Məhkəmə qərarları › İş №2(005)-4717/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4717/2021

28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4717/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı1, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh1nə qarşı “sənədlərin təqdim edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və Kazımova (Şükürova) Afaq Azad qızı qanunda nəzərdə tutulmuş qaydada Cavabdeh1, Maliyyə-Kredit fakültəsinin qiyabi şöbəsində təhsilini davam etdirilməsi barədə sənədlərin cavabdehdən alınıb təqdim edilməsini təmin etmək və mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının övladları İddiaçı2 və Kazımova (Şükürova) Afaq Azad qızı qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunmuşlar. Qəbul olunduqdan sonra Universitet fəaliyyətini dayandırmış və bağlanmışdır. Universitet bağlandıqdan sonra onun övladları Cavabdeh1, Maliyyə-Kredit fakültəsinin qiyabi şöbəsində təhsilini davam etdirilməsi üçün göndərilmişlər. Lakin sonradan iddiaçıya bildirilmişdir ki, Cavabdeh1nə övladlarının sənədləri göndərilməmişdir. Köçürmə yolu ilə iki övladının Cavabdeh1 tələbələri olması İnstitutun qiyabi şöbəsinin dekanı Sabir müəllim yeni qəbul edilmiş tələbələrin siyahısında övladlarının da adlarının olduğunu ona bildirilmiş, lakin yeni qəbul edilmiş tələbələrin sənədlərinin Təhsil Nazirliyində olduğunu demişdir. Nədənsə Təhsil Nazirliyi onun qanuni tələbələri əsasında övladlarının sənədlərini Cavabdeh1nə bu günədək göndərilməmişdir. Cavabdehin qanunun tələblərinə zidd olaraq övladlarının qanunla qorunan hüquqları pozulmaqla həm mənəvi, həm də maddi zərər çəkirlər. Yəni 15 il müddətdə cavabdehlərin vəzifə səlahiyyətlərinə laqeyd yanaşmalarına görə ona və ailəsinə mənəvi və maddi ziyan dəymişdir. Təhsil Nazirliyinin əməkdaşları başda X5 və Elm və təhsil şöbəsinin müdürü Nicat Məmmədlinin səhlənkarlığı nəticəsində övladlarımın təhsil hüquqları qanuna zidd olaraq kobud pozulmuşdur. Yəni 15 il etdiyi müraciətlər nəzərə alınmamış, yazılı surətdə ona köçürülmə müddətinin bitdiyi bildirilmişdir. Daha sonra iddiaçılar iddia ərizəsinə yazılı ərizə təqdim edərək, birgə iddiaçı olaraq İddiaçı2 və Kazımova (Şükürova) Afaq Azad qızının da əlavə edilməsini, İddiaçı2 və Kazımova (Şükürova) Afaq Azad qızı qanunda nəzərdə tutulmuş qaydada Cavabdeh1, Maliyyə-Kredit fakültəsinin qiyabi şöbəsində təhsilini davam etdirilməsi barədə sənədlərin cavabdehdən alınıb təqdim edilməsini təmin etmək və mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını və İddiaçı2 və Kazımova (Şükürova) Afaq Azad qızının Azərbaycan Respublikası Təhsil Nazirliyində saxlanılmış sənədlərinin təqdim olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3 bildirmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti ləğv olunduqdan sonra həmin təhsil müəssisəsində qanuni əsaslarla oxuyan, dövlət qəbul imtahanlarından keçmiş tələbələrin siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunmuşdur. Həmin siyahıda iddiaçıların yəni İddiaçı2 və Kazımova (Şükürova) Afaq Azad qızının adları olmamışdır. Siyahıda adı olan tələblər müvafiq universitetlərə köçürülmüşdür. İddia tələbi əsassızdır. Həmin tələbələrin sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyində mövcud deyil. Buna görə də, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəmənin dəftərxana vasitəsilə 06.10.2021-ci il tarixdə yazılı ərizə təqdim edərək, İddiaçı1 Sadiq oğlunun övladları İddiaçı2, Kazımova (Şükürova) Afaq Azad qızının Cavabdeh1nə köçürülməsi ilə bağlı bu günə qədər Azərbaycan Respublikası Təhsil Nazirliyindən heç bir sənəd daxil olmamışdır. Bu səbəbdən iddianı əsassız hesab etdiklərini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı2 ilə Azərbaycan Beynəlxalq Universiteti arasında bağlanmış 29.08.2002-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı2 əgər müsabiqədən keçərsə, universitetin maliyyə və kredit ixtisası üzrə qiyabi təhsilə qəbul olunmalı, İddiaçı2 isə öhdəliklərin yerinə yetirilməsi üçün göstərilən məbləğdə tam təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı1 ünvanlandığı 31.03.2021-ci il tarixli məktubun surətində “Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda övladlarınız Afaq və İddiaçı2ların adları yoxdur. Bu səbəbdən müraciətdə qeyd etdiyiniz məsələnin həlli Təhsil Nazirliyinin imkanı xaricindədir” göstərilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı1 ünvanlandığı 24.05.2017-ci il tarixli məktubun surətində “fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bankında övladlarınız Afaq və İddiaçı2ların adları yoxdur. Bu səbəbdən müraciətdə qeyd etdiyiniz məsələlərin həlli Təhsil Nazirliyinin imkanı xaricindədir.” göstərilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı1 ünvanlandığı 22.06.2021-ci il tarixli məktubun surətində “övladlarınız Afaq və İddiaçı2larla bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə daxil olmuş ərizələrinizə (Ş-2638 nömrəli, 17.02.2021-ci il tarixli) cavab olaraq bildiririk ki, Təhsil Nazirliyi Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"a görə ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər” göstərilmişdir; Azərbaycan Beynəlxalq Universitetinin “Gömrük işinin təşkili” ixtisası üzrə mövcud qanunvericiliyə uyğun olaraq təhsil almış tələbələrin siyahısında İddiaçı2 və İddiaçı3 adları aşkar edilməmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 övladlarının (İddiaçı2 və İddiaçı3) Cavabdeh1ndə ali təhsil aldıqlarını və cavabdehin ona sənədləri təqdim etmədiyini iddia edir. Cavabdehlər iddia tələbini qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. İşin hallarından göründüyü kimi, iddiaçılar İddiaçı2 və Kazımova (Şükürova) Afaq Azad qızı onlara məxsus Azərbaycan Beynəlxalq Universitetində təhsil almalarına dair sənədlərin Azərbaycan Respublikası Təhsil Nazirliyində olmasına istinad edir və təkidli tələblərə baxmayaraq uzun müddətdə sənədlərin geri qaytarılmamasını və ya başqa universitetə köçürülmədiklərini bildirirlər. Məhkəmə hesab edir ki, ididaçıların istinad etdiyi hallar iş materialları ilə təsdiq olumur, belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məhkəməyə təqdim etdiyi Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısındə İddiaçı2 və Kazımova (Şükürova) Afaq Azad qızının adı aşkar olunmamış, buna görə də onların sənədlərinin Azərbaycan Respublikası Təhsil Nazirliyində saxlanılması və ya verilməməsi ilə bağlı iddiaçıların qeyd etdiyi hallar öz təsdiqini tapmır. İddiaçı1 tərtib olunmuş əvvəlki (başqa) siyahıda onun övladlarının adının olmasına istinad etsə də, belə bir sənəd iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə vurğulayır ki, göstərilən mübahisəli hala məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi normalara əsasən qiymət verilməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sənədlərin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən alınıb təqdim edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, idddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-cı maddəsinə istinad etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi zərərlə bağlı mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə munasibətdə cavabdehlər tərəfindən zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması müəyyən olunduğu təqdirdə zərərin əvəzinin ödənilməsi ücün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsi öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; İddiaçılarının iddia ərizəsində irəli sürdükləri tələblərinin qanuni əsaslarını göstərə bilməmiş, İddiaçı2 və Kazımova (Şükürova) Afaq Azad qızına məxsus sənədlərin Azərbaycan Respublikası Təhsil Nazirliyində olmasına dair hər hansı mötəbər sübut təqdim edilməmiş, iddia üzrə iddiaçılar özlərinin irəli sürdükləri tələblərinin qanuni əsasını göstərə bilməmiş, tələblərini əsaslanmamışlar. Əgər qanunda iddiaçıların ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi əsassız kimi qəbul edilməli və iddia təmin edilməməlidir. Məhkəmə, iddia üzrə "sənədlərin təqdim olunması" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin " mənəvi zərərin tutulması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə " sənədlərin təqdim olunması " hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi "mənəvi zərərin tutulması” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh1nə qarşı “sənədlərin təqdim edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh1nə qarşı “sənədlərin təqdim edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar