Məhkəmə qərarları › İş №2(005)-4278/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4278/2021

23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4278/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 2150 (iki min yüz əlli) manat, mənəvi zərərə görə isə 1000 ( min) manat, cəmi 3150 (üç min yüz əlli manat) manat məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, bu ilin fevral ayının sonlarında dükanında olarkən dostu X2 ilə qızına cehiz olaraq yataq dəsti sifariş vermək istədiyi barədə danışmış, dostu isə ona tanıdığı mebel ustasının olduğunu bildirmiş və Qürbət özü üçün mebel dəsti hazırlamış ustanı onun yanına göndərəcəyini bildirmiş və həmin gün Cavabdeh həmin gün iddiaçının işlədiyi Şərifzadə küçəsi 71 ünvanında yerləşən dükana gəlmişdir. İddiaçı onun gətirdiyi kataloqdan bir yataq dəsti seçmiş və razılaşmaya əsasən o mənzilə gələrək ölçü işlərini aparmış, materiallar da daxil olmaqla yataq dəstini 3700 manata hazırlayıb 20 gün ərzində ona təhvil verəcəyinə razılaşmışdır. Məbləği onunla razılaşdıqdan sonra cavabdeh materialları almağı üçün 2000 manat pul istəmiş, təxminən 5-6 gün sonra onun istədiyi məbləğ iddiaçı tərəfindən ona ödənilmişdir. Pul vəsaitini aldıqdan sonra cavabdeh ona 10 mart 2021-ci il tarixdə mebeli mənzilə gətirib quraşdıracağını, iddiaçının qızı isə mart ayının 15-də gəlin köçəcəyi üçün mebel dəstinin o vaxta hazır olmasını bildirmişdir. Cavabdehin vəd etdiyi vaxt çatdıqda ondan xəbər çıxmamış, onun mobil nömrəsinə zəng edərək mebeli nə vaxt gətirəcəyini soruşmuş, iddiaçıya müxtəlif bəhanələr söyləyərək hər dəfə gah 2-3 günə, gah ertəsi günə mebelin hazır olacağını gah da artıq hazır mebeli maşına yüklədib gətirəcəyini vəd etmiş və hər dəfə onu aldatmışdır. Hətta onun anasının yaşadığı evə gedərək Xəqanidən gileyləndikdə, anası onu arxayın edərək mebelin tezliklə iddiaçıya çatdıralacağını bildirmişdir. Bir müddət sonra mebeli gətirmədiyini görərək cavabdehdən ona verdiyi pul vəsaitini tələb etsə də, hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri ilə əlaqədar o, Bakı şəhəri Yasamal RPl-nin 28-ci Polis bölməsinə ərizə ilə müraciət etmiş, şikayət əsasında polis bölməsində araşdırılma aparılmış, Cavabdeh polis bölməsinə çağrılaraq izahatı alınmışdır. O qəsdən izahat verərkən bəhanələr irəli sürmüş, guya qızının əvvəl sifariş verdiyi kataloq dəstini bəyənmədiyini, yenisini sifariş verdiyini qeyd etmişdir. Bütün bunlar cavabdehin ağ yalanlarından başqa bir şey olmamışdır. O verdiyi izahatda guya Şəmkir rayonunda işlədiyini, 10.06.2021-ci il tarixdə iddiaçının 2000 manat pulunu qaytaracağını bildirmişdir. Lakin 1 aydan artıq vaxt keçməsinə baxmayaraq o pulu qaytarmaqdan imtina etmişdir. Yasamal RPİ-nin 28-ci Polis bölməsinin 14 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Bütün bu müddət ərzində mən 2000 manat pul vəsaitindən məhrum olunmuş, ona məxsus pul vəsaitini ödəməkdən yayındığı ona 100 manat (2000x5%) məbləğində faiz ödəməlidir. Hüquqi yardım xərci 50 azn, dövlət rüsumu isə 30 azn təşkil etmişdir. Bu məbləğlər də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. İddiaçı qızının qarşısında verdiyi sözü tuta bilməyərək, onu istədiyi kimi cehiz mebel dəsti verə bilməmiş, bu vəziyyətdə hədsiz əsəb-sarsıntı keçirmiş, nəticədə ona 1000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasından ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etmiş, cavabdehdən 2000 manat pul aldığını qəbul etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28ci Polis Bölməsinin 14.05.2021-ci il qərarının surətindən görünür ki, Cavabdeh “Təxminən 20 il olar ki, mebellərin quraşdırılması ilə məşğul olur. Qürbət adlı müştərisi onu təxminən 15 ildir ki, tanıyır və dəfələrlə onun sifarişlərini yüksək keyfiyyətlə və vaxtında icra etdiyindən aralarında yaxın işgüzar münasibətlər yaranmışdı. Bu ilin fevral ayının ortalarında Qürbət ona zəng edərək dostu Rəşid üçün yataq dəstini sifariş etmək istədiyini bildirmiş və Rəşidin ünvanını verərək onu onun işlədiyi mağazaya göndərmişdir. Həmin vaxt Rəşidin işlədiyi ünvan 1 ünvanında yerləşən marketə getmişdi. O, Rəşidə hazırladığı mebel dəstlərinin şəkillərini vermiş və ertəsi gün Rəşid öz qızının bəyəndiyi mebel dəstinin şəklini ona göstərmişdi. Həmin mebelin 3250 manata quraşdıracağını söylədikdə Rəşid onunla razılaşmış və bundan sonra material alması üçün Rəşiddən 2000 manat pul istəmişdi. Rəşid ona 2000 manatı verdikdən sonra o sifariş üzərində işləri başlamış, lakin 2 gündən sonra Rəşid zəng edərək qızının başqa mebel dəstini bəyəndiyini bildirmişdi. Həmin dəstlə tanış olduqdan sonra kataloqlarda həmin dəstin 5500 manata qiymətləndirildiyini bilsə də Rəşidlə 3700 manat pula razılaşmışdı. Bir neçə gündən sonra Rəşid ona zəng edərək sifariş etdikləri mebel dəstinin kataloqdakına nisbətən bir qədər hündür hazırlanmasını bildirdikdə o, artıq materialları kəsib doğradığından bunun mümkün olmayacağını bildirmişdi. Buna görə aralarında mübahisə olmuş, hətta mübahisə zamanı Rəşid onu təhqir edərək işi dayandırmasını və pulu geri qaytarmasını tələb etmişdi, O isə Rəşidə onun verdiyi pullara material aldığını, həmin materialdan hazırlayacağı mebel dəstini satdıqdan sonra ondan götürdüyü 2000 manat pulu qaytaracağını bildirdikdə Rəşid əvvəlcə onunla razılaşmış, lakin sonradan ondan verdiyi pulları mütləq qaytarmasını tələb etməyə başlamış, sonradan polisə şikayət etmişdir. Hal-hazırda o, Şəmkir rayonunda sifariş götürdüyü mebel dəstim yekunlaşdırmaq üzrədir və uzağı 10.06.2021-ci il tarixdə həmin işi yekunlaşdırıb əldə etdiyi pullardan Rəşidə borclu olduğu 2000 manat pulu tam olaraq qaytarmağa hazırlaşır.” göstərmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28ci Polis Bölməsinin 14.05.2021-ci il qərarının nəticəsi olaraq qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir; 16.08.2021-ci il tarixli qəbzə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. 16.08.2021-ci il tarixli mədaxil qəbzə əsasən iddiaçı hüquqi xidmət üçün 50 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə verdiyi izahatında iddia İddiaçı 2000 manat borcu olduğunu qəbul etmişdir. İddiaçı həmin məbləğin qaytarılmasını, 1000 manat mənəvi ziyanın, 100 manat faizin, 50 manat hüquqi yardıma görə ödədiyi pulu cavabdehdən tələb edir. Məhkəmə iddia tələbinin “1000 manat mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə borc tələbinin təmin olunaraq pul tutulması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X6 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə 16.04.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 50 manat məbləğində tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın bu hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə iddiaçının ödənilməmiş məbləğə geçikdirmə müddəti nəzərə alınmaqla 5 faizi hesablamaqla, borc müqaviləsi üzrə 100 manat faiz məbləği tələbi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Bununla bağlı məhkəmə iddiaçının “ 100 manat faiz borcu” tələbi üzrə qeyd edir ki, birincisi, iddiaçı həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında cavabdehin iddiaçıya faiz ödəyəcəyi nəzərdə tutulmamışdır; üçüncüsü isə, məhkəmənin müvafiq nəticəyə gələrkən istinad etdiyi mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Buna görə də iddia tələbi bu hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh 2000 manat pul, 50 manat hüquqi yardım xərci alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 pul, 50 manat hüquqi yardım xərci tutularaq iddiaçı İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar