Məhkəmə qərarları › İş №2(005)-440/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-440/2022

24.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-440/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yenidən təmir işlərinin aparılmasına görə 32750 manat, müqavilənin icrasının gecikdirildiyi günlər üçün cəmi 7364 manat, mebellərə görə ödənilmiş 13.000 manat, müqaviləyə görə əlavə olaraq ödənilmiş 6821 manat xidmət haqqı, mənəvi ziyana görə 13000 manat, cavabdeh şirkətin qanunsuz hərəkətlərinə görə məcbur qalaraq ödədiyi 3000 manat kirayə haqqının-ümumilikdə 75.935 manat məbləğində pulun və 318 manat məbləğində dövlət rüsumunun “Garant İnşaat N" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, təmir işlərinin aparılması ilə məşğul olan "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə podrat müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, bina 189A-da yerləşən 53 nömrəli ona məxsus mənzil təmir edilməli idi. Müqavilənin 3.1-ci bəndinə görə xidmətin dəyəri 42.819 (qırx iki min səkkiz yüz on doqquz) manat müəyyən edilmişdir. Həmçinin müqavilənin 5.2-ci bəndinə əsasən icra müddəti 5 ay nəzərdə tutulmuşdur. Yəni cavabdeh mənzili müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq ona xx.xx.2021-ci il tarixdə təhvil verməli olsa da, bu günədək mənzil ona tam təmirli şəkildə təhvil verilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 541 nömrəli rəyindən də göründüyü kimi, “Bakı şəhəri, Xətai rayonu, «8 noyabr prospekti 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olduğu müəyyən edilmişdir. Aşkar edilmiş qüsurların tikilinin konstruktiv elementlərinə zərər vurmadan bərpası mümkün deyildir. Bununçün sözügedən qüsurlar aşkar edilmiş elementlərin sökülərək yenisi ilə əvəz edilməsi və ya işlənməsi zəruri hesab edilir. Mənzildəki qüsurlu təmirquraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32.750 (təkrar təmir zamanı meydana çıxacaq əlavə işlər və yaranacaq nəqliyyat daşınması xərcləri məbləğə daxil deyil) manat pul vəsaiti tələb olunur. Qeyd: Bərpa zamanı söküntü prosesi malaaltında qalan isti döşəməyə, multi soyutma sisteminin borularına ziyan dəyib istifadəyə yararsız hala düşməsi mümkündür. “Aparılmış qüsur” işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün müəyyən etdiyimiz məbləğdə bu nəzərə alınmayıb”. Bundan başqa cavabdehlə aralarındakı razılaşmaya əsasən, onlar iddiaçıya məxsus mənzilə hall üçün 3000 manat dəyərində 2 ədəd şkaf, yataq otağı üçün 350 manat dəyərində çarpayı başlığı, 2250 manat dəyərində qarderob, 500 manat dəyərində termo-güzgü, uşaq otağı üçün 1500 manat dəyərində şkaf, 400 manat dəyərində yazı masası, qonaq otağı üçün 1750 manat dəyərində divan, 600 manat dəyərində masa, 900 manat dəyərində 6 ədəd stul, 1100 manat dəyərində TV stend, mətbəx üçün 3750 manat dəyərində mətbəx mebeli, 1200 manat dəyərində bar, 500 manat dəyərində divan, 400 manat dəyərində masa, 600 manat dəyərində 4 ədəd stul, 4800 manat dəyərində 8 ədəd qapı, ümumilikdə 23600 manat dəyərində mebel hazırlayaraq təhvil verməli və quraşdırmalı idi. Lakin cavabdeh tərəfindən 350 manat dəyərində çarpayı başlığı, 2250 manat dəyərində qarderob, 500 manat dəyərində termo-güzgü, 1750 manat dəyərində divan, 600 manat dəyərində masa, 900 manat dəyərində 6 ədəd stul, 1200 manat dəyərində bar, 500 manat dəyərində divan, 400 manat dəyərində masa, 600 manat dəyərində 4 ədəd stul ümumiyyətlə hazırlanmamışdır. Gətirilmiş digər mebellər hazırda istifadəyə yararlı deyil, təmir olunması belə mümkünsüzdür. Qeyd olunan mebellərə görə tərəfindən cavabdehə 13.000 manat məbləğində pul ödənilmişdir. Bunu təsdiq edən ödəniş qəbzləri iddia ərizəsinə əlavə olunmuşdur. Ekspert rəyində qiymətləndirmə zamanı nəzərə alınmasa da, otaqlara təyinatı üzrə natamam formada mebel quraşdırıldığı, mebellərə aid olan otaqların giriş qapılarının çox əyri olması və malyar işinin zəif olması, mətbəx mebeli və şkaflarda bir çox ciddi qüsurlar, çatlar olduğu, səliqəsiz işlənmə, malyar işinin zəif olması, petlə və açılanların düzgün seçilməməsi, mebellərin ümumiyyətlə tam hazır olmaması, tərkib hissələri, rəflər, qapaqların bir hissəsinin olmaması, mebellərin keyfiyyətsiz, istifadəyə yararsız olduğu göstərilmişdir. Bundan başqa müqaviləyə əsasən xidmət haqqı 42819 manat (26495 manat material pulu, 12340 manat usta pulu, 4004 mana şirkət gəliri) müəyyən edilmişdir. Lakin təmir işləri üçün nəzərdə tutulmuş materialların bir hissəsi tərəfindən alınmış, bir hissəsi isə ümumiyyətlə istifadə edilməmişdir. Cavabdeh tərəfindən yalnız təmir işlərinə 13529 manat dəyərində material istifadə olunmuşdur. Müqavilədə nəzərdə tutulmuş 12946 manat dəyərində materialın bir hissəsi tərəfindən alınmış, bir hissəsi isə ümumiyyətlə istifadə edilməmişdir. Eyni zamanda, ustaya ödənilməli olan məbləğ 12340 manat nəzərdə tutulsa da, onlar tərəfindən 2690 manat dəyərində iş görülməmişdir. Bununla da usta və material üçün nəzərdə tutulmuş 38815 manatın əksinə olaraq cavabdeh tərəfindən yalnız 23179 manat dəyərində iş görülmüşdür. Lakin tərəfindən cavabdehə 4004 manat məbləğində şirkət gəliri də daxil olmaqla 30.000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh öhdəliyi tam icra etmədiyi üçün 4004 manat məbləğində şirkət gəliri də daxil olmaqla onun tərəfindən ödənilmiş 6821 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən mənzil təhvil verilmədiyi üçün artıq 6 aydır ki, hər ay 500 manat ödəməklə kirayə mənzildə yaşayır. Bu günədək ümumilikdə 3000 manat məbləğində kirayə haqqı ödəmişdir. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən cavabdeh tərəfindən gecikdirilmiş hər gün üçün ona ümumi xidmət haqqının 0,1 faizi məbləğində pul ödənilməlidir. Bu günədək cavabdeh tərəfindən gecikdirilmiş hər gün (172 gün) üçün ümumilikdə ona 7364 manat məbləğində pul ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş müqavilədən, ödəniş qəbzlərindən, ekspert rəyindən də göründüyü kimi cavabdeh tərəfindən ona bugünədək real olaraq ümumilikdə 62.935 manat məbləğində ziyan vurulmuşdur. Bundan başqa məhkəmə prosesinin davam edəcəyini nəzərə alsaq, mübahisə başa çatanadək kirayədə mənzildə yaşayacaqdır. Həmçinin məhkəmə mühəndis-texniki ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 541 nömrəli rəyindən də göründüyü kimi təmir işləri üçün nəzərdə tutulmuş pul vəsaiti hesablanan zaman təkrar təmir zamanı meydana çıxacaq əlavə işlər və yaranacaq nəqliyyat daşınması xərcləri, bərpa zamanı sökiintünün malaaltında qalan isti döşəməyə, multi soyutma sisteminin borularına ziyan vuraraq istifadəyə yararsız hala salınması ehtimalı nəzərə alınmamışdır. Eyni zamanda baş verənlər nəticəsində ona çox ciddi maddi və mənəvi ziyan dəymiş, çəkdiyi iztirablar nəticəsində sağlamlığında ciddi problemlər yaranmışdır. Buna görə də, əlavə olaraq iddiaçıdan 13.000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlik pozulmuş, həmçinin lazımınca yerinə yetirilməmişdir. Nəticə olaraq ona maddi və mənəvi ziyan dəymişdir. Buna görə də, yenidən təmir işlərinin aparılmasına görə 32.750 manat, müqavilənin icrasının gecikdirildiyi günlər üçün 7364 manat, mebellərə görə ödənilmiş 13.000 manat, müqaviləyə görə əlavə olaraq ödənilmiş 6821 manat xidmət haqqı, mənəvi ziyana görə 13.000 manat, cavabdeh şirkətin qanunsuz hərəkətlərinə görə məcbur qalaraq ödədiyi 3000 manat kirayə haqqının, ümumilikdə 75.935 manat məbləğində pulun və 318 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıya borclu olduğu 15489,00 (on beş min dörd yüz səksən doqquz) manat, ödənişin gecikdirilməsinə görə 4500,00 (dörd min beş yüz) manat cərimə, iş vaxtının itirilməsi və işgüzar nüfuza vurduğu zərərə görə 10000 (on min) manat, cəmi 29989,00 (iyirmi doqquz min doqquz yüz səksən doqquz) manat və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, İddiaçı belə bir arqumentləri ilə razılaşmaq olmaz və onun iddia tələbləri tamamilə əsassızdır. İlkin iddia tələbinin əsaslarına ayn-ayrılıqda münasibət bildirərək məhkəmənin diqqətinə çatdırır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” 131 m2 mənzilin təmir işlərinin görülməsini, “İcraçı” isə bu növ xidməti təmin edəcəyini öhdəsinə götürmüşdür və “İcraçı” Cavabdeh MMC üzərinə götürdüyü öhdəliklərini layiqincə yerinə yetirmişdir. Qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını əsasdırılmasında əsas sübut kimi akkreditə olunmamış və heç bir lisenziyası olmayan "xxxx" MMC-nin 18 oktyabr 2021-ci il tarixli, 541 nömrəli rəyini göstərmişdir. Həmin rəydə qüsurlu təmir kimi qeyd olunanlar tam aydın deyil və əgər qüsurlar varsa həmin qüsurların kənar müdaxilə nəticəsində yaranıb yaranmadığı araşdırılmamışdır. Əsl həqiqətdə İddiaçı tərəfindən Cavabdeh MMC-yə həm maddi ziyan vurmuşdur, həmçinin də iş vaxtının itirilməsinə və işgüzar nüfuzunun zədələnməsinə səbəb olan mənəvi zərər vurmuşdur. Belə ki, təmir işlərində bir iş yekunlaşmasa digər işə keçid etmək mümkün deyildir. Bu səbəblə də Cavabdeh MMC tərəfindən bütün təmir işləri tərəflər arasında öncədən razılaşdırılmış smetada qeyd olunan yüksək keyfiyyətli materiallardan istifadə olunaraq peşakar ustaların işləri ilə aparılmışdır və hər bir iş şəxsən İddiaçı təhvil verilmişdir. İddiaçı heç bir zaman görülmüş təmir işlərindən narazılıq etməmiş, hər bir yekunlaşan işi təhvil aldıqca razılığını bildirmişdir. İddiaçı heç bir vaxt istər şifahi, istərsə də yazılı (pretenziya) qaydada hər hansı bir narazılığını Cavabdeh MMC bildirməmişdir. Əgər belə bir narazılıq bildirilsəydi müştəri məmnuniyyətini hər bir şeydən üstün tutan Cavabdeh MMC-nin rəhbərliyi dərhal tədbir görərdi. Tərəflər arasında narazılıq yalnız ödənişlərin edilməsində yaranmışdır. Belə ki, İddiaçı dəfələrlə əvvəlcədən razılaşdırılmış smetadan kənar materialların alınmasını və əlavə işçilik edilməsini xahiş etmiş müştəri məmnuniyyətini hər bir şeydən üstün tutan Cavabdeh MMC-nin rəhbərliyi isə müştərinin xahişini yerinə yetirmişdir. Halbuki alman əlavə materiallara və əlavə işçiliyə görə İddiaçı heç bir vəsait tələb etməmişdir. Buna misal kimi İddiaçı arakəsmə hörgülərini əvvəlcə adi kərpiclərdən hörülməsinə razılıq bildirsə də, sonradan bir ədədi 1.20 manat olan kərpiclər ilə hörgü işinin görülməsini xahiş etmişdir. Daha sonra bir formada istədiyi təmiri bir necə saatdan və ya bir neçə gündən sonra başqa formada olmasını istəmiş və bütün bunlar əlavə materialların alınmasına və əlavə işçiliyə səbəb olmuşdur. Bütün əlavə materialların və əlavə işçiliyin haqqının ödənilməsi bir tərəfə elə ilkin iddia üzrə iddiaçının əlavə etdiyi qəbzlərdən məlum olur ki, İddiaçı razılaşdırılmış məbləği ödəməmişdir. Bu səbəblə özünün istəyi üzrə pul vəsaitini düzəldənədək təmir işlərinin saxlanılmasını xahiş etmişdir. Müştəri məmnuniyyətini hər bir şeydən üstün tutan Cavabdeh MMC-nin rəhbərliyi isə İddiaçı xahişini nəzərə alaraq təmir işlərini dayandırmışdır. Tələb olunan vəsait İddiaçı tərəfindən ödənildikdən sonra yarımçıq qalan təmir işlərini yekunlaşdırmağa hazırdırlar. Tərəflər arasında razılaşmalardan biridə ondan ibarət olub ki, müştəri istənilən təmir materialını seçib ala bilər. Belə bir təklifi müştəri məmnuniyyətini hər bir şeydən üstün tutan Cavabdeh MMC-nin rəhbərliyi ona görə irəli sürmüşdür ki, müştəri bazar qiymətləri ilə tanış olaraq əmin olsun smetada qeyd olunan qiymətlər tam şəffaf qiymətlərdir və heç bir material smetada qeyd olunan qiymətdən ucuz alınmır. İddiaçı bu təklifdən dəfələrlə istifadə etmiş və tikinti materiallarının bəzisini özü almışdır. Buna misal kimi onu göstərir ki, kafel metlax işlərinin görülməsi etapı çatdıqda İddiaçı məlumat verilmiş və həmin materialların alınmalı olduğu bildirilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kafel və metlaxı öz seçimlərinə görə almaq istədiyini bildirmişdir və nəticə etibarilə smetada nəzərdə tutulan 1 m2-35 manat olan yüksək keyfiyyətli material yerinə 1 m2-13,5 manat olan aşağı keyfiyyətli material almışdır. Həmin kafeldə nöqsanlar olduğu İddiaçı bildirilmiş, lakin o həmin materialdan istifadə edilərək təmirin davam etdirilməsini istəmişdir. Kafellərdə nöqsanların olmasına baxmayaraq Cavabdeh MMC-nin ustaları tərəfindən keyfiyyətli iş təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən bütün lazımı yüksək keyfiyyətli materiallar alınmış, yüksək keyfiyyətli iş görülmüş, təmirin bütün gedişatına İddiaçı şəxsən nəzarət edib, təmiri qəbul edib və razılığını bildirib. Buna misal kimi qeyd edir ki, ilkin hörgü, suvaq, santexnik, elektrik, betonlama, alçipan, laqa dikt, parket və kafel metlax işləri görüldü. Qeyd olunan işlər cavabdeh İddiaçı tərəfindən qəbul edildikdən sonra mənzildə qalan işlər aşağıdakılar olmuşdur: Divarlarda boya vurulması; Parketin laklanması; Qapıların quraşdırılması; 4. Mebel işlərinin görülməsi; 5. Sonda plintusların vurulması. İddiaçı Cavabdeh MMC boya işlərinə başlayarkən cavabdeh İddiaçı əvvəlcədən razılaşdırılmış smetada nəzərdə tutulan adi boyadan deyil dekorativ boyadan istifadə olunmasını istəmişdir. Təbiidir ki, bu boyanın qiyməti və işçiliyi bahadır. Belə olan halda Cavabdeh MMC-nin ustasının təklif etdiyi qiymət ilə razılaşmayan cavabdeh İddiaçı özünün bu sahədə tanıdığı usta olduğunu və onun bu işi görməsini istədiyini bildirmişdir. Müştəri məmnuniyyətini hər bir şeydən üstün tutan Cavabdeh MMC-nin rəhbərliyi cavabdehin bu təklifini qəbul etmişdir. Cavabdeh İddiaçı tapdığı usta mənzilə gələrək təmirə baxmış və dekorativ boyanın vurulması üçün divarlarda bəzi düzəlişlərin olunmasını istəmişdir. Həmin düzəlişlər Cavabdeh MMC-nin ustaları tərəfindən edilmiş və İddiaçı iştirakı ilə özünün tapdığı ustaya təhvil verilmişdir. Həmin ustada öz növbəsində işi qəbul etmiş və heç bir problemin olmadığını bildirmişdir. Həmçinin İddiaçı qeyd edir ki, guya o kirayədə yaşayır. Halbuki bu belə deyil. Cavabdeh özünə məxsus olan bağ evində yaşayır. Hətta iddiaçının ustaları tərəfindən də həmin bağ evində yaranmış problemlər (hansı ki, özünün deməsinə görə həmin problemləri öncədən bir neçə usta baxıb həll edə bilməmişdir) həll edilmişdir. Təmirdə müəyyən gecikmələrin olması isə hava şəraitinin uyğun olmaması nəticəsində divarların gec quruması, “Sifarişçi” tərəfindən alman materialların vaxtında alınaraq “İcraçı”ya təhvil verilməməsi, binanın yük qaldırma liftində yaranmış problemlərə görə alınan materialların vaxtında mənzilə daşınmaması və İddiaçı tərəfindən tələb olunan pul vəsaitinin vaxtında ödənilməməsi səbəb olmuşdur. Bütün bu səbəblər əvvəlcədən İddiaçı bildirilmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin 2.2.2-ci bəndinə əsasən, əgər “Sifarişçi” müqavilədə göstərilən qaydada xidmətlərin göstərilməsi ilə əlaqədar “İcraçı”ya məbləği ödəməzsə hər gecikdirilmiş gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməlidir. Müqavilənin təmir tikinti ilə bağlı işlərin görülməsi üzrə əvvəlcədən razılaşdırılmış smetasından məlum olur ki, ümumi məbləğ 42819,00 (qırx iki min səkkiz yüz on doqquz) manat müəyyən edilib. Həmin smetadan 7930,00 (yeddi min doqquz yüz otuz) manatlıq materialı İddiaçı özü almışdır və ümumilikdə 30000,00 (otuz min) manat ödəniş etmişdir. Riyazi hesablamalarla 42819-7930-30000=4889,00 (dörd min səkkiz yüz səksən doqquz) manat İddiaçı təmir işlərindən Cavabdeh MMC-yə borcu qalmışdır. Daha sonra İddiaçı tərəfindən mebellərin hazırlanması işində iddiaçı Cavabdeh MMC-yə tapşırılmışdır və mebellərin hazırlanmasına görə əvvəlcədən razılaşdırılmış smetanın dəyəri 23600,00 (iyirmi üç min altı yüz) manat təşkil etmişdir. Həmin smetadan razılaşdırılmış dəyərində 13000,00 (on üç min) manat İddiaçı tərəfindən ödənilmiş 10600,00 (on min altı yüz) manat isə borcu qalmışdır. Lakin ilkin iddia üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən məlum olur ki, təmir tikinti ilə bağlı işlərin görülməsinə görə razılaşdırılmış 42819,00 (qırx iki min, səkkiz yüz on doqquz) manat yerinə cəmi 30000,00 (otuz min) manat, mebellərin hazırlanmasına görə isə razılaşdırılmış 23600,00 (iyirmi üç min altı yüz) manat yerinə cəmi 13000,00 (on üç min) manat ödəniş etmişdir. Buradan məlum olur ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə 15489,00 (on beş min dörd yüz səksən doqquz) manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci maddəsinə əsasən cavabdeh tərəfindən gecikdirilmiş hər gün üçün iddiaçı Cavabdeh MMC-yə ümumi xidmət haqqının 0,1 faizi məbləğində pul ödənilməlidir. Bu günədək, yəni xx.xx.2022-ci il tarixədək cavabdeh tərəfindən gecikdirilmiş hər gün (300 gün) üçün ümumilikdə iddiaçı Cavabdeh MMC-yə 4500,00 (dörd min beş yüz) manat məbləğində pul ödənilməlidir. Ümumiyyətlə, ilkin iddia üzrə iddiaçı belə əsassız iddialar irəli sürərək məhkəmə qaydasında ilkin iddia üzrə Cavabdeh MMC-dən pul vəsaiti tutduraraq təmirini pulsuza salmaq niyyətindədir. Əsl həqiqətdə hazırki mübahisə üzrə zərər çəkən yeganə tərəf iddiaçı Cavabdeh MMC-dir. Belə ki, İddiaçı əsassız iddiaları ilə Cavabdeh MMC-nin düzgün təmir etmədiyini və saxtakar olduqlarını bildirərək onun işgüzar nüfuzuna xələl yetirmiş, həmçinin Cavabdeh MMC-yə qarşı məhkəmədə əsassız iddia qaldıraraq onun iş vaxtının itirilməsinə səbəb olmuşdur. Həmin qanunsuz hərəkətlər nəticəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə 10000 (on min) manat ziyan dəymişdir. Beləlikdə yuxanda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıya borclu olduğu 15489,00 (on beş min dörd yüz səksən doqquz) manat, ödənişin gecikdirilməsinə görə 4500,00 (dörd min beş yüz) manat cərimə, iş vaxtının itirilməsi və işgüzar nüfuza vurduğu zərərə görə 10000 (on min) manat, cəmi 29989,00 (iyirmi doqquz min doqquz yüz səksən doqquz) manat və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC- yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək təmin olunmasını, ilk iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, qeyd olunan mənzildə nöqsanlar olmamışdır, nöqsanlar, qüsurlar olduğu halda aradan qaldırmışlar. Fərid özü işin sonuna kimi mənzildə olmuş, təmirə nəzarət etmişdir, iş tam təhvil verilməmişdir. Təhvil verməyin səbəbi isə ustalar pul istəmiş, onların pulu verilməmişdir. Məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o qeyd olunan mənzilin tikinti işlərinə nəzarət edir. Onunla bağlanmış əmək müqaviləsi yoxdur. Təmir-tikinti işlərinin aparılması xidmətləri üzrə müqaviləyə əsasən mənzildə dizayna uyğun işlər görürdü. Lazım olan materialları (kafel, metlax) şirkət göndərirdi. Arabir Fərid nə deyirdisə onu edir, təmirə nəzarət edirdi. Təmirdə döşəmənin bir yerində səsin olması qüsur idi. Onu da düzəltməyə imkan vermədilər. Təmir-tikinti vaxtı Fərid gündə bir neçə dəfə mənzilə gəlirdi, nəzarət edirdi. Mebel tamamlanmamış, Fərid təmiri yarımçıq saxladı. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" Mənzil Tikinti Kooperativinin 15 oktyabr 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 189 a ünvanda yerləşən yaşayış binası "xxxx"MTK-ya məxsusdur. Bu binanın 1 blok, 9 mərtəbə, tikinti sahəsi 134.5 kv.m olan 3 otaqlı 53 saylı mənzil payçı İddiaçı məxsusdur. Onun "xxxx"MTK-ya borcu yoxdur; İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, bu müqaviləyə əsasən sifarişçi İddiaçı 131 m2 mənzilinin təmir işləri görülməli, icraçı isə bu növ xidməti təmin edəcəyini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən xidmətin dəyəri 42819 (qırx iki min səkkiz yüz on doqquz) manat təşkil edir. Müqavilə dəyərinin 35-40%-ni 13000 (on üç min) manat avans olaraq qabaqcadan ödəmək şəklində, qalan 60-70%-ni 29819 (iyirmi doqquz min səkkiz yüz on doqquz) manat müqavilə üzrə işlər bitənədək ödənilməlidir. Müqaviləyə əsasən icraçı müqavilədə göstərdiyi tarixdə işi təhvil verməzsə, sifarişçiyə hər gecikdirilə gün üçün müqavilənin ümumi dəyərinin 0,1%-i miqdarında cərimə ödəyir. Həmin müqavilədən görünür ki, icraçı işini 5 (beş) ay ərzində hazırlamasını öhdəsinə götürmüşdür. Müxtəlif tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 13.000 (on üç min) manat, xx.xx.2021-ci il tarixdə 10.000 (on min) manat, mebel ödənişi üçün 3000 (üç min) manat, xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat, xx.xx.2021-ci il tarixdə 12.000 (on iki min) manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022ci il tarixli, 10/1571 nömrəli rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olduğu müəyyən edildi (aşkar edilmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı foto görüntülərlə birlikdə qeyd olunmuşdur). Aşkar edilmiş qüsurların tikilinin konstruktiv elementlərinə zərər vurmadan bərpası mümkün deyildir. Bunun üçün sözügedən qüsurların aşkar edilmiş elementlərinin sökülərək yenisi ilə əvəz edilməsi və ya işlənməsi zəruri hesab edilir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikintinorma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32750,0 manat pul vəsaiti tələb olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır; 18 noyabr 2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 318 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzili təmir etdirmək üçün "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzili təmir etdirmək üçün cəmi 30.000 manat, 13000 manat isə mebellər üçün ödəniş etmişdir. Lakin, İddiaçı qeyd olunan məbləğdə ödənişi etməsinə baxmayaraq, iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəşünaslıq və tikinti-texniki ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/1571 nömrəli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32750,0 manat pul vəsaiti tələb olunduğu müəyyən olunmuşdur. Məhkəmə mənzilin təmirinə sərf edilmiş vəsaitin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmişdir. Mebellərin hazırlanmasına görə əvvəlcədən razılaşdırılmış smetanın dəyəri 23600,00 (iyirmi üç min altı yüz) manat təşkil etmişdir. Həmin smetadan razılaşdırılmış dəyərində 13000,00 (on üç min) manat İddiaçı tərəfindən ödənilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi ilə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən-podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən-podratın nəticəsi şərtləşdirilmiş keyfıyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Həmin Məcəllənin 768.1, 768.1.1-ci maddələrinə əsasən sifarişçidən alınmış material keyfıyyətsiz və yararsız olduqda podratçı sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Həmin Məcəllənin 771-ci maddəsinə əsasən-podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən, əgər podratçı tərəfındən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecilcdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi boclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfı müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfı öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarına əsasən ilk İddiaçı yenidən təmir işlərinin aparılmasına görə 32750 manat, müqavilənin icrasının gecikdirildiyi günlər üçün (172 gün) 7364 manatı tələb etməkdə haqlıdır. Belə ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və İddiaçı 30.000 manat məbləğində ödəniş etmiş, lakin təmir qüsurlu olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC müqavilədə müəyyənləşdirilmiş müddətdə və keyfiyyətdə öz öhdəliyini tam icra etməmişdir. İşin hallarından göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 32750,0 manat pul vəsaiti tələb olunması müəyyən olunmuş, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, onunla razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla müvafiq nəticəyə gəlinməlidir. Digər tərəfdən, tərəflər arasında bağlanılmış müqavilənin 2.1.2-ci bəndinə əsasən icraçı müqavilədə göstərdiyi tarixdə işi təhvil verməzsə, sifarişçiyə hər gecikdirilə gün üçün müqavilənin ümumi dəyərinin 0,1%-i miqdarında cərimə pulu ödəyir. Bu baxımdan, ilk iddiaçının müqavilənin icrasının gecikdirildiyi günlər (172 gün) üçün cəmi 7364 manat ödənilməsi barədə tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə «mebellərin hazırlanmasına görə ödənilmiş 13000 manat pulun tutulması» hissəsində iddianı əsassız hesab edir, belə ki, ilk iddiaçı göstərir ki, -«cavabdeh tərəfindən 350 manat dəyərində çarpayı başlığı, 2250 manat dəyərində qarderob, 500 manat dəyərində termogüzgü, 1750 manat dəyərində divan, 600 manat dəyərində masa, 900 manat dəyərində 6 ədəd stul, 1200 manat dəyərində bar, 500 manat dəyərində divan, 400 manat dəyərində masa, 600 manat dəyərində 4 ədəd stul ümumiyyətlə hazırlanmamışdır. Gətirilmiş digər mebellər hazırda istifadəyə yararlı deyil, təmir olunması belə mümkünsüzdür». İddiaçı gətirilmiş mebellərin qüsurlu və yararsız olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, İddiaçı "xxxx" MMC-yə ödədiyi 13000 manat pulun deyil, müqavilə öhdəliklərinin yerinə yetirilməsindən çıxış etməklə ona təhvil verilməmiş ümumi dəyəri 9050 manat dəyərində mebellərin təhvil verilməsi tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, ilk iddiaçı digər mebellərin ona təhvil verilməsi öhdəliyinini deyil, ödədiyi pulun qaytarılmasını tələb etməkdə haqlı deyil. Məhkəmə iddia tələbinin “müqaviləyə görə əlavə olaraq ödənilmiş 6821 manat xidmət haqqı, mənəvi ziyana görə 13000 manat, cavabdeh şirkətin qanunsuz hərəkətlərinə görə məcbur qalaraq ödədiyi 3000 manat kirayə haqqının” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, ilk iddiaçının bu tələblərinin əsaslığı ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir (kirayə müqaviləsi bağlaması və kirayə pulu ödəməsi ilə bağlı), bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə bu halı sübuta yetirmək iddiaçının üzərindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin təmin olunmasını iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X6 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, qarşılıq iddiaçi Cavabdeh MMC İddiaçı ilə arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi tələbin irəli sürmüşdür. İş materialları ilə müəyyən edilir ki, müqavilənin müddəti bitmiş, hazırkı tələbin təmin olunması üçün əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 421.2 maddəsinə görə isə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərədə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 399.3-cü maddəsinin tələbinə görə Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Digər tərəfdən, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıya borclu olduğu 15489,00 (on beş min dörd yüz səksən doqquz) manat, ödənişin gecikdirilməsinə görə 4500,00 (dörd min beş yüz) manat cərimə, iş vaxtının itirilməsi və işgüzar nüfuza vurduğu zərərə görə 10000 (on min) manatın tutulması tələbləri müqavilə üzrə öhdəliklər "xxxx" MMC tərəfindən lazımi keyfiyyətdə icra olunmadığından, müqavilə öhdəlikləri podratçının təqsiri nəticəsində yerinə yetirilmədiyindən təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ilk iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri olan 32750,0 (otuz iki min yeddi yüz əlli) manat məbləğində pul, müqavilənin icrasının gecikdirildiyi günlər üçün 7364 (yeddi min üç yüz altmış dörd) manat, və ödənilmiş 318 (üç yüz on səkkiz) manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalı, ilk iddia tələbi qalan hissədə rədd edilməli, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmalı, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri olan 32750,0 (otuz iki min yeddi yüz əlli) manat məbləğində pul, müqavilənin icrasının gecikdirildiyi günlər üçün 7364 (yeddi min üç yüz altmış dörd) manat və ödənilmiş 318 (üç yüz on səkkiz) manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İlk iddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunsun. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar