat materialları ilə tanış olmaq, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Maddələrin məzmunundan göründüyü kimi, icra sənədi üzrə icraatın tərəflər icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət vermək hüququna malikdirlər. Lakin bu zaman iddia ərizəsi ilə deyil, icra icraatı çərçivəsində (8 indeksi ilə) şikayət ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə qeyd edir ki, Məcəllənin 153.2.1-ci maddəsində əks olunmuş “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Mülki Prosessual Məcəllənin 153.5 və 153.6-cı maddələrinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Eyni zamanda Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, hazırkı tələbə müstəqil iddia ərizəsi əsasında baxılmalı olmadığından, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya icra icraatı qaydasında məhkəməyə şikayət vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı icra hərəkətlərinin davam etdirilməsinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi İddiaçı MMC-yə geri qaytarılsın. İddiaçı MMC-yə icra icraatı qaydasında məhkəməyə şikayət vermək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4225/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4225/2023
23.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver