Məhkəmə qərarları › İş №2(005)-4513/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4513/2021

13.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4513/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 8.6 ha torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 16.06.2021-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının 97 nömrəli, 25.02.2015-ci il tarixli “Binə qəsəbəsində torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi” barədə Sərəncamına əsasən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti ilə onun arasında 25.02.2015-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən 10,0 ha boş torpaq sahəsini icarəçi təmiz sahəyə çevirərək orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürür. İllik icarə haqqı 600 manat, icarə müddəti 25.02.2114-cü ilədək müəyyən edilmişdir. O, icarəçi olaraq sərəncamdan irəli gələn və icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini icra etmişdir. Lakin sonradan başqa şəxslər həmin torpaq sahəsinə dair iddia irəli sürmüş və torpaq sahəsinin onlara məxsus olduğunu bildirib, torpaq sahəsinin kənarında hasar çəkməyə və oranı zəbt etməyə çalışmışlar. Bununla bağlı müvafiq olaraq torpaq sahəsinin qanunsuz zəbt edilməsinə dair ərizə ilə ərazi üzrə Xəzər Rayon Polis İdarəsinə müraciət olunmuş və həmin X2 araşdırılma başlanmışdır. Daha sonra araşdırmanın gedişində, daha doğrusu, bir neçə ay sonra müəyyən olunmuşdur ki, Cavabdeh2 ilə həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında torpaq sahəsinə dair yüklülük reyestrdə qeydə alınmış və bununla bağlı çıxarış verilmişdir. Onunla həmin torpaq sahəsinə dair müqavilə 2015-ci ildə bağlandığı və müqavilə bu günədək qüvvədə olduğu halda başqa şəxsin adına torpaq sahəsinə dair müqavilənin bağlanması və müvafiq yüklülüyün qeydə alınmasının təmin edilməsi onun hüquqlarının pozulmasına səbəb olur. Müqavilə qanunsuzdur və bu cür müqavilə əsasında aparılmış qeydiyyat da qanunsuz hesab edilməli və çıxarış ləğv edilməlidir. Müqavilənin kiminlə bağlanması və hansı hüquq müəyyənedici sənəd əsasında bağlanmasına dair onun və istintaq orqanının sorğularına qanuna müvafiq şəkildə cavab verilməməsi müqavilə tərəfinin, yəni icarəyə verən tərəfin müəyyən olunmasını mümkünsüz etmişdir. Ancaq istənilən halda qanunsuz bağlanmış müqavilə əsasında aparılmış yüklülüyə dair çıxarış da qanunsuz olduğundan ləğv edilməlidir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 8.6 ha torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 16.06.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Vəkil məhkəməyə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, aşağıda göstərilənlərə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il, 4 nömrəli qərarındakı hüquqi mövqedən görünür ki, torpaq sahələri inzibati orqanların qərarı əsasında icarəyə verildikdə yaranan məhkəmə mübahisələrinə inzibati qaydada, belə qərarlar olmadan torpaqla bağlı müqavilələrdən irəli gələn mübahisələrə isə mülki qaydada baxılır. Hazırki ərizəyə əlavə olunan 11.06.2021-ci il tarixli, 490 nömrəli icarə müqaviləsinin preambulasından göründüyü kimi, bu müqavilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11.06.2021-ci il tarixli, 95 nömrəli sərəncamı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmışdır. 16.06.2021-ci il tarixli çıxarışdan isə görünür ki, həmin çıxarış 11.06.2021-ci il tarixli, 490 nömrəli icarə müqaviləsi əsasında verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi inzibati orqanın sərəncamı əsasında həyata keçirildiyindən hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu tələbə mülki icraat qaydasında baxılması yolverilməzdir. Bundan əlavə İddiaçı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 97 nömrəli, 25.02.2015-ci il tarixli sərəncamına əsasən mübahisələndirilən torpaq sahəsinin onun icarəsinə verildiyini bildirmişdir. Lakin həmin sərəncam Bakı İnzibati Məhkəməsinin 05.10.2021ci il tarixli, e-2-1(112)-8453/2021 saylı qərarı ilə etibarsız hesab olunmuşdur. Həmin məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) məxsusdur, yəni Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısı 97 nömrəli, 25.02.2015-ci il tarixli sərəncamı verən zaman torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmamışdır. Göründüyü kimi, iddiaçının torpaq sahəsinin ona məxsus olduğunu istinad etdiyi sərəncam etibarsız sənəddir və bu, məhkəmə aktı ilə də öz təsdiqini tapmışdır. İşə baxılarkən bu hal da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Cavabdeh ona görə də mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini, eyni zamanda iddianın təmin etmə tədbiri qismində görülən tədbirlərin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili və nümayəndəsi X3 iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil etiraz ərizəsinə uyğun izahat verərək və bu mübahisəyə inzibati icraat qaydasında baxılmalı olmasını əsas gətirərək mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasıni mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, iddiaya qarşı verilmiş etirazı, mülki iş materiallarını nəzərdən keçirərək və işin hallarını tam, hərtərəfli və obyektiv qiymətləndirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 97 nömrəli, 25 fevral 2015-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı Binə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 10,0 ha torpaq sahəsini və onun ətrafını abadlaşdırılaraq orada sahibkarlıqla məşğul olmaq məqsədi ilə icarəyə verilməsi, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi qərara alınmış, Rayon İH Başçısı Aparatının “Rayon Təsərrüfat” şöbəsinə vətəndaş İddiaçı ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada icarə müqaviləsinin bağlanılması tapşırılmışdır. İş materiallarına əlavə edilmiş və Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı ilə ilə İddiaçı arasında bağlanmış 25 fevral 2015-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndində əsasən icarəyə verən Xəzər rayon İcra Hakimiyyəti Başçısının 25.02.2015-ci il tarixli 97 saylı sərəncamı əsasında Binə qəsəbəsində istifadəsiz qalmış 10,0 ha boş sahəsinin icarəçiyə təmiz sahəyə çevrilərək orada sahibkarlıqla məşğul olmaq məqsədi ilə istifadə etmək üçün icarəyə verilməsi, müqavilənin 1.2-ci bəndinə əsasən icarə haqqı 10,0 ha torpaq sahəsi üçün illik 600 (altı yüz) manat, müqavilənin 5.1-ci bəndinə əsasən isə müqavilənin müddəti 25.02.2015-ci il tarixdən 25.02.2114-cü il tarixinədək müəyyən olunmuşdir. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 490 nömrəli ”hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilənin preambulasında bu müqavilənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11.06.2021-ci il tarixli, 95 nömrəli sərəncamı əsasında bağlanıldığı, müqavilənin 1.1-ci bəndində icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən 86000.0 kv.m torpaq sahəsinin icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edildiyi, müqavilənin 1.2-ci bəndində torpaq sahəsinin sahibkarlıq obyektinin tikintisi üçün istifadəyə verildiyi, müqavilənin 3.1-ci bəndində torpaq sahəsinin illik icarə haqqının 78877,28 manat, aylıq icarə haqqının 6573,11 manat olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat nömrəli, 16.06.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 8.6 ha torpaq sahəsi üzərində Cavabdeh2 xeyrinə torpaq sahəsinin icarəsi ilə bağlı yüklülük qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 05.10.2021-ci il tarixli, e-2- 1(112)-8453/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısı ilə 97 nömrəli, 25.02.2015-ci il tarixli sərəncamı etibarsız hesab olunmuşdur. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində qeyd edilmişdir ki, iş məhkəmədə”və ya mülki məhkəmə icraatı qaydasında”baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il, 4 nömrəli qərarının 4-cü bəndində qeyd edilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.1-ci bəndində görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.”Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İş materiallarına əlavə edilmiş sənədləri təhlil edərək məhkəmə müəyyən edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11.06.2021-ci il tarixli, 95 nömrəli sərəncamı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış 11.06.2021-ci il tarixli, 490 nömrəli müqaviləyə əsasən verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi inzibati orqanına qərarı (sərəncam) əsasında cavabdehin icarəsinə verildiyinə görə hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraat xitam verildiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2(005)-4513/2021 saylı qərardadı ilə iddianın təmin tədbiri kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 8.6 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs də götürülməlidir. Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsində qeyd edilmişdir ki, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər.” Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2(005)-4513/2021 saylı qərardadı ilə iddianın təmin tədbiri kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 8.6 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar