Məhkəmə qərarları › İş №2(005)-4254/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4254/2021

23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4254/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 5.000 ABŞ dolları məbləğində pulun, vurduğu maddi ziyana görə 5.000 manat pulun, mənəvi zərərə görə isə 4.000 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5.000 ABŞ dolları, 9.030 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun illər qonşuluqda yaşadığı və tanışı olan Cavabdeh bir neçə il bundan əvvəl yaşadığı ünvana, Bakı ş.Nəsimi r.F.Qasımzadə küç.ev-123 ünvanına gələrək 5 ədəd “VAZ-2106” markalı avtomobil təkərinin və 1 ədəd xalçanın müvəqqəti saxlamağı xahiş etmişdir. Cavabdeh bu təkər və xalçanı öz yaşadığı ünvana niyə aparmadığını soruşanda bildirmişdir ki, 9 mərtəbəli binanın 5-ci mərtəbisində yaşayır və bunları 5-ci mərtəbəyə daşımaq gücündə deyil. İddiaçı Cavabdeh inanıb həmən əşyaların müvəqqəti saxlamağa razılıq vermiş və cavabdehlə razılaşmışdır. Bir neçə gündən sonra Cavabdehlə rastlaşanda əşyalarını niyə gəlib aparmadığı ilə maraqlanmış və iddiaçıya cavabdeh bildirmişdir ki, həmən əşyalara müştəri tapan kimi gəlib aparacaq. Avtomobil təkərlərini satmaq fikri olduğunu öyrəndikdə cavabdehə dərhal ödəniş edərək təkərləri almışdır. Növbəti gün cavabdeh iddiaçının yaşadığı ünvana gələrək qalan əşyalarını aparmışdır. Bir müddət keçəndən sonra məlumat almışdır ki, Cavabdeh iki başqa adamla dükandan oğurluq ediblər, pullu dayanacaqdan isə avtomobil təkərlərini açıb aparıb və Cavabdeh quldur dəstəsi ilə yaxalanaraq həbs ediliblər. Bakı şəhər N.Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən yaşadığı ünvanda axtarış aparılmış, cavabdehdən aldığı təkərlər iddiaçıdan tələb edilərək alınmışdır. Bununla bağlı stress vəziyyətə düşmüş, iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Çünki təkərlərə görə verdiyi pulunu cavabdeh qaytarmamış, digər xərclərinin qarşılanmasını da ödəməmişdir. Baxmayaraq ki, Cavabdeh iddiaçı ilə istintaq zamanı üzləşdiriləndə, məhkəməyə gətiriləndə və istintaqa hər dəfə dəvət olunanda bildirmişdir ki, həm təkərlərin pulunu, həm də digər xərclərini ödəyəcək. Cavabdeh şəxsən özü iddiaçıya ödənilməli məbləği, yəni vurduğu zərəri müəyyən edərək 5.000 ABŞ dolları olduğunu bütün tanışların yanında etiraf edərək bildirmişdir. Cavabdehin iddiaçıya vurduğu zərərin miqdarı və ödənilməsi barədə cavabdehin anası Saniyə xanım Əliyeva da kifayət qədər məlumatlı idi və iddiaçıya onu da bildirmişdir ki, əgər cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməsə, həmən məbləği o, özü iddiaçıya qaytaracaq. Cavabdeh məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra iddiaçı cavabdehlə qonşuluqda yerləşən mənzilini sataraq başqa ünvana köçsə də, əvvəlcə cavabdehin anası ilə mütəmadi əlaqə saxlamış, daha sonra vaxtından əvvəl azadlığa qovuşan Cavabdehlə görüşüb danışmışdır. Cavabdeh iddiaçıya olan borcunu tezliklə ödəyəcəyini vəd etsə də, bunu etməmişdir. Bu faktları təsdiq edə biləcək şəxslər vardır. Cavabdeh iddiaçıya olan borcundan cəmi bir neçə ay ödəniş edəndən sonra mobil telefon nömrələrini qapatmış. İddiaçının axtarışları müsbət nəticə vermədikdən sonra məcbur qalıb, aidiyyatı üzrə Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə 17.07.2021-ci ildə rəsmi ərizə ilə müraciət etmişdir. İddiaçıya məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Cavabdeh 13 sentyabr 2021-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, iddia tələbində qeyd edilən məbləğin 3300 manat hissəsində cavabdeh tərəfindən ödəniş edilməsi barədə tərəflər arasında razılıq əldə edildiyini bildirmiş və bu hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən göndərilmiş teleqramda öz əksini tapan məlumatı təsdiq edərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 82.4-cü maddəyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbini qismən etiraf etdiyindən və iddiaçı iddia tələbinin həmin hissədə qismən təmin edilməsini xahiş etdiyindən iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3300 manat pul məbləği tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3300 manat pul məbləği İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar