Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4431/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı zərərçəkən şəxs qismində tanınma və kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı zərərçəkən şəxs qismində tanınma və kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan və tələbin mahiyyətindən aydın olur ki, iddiaçının tələbinin əsasını özünün və ailə üzvlərinin zərərçəkmiş şəxs qismində tanınması təşkil edir, hansı ki, qeyd olunan məsələyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə əsasən cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Qeyd edilənlərdən də göründüyü kimi, cinayət əməlindən zərərçəkmiş şəxs qismində tanınma cinayət mühakimə icraatı qaydasında araşdırılmalı məsələ olduğundan, mülki məhkəmə qaydasında həmin məsələyə baxılması yolverilməzdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.3 və 15.4-cü bəndlərinə görə, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı zərərçəkmiş şəxs qismində tanınma və kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı zərərçəkmiş şəxs qismində tanınma ilə bağlı cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada səlahiyyəti olan orqana müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4431/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4431/2024
25.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver