Məhkəmə qərarları › İş №2(005)-4640/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4640/2021

15.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4640/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maliyyə arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maliyyə arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 16 sentyabr 2021ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 3 blok 249 (285 köhnə nömrəsi) saylı 3 otaqdan ibarət, ümumi sahəsi 136,18 kv.metr olan mənzilə dair maliyyə arayışının verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, maddi zərərə görə 12,000 manat, mənəvi zərərə görə 2,000 (iki min) manat məbləğində zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında 06.11.2010-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 saylı binanın 3cü blok 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 136,18 kv.metr olan 3 otaqlı mənzilin hər kvadrat metrinə görə müəyyən edilən məbləğ tam şəkildə cəmiyyətə ödənimiş və tərtib edilib, imzalanmış aktla 22.11.2010-cu il tarixdə həmin mənzil ona təhvil verilmişdir. 2020-ci il tarixdə bina istismara qəbul edildiyindən mənzilinin dövlət qeydiyyatına alınması ilə bağlı Asan Xidmət Mərkəzinə rəsmi qaydada müraciət etmişdir. Lakin ona bildirmişdilər ki, tikinti şirkətindən yeni qaydalara uyğun olaraq maliyyə arayışı təqdim edilməli olduğundən, mənzili dövlət qeydiyyatına almaq mümükün deyil və tövsiyə etmişdilər ki, Tikinti Korporasiyasına müraciət edib, maliyyə arayışı alsın. Bundan sonra maliyyə arayışının verilməsi ilə bağlı Cavabdehnə rəsmi qaydada müraciət etmişdir. Dəfələrlə ərizəsinə cavab verilməsini xahiş etsə də, rəsmi qaydada cavab verilməmişdir. Bildirmişdir ki, artıq bina sakinləri onlara məxsus mənzilləri dövlət qeydiyyatına alsalar da, cəmiyyət tərəfindən müxtəlif bəhanələrlə mənzilinə dair maliyyə arayışı verilməsindən imtina edilir və bu günə kimi mənzilini dövlət qeydiyyatından keçirə bilməmişdir. Bu isə Cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinin kobudcasına pozulmasına səbəb olmuşdur. Belə ki, mənzilin alqı-satqı müqaviləsinin 3.2.1.2-ci maddəsinə əsasən alıcının müqavilə ilə müəyyən olunmuş mənzilin qiymətini tam ödədikdən sonra satıcıdan maliyyə arayışını tələb etmək hüquqları, 3.1.2.2-ci maddəsinə əsasən satıcının müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirmək vəzifəsi müəyyən edilmişdir. Müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin pozulmasına, vəzifələrinin yerinə yetirilməməsinə və öhdəliklərin yerinə yetirməməyə və lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə bordudurlar. Bundan başqa cavabdehin müqavilə şərtlərini kobudcasına pozması nəticəsində mənzilini dövlət qeydiyyatından keçirə bilməmiş, həmin mənzili icarə vermək, satmaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüquqlarından məhrum etmiş və ona külli miqdarda maddi zərər vurmuşlar. Ötən il ərzində əvvəl binanın dövlət qeydiyyatından keçirilməməsi, son 2 il ərzində isə maliyyə arayışının verilməməsi səbəbindən maddi zərər vurulmuşdur. İlkin olaraq Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində 10,000 (on min) manat, əmlakını dövlət qeydiyyatından keçirilməsi üçün maliyyə arayışının verilməməsinə görə isə 2,000 (iki min) manat məbləğində zərər cavabdeh tərəfindən ödənilməlidir. Uzun müddət ərzində əmlak hüquqlarının pozulması nəticəsində mənzilini dövlət qeydiyyatdan keçirmək, əmlakı üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsi və maliyyə arayışının verilməməsi nəticəsində psixoloji sarsıntı keçirmiş və bu hallar psixikasında mənfi reaksiyalara səbəb olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmışdır. Mənəvi zərərin məbləği isə 2,000 (iki min) manat məbləğində qiymətləndirilib, ödənilməlidir. Bununla da Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 3 blok 249 (285 köhnə nömrəsi) saylı otaqdan ibarət, ümumi sahəsi 136, 18 kv. metr olan mənzilə dair maliyyə arayışının verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, maddi zərərə görə 12,000 manat, mənəvi zərərə görə 2,000 (iki min) manat məbləğində ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı-payçı arasında bağlanmış 06 noyabr 2010-cu il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, müqavilənin predmetini Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsi, inşa etdirdiyi 8 saylı binanın, 3 blok, 285 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 136.18 kv.metr olan mənzil təşkil edir. (1.1-ci maddə). Cəmiyyət yuxarıda qeyd olunan ünvanda olan mənzili satmağı, alıcı isə hu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 75.000 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini yetmiş beş min manat müddətində ödəməyi öhdəsinə götürmüşdür. (2.1-ci maddə). Müqavilənin 3.2.1.2-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş mənzilin qiymətini tam ödədikdən sonra alıcının satıcıdan maliyy arayışını tələb etmək hüququ vardır. Cavabdeh Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən verilmiş 10.12.2019-cu il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937 məhəllədə Əliyar Əliyev küçəsi, bina 8, 3 blok, 5-ci mərtəbə, 136,18 kv.m ümumi sahəsi olan 249 (köhnə 285) saylı mənzil üçün bağlanmış 12504 saylı, 06.11.2010-cu il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. İddiaçı Cavabdeh Sənaye Tikinti İnvestisiya Korporasiyasına ünvanladığı məktubun surətindən və məzmunundan görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mənimlə bağlanmış 06.11.2010-cu il tarixli 12504 saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 3, 5-ci mərtəbədə ümumi sahəsi 136.18kv.m olan 249 (köhnə 285) saylı mənzil almış, həmin mənzil üçün bağlanmış 06.11.2010-cu il tarixli 12504 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh X1 tərəfindən borcun olmaması barədə 10.12.2019-cu il tarixli KP/AK/77-17-01 saylı 357n-li arayış təqdim edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Əmlak Xidmətləri Məkanından borcun olmaması barədə arayışda ünvanın yeni qaydalara uyğun olaraq təqdim edilməsi tələb edildiyindən, yeni maliyyə arayışının təqdim edilməsini xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı-payçı arasında 06 noyabr 2010-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsi, inşa etdirdiyi 8 saylı binanın, 3 blok, 285 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 136.18 kv.metr olan mənzilə görə alıcı İddiaçı tərəfindən “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə mənzilin dəyəri kimi 75.000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Alıcı tərəfindən müqavilənin şərtlərinə əməl edilsə də, satıcı Müqavilənin 3.2.1.2-ci bəndinin tələblərini pozaraq maliyyə arayışını İddiaçı təqdim etməmiş, müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 3 blok 249 (285 köhnə nömrəsi) saylı 3 otaqdan ibarət, ümumi sahəsi 136,18 kv.metr olan mənzillə bağlı 06 noyabr 2010-cu il tarixli müqavilə üzrə maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh üzərinə İddiaçının faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil dair mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir; 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 3 blok 249 (285 köhnə nömrəsi) saylı 3 otaqdan ibarət, ümumi sahəsi 136,18 kv.metr olan mənzilə dair iddiaçı şəxs tərəfindən tam ödəniş edilmiş, lakin cavabdeh kooperativ iddiaçı şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan MTK ilə iddiaçı arasında bağlanmış, təsdiq olunmuş maliyyə arayışını təqdim etməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı verməli olduğu mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan Cavabdeh ilə iddiaçı arasında bağlanmış, təsdiq olunmuş müqaviləni, maliyyə arayışını təqdim etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 3 blok 249 (285 köhnə nömrəsi) saylı 3 otaqdan ibarət, ümumi sahəsi 136,18 kv.metr olan mənzillə bağlı 06 noyabr 2010-cu il tarixli müqavilə üzrə maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Bundan başqa iddiaçının digər tələbi 12000 manat maddi və 2000 manat mənəvi zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. Məhkəmə araşdırması nəticəsində mülki hüquq pozuntusunun (deliktin) törədilməsi faktı öz təsdiqini tapmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələb əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 3 blok 249 (285 köhnə nömrəsi) saylı 3 otaqdan ibarət, ümumi sahəsi 136,18 kv.metr olan mənzillə bağlı 06 noyabr 2010-cu il tarixli, 12504 saylı müqavilə üzrə maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar