Məhkəmə qərarları › İş №2(005)-425/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-425/2024

10.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-425/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nərimanov rayon Polis İdarəsi maraqlı şəxs kimi göstərilməklə) qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nərimanov rayon Polis İdarəsi maraqlı şəxs kimi göstərilməklə) qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 56, məhəllə 1969, 16 saylı evin ümumi sahəsi 84,5 kv.m, yaşayış sahəsi 60,2 kv.m olan 3 otaqlı, 9 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 56, məhəllə 1969, 16 saylı evin ümumi sahəsi 84,5 kv.m, yaşayış sahəsi 60,2 kv.m olan 3 otaqlı, 9 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 56, məhəllə 1969, 16 saylı evin ümumi sahəsi 84,5 kv.m, yaşayış sahəsi 60,2 kv.m olan 3 otaqlı, 9 saylı mənzili Bakı şəhəri 12 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən X2 xx.xx.2021-ci il tarixdə ona satmışdır, xx.xx.2021-ci il tarixdə mənzilin hüquqi qeydiyyatı adına aparılmış və bu barədə çıxarış verilmişdir. Müqavilə bağlanandan sonra keçmiş mülkiyyətçi X2 mənzili boşaldıb onun sərəncamına vermiş, özü və digər ailə üzvləri başqa ünvana köçmüşlər. Keçmiş mülkiyyətçi alqı-satqı müqaviləsinin 13 bəndinə əsasən mənzili satıldıqdan sonra xx.xx.2022-ci il tarixədək ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxacağını öhdəsinə götürmüş, lakin bu günə kimi keçmiş mülkiyyətçinin ailə üzvü Cavabdeh mənzildən qeydiyyatdan çıxmamış, buna da heç bir üzürlü səbəb yoxdur. Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqda davam etmiş, hazırda onun harada yaşaması məlum deyildir, eşitdiyinə görə cavabdeh Bakıda digər qohumunun mənzilində yaşayır. Cavabdehin uzun müddət mülkiyyətində olan mənzildə qeydiyyatda olması mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qanunvericiliyin tələblərinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri onların səlahiyyətləri daxilində olmadığından pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir; Azərbaycan Respublikası DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 56, ev 16, 9 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; “Satıcı” X2 ilə “alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 56, ev 16, 9 saylı mənzili “alıcı”-ya 100000 manat dəyərində satmışdır; AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 56, ev 16, mənzil 9 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə X2 arasında , Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 56, ev 16, 9 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mənzil üzərində iddiaçının mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdehin isə həmin mənzilin keçmiş sakini olmuş və mənzil iddiaçıya satılan zaman mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, mənzilin köhnə sahibi satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü bu günə kimi qeydiyyatdan çıxmamışdır. Cavabdeh hazırda başqa ünvanda yaşayır. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan , Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 56, ev 16, 9 saylı mənzilində qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdehin mübahisəli , Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 56, ev 16, 9 saylı mənzilində qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, cavabdehin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 56, ev 16, 9 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar