Məhkəmə qərarları › İş №2(005)-4683/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4683/2021

14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4683/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin ona vurduğu maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 15000 manat və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, ümumilikdə 20031 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin əməkdaşları tərəfindən iddiaçının barəsində heç bir hüquqi əsası olmadan 5 dəfə AR İXM-nin 552-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və hər birində o təqsirli bilinərək 50 manat məbləğində cərimə ilə cəzalandırılmışdır. İddiaçının ümumiyyətlə bu inzibati xətalar haqqında protokolların tərtib edilməsindən və onun barəsində cərimə cəzasının tətbiq olunmasından məlumatı olmamışdır. Yalnız həmin inzibati xətalar haqqında qəbul edilmiş cərimə növündə cəza icra olunması üçün Qobustan rayon İcra və probasiya şöbəsinə göndərildikdən və icra məmuru onu İcra şöbəsinə dəvət etdikdən sonra iddiaçının barəsində tətbiq edilmiş bu protokollardan məlumatı olmuşdur. Bundan sonra Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək, həmin 5 protokolun və müvafiq məhkəmə qərarlarının ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Cavabdeh orqanın əməkdaşları tərəfindən iddiaçının barəsində birinci dəfə 07.11.2017-ci il tarixində AR İXM-nin 552ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmiş və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25.02.2018-ci il tarixli qərarı ilə o, 50 manat məbləğində cərimə edilmişdir. Sonradan o bu qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli 3(103)-1066/2020 saylı qərarı ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25.02.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Qaradağ rayon məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 21.08.2020-ci il tarixli 3(002)-917/2020 saylı qərarı ilə iddiaçının şikayəti təmin edilmiş və onun əməlində AR İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilmişdir. Sonradan 2-ci dəfə 2018-ci ilin yanvar ayında iddiaçının barəsində yenidən AR İXM-nin 552-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhər Qaradağ rayon məhkəməsinin 02.02.2018-ci il tarixli qərarı ilə iddiaçının barəsində 50 manat cərimə tətbiq edilmiş, iddiaçı bu qərardan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.02.2021-ci il tarixli 3(103)-399/2021 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş və əməlində inzibati xətanın tərkibi əlamətləri olmadığı üçün Bakı şəhər Qaradağ rayon məhkəməsinin 02.02.2018-ci il tarixli qərar qəbul edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Üçüncü dəfə 14.03.2018-ci il tarixində yenidən iddiaçının barəsində AR İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhər Qaradağ rayon məhkəməsinin 13.04.2018-ci il tarixli qərarı ilə o 50 manat məbləğində cərimə ilə cəzalandırılmış, bu qərardan narazı olduğu üçün şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.02.2021-ci il tarixli 3(103)-398/2021 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş və Qaradağ rayon məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhər Qaradağ rayon məhkəməsinin 08.04.2021-ci il tarixli 3(002)-449/2021 saylı qərarı ilə iddiaçının şikayəti təmin edilmiş və əməlimdə AR İXM-nin 552-ci maddəsində göstərilən inzibati xətanın tərkib əlamətləri olmadığı üçün barəmdə olan inzibati iş üzrə icraata xitam verilmişdir. Dördüncü dəfə 30.04.2018-ci il tarixində iddiaçının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhər Qaradağ rayon məhkəməsinin 24.05.2018-ci il tarixli qərarı ilə o 50 manat məbləğində cərimə ilə cəzalandırılmışdır. Bu qərardan şikayət verdikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli 3(103)-1067/2020 saylı qərarı ilə Qaradağ rayon məhkəməsinin 24.05.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhər Qaradağ rayon məhkəməsinin 15.09 2020-ci il tarixli 3(002)-1039/2020 saylı qərarı ilə iddiaçının əməlində AR İXMnin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilmişdir. Beşinci dəfə 13.12.2017-ci il tarixində yenidən iddiaçının barəmdə AR İXM-nin 552-ci maddəsi ilə protokol tərtib edilmiş və məhkəmə qərarı ilə 50 manat cərimə olunmuşam. Lakin bu qərardan da narazı olduğu üçün həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 23.07.2020-ci il tarixli 3(103)-1088/2020 saylı qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 04.09.2020-ci il tarixli 3(002)-993/2020 saylı qərarı ilə iddiaçının əməlində AR İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığı üçün barəmdə olan inzibati xəta haqqında işə xitam verilmişdir. Məhkəmə qərarlarından açıq-aydın görünür ki, cavabdehin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində iddiaçının barəsində heç bir əsas olmadan inzibati xəta haqqında protokol tərtib edilmiş və əsassız olaraq cərimə cəzası tətbiq edilmişdir. Bu məhkəmə qərarlarından şikayət verilməsi və ləğv edilməsi üçün o dəfələrlə Qobustan qəsəbəsindən Bakı şəhərinə və Lökbatan qəsəbəsinə gəlib-getmişdir. Bu ayrı-ayrı 5 məhkəmə prosesi 3 ilə yaxın davam etmişdir. Bu müddət ərzində o müxtəlif ərizə və şikayətlərin tərtib olunmasına, nəqliyyat xərcinə və s. xərclərə xeyli miqdarda pul xərcləmişdir. Həmçinin cavabdehin bu qanunazidd əməlləri nəticəsində iddiaçıya mənəvi ziyan da dəymişdir. O heç bir inzibati xəta törətmədiyi halda əsassız olaraq dəfələrlə icra məmurunun, məhkəmə hakiminin qarşısında durmağa məcbur olmuşdur. Təbii ki, bütün bunlar hamısı cavabdehin əməkdaşlarının səhlənkarlığı, səriştəsizliyi və öz vəzifələrinin öhdəsindən layiqincə gəlməmələri səbəbindən baş vermişdir. Çox qəribədir ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının barəsində AR İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərkən onu ümumiyyətlə heç görməmiş, iddiaçıdan bu işlə əlaqədar heç bir izahat və ifadə almamış və bu əməlin həqiqətən iddiaçının tərəfindən törədilib-törədilməməsi araşdırılmadan barəsində belə protokollar tərtib etmişlər. İddiaçının məhkəməyə təqdim etdiyim sənədlərdən də açıq-aydın görünür ki, “Ford” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının istifadəsində və mülkiyyətində deyildir. Həmin avtomobil başqa bir şəxsin istifadəsində olduğu halda, cavabdeh orqanın əməkdaşları əsassız olaraq iddiaçının barəsində bu protokolları tərtib etmişlər. İşin yuxarıda göstərilən hallarından da açıq-aydın görünür ki, iddiaçının öz hüquqlarının bərpa olunmasına çoxlu vaxtı, əməyi və pul vəsaiti sərf olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 iddianı qəbul etməyərək, yazılı etiraz verərək, bildirmişdir ki, 2017-ci və 2018-ci illərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tələblərini pozduğuna görə X1 barəsində müxtəlif vaxtlarda inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq sənədlərlə birlikdə baxılması üçün həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Aşkar olunmuş hüquq pozuntuları ilə bağlı işə baxılması zamanı məhkəmə proseslərində iştirak ilə əlaqədar İbrahimov Dimməhəmmədə bildirişlər göndərilsə də, o, məhkəmə proseslərində iştirak etməmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Qaradağ Rayon Məhkəməsində həmin işlərə baxılmış və hər bir inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh tədbirinin görülməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Odur ki, iddia ərizəsində istinad edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən iddiaçıya maddi və mənəvi ziyana görə Xidmət tərəfindən pul vəsaitinin ödənilməsi tələbi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1039/2020 saylı, 15.09.2020-ci il tarixli qərarının surətinə əsasən İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 552- ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir; Bakı Apelyasiya Məhkəməsinin 3(103)-399/2021 saylı 16.02.2021-ci il tarixli qərarının surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 fevral 2018-ci il qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-449/2021 saylı, 08.04.2021-ci il tarixli qərarının surətinə əsasən İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir; 10.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 07.11.2017-ci il tarixində AR İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25.02.2018-ci il tarixli qərarı ilə İddiaçı 50 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli 3(103)- 1066/2020 saylı qərarı ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25.02.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Qaradağ rayon məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 21.08.2020-ci il tarixli 3(002)-917/2020 saylı qərarı ilə iddiaçının şikayəti təmin edilmiş və onun əməlində AR İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16.02.2021-ci il tarixli 3(103)-399/2021 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş və əməlində inzibati xətanın tərkibi əlamətləri olmadığı üçün Bakı şəhər Qaradağ rayon məhkəməsinin 02.02.2018-ci il tarixli qərar qəbul edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 14.03.2018-ci il tarixində İddiaçı barəsində AR İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhər Qaradağ rayon məhkəməsinin 13.04.2018-ci il tarixli qərarı ilə o 50 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.02.2021-ci il tarixli 3(103)-398/2021 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş və Qaradağ rayon məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhər Qaradağ rayon məhkəməsinin 08.04.2021-ci il tarixli 3(002)-449/2021 saylı qərarı ilə iddiaçının şikayəti təmin edilmiş və əməlimdə AR İXM-nin 552-ci maddəsində göstərilən inzibati xətanın tərkib əlamətləri olmadığı üçün barəmdə olan inzibati iş üzrə icraata xitam verilmişdir. 30.04.2018-ci il tarixində iddiaçının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhər Qaradağ rayon məhkəməsinin 24.05.2018-ci il tarixli qərarı ilə o 50 manat məbləğində cərimə ilə cəzalandırılmışdır. Bu qərardan şikayət verdikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli 3(103)-1067/2020 saylı qərarı ilə Qaradağ rayon məhkəməsinin 24.05.2018ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhər Qaradağ rayon məhkəməsinin 15.09 2020-ci il tarixli 3(002)-1039/2020 saylı qərarı ilə iddiaçının əməlində AR İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilmişdir. 13.12.2017-ci il tarixində yenidən iddiaçının barəmdə AR İXM-nin 552-ci maddəsi ilə protokol tərtib edilmiş və məhkəmə qərarı ilə 50 manat cərimə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 23.07.2020-ci il tarixli 3(103)-1088/2020 saylı qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 04.09.2020-ci il tarixli 3(002)-993/2020 saylı qərarı ilə iddiaçının əməlində AR İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığı üçün barəmdə olan inzibati xəta haqqında işə xitam verilmişdir. Hazırda İddiaçı qarşı iddia etdikləri pul tələbini cavabdeh olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətindən tələb edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 18.02.1999-cu ildə qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qanunun 5-ci maddəsində bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının; 3) ödənilmiş məhkəmə xərclərinin, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimənin; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin; 5) vurulmuş fiziki və mənəvi ziyanın ödənilməli olduğu; 7-ci maddəsində şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrin mənəvi ziyan hesab edildiyi; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi; 12-ci maddəsində fiziki və mənəvi ziyanın, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iddia üzrə cavabdeh olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidməti tərəfindən iddiaçıların hər hansı hüququ pozulmamışdır. Buna görə də, iddiaçının hazırki iddia tələbi ilə müraciət edilməsi üçün subyektiv hüququ yaranmadığından hazırki iddia tələbi rədd edilməlidir. Digər tərəfdən, cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidməti hərəkətsizlik etməsi, həmin hərəkətsizlik nəticəsində iddiaçıya ziyan dəyməsini göstərən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ona 5000 manat maddi, 15000 manat mənəvi ziyan dəyməsinə görə hər hansı sübut təqdim etmədiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar