Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4251/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1650 manat məbləğində pulun, dəymiş mənəvi ziyana görə 500 manat pulun və ödənilmiş 42 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, o cavabdehlə 2018-ci ildə tanış olmuş. Bir müddət sonra söhbət əsnasında cavabdeh ondan qızıl almaq istədiyini bildirmişdir. Cavabdehə ümumi çəkisi 55.9 qram çəkidə 4730 manat dəyərində qızıllar, hər ay hissə-hissə ödəməklə 10 ay müddətinə ödəmə şərti ilə satılmışdır. Cavabdeh məbləğin bir hissəsini ona ödəmişdir. Sonunçu dəfə ona bu ilin yanvar ayında ödəniş etmişdir. Daha sonra cavabdeh qızıl-zinət əşyalarının pulunu ödəməyi dayandırmışdır. Cavabdeh onun telefon nömrələrimi bloka ataraq onunla danışmaqdan boyun qaçırmışdır. Cavabdehin ona 1650 manat borcu qalmışdır. İddiaçı bildirir ki, daha sonra o, Nizami rayon 25-ci Polis İdarəsinə müraciət etmiş, lakin heç bir nəticə əldə olunmayıb. Əlavə olaraq cavabdehin qeydiyyatda olduğu ünvana pretenziya (etiraz) göndərmiş, lakin bu da heç bir nəticə verməmişdir. İddiaçı bildirir ki, cavabdehin bu hərəkəti ona maddi və mənəvi ziyan vurub. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehin ona 1650 manat borcu qalmışdır. Cavabdehin bu hərəkəti ona maddi zərər yetirmişdir. İddiaçı bildirdi ki, həmçinin, hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq, iddia tələbini mənəvi zərər hissəsində müdafiə etmir. Məhkəmə iclasında cavabdeh bildirdi ki, iddianı qəbul edir. Belə ki, borcunu hissəhissə ödəmək niyyətində. Həmçinin, cavabdeh bildirdi ki, iddiaçının xəstəliyi əvvəllər də mövcud olduğundan, mənəvi zərər hissəsində iddia tələbini əsassız hesab edir. İddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh və İddiaçı arasında olan “whatsapp” yazışmalarından çıxarışın surətlərindən görünür ki, yazışmalarda cavabdeh 1650 manat məbləğində borcunu iddiaçıya ödəyəcəyini bildirmişdir - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışın (epikrizin) surətindən görünür ki, İddiaçı 2015-ci ildən xəstədir, ona sağ süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya(etiraz) məktubundan görünür ki, 1650 manat borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda pul tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirmişdir. - Nizami RPİ-nin 25-ci PŞ məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi əsasında araşdırma aparılmış, ərizə mülki xarakterli olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara, tərəflərin izahatları ilə, o cümlədən tərəflər arasında olan “whatsapp” yazışmalarına əsasən müəyyən edildi ki, ümumi çəkisi 55.9 qram çəkidə 4730 manat dəyərində qızıllar, hər ay hissə-hissə ödəməklə 10 ay müddətinə ödəmə şərti ilə satılmışdır, lakin cavabdeh həmin əşyaların dəyərini tam ödəməmiş və iddiaçıya 1650 manat borcu yaranmışdır. Hazırda iddiaçı cavbdehlə aralarında olan şifahi nisyə alğı-satqı öhdəlikləri üzrə ödənilməmiş 1650 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Eyni zamanda hazırda mənəvi zərərin cavabdehdən tutulması hissəsində iddia tələbini müdafiə etmir. Cavabdeh isə iddianı 1650 manat pulun tutulması hissəsində qəbul edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh 55.9 qram çəkisi olan 4730 manat dəyərində qızıl-zinyət əşyalarını satmış, cavabdeh hər ay hissə-hissə olmaqla 10 ay müddətinə həmin əşyaların dəyərini ödəmək barədə öhdəlik götürmüşdür, lakin sonradan cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Bununla da cavabdehin iddiaçıya 1650 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh da iddiaçıya 1650 manat borcunun olmasını etiraf edir (cavabdehin iddia tələbinin qismən qəbul etməsi barədə etirafı 16 dekabr 2024-cü il tarixli məhkəmə iclasının fasiləsiz aparılan audio-video yazısında və məhkəmə iclasının protokolunda əksini tapmışdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, məhkəmə hazırda Cavabdeh İddiaçı aldığı qızıl-zinyət əşyalarına görə qalıq borcunun 1650 manat məbləğində olması barədə etirafını qəbul etdiyindən, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı, məhkəmə qey edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı mənəvi zərərin tutulması hissəsində iddiasını müdafiə etmədiyini, yalnız cavabdehdən qalıq borcunun tutulmasını xahiş etdiyindən, həmin hissədə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə satılmış qızıl-zinyət əşyalarının 1650 manat hissəsində cavabdeh tərəfindən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin pozulması sonuncunun etirafedici izahatları ilə öz təsdiqini tapdığından, mülki qanunvericiliyə əsasən, iddia göstərilən hissədə təmin edilərək, 1650 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1650 manat məbləğində pul və 43 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4251/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4251/2024
16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver