Məhkəmə qərarları › İş №2(005)-4368/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4368/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4368/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Üçüncü şəxs "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra şöbəsi və "Bank VTB (Azərbaycan)" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiymətləndirici təşkilat Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, ona təqdim edilməmiş, görmədiyi Əmlakın hərracda satılması ilə bağlı tərtib edilmiş hərrac nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "Bank VTB (Azərbaycan)" ASC cavabdeh keçmiş həyat yoldaşı X7 qarşı "kommersiya krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi" barədə iddia ərizəsi ilə Kəlbəcər rayon məhkəməsinə müraciət etmişdir. Kəlbəcər Rayon Məhkəməsi 2(040)-1025/2016 saylı, 13 oktyabr 2016-cı il tarixli qətnamə çıxararaq iddianı təmin etmiş və keçmiş həyat yoldaşı X3 21 iyun 2014-cü il tarixli, 126989-1-11391 nömrəli "Baş kredit razılaşması"-na əsasən 76.382,41 ABŞ (yetmiş altı min üç yüz səksən iki ABŞ dolları-41 sent) əsas, 18.204,29 ABŞ (on səkkiz min iki yüz dörd ABŞ dolları-29 sent) faiz, 3078, 50 (üç min yetmiş səkkiz ABŞ dolları-50 sent) cərimə, cəmi 97.665,20 (doxsan yeddi min altı yüz altmış beş ABŞ dolları - 20 sent) dollar məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və xidmət haqqının alınması, həmçinin ipotekaya qoyulmuş keçmiş həyat yoldaşım X7 məxsus Abşeron Rayon Masazır kəndi, S.Ə.Şirvani küçəsi, ev 4-də yerləşən 143,6 kv.m ümumi, 69,0 kv.m yaşayış, 74,6 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilmişdir. "Əmlak bazarı İştirakçıları" İctimai birliyi tərəfindən verilmiş 09 sentyabr 2016-cı il tarixli, 291/09-16/6-06V saylı ekspert rəyindən görünür ki, xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Abşeron rayon, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, ev 4-də yerləşən 143,6 kv.m ümumi, 69,0 kv.m yaşayış , 74,6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin orta bazar qiyməti 120.000 (yüz iyirmi min) manat müəyyən edilmişdir. Keçmiş həyat yoldaşı X6 adına olan, birgə nikah dövründə əldə etdikləri və hazırda yaşadığı evə dair qiymətləndirilmə aparılarkən sadəcə qiymətləndirmə həyətyanı sahədə tikilmiş tikintini nəzərə almış və həyətyanı torpaq sahəsinin qiymətləndirməsini nədənsə nəzərə almamışdır. Belə olan halda qiymətləndirmə tərəfindən verilmiş rəy şəxsən iddiaçını qane etmir və qiymətləndirmə əmlakı qiymətləndirərkən qanunun tələblərini pozduğundan Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ləğv edilməlidir. Hazırkı vəziyyətdə yenidən ekspertiza təyin edilərək real bazar qiyməti müəyyənləşdirilməsini zəruri sayır. Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 09 sentyabr 2016-cı il tarixli, 291/09-16/E-06V nömrəli protokolu qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İcra məmuru tərəfindən ona şifahi olaraq bildirildiyinə görə hər iki hərrac keçirilmiş heç bir alıcı olmamışdır və ən son keçirilən hərracda ev 75.000 (yetmiş beş min) və ya 75.500 (yetmiş üç min beş yüz) manata 25% aşağı qiymətlə ipoteka saxlayana satmışdır. Hərrac təşkilatı mövcud bütün qanunvericilikləri pozaraq əmlakın satış qiymətindən aşağı qiymətə ipoteka saxlayana satmışdır. Hərracı təşkilatı tərəfindən həyata keçirilmiş fəaliyyət ona qarşı qərəzli edilmişdir. Bu əməl iddiaçının əmlakının ucuz qiymətə özgəninkiləşdirmək və özününküləşdirmək üçün əvvəlcədən əlbir olaraq törədilmiş cinayətdir. "Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi"-nin hərəkətləri tamamilə qanunsuzdur və hərracın nəticələri ləğv edilməlidir. 29 iyul 2006-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 249145 saylı Nikah şəhadətnaməsi Kəlbəcər rayon məhkəməsinin 2(044)-343/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi əsasında rəsmi olaraq ləğv edilmişdir. Birgə nikahdan 23 mart 2003-cü il təvəllüdlü X15, 17 iyun 2005-ci il təvəllüdlü X10 və 17 sentyabr 2006-ci il təvəllüdlü X12 olmaqla üç azyaşlı uşağı tək başına iddiaçının yanında qoyaraq getmişdir. Bundan sonra iddiaçı X8 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi'’ tərəfindən keçirilən açıq hərracın nəticələrinin etibarsız hesab edilməsi, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin üzərinə ünvan 1 ünvanda yerləşən mənzilin ilkin qiyməti 380000 manat məbləğdə hərraca çıxarılması öhdəliyin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə öz təşəbbüsü ilə Abşeron rayon İcra şöbəsi və "Bank VTB (Azərbaycan)" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və iddia ərizəsinə əlavənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X13 yazılı izahat və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, bildirmişdir ki, iddia tələbinin əsası iddiaçının ipoteka predmetinə qoyulmuş qiyməti ilə razılaşmamasından ibarətdir. Kəlbəcər rayon Məhkəməsinin 13.10.2016-cı il tarixli 2(040)-1025/2016 saylı qətnaməsi üzrə tutma Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, ev 4-də yerləşən 143.6 kv.m ümumi, 69.0 kv.m yaşayış, 74.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilmişdir. Həmçinin qətnamədə əmlakın ilkin satış qiyməti 120000 manat müəyyən edilməklə hərracdan satılması qət edilib. Göründüyü kimi iddiaçının arqumenti məhkəmə qətnaməsinin özü ilə təkzib olunur və üstəlik ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan mübahisə predmeti ola bilməz. Ona görə də yenidən ekspertiza təyin edilərək əmlakın real bazar qiymətinin müəyyən edilməsi yolverilməzdir. Bundan başqa iddiaçının hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair onu qeyd edir ki, sonuncunun iddia ərizəsində göstərdiyi ünvan, yəni ünvan 2 hərrac bildirişləri də (2016 və 2017-ci illərdə) həmin ünvana göndərilmişdir ki, bununla da iddiaçı əmlakın qiymətləndirməsini mübahisələndirmək hüququ olmuşdur. Həmçinin iddiaçının bu tələbinə dair o hal nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanılmış müqavilə ləğv edildiyi halda belə, hərracın yekunları üzrə alqı-satqı müqaviləsi öz hüquqi qüvvəsini saxlamış olur və ondan irəli gələn nəticələri aradan qaldırmır. Digər tərəfdən onu qeyd edək ki, mübahisəli əmlakın tam mülkiyyətçisi X9r. Bu isə o deməkdir ki, iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququ yaranmamış və iddianın predmeti baxımından mübahisələndirmək hüququ mülkiyyətçiyə aiddir. O cümlədən, məhkəmə aktları ilə hərrac sənədləri iddiaçının iddia ərizəsində göstərdiyi ünvana göndərildiyindən eləcə də, iddiaçının mübahisələndirdiyi müqavilə 2017-ci ildə bağlanıldığı üçün sonuncu ağlabatan müddətdə məhkəməyə müraciət etmədiyinə görə o, iddia müddətini ötürmüşdür. Bundan başqa onu da qeyd edək ki, Bank hərracın təşkilatçısı olmadığından hərracın keçirilməsini həyata keçirmir və vicdanlı satınalan şəxs olaraq, iddiaçının hansı hüququnu pozub ki, hərrac mərkəzi ilə onun arasında bağlanmış müqavilə ləğv olunsun. Belə bir əsas olmadığı üçün tələbin təmin edilməsinə rəvac verə biləcək əsas da mövcud deyil. İddiaçının tələbinin rədd edilməsinin digər əsası da odur ki, qanunvericiliyə əsasən Bank sözügedən əmlaka dair çıxarış aldığı üçün vicdanlı əldə edən hesab olunur və qanunverici vicdanlı əldə edənin hüquqlarını subyektiv hüququ olmayan şəxslərin əsassız iddia tələblərindən müdafiə edir. Qanuni qüvvəsini almış, yəni Kəlbəcər rayon Məhkəməsinin 13.10.2016-cı il tarixli qətnaməsi üzrə hərracın keçiriləcəyini iddiaçı bilirdi və məhkəmə aktları ilə hərrac sənədləri iddiaçının iddia ərizəsində göstərdiyi ünvana göndərildiyindən eləcə də, iddiaçının mübahisələndirdiyi müqavilə 2017-ci ildə bağlanıldığından hazırda irəli sürülən tələb tərəfə məlum olduğuna görə onun məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmuş, lakin bunun ilə bağlı iddia tələbi uzun müddət keçdikdən sonra irəli sürülmüşdür. İddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. İddianın iddia müddətinin tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs Abşeron rayon İcra şöbəsinə məlumat verilməsinə baxmayaraq bu qurumlar heç bir səbəb təqdim etmədən nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kəlbəcər Rayon məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(040)-1025/2016 saylı qətnaməsinin surətinə əsasən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər X14 və X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası təmin edilərək, 24 iyun 2014-cü il tarixli krediti müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 76.382,41 ABŞ dolları, faiz borcuna görə 18 204,29 ABŞ dolları, hesablanmış cəriməyə görə 3.078,50 ABŞ dolları, cəmi 97.665,20 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın cavabdeh Vüqar Nəcəfovun mülkiyyətində olan, ilkin satış qiyməti 120.000 manat müəyyən edilmiş Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, 4 saylı evin, 3 otaqlı, ümumi sahəsi 143,6 kv.metr, yaşayış sahəsi 69,0 kv.metr, yardımçı sahəsi 74,6 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və cavabdeh Vüqar Nəcəfovun ailə üzvləri ilə birlikdə evdən istifadə hüquqlarının itirilmiş hesab edilməklə, həmin evin məcburi qaydada boşaldılması qət edilmişdir; Hərracın yekunları barədə 17.07.2017-ci il tarixli, 43/08 nömrəli protokolunun surətinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1025/2016 saylı, 13.10.2016-cı il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra Şöbəsinin 17/75-11-3 saylı, 29.03.2017-ci il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasan ilkin hərrac qiyməti 120.000 (bir yüz iyirmi min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 102.000 (bir yüz iki min) manat olan X7 məxsus Abşeron rayonu, Masazır kəndi, S.Ə.Sirvani küçəsində ev 4-də yerləşən 143,6 kv.m ümumi, 69,0 kv.m yaşayış 74,6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 76.500,0 manata ipoteka saxlayan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X17 əldə etmişdir; Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 23.06.2017-ci tarixli, 01/2233 nömrəli məktubun surətinə əsasən ipoteka ilə yüklənmiş Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küç, ev 4-də yerləşən fərdi yaşayışevinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərracların baş tutmaması, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin 23 iyun 2017-ci il tarixli nömrəsində elan dərc edilməsi barədə Abşeron rayon İcra şöbəsinə və "Bank VTB (Azərbaycan)" ASC-yə və məlumat üçün X7 və X4 məlumat verilmişdir; Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2018-ci il tarixli, 2(104)- 258/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Kəlbəcər Rayon məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 24 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 76.289,50 ABŞ dolları, faiz borcuna görə 17.758,56 ABŞ dolları, hesablanmış cəriməyə görə 3.078,50 ABŞ dolları, cəmi 97.126,56 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdeh Vüqar Nəcəfovun mülkiyyətində olan Abşeron rayonu, Masazir kəndi, S.Ə.Şirvani küçəsi, 4 saylı evin, 3 otaqlı, ümumi sahəsi 143,6 kv.metr, yaşayış sahəsi 69,0 kv.metr, yardımçı sahəsi 74,6 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi, evin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsi və evin açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və qalan hissədə İddia ərizəsinin rədd edilməsi qət olunmuşdur; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.12.2018-ci il tarixli, 2(102)-8400/2108 saylı qərarının surətinə əsasən cavabdehlər X14 və vəkili İsmayılov Mübariz İslam oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2018-ci il tarixli, 2(104)-258/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon İcra şöbəsinin "xxxx" MMCyə, məlumat üçün isə "Bank VTB (Azərbaycan)" ASC-yə, X7 və X4 ünvanladığı 17/75№11-3 saylı, 29.03.2017-ci il tarixli “Hərracın keçirilməsi haqqında” sifarişin surətində “05 dekabr 2016-cı il tarixli qərarla icraata başladığım Kəlbəcər rayon məhkəməsinin 2(040)-1025/2016 saylı, 13 oktyabr 2016-cı il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə iş üzrə borclu X7 məxsus ünvan 3 ünvanında yerləşən 143.6 kv.m ümumi, 69,0 kv.m yaşayış, 74,6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsini Sizdən xahiş edirik Qeyd: İcra sənədinə əsasən göstərilən fərdi yaşayış evinin ilkin bazar qiyməti 120000.0 (bir yüz iyirmi min) manat təşkil edir.” göstərilmişdir; Abşeron rayon İcra şöbəsinin 05.12.2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərarın surətinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1025 saylı, 13.10.2016-cı il tarixli icra sənədinə əsasən, iddia tələbi təmin edilməli, 24 iyun 2014-cü il tarixli 126989-1-11391/1 saylı Kommersiya krediti müqaviləsi üzrə cavabdehlər X14 və X2 birgə qaydada 76382,41 ABŞ dolları əsas borc, 18204,29 ABŞ dolları faiz, 3078,50 ABŞ dollar cərimə, cəmi 97665.20 ABŞ dolları borc qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq ödənilməklə və 30 manat dövlət rüsumu, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və xidmət haqq, alınaraq, iddiaçı “Bank VTB Azərbaycan" ASC-nin xeyrinə verilməli, tələb, əmlakın ilkin satış qiyməti 120000,0 manat müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, ev 4-də yerləşən 143,6 kv.m yaşayış, 74,6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə borc "xxxx" ASC-yə ödənilməsi, cavabdeh X11 məxsus olan Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, ev 4-də yerləşən 143,6 kv.m yaşayış, 74,6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə dair istifadə hüquqları itirilmiş hesab edilməsi və həmin fərdi yaşayış evi məcburi qaydada boşaldılması qərara alınmışdır; 23.08.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxs "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır; 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kəlbəcər Rayon məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(040)-1025/2016 saylı Qətnaməsinə uyğun olaraq tərtib edilmiş icra vərəqəsinə əsasən X7 məxsus Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, 4 saylı evin, 3 otaqlı, ümumi sahəsi 143,6 kv.metr, yaşayış sahəsi 69,0 kv.metr, yardımçı sahəsi 74,6 kv.metr olan fərdi yaşayış evi 120.000 manat məbləğində qiymətləndirilərək hərraca çıxarılmışdır. İddiaçı əmlakın müəyyən edilmiş 120.000 manat məbləğində qiymətini həddindən artıq aşağı qiymət olduğunu iddia edir və bu əsasla “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilmiş 09 sentyabr 2016-cı il tarixli 291/09-16/E-06V saylı əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”nin və hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı əmlaklara qoyulmuş qiymətin məbləğindən narazıdır. Başqa sözlə, qiymətləndirmənin formal olaraq keçirildiyini və dəyərinin aşağı qiymətlə qiymətləndirildiyini qeyd edir və hesabatın etibarsız hesab edilməsini tələb edir. Bununla belə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Kəlbəcər Rayon məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(040)-1025/2016 saylı qanuni qüvvəsini almış Qətnaməsi ilə X7 məxsus Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, 4 saylı evin, 3 otaqlı, ümumi sahəsi 143,6 kv.metr, yaşayış sahəsi 69,0 kv.metr, yardımçı sahəsi 74,6 kv.metr olan fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 120.000 manat məbləğində müəyyən edilmişdir. Bu da öz növbəsində qeyd edilən halın preyudisial əhəmiyyət daşıdığını dəlalət edir və bu səbəbdən hazırki mülki iş üzrə icraat çərçivəsində yenidən araşdırıla və mübahisə edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-sü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd edir ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin hansı tələblərinin pozulduğunu bildirmir, hərracın nəticələrinin etibarsız hesab edilməli olmasını əmlakın dəyərindən aşağı qiymətlə qiymətləndirilib hərraca çıxarılması ilə əlaqələndirir. İş materiallarından görünür ki, Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 23.06.2017-ci tarixli, 01/2233 nömrəli məktubun surətinə əsasən ipoteka ilə yüklənmiş Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küç, ev 4-də yerləşən fərdi yaşayış-evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərracların baş tutmaması, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin 23 iyun 2017-ci il tarixli nömrəsində elan dərc edilməsi barədə Abşeron rayon İcra şöbəsinə və "Bank VTB (Azərbaycan)" ASC-yə və məlumat üçün X7 və X4 məlumat verilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 76500,0 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43,8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, iddiaçı Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küç, ev 4-də yerləşən fərdi yaşayış-evi ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, hazırda mübahisələndirilən hərrac artıq başa çatmış, əmlakın mülkiyyətçisi hazırda "Bank VTB (Azərbaycan)" ASC-dir. İddiaçı isə Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küç, ev 4-də yerləşən fərdi yaşayış-evinin keçmiş mülkiyyətçisi deyil, evin mülkiyyətçisi X6 arvadıdır. Belə olan halda, məhkəmə onu da qeyd edir ki, iddiaçı olaraq İddiaçı hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, bu isə o deməkdir ki, iddiaçının hərracın nəticələrinin etibarsızlığı ilə bağlı tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra şöbəsi və "Bank VTB (Azərbaycan)" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra şöbəsi və "Bank VTB (Azərbaycan)" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar