Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4397/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atasına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mənzil plana düşdüyündən tikinti şirkəti tərəfindən 2011-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 1956-1989, Ə.Əliyev küçəsi, ev 26, 343 saylı mənzil əvəzləşdirmə qaydasında mülkiyyətinə verilmişdir. Bu barədə AR ƏMDK DƏDRX tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı № ******* saylı çıxarış verilmişdir. Daşınmaz əmlak üzərində tam hüququ dövlət reyestrində 1529 nömrəli reyestr kitabının 136980 nömrəli vərəqində xx.xx.2011-ei il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh tanışıdır və Bakı şəhərində işi ilə əlaqədar qeydiyyat lazım olduğundan razılığı ilə ona məxsus mənzilə qeydiyyata düşmüş və bir neçə aydan sonra qeydiyyatdan çıxacağını bildirmişdir. Buna baxmayaraq onunla birlikdə heç vaxt mənzildə yaşamamış və birgə təsərrüfat idarə etməmişdir. Bunu binanın komendantı da təsdiq edə bilər. Cavabdehin harda yaşaması barədə heç bir məlumatı yoxdur. Bundan başqa cavabdehin onun mənzilində qeydiyyatda olması ona bir sıra problemlər yaradır. Belə ki, mənzildə 2011-ci ildən ümumiyyətlə yaşamamasına baxmayaraq, hazırkı günə qədər cavabdehin əvəzinə kommunal xərcləri ödəməli olmuşdur. Bundan başqa cavabdehin mənzildə qeydiyyatda olması mülkiyyətçi hüquqlarına maneələr yaratmışdır. Belə ki, yaşadığı mənzil üzərində sərəncam verə bilmir, bütün hərəkətlərə onların da yazılı «icazəsi» ərizəsi tələb olunur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsində qeyd edilənlərdən göründüyü kimi, cavabdeh iddiaçının razılığı ilə həmin evə qeydiyyata düşdüyündən, iddiaçıya məxsus evdə faktiki yaşamadığından, onun yaşayış sahəsindən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və həmin evdə yaşamalarına əsas verən, iddiaçı ilə yaxın qohumluq münasibətləri (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşama hüququ) olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ yoxdur. Hazırkı iddia tələbinin əsasını cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması təşkil edir. Belə halda mənzilin mülkiyyətçisi olan iddiaçı cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə qanunvericiliyin tələblərinə uyğun olaraq məcburetmə haqqında iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı hallar sadalanmışdır. Konstitusiya Məhkəməsi Plenunumun müvafiq maddə ilə bağlı hüquqi mövqeyinə görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyətı üzrə səlahiyyətli olan inzibati orqana müraciət etmək hüququnun olduğu izah edilməlidir. Eləcə də iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin. İddiaçı iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, onun cavabdehin mənzildən qeydiyyatdan çıxarılması tələbi ilə bağlı müvafiq ərazi üzrə Polis İdarəsinə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (AR Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə, qəbzin nömrəsi: 9********) İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4397/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4397/2022
24.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver