Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4604/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolunun sağ tərəfi, Məmmədyarov küçəsində 0,29 ha torpaq sahəsinə verilmiş (1262077 nömrəli, reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə öhdəliyin cavabdehə həvalə edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv.metr torpaq sahəsi, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə mərhum atası X2 arasında bağlanmış Stasionar Xidmət Obyektinin təşkili haqqında xx.xx.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə atasının icarəsinə verilmiş və Sabunçu rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə atası həmin torpaq sahəsinə mülkiyyət hüququnu tanıtmaqla torpaq sahəsinin atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Atası xx.xx.2015-ci ildə vəfat etmiş və o, vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı notariat kontoruna müraciət etmişdir. Eyni zamanda, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. İcra şöbəsi sözü gedən qətnamənin ləğv olunmasını əsas gətirərək icraata xitam qərarı vermişdir. Sabunçu Rayon Məhkəməsinin 8(008)- 336/2022 saylı qərardadı ilə Ali Məhkəmənin 2-1(102)-1052/2020 saylı qərarına əsasən icra şöbəsinin qərarı ləğv edilmiş və icra vərəqəsi yenidən icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Cavabdeh qurum dövlət reyestrindən çıxarışın verilməsindən imtina edərək Ali Məhkəmənin qərarında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin müəyyən edilmədiyini səbəb gətirmişdir. Hazırda qeyd edilən hərəkət-hərəkətsizliklə bağlı inzibati məhkəmədə icraat mövcuddur. Bundan başqa digər inzibati məhkəmələrdə ona məlum olmuşdur ki, torpaq sahəsinə digər fiziki şəxsin adına dövlət reyestrdən çıxarış verilmişdir. Hər bir vətəndaş qanun və məhkəmə qarşısında bərabərdir. Eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlar nəzərə alınmaqla təmin edilir. Belə ki, işin nəticəsində maraqlı olan vətəndaşların qanuni tələbləri bərabər ödənilir, bütün vətəndaşlara öz maraqlarını məhkəmədə təmsil etmək üçün bərabər imkanlar yaradılır. Prosessual hüquqların bərabərliyinə uyğun olaraq, tərəflər öz hüquq və mənafelərini qorumaq üçün prosessual vasitələrdən istifadə etmək imkanına malikdirlər. Məhkəmə belə imkanlar yaradır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli Qərarının 2 və 4-cü bəndlərində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Ali Məhkəmənin Plenumunun yuxarıda adıçəkilən Qərarının 6.1-ci bəndinə görə torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki mülki iş materiallarında olan və iddiaçının mübahisələndirdiyi RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat- Maştağa yolu, sağ tərəfi/torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyətinin başçısının 34 saylı xx.xx.2018-ci il tarixli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında N-21 saylı, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən verilmiş və X1 xeyrinə yüklü edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi çıxarışın verilməsinə əsas Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti başçısının 34 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və Ali Məhkəmənin Plenum Qərarında əks olunmuş mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ehtimal etdiyi hüquqlarının pozulmasına inzibati orqanın müvafiq qərarları səbəb olduğundan məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Eyni Məcəllənin 114.1.4-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmaldır. Həmçinin İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********35) İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, aidiyyəti üzrə səlahiyyətli olan inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4604/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4604/2024
26.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver