Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-449/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun qaytarılması və mənəvi zərərin ödənilməsi“ tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun qaytarılması və mənəvi zərərin ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-dən kreditlə aldığı Boş firmasına məxsus paltaryuyan maşının onlara qaytarılması şərli ilə onlara ödədiyi 354 manat məbləğində pulun və 1000 manat məbləğində mənəvi zərərin Cavabdeh MMC-dən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, O, 04.06.2020-ci ildə Cavabdeh MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasından Boş firmasına məxsus paltaryuyan maşını 1.051 manata aldı, həmin pulun 150 manatını ilkin ödəniş etdi, qalan 901 manatını isə 18 ay müddətində ayda 51 manat olmaqla ödəməli idi və 901 manatdan 4 ay ərzində ayda 51 manat olmaqla 204 manat ödəniş etmişdir. Boş firmasına məxsus paltaryuyan maşına görə cavabdeh təşkilata cəmi 354 manat ödəniş etmişdir. Qeyd etdiyi paltaryuyan maşını mağazadan özləri iddiaçının ünvanına gətirdi, həmin paltaryuyan maşını alan günü iddiaçı paltar yumağa başladı. Bu zaman paltaryuyan maşın paltarlarını söküb dağıtdı. Bundan əlavə paltarları yuyub qutarandan sonra həmin paltaryuyan maşından dəhşətli pis qoxu iyi gəldi, eyni zamanda paltaryuyan maşın paltarları yuduqdan sonra onları qurutmur və paltaryuyan maşının paltarları yuma vaxtının artırıb azaltma düyməsi də işləmir. Bununla əlaqədar iddiaçı mağazaya və servisə müraciət etdi, servisin ustaları 3 dəfə gəlib paltaryuyan maşını yoxladılar. Həmin paltaryuyan maşında olan qüsurları qeyd etməyib, özlərinin xeyrinə nəticə çıxarıb getdilər. İddiaçı paltaryuyan maşını qaytarmaq istəyəndə isə ona bildirdilər ki, həmin maşını qaytarmaq üçün yol haqqı 35 manat və əlavə olaraq 400 manat cavabdeh təşkilata verməlisən. Dəyişmək istəyərkən isə ona bildirdilər ki, yenə də 35 manat yol haqqı və 150 manatda əlavə ödəniş etməlidir ki, maşını dəyişsinlər. Halhazırda məcburiyyət qarşısında qalıb paltaryuyan maşından istifadə edir, paltaryuyan maşın da paltarları yuyan zaman paltarları söküb dağıdır, bundan əlavə həmin maşın işləməyəndə həmin maşından pis qoxu iyi gəlir. Bununla əlaqədar AR İqtisadiyat Nazirliyi yanında Antiinhisar və X6 Dövlət Xidmətinə müraciət etmişdir. Cavabdeh MMC-nin onlara verdiyi cavabda isə göstərilmişdir ki, paltaryuyan maşında olan qüsurlar istehsalla bağlı deyil, həmin paltaryuyan maşından düzgün istifadə edilməməsi ilə əlaqədardır. Həmin cavabla isə iddiaçı qətiyən razı deyildir. Cavabdeh təşkilatdan aldığı paltaryuyan maşına görə iddiaçıya 6 il müddətinə zəmanət verilmişdir, 70 manat da məndən ən yüksək komissiyon haqqı çıxılmışdır, həmin pul da kreditə əlavə edilmişdir. Qeyd etdiyi kimi paltaryuyan maşını alandan indiyə kimi , yəni 4 ay müddətində qüsurlu olduğuna görə, paltarları yuyan zaman paltarları söküb zay etdiyindən, eləcədə maşının barabanının içindən pis qoxu gəldiyindən, paltarları yuyandan sonra qurutmadığından, maşının vaxtı artırıb azaldan düyməsi işləmədiyindən o xeyli əziyyət çəkmişdir. Əsəb xəstəsi olduğuna görə bütün bunlar olduqca iddiaçıya çox pis təsir etmişdir. Digər tərəfdən iddiaçı həmin maşını qaytarmaq və verdiyi pulu geri alınması ilə əlaqədar dəfələrlə cavabdeh təşkilata etdiyi müraciətlərin müsbət təmin olunmadığından əsəb sarsıntısı keçirmiş, əl ayağı şişib, yeriyə bilmir. Hesab edir ki, müalicə olunmağı ilə əlaqədar cavabdeh təşkilat mənə 1000 manat məbələğində mənəvi zərərə görə pul ödəməlidir. Əlavə olaraq bildirmək istəyir ki, iddiaçı, həyat yoldaşı X8, böyük oğlu X4 2-ci qrup əlilik, kiçik oğlu X7 isə astma xəstəsidir. Cavabdeh təşkilata ödədiyi 354 manat məbləğində pulu da iddiaçı öz əlillik pulundan ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan, 04.06.2020-ci il tarixli BL456179 saylı Nisyə satış müqaviləsinə əsasən, satıcı Cavabdeh MMC qiyməti 1051 manat olan avadanlığı “Alıcı” İddiaçı verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı” ya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan, 04.06.2020-ci il tarixli BL456179 saylı Nisyə satış müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, İddiaçı Feyrzu qızı avadanlığın qiyməti olan 1051 manat məbləğində vəsaiti, 18 ay müddətinə, aylıq 51 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, malların siyahısından görünür ki, İddiaçı 04.06.2020-ci il tarixli BL456179 saylı Nisyə satış müqaviləsi üzrə “BOSCH” markalı paltaryuyanı və onun avadanlıqlarını təhvil almışdır. İş materiallarında olan, “X12” MMC tərəfindən verilmiş 13.08.2020-ci il tarixli texniki rəyin təsdiq olunmuş surətinə əsasən, cihazda texniki qüsur yoxdur və “İstifadə qaydaları”na uyğun su filtirinin tez-tez təmizlənməsi (su çirkli olduğu üçün) lazımdır. Cihaz texniki cəhətdən normal və işlək vəziyyətdədir. İş materiallarında olan 04.06.2020-ci il tarixli Cavabdeh MMC-nin VİP Zəmanət Talonun surətindən görünür ki, “BOSCH” markalı paltaryuyan maşını 3 il müddətinə satış sonrası xidmət (Zəmanət) müddəti təyin olunmuşdur. İş materiallarında olan 04.06.2020-ci il tarixli Cavabdeh MMC-nin VİP Zəmanət Sertifikatının surətindən görünür ki, şəxsi (məişət, ailə) ehtiyaclar ucun nəzərdə tutulmuş məhsullar sahibkarlıq fəaliyyəti həyata keçirmə məqsədi və həmçinin onun birbaşa təyinatına uyğun olmayan digər məqsədlərlə istifadə edilərsə; məhsulda kənardan qeyriixtisaslı təmir cəhdi izləri aşkarlanarsa, eyni zamanda məhsulun konstruksiyasına və ya sxeminə istehsalçı tərəfindən nəzərdə tutulmayan səbəbdən zədə (deffekt) yaranarsa; qeyri-məeyyən qüvvələrin, bədbəxt hadisələrin, istehlakçının və ya üçüncü şəxslərin düşünülmüş hərəkətlərinin təsiri nəticəsində məhsulda zədə (deffekt) yaranarsa; rütubət, yüksək və ya aşağı temperatur, korroziya, oksidləşmə, məhsulun içərisinə (maddələrin), həşərat/canlılarin düşməsi təsirindən əmələ gəlmiş mexaniki zədələnmələr (deffekt) aşkar olunarsa; enerji, kabel, telekommunikasiya şəbəkələri və radiosiqnalın standartlara və ya texniki reqlamentlərə uyğunsuzluğu aşkarlanarsa və məhsulun bu şəbəkələrin sərhəddində və ya ondan xaricdəki zonalarda istifadə edilməsi VİP zəmanətin sertifikatına aid deyil. İş materiallarında olan Azərbaycan Respublikası İqttisadiyyat Nazirliyi yanında Antiinhisar və X6 Dövlət Xidmətinin 07.09.2020-ci il tarixli müraciətə baxılmasının nəticəsi haqqında məktubun surətindən görünür ki, müraciət ilə əlaqədar aparılmış araşdırma zamanı Cavabdeh MMC-nin Dövlət Xidmətinə ünvanladığı məktuba əsasən paltaryuyan maşının bir neçə dəfə servis mərkəzi tərəfindən müayinə edildiyi və istehsal xarakterli qüsurun aşkar edilmədiyi, iddia olunan qüsurun "İstifadə və qulluq qaydalarına” düzgün riayət edilmədiyindən yarandığı, bu səbəbdən tələbinizin təmin edilməsindən imtina edildiyi bildirilmiş və texniki rəyin surəti Dövlət Xidmətinə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən mübahisəsiz hallar ondan ibarətdir ki, İddiaçı 04 iyun 2020-ci tarixində Cavabdeh MMC-yə məxsus mağazadan 1051 manat qiymətə “BOSCH” markalı paltaryuyan maşını almışdır. İddiaçı tərəfindən “BOSCH” markalı paltaryuyan maşının istismarı zamanı, təyinatına uyğun işləməməsi müəyyən edilmişdir. Bununla bağlı iddiaçı tərəfindən mağazanın texniki servisinə müraciət olunmuş və servis mütəxəssisi tərəfindən cihaza baxış keçirilib diaqnostika edilmişdir. İddiaçı Feyrzu qızı 04.06.2020-ci il tarixli BL456179 saylı Nisyə satış müqaviləsi üzrə “BOSCH” markalı paltaryuyanı və onun avadanlıqlarını təhvil almışdır. 13.08.2020-ci il tarixli texniki rəyin təsdiq olunmuş surətinə əsasən, cihazda texniki qüsur yoxdur və “İstifadə qaydaları”na uyğun su filtirinin tez-tez təmizlənməsi (su çirkli olduğu üçün) lazımdır. Cihaz texniki cəhətdən normal və işlək vəziyyətdədir. Azərbaycan Respublikası İqttisadiyyat Nazirliyi yanında Antiinhisar və X6 Dövlət Xidmətinin 07.09.2020-ci il tarixli müraciətə baxılmasının nəticəsi haqqında məktubun surətindən görünür ki, müraciət ilə əlaqədar aparılmış araşdırma zamanı Cavabdeh MMC-nin Dövlət Xidmətinə ünvanladığı məktuba əsasən paltaryuyan maşının bir neçə dəfə servis mərkəzi tərəfindən müayinə edildiyi və istehsal xarakterli qüsurun aşkar edilmədiyi, iddia olunan qüsurun "İstifadə və qulluq qaydalarına” düzgün riayət edilmədiyindən yarandığı, bu səbəbdən tələbinizin təmin edilməsindən imtina edildiyi bildirilmiş və texniki rəyin surəti Dövlət Xidmətinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 581.1-ci maddəsinin tələbinə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.4-cü maddəsinin tələbinə görə, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 587.1-ci maddəsinin tələbinə görə, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinin tələbinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5-ci maddəsinin tələblərinə görə, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqısatqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. 623.3-cü maddəsinə əsasən bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli və ya qaytarılmalı olmayan malların siyahısı xüsusi hüquqi aktlar ilə müəyyənləşdirilmiş qaydada təyin edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə görə qüsuru olan mal satılarkən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli qərarın əsasən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilmişdir. Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı aşağıdakı kimidir: Qızıl və qızıl məlumatları; Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar; İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr); Parfümer-kosmetika malları; Kişi, qadın və uşaq çimərlik paltarları; Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları; Məişət-kimyası malları; Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.); Uşaq oyuncaqları; İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları; Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar; Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh cəmiyyət tərəfindən satılmış mübahisəli paltaryuyan maşının qüsurlu olduğunu bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Üstəlik də mülki iş materialında olan “X12” MMC tərəfindən verilmiş 13.08.2020-ci il tarixli texniki rəydən görünür ki, cihazda texniki qüsur yoxdur və “İstifadə qaydaları”na uyğun su filtirinin tez-tez təmizlənməsi (su çirkli olduğu üçün) lazımdır. Cihaz texniki cəhətdən normal və işlək vəziyyətdədir. İddiaçı tərəfindən isə bunun əksini sübut edəcək hər hansı dəlil təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, paltaryuyan maşının paltarlarını söküb dağıtdığını, bundan əlavə paltarları yuyub qutarandan sonra həmin paltaryuyan maşından dəhşətli pis qoxunun gəldiyini, eyni zamanda paltaryuyan maşının paltarları yuduqdan sonra onları qurutmadığını və paltaryuyan maşının paltarları yuma vaxtının artırıb azaltma düyməsinin işləmədiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir qüsurun olmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun qaytarılması və mənəvi zərərin ödənilməsi“ tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-449/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-449/2021
06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver