Məhkəmə qərarları › İş №2(005)-4309/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4309/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4309/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-2019-cu il tarixlərdə cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür’’ Universitetin öz hesabına və bank hesabına hər il üzrə iddiaçı tərəfindən ödənilmiş 2800 manat olmaqla, 4 il ərzində ödənilmiş ümumilikdə 11200 manat, maddi və mənəvi ziyana görə 10000 manat, həmçinin dövlət rüsumu qaydasında ödədiyi 153.60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-2019-cu tədris illərində Universitetin Filalogiya və biologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsil pilləsini bitirmişdir. Aldığı təhsil qiyabi və ödənişli olmuşdur. Universitetdə oxuduğu illər ərzində hər il ödəniş etmiş və semestrlərdə iştirak edib müvəffəqiyyət qazanaraq kursdan-kursa keçmişdir. Baxmayaraq ki, Universiteti 2019-cu il tarixdə bitirmiş, lakin bugünədək bakalavr diplomunu əldə edə bilməmişdir. Keçən 4 il ərzində dəfələrlə Universitetin rəhbərliyinə diplom üçün müraciət etsə də, hər dəfə yeni-yeni əngəllərlə rastlaşmışdır. Universitetin rəhbərliyi bildirir ki, ona bakalavr diplomunun verilməsinə Təhsil Nazirliyi mane olur və buna görə də gözləmək lazımdır. İddiaçı bildirir ki, artıq 4 ildir ki, gözləyir. Buna görə də, cavabdehə xx.xx.2021-ci il tarixdə rəsmi ərizə və ona edilmiş əlavələrlə müraciət etmişdir ki, 2019-cu il tarixdə Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetin Filalogiya və biologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsil pilləsini bitirdiyinə görə ona Dövlət nümunəli Bakalavr Diplomu verilsin. Lakin cavabdeh orqan bugünədək müraciətinə cavab verməmişdir. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət etmiş, lakin nazirlik Universitetə köçürülməyini və Universitetdə oxumağını qanunsuz olduğunu bildirmişdir. Halbuki, Universitetdə oxuyarkən qiyabi və ödənişli oxumuşdur. Hər il üzrə Universitetin özünə və bank hesabına illik 2800 manat vəsait olmaqla 4 il ərzində ödəmişdir. Əgər həmin illər ərzində oxumağı qanunsuzdursa, deməli iddiaçıdan alınan vəsait də qanunsuz olmuşdur. Ona görə də, həmin vəsait geri qaytarılmalıdır. Cavabdehə ödədiyi vəsaitlər arayış və qəbz formasında olmaqla aşağıdakı kimidir: 1. Arayış formasında, 2-ci kurs üzrə, məbləğ- 1000 manat. 2. Arayış formasında, 2-ci kurs üzrə, məbləğ-500 manat. 3. Arayış formasında, 3-cü kurs üzrə, məbləğ-1400 manat. 4. Arayış formasında, 3-cü kurs üzrə, məbləğ-900 manat. 5.Arayış formasında, 3-cü kurs üzrə, məbləğ-500 manat. 6. "xxxx" ASC-nin tarixi: xx.xx.2017, № 124623024, məbləğ-1400 manat. 7.AmrahBank qəbzinin tarixi: xx.xx.2018, məbləğ-1400 manat. 8.AmrahBank qəbzinin tarixi: xx.xx.2019, məbləğ- 1400 manat. 9.AmrahBank qəbzinin tarixi: xx.xx.2019, məbləğ-1400 manat. 10. AmrahBank qəbzinin tarixi: xx.xx.2019, məbləğ-1400 manat. Bununla da iddiaçı tərəfindən cavabdehə 4 il ərzində, cəmi 11300 manat vəsait müxtəlif vaxtlarda ödənilmişdir. Digər tərəfdən 4 il ərzində iddiaçı cavabdehin vədinə inanaraq universitetə gedib gəlmiş, gecə gündüz oxuyaraq smestr imtahanlarını verib kursdan-kursa keçmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində sonda da məlum olur ki, həm köçürülməyi qanunsuz olub, həm də aldığı ali təhsil qanunsuz olduğu üçün iddiaçıya bakalavr diplomu verilə bilməz. Bununla da iddiaçıya həm maddi, həmdə mənəvi ziyan cavabdeh tərəfindən vurulmuşdur. Həmin ziyanın məbləğini iddiaçı 10000 (on min) manat dəyərləndirir və cavabdehdən tələb edir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının ümidləri puça çıxmış və 4 il ərzində əməyi boşa getmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, cavabdeh universitetin başqa universitetlərdən etdiyi tələbə köçürmələri qanunsuz olduğundan, sonuncunun fəaliyyəti dayandırılmış, hazırda da iddiaçı diplomu verilmədiyinə görə, təhsil haqqı kimi ödədiyi vəsaiti geri tələb etməsi onun hüququdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və iştirak etməmənin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdiq edilmiş: - Akademik transkriptin surətindən görünür ki, İddiaçı 2014-2018-ci il tarixlərində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili almışdır; - İmtahan sessiyasında iştirak etmək haqqında arayışın surətindən görünür ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “filologiya” fakültəsi qiyabi şöbənin İİ kurs tələbəsi İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək qış imtahan sessiyasında iştirak etmişdir; - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən Abşeron rayonunun Saray qəsəbəsi 1 saylı orta məktəbinə təqdim edilmək üçün verilən arayış-çağırışın surətindən görünür ki, filologiya” fakültəsi qiyabi şöbənin İİ kurs tələbəsi İddiaçı qış imtahan sessiyasında iştirak etmək, imtahan və yoxlamaları vermək üçün xx.xx.2016 tarixindən xx.xx.2016 tarixinədək ödənişli məzuniyyət verilməsi xahiş edilmişdir; - İmtahan sessiyasında iştirak etmək haqqında arayışın surətindən görünür ki, Abşeron rayonunun Saray qəsəbəsi 1 saylı orta məktəbində işləyən, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “filologiya” fakültəsi qiyabi şöbənin İİİ kurs tələbəsi İddiaçı xx.xx.2017-ci il tarixindən ödənişli məzuniyyətə çıxmışdır. Tələbə İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək imtahan sessiyasında iştirak etmişdir; - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən Abşeron rayonunun Saray qəsəbəsi 1 saylı orta məktəbinə təqdim edilmək üçün verilən arayış-çağırışın surətindən görünür ki, filologiya” fakültəsi qiyabi şöbənin İİİ kurs tələbəsi İddiaçı 2016/2017 tədris ilinin qış imtahan sessiyasında iştirak etmək, imtahan və yoxlamaları vermək üçün 05 yanvar 2017 tarixindən 05 fevral 2017 tarixinədək ödənişli məzuniyyət verilməsi xahiş edilmişdir; - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən Abşeron rayonunun Saray qəsəbəsi 1 saylı orta məktəbinə təqdim edilmək üçün verilən arayış-çağırışın surətindən görünür ki, filologiya” fakültəsi qiyabi şöbənin İİ kurs tələbəsi İddiaçı yay imtahan sessiyasında iştirak etmək, imtahan və yoxlamaları vermək üçün xx.xx.2016 tarixindən xx.xx.2016 tarixinədək ödənişli məzuniyyət verilməsi xahiş edilmişdir; - İmtahan sessiyasında iştirak etmək haqqında arayışın surətindən görünür ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “filologiya” fakültəsi qiyabi şöbənin İİ kurs tələbəsi İddiaçı xx.xx.2016 tarixindən xx.xx.2016 ilədək yay imtahan sessiyasında iştirak etmişdir; - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən Abşeron rayonunun Saray qəsəbəsi 1 saylı orta məktəbinə təqdim edilmək üçün verilən arayış-çağırışın surətindən görünür ki, filologiya” fakültəsi qiyabi şöbənin İİİ kurs tələbəsi İddiaçı 2016/2017 tədris ilinin yay imtahan sessiyasında iştirak etmək, imtahan və yoxlamaları vermək üçün 05 iyun 2017 tarixindən 05 iyul 2017 tarixinədək ödənişli məzuniyyət verilməsi xahiş edilmişdir; - İmtahan sessiyasında iştirak etmək haqqında arayışın surətindən görünür ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “filologiya” fakültəsi qiyabi şöbənin İİİ kurs tələbəsi İddiaçı 05 iyun 2017 tarixindən 05 iyul 2017 ilədək yay imtahan sessiyasında iştirak etmişdir; - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin İİ kurs tələbəsi İddiaçı verilən arayışın surətindən görünür ki, onun İİ kursdan 1000 (bir min) manat təhsil haqqı ödənilmişdir; - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin İİ kurs tələbəsi İddiaçı verilən arayışın surətindən görünür ki, onun İİ kursdan 500 (beş yüz) manat təhsil haqqı ödənilmişdir; - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin İİİ kurs tələbəsi İddiaçı verilən arayışın surətindən görünür ki, onun İİİ kursdan 1400 (bir min dörd yüz) manat təhsil haqqı 04 iyul 2017-ci il tarixində ödənilmişdir; - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin İİİ kurs tələbəsi İddiaçı verilən arayışın surətindən görünür ki, onun İİİ kursdan 900 (doqquz yüz) manat təhsil haqqı 27 yanvar 2017-ci il tarixində ödənilmişdir; - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin İİİ kurs tələbəsi İddiaçı verilən arayışın surətindən görünür ki, onun İİİ kursdan 500 (beş yüz) manat təhsil haqqı 26 yanvar 2017ci il tarixində ödənilmişdir; - "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin bank hesabına 1400 manat təhsil haqqı ödənilmişdir; - "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin bank hesabına 1400 manat təhsil haqqı ödənilmişdir; - "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin bank hesabına 1400 manat təhsil haqqı ödənilmişdir; - "xxxx" ASC-nin hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin bank hesabına xx.xx.2019 - xx.xx.2019 tarix aralığında 1400 manat ödənilmişdir; - "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin bank hesabına 1400 manat təhsil haqqı ödənilmişdir; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 22 may 2023-cü il tarixli məktubundan görünür ki, X9 tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qəbul olunmuş tələbələrin siyahısında adı aşkar edilməmişdir; Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində 2014-2018-ci il tarix aralığında “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili almış, hər il təhsil haqqı olaraq 1400 manat məbləğində pulu cavabdehə ödəmiş, təhsilini bitirməsinə baxmayaraq, diplom ala bilməmişdir. İddiaçı, cavabdeh ali təhsil müəssisəsi tərəfindən onun orada təhsil aldığı görüntüsü yaradılaraq aldadıldığını, buna görə də təhsil üçün ödədiyi pul vəsaitlərinin ondan əsassız olaraq qəbul edildiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə işin müəyyən olunmuş hallarını qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinin əvvəlki redaksiyasında göstərilirdi ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.2-ci maddəsinin əvvəlki redaksiyasında göstərilirdi ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - TQDK) müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 40.4-cü maddəsinə görə, özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. İddiaçı cavabdeh ali təhsil müəssisəsinə köçürüldüyü tarixdə, 2014-cü ildə ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 16 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu” Qaydaları qüvvədə olmuş, abituriyentlərin ali təhsil müəssisələrinə qəbulu məhz həmin qaydalar əsasında aparılmışdır. Bununla belə, iddiaçının TQDK-nın təşkil etdiyi Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş olduğu müəyyən edilmir. İşin qeyd edilən halı Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı məktubla da öz təsbitini tapır. Belə ki, həmin məktubda X9 tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qəbul olunmuş tələbələrin siyahısında iddiaçının adının olmadığı göstərilmişdir. Məktubda həmçinin mövcud elektron məlumat sistemlərində də iddiaçının adının aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, tələbələrin bir tədris müəssisəsindən digərinə köçürülməsi Təhsil Nazirliyinin 402 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamə ilə tənzimlənmişdir. Belə ki, həmin əsasnamədə istər Respublika daxilində, istərsə də xarici ölkələrdən tələbələrin köçürülməsinin onun köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirildiyi nəzərdə tutulmuşdur. Bununla belə müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2001-ci il tarixli 96 saylı əmri ilə bütün təhsil ali təhsil müəssisələrində tələblərin bir ixtisasdan və ya bir tədris müəssisəsindən digərinə köçürülmələri müvəqqəti olaraq dayandırılmış, nazirliyin xx.xx.2002-ci il tarixli 80 saylı əmri ilə isə xx.xx.2001-ci il tarixli 96 saylı əmrdə dəyişiklik edilməklə köçürülmələrin bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Yuxarıda göstərildiyi kimi, iddiaçının universitet rektorunun əmri (başqa sözlə razılığı) ilə cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasının qiyabi şöbəsinə köçürüldüyü mübahisə mövzusu deyildir. Lakin həmin köçürülmə həyata keçirilən zaman buna dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığının alındığı müəyyən edilmir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada cavabdeh ali təhsil müəssisəsinə qəbul olunmamış və ya köçürülməmişdir. Başqa sözlə, iddiaçı ilə cavabdeh ali təhsil müəssisəsi arasında qanuna uyğun qaydada təhsilalan-təhsilverən münasibətləri yaranmamışdır. Bütün bunlar isə, iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşdığını göstərir. Belə ki, məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında həqiqətdə təhsilalan-təhsilverən münasibətləri yaranmamış və beləliklə, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə edərək, əsassız olaraq varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış münasibətlərə əsassız varlanmaya dair münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, cavabdeh iddiaçını qanunvericiliyə zidd qaydada təhsil müəssisəsinə keçirmiş və onunla bağlanmış təhsil müqaviləsinin yekun nəticəsini, yəni diplom almasını öz təqsiri səbəbindən təmin edə bilməmişdir. Təhsil müqaviləsi qanunvericiliyin tələblərinə zidd qaydada bağlandığından, yəni cavabdehin tələbəni Nazirliyin razılığı alınmadan köçürmək hüququ olmadığından tərəflər arasında bağlanmış müqavilə qanuna uyğun qaydada bağlanmış müqavilə kimi nəzərdən keçirilə bilməz. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı pul vəsaitinin məbləğinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdeh ali təhsil müəssisəsinə 2014-2019-cu il aralığında 11200 manat ödədiyini iddia etməkdədir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı İİ kursdan etibarən cavabdeh ali təhsil müəssisəsinə köçürülməklə orada 4 il təhsil almış, hər il təhsil haqqı olaraq 2800 manat məbləğində pulu universitetə ödəmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi xx.xx.2017-ci il tarixli (1400 manat), xx.xx.2018-ci il tarixli (1400 manat), xx.xx.2019-cu il tarixli (1400 manat), xx.xx.2019 - xx.xx.2019 tarix aralığında (1400 manat), xx.xx.2019-cu il tarixli (1400 manat) ödəniş qəbzlərindən görünür ki, cavabdehə müxtəlif vaxtlarda cəmi 11200 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu halları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetindən İddiaçı xeyrinə cəmi 11200 manat məbləğində pul ödənilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə 10000 manat tutulması” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MülkiMəcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının sağlamlığına fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 10000 manatın iddiaçı xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetindən mənəvi ziyana görə 200 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Məhkəmə, cavabdehlərin əməllərində ciddi qanun pozuntuları olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi üçün cavabdeh barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Qeyd olunmalıdır ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetindən 11200 manat, mənəvi ziyana görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 153.60 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetindən 11200 (on bir min iki yüz manat) manat pul, mənəvi ziyana görə 200 (iki yüz) manat və 153.60 (yüz əlli üç manat, altmış qəpik) manat dövlət rüsumu İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar