Məhkəmə qərarları › İş №2(005)-44/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-44/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-44/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərərə görə 3.100 (üç min bir yüz) manat və mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində olmaqla, ümumilikdə 8.100 (səkkiz min bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh Mənzil-Tikinti Kooperativindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2017-ci il tarixdə onunla Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə, ünvan 1 ünvanındakı yaşayış kompleksinin 3-cü blokunun 18-ci mərtəbəsinin üzərində ayrılmış 54,7 kv.metrdən ibarət mansard sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin tarixli maliyyə arayışına əsasən mansard sahəsinin dəyəri onun tərəfindən tam ödənilmişdir və cavabdeh təşkilata heç bir borcu yoxdur. xx xxxxxx 2018-ci ildə gecə başlayan intensiv yağışlar nəticəsində yaşadığı mansard sahə yararsız vəziyyətə düşmüşdür. Belə ki, binanın dam örtüyünün keyfiyyətsiz və yararsız olması səbəbindən yağan yağışlar mansard sahəsinə keçmiş və nəticədə evi bütünlüklə su basmışdır. Həmin sular mənzilin qonaq və hamam otağına keçərək onu yararsız vəziyyətə salmışdır. O, əvvəlcə mənzilə usta çağıraraq dam örtüyünün keyfiyyətli olub-olmamasını yoxlanılmasını istəmişdir. Usta bildirdi ki, binanın damı keyfiyyətsiz materialdan hazırlanmışdır, şifer standartlara uyğun olmayan formada bərkidilib və nəticədə yağan yağışın suyu damın altına yığılıb mənzilin tavanını çürüdərək deşiklər açmışdır. Daha sonra mobil telefon vasitəsi ilə binanın komendantları - Mübariz və Bayram adlı şəxslərlə əlaqə saxlamışdır, onların hər ikisi də mənzilinə baxış keçirməkdən imtina etmişdilər və qeyd etmişdilər ki, şirkətin heç bir məsuliyyəti yoxdur. Qeyd edilməlidir ki, bir-neçə gün binanın mühasibi Hicran xanıma məxsus olan mənzilə də suyun axmasının qarşısını almaq üçün damda ustalar tərəfindən təmir işləri görülsə də, bu barədə ona heç bir məlumat verilməmiş və ustalardan nə baş verdiyini soruşarkən onunla qeyri-etik davranmışdılar. Hicran xanımla ustaların damda hansı işləri gördüklərini öyrənmək üçün əlaqə saxlaya bilməməyi ondan xəbər verir ki, binanın rəhbərliyi problem barədə xəbərdar olub və heç bir tədbir görməmişdir. Yağan yağışdan sonra mənzilinə su basması nəticəsində mansard sahəsinə zərər yetirilmişdir. Mənzilin divar kağızları, tavanı, parket döşəməsi və xalçaları su olmuş və çürümə ehtimalı artmışdır. Təəssüf ki, mənzili aldığı zaman bu cür hallardan sığortalanmaq üçün tədbirlərin görülməsi barədə qabaqcadan ona heç bir məlumat verilməmişdir. Cəlb etdiyi mütəxəssis isə problemin təkcə mənzilin üstündə olan şifer örtüyündən yox, bütünlüklə binanın damının keyfiyyətsiz olduğunu bildirmişdir. Hadisə günü o məsələ ilə bağlı həm də kooperativin sədri X5 ilə əlaqə saxlamışdır. X5 şəxsən ona şifahi formada problemin həlli ilə məşğul olacağını bildirmiş, yəni şirkət tərəfindən damin düzəldilməsi öhdəliyinin təmin edilməsi barədə razılığını bildirmişdir. Lakin bundan sonra onun dəfələrlə sonuncu ilə əlaqə yaratmağa cəhdləri baş tutmamış, yalnız yalan vədlərlə qarşılaşmışdır. Növbəti günlərdə kəsilmədən yağan yağışların nəticəsində evi daha da pis vəziyyətə düşmüşdür. 2018-ci ilin noyabrın 10-da o Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Bakı Şəhər İcra hakimiyyətinə, Cavabdeh Mənzil-Tikinti Kooperativi barədə müvafiq tədbirlərin görülməsi üçün şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin onun şikayəti araşdırılmadan qalmışdır. Növbəti yağışlardan və mənzilin daha da yararsız vəziyyətə düşəcəyindən ehtiyat edərək, eyni zamanda cavabdeh Mənzil-Tikinti Kooperativi onun şikayətinə məhəl qoymadığına görə qabaqlayıcı tədbirlər görməyə məcbur olmuşdur. Belə ki, mənzilin üstündəki dam örtüyü X2 və onun briqadası tərəfindən dəyişdirilmişdir. Bundan əlavə, yağan yağışlar evdə tavanı, divarları və yeri də yararsız vəziyyətə salmışdır. Onların düzəldilməsinə də 1.100 (bir min bir yüz) manat məbləğində vəsait xərcləmişdir (belə ki, divara emusiya vurulmuş, laminat düzəldilmiş və s.). Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Mənzil-Tikinti Kooperativinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı nümayəndəsi X1 izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh Mənzil-Tikinti Kooperativinin sədri X5-satıcı ilə İddiaçı-alıcı arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, satıcı ünvan 1 ünvanında tikdiyi yaşayış kompleksinin 3-cü blokunun 18-ci mərtəbəsinin üzərində ayrılmış 54,7 kv.metrdən ibarət mansard sahəsini alıcının mülkiyyətinə vermişdir (1.1-ci bənd); Cavabdeh Mənzil-Tikinti Kooperativinin xx xxxxxxx 2017-ci il tarixli 87 nömrəli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Həmin binanın 3-cü blokunun 18-ci mərtəbəsinin üzərində ayrılmış 54,7 kv.metrdən ibarət mansard sahəsinin dəyəri tam ödənilmişdir. Qeyd edilən mansard sahəsi üçün İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə heç bir borcu yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020ci il tarixli 10/514 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, 5/7 ünvanında inşa edilmiş yaşayış kompleksinin 3-cü blokunun 18-ci mərtəbəsi üzərində İddiaçı məxsus mansard sahəsinin üzərində digər tikililər olmadığını nəzərə alaraq, iddiaçı şəxsə məxsus mənzilə su axıdılması, binanın dam örtüyünün keyfiyyətsiz inşa edilməsi səbəbindən baş verdiyi müəyyən edilmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, 5/7 ünvanında inşa edilmiş yaşayış kompleksinin 3-cü blokunun 18-ci mərtəbəsi üzərində ayrılmış 54,7 kv.metrdən ibarət mansard sahəsinin təmiri üçün çəkilən xərclərin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3.647 (üç min altı yüz qırx yeddi) manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir; xx xxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tam, yəni maddi zərər hissəsində 3.100 (üç min bir yüz) manat hissədə təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Məhkəmə İddiaçı 5.000 (beş min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X8 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X8 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X8 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi kimi 3.100 (üç min bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutulub İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməsinə baxmayaraq, ödənilmiş dövlət rüsumu iddia ərizəsi üzrə tələb edilmədiyindən, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı şəxsin özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutulub dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 3.100 (üç min bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutulub İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar