Məhkəmə qərarları › İş №2(005)-438/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-438/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-438/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı Cavabdeh “Pro Service“ Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə Vahid oğlunun iştirakları ilə, İddiaçı cavabdeh “Pro Service “Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmei barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh “Pro Service “Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən İddiaçı vurulmuş 2700 (iki min yeddi yüz) manat məbləğində maddi, 3000 (üç min) manat məbləğində mənəvi ziyanın və ödədiyi 77 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı «Hyundai Sonata» markalı ** DT *** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobil texniki cəhətdən saz vəziyyətdədir. Lakin avtomobilin arxa sol qanadda xırda çürüntü yeri var idi. Eyni zamanda avtomobilin qabaq sağ və arxa sol qapılarının rəngi avtomobilin digər yerlərindən seçilirdi. Ona görə də avtomobilin yan hissələrini (lodka) rənglətdirmək istəyib. Bu məqsədlə xx.xx.2024-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Cavabdeh MMC-yə müraciət edib. Həmin gün şirkətdə iddiaçı ilə şirkətin məsul işçisi Cavid Qasımov arasında B4961 №-li təhvil-təslim aktı tərtib edilib imzalanmışdır. Həmin akta əsasən iddiaçı bütün təmir işlərinin görülməsinə görə şirkətə 2700 manat məbləğində pul ödəyib. Təmir işlərini şirkətin ustası İsmayıl Babayev icra etmişdir. Təhvil-təslim aktına əsasən təmir işlərinin keyfiyyətinə 3 il zəmanət verilmişdir. 03 iyun 2024-cü il tarixdə avtomobilin təmir işlərini qurtarıb ona təhvil vermişlər. Yəni avtomobilin çürük yeri təmir edilmiş və avtomobilin banından başqa yan hissələri (lodka) rənglənmişdir.İlk baxışda avtomobil yaxşı görünsədə, bir neçə gündən sonra avtomobilin bəzi yerlərində qüsurlar olduğunu aşkar etmişdir. Yəni avtomobilin yeni rənglənmiş yan hissələrində, kapotda, və qapılarda rəngin üzərində az sezilən zolaqlar əmələ gəlmişdir. Eyni zamanda qapılan içəri tərəfdən çərçivələri də rənglənməmişdir.Bildirir ki, Cavabdeh MMC avtomobilini keyfiyyətsiz və nöqsanla təmir etmişdir. Ona görə də o bir neçə dəfə cəmiyyətin rəhbərliyinə, o cümlədən Cavid Qasümova müraciət edərək ya avtomobilində olan nöqsanları aradan qaldırıb yenidən rəngləyərək ona təhvil vermələrini, ya da onlara ödədiyi 2700 marat pulu qaytarmalarını xahiş etmişdir. Lakin cəmiyyətin rəhbərliyi avtomobili təmir edən usta İsmayl Babayevi işdən çıxarmalarını bəhanə edərək avtomobilin nöqsanlarını aradan qaldınb yenidən təmir etməkdən, yəni rəngləməkdən imtina edirlər və ödədiyi pulu da geri qaytarmırlar. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı bildirir ki,Cavabdeh MMC ona məxsus «Hyundai Sonata» markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobili keyfiyyətsiz və qüsurlu təmir etdiyinə görə, eyni zamanda uzun müddətdir ki, onu get-gələ saldıqlarına görə o, mənəvi istirab çəkir. Cavabdeh MMC-nin ona vurduğu mənəvi zərəri 3000 (üç min) manat məbləğində qiymətləndirir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Pro Service“ Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə Vahid oğlu izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki Cavabdeh MMC ümumiyyətlə avtomobillərə təmir xidmətləri göstərməklə məşğul deyil. İddiaçının özünün təqdim etdiyi sənədlərdəki möhürlərdən görünür ki, onlar cavabdehə məxsus deyil. Əsl cavabdehin “Pro Service“ ilə əlaqəsi yoxdur, hüquqi ünvanlarının fərqlidir, lakin iddiaçı israrla cavabdehi əsl cavabdehlə əvəz etmək istəmir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Mülki işin materialları - B4961 nömrəli xx.xx.2024-cü il tarixli “Pro Service“ Premium Autocare və İddiaçı arasında bağlanan təhvil-təslim aktından görünür ki, iddiaçı Abbasov X1 markalı, NF Sonata çodelli, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bütün təmir işlərinin görülməsinə görə 2700 manat məbləğində pul ödəyib. Avtomobilin tqəbul tarixi xx.xx.2024-, təhvil tarixi xx.xx.2024-dür. Təhvil təslim aktına "xxxx" MMC-nin adı əks olunan möhür vurulmuşdur. - B4961 №-li sifariş naryaddan görünür ki, avtmobildə müxtəlif işlər, o cümlədən rəngsaz işi ümumi avto, rəgsaz işləri tarsovka, rəngsaz işi disk və s. həyata keçirilmişdir. - xx.xx.2024-cü il tarixli 8897nkADJb/24 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx"ASC-dən 3000 min manat məbləğində aylıq ödəniş 147 manat olmaqla illik 16% 23 ay müddətinə kredit götürmüşdür. - “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı AZ1069, ünvan 2 məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin (VÖEN **********) hüquqi ünvanı AZ1108, ünvan 3 işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin): 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - Törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - Ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı tərəfindən iddiaçıya məxsus «Hyundai Sonata» markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobili təmiri üçün 2700 manat ödəmişdir. İddiaçı avtomobilinin Cavabdeh MMC-də təmir etdirildiyini bildirsə də, bunu təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi təhvil təslim aktı və sifariş naryad Cavid Qasımov adlı şəxs tərəfindən imzalanmış və həmin sənədlərə "xxxx" MMCnin möhürü vurulmuşdur. Məhkəmə hesab edir ki, sənədlərin blankında “Pro Service Premium Autocare” yazısının olması iddiaçıya cavabdeh tərəfindən hər hansı xidmətlərin göstərildiyini və bunun nəticəsində ona maddi ziyan vurulduğunu göstərmir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh düzgün seçilməmişdi, hazırlıq iclaslarında məhkəmə iclasına sədrlik edən hakim tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilsə də, iddiaçı cavabdehi əvəz etməmişdir. Mülki işin materiallarında olan təhvil-təslim aktının üzərində olan möhürdə "xxxx"MMC-nin möhürü vurulmuşdur.İddiaçı cavabdeh olaraq isə “Pro Service “MMC-ni qeyd etmişdir. Məhkəmə hesab edir ki, bu əsasla, cavabdeh iddiaçının tələblərini təmin etməməkdə haqlı olmuşdur. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Belə olan təqdirdə aydın olur ki, iddiaçı hazırki iddianı subyektiv cavabdehlik daşımayan şəxsə qarşı qaldırmışdır, bu səbəbdən də onun iddiası təmin edilə bilməz. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Pro Service “Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddiaçının əsas tələbi təmin edilmədiyindən mənəvi zərərin tutulması barədə tələbi də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin təmin edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh “Pro Service “Məhdud Məsuliyyətli Cəmiyyəti”nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar