Məhkəmə qərarları › İş №2(005)-4657/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4657/2024

07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4657/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi və Abşeron rayon İcra şöbəsinə qarşı “inkasso sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon İcra Şöbəsinin cavabdeh İddiaçı "xxxx" ASC-nin hesabına köçürülən pensiyasından tutulmaya dair xx.xx.2024-cü il tarixli, 196028/2018-15-12/1 nömrəli inkasso sərəncamının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və əsassız olaraq tutulmuş 555,58 manat pulun geri qaytarılması haqqında qətnamə və müvəqqəti təminat tədbiri olaraq iş üzrə yekun qətnamə qəbul edilənədək cavabdeh Nərimanov Rayon İcra Şöbəsi tərəfindən tutmanın dayandırılması haqqında təxirəsalınmadan tədbir görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Nərimanov rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli inkasso sərəncamının qanunsuzluğunu mübahisələndirərək, həmin inkasso sərəncamının ləğv edilməsini xahiş edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2015-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 29.1 və 87.1-ci maddələrinə uyğun olaraq, tərəflər icraat materialları ilə tanış olmaq, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İstinad edilən normaların məzmunundan da göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Burada, müstəqil iddia olmayan şikayət nəzərdə tutulur. Bu səbəbdən də iddia ərizəsi ilə deyil, icra icraatı çərçivəsində (8 indeksi ilə) şikayət ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə qeyd edir ki, Məcəllənin 153.2.1-ci maddəsində əks olunmuş “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Mülki Prosessual Məcəllənin 153.5 və 153.6-cı maddələrinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. İddiaçı eyni zamanda iddia ərizəsində müvəqqəti təminat tədbirinin tətbiq edilməsini də xahiş edir. Hazırki halda iddia ərizəsi icraata qəbul edilmədiyindən məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri barədə tələbə də baxılmamalıdır. Mülki Prosessual Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın” 175-1-ci bəndinə əsasən iddia ərizəsi verilənədək məhkəməyə daxil olan müvəqqəti təminat və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi haqqında ərizələr ayrıca icraatda baxılması üçün bu Təlimatda göstərilən qaydada hakimlər arasında bölüşdürülür. Ərizə iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verildikdə, ayrıca icraatda mübahisəni həll edən hakimə verilir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Qanunvericilik normalarının məzmunundan da göründüyü kimi müvəqqəti təminat tədbiri barədə ərizə iddia ərizəsinin verildiyi və ya veriləcəyi məhkəməyə təqdim edilməlidir. Hazırki halda isə yuxarıda da qeyd edildiyi kimi işə iddia ərizəsi əsasında deyil, icra məmurunun qərarından şikayət formasında, yəni 8 indeksi ilə baxılmalı olduğundan, müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə də baxıla bilməz. Beləliklə, hazırkı tələbə müstəqil iddia ərizəsi əsasında baxılmalı olmadığından, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. İddiaçıya icra icraatı qaydasında məhkəməyə şikayət vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi və Abşeron rayon İcra şöbəsinə qarşı “inkasso sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı icra icraatı qaydasında Nərimanov Rayon Məhkəməsinə şikayət vermək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar