Məhkəmə qərarları › İş №2(005)-4728/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4728/2021

04.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4728/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə hərrac nəticəsində əldə edilmiş əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra şöbəsi cəlb edilməklə hərrac nəticəsində əldə edilmiş əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin, ümumi sahəsi 28,3 kv.m olan 5 saylı mənzilə dair 26.08.2021-ci il tarixli X4 yekunları barədə 64/01 nömrəli Protokolu əsasında qalib alıcı olaraq satın aldığı əmlakı naturada texniki pasportda və mülkiyyət hüququnu təsdiq edən çıxarışa uyğun olaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 sifarişi əsasında 26.08.2021-ci il tarixində hərrac təşkilatı "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracda Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin, ümumi sahəsi 28,3 kv.m olan 5 saylı mənzili qalib alıcı olaraq hərracın yekunları barədə 64/01 saylı protokola əsasən satın almışdır. 26 avqust 2021-ci il tarixində Yasamal rayon İcra şöbəsinə yazılı formada müraciət edərək, satın aldığı mənzili ona təhvil verilməsini xahiş etmişdir. 03.09.2021-ci il tarixində Yasamal rayon icra şöbəsinin icra məmuru B.Bayramovla birlikdə həmin mənzilə gətmişlər. O zaman məlum olmuşdur ki, satın aldığı mənzili naturada ona təhvil vermək mümkün deyil. Belə ki 4 mənzil birləşdirilərək, otaqlar arasında divarlar sökülmüş, 4 mənzilə cəmi bir qapı və bir sanitar qovşağı olmaqla bir vahid mənzil qurulmuşdur. Yaranmış vəziyyətlə bağlı icra məmuru tərəfindən satın aldığı mənzili naturada ona təhvil verilməsinin mümkün olmaması barədə akt tərtib edildi və o, öz imzası ilə bunu təsdiq etmişdir. Hərracda iştirak edərək bu mənzili almaq məqsədi ilə müvafiq ödəniş və əlavə olaraq vergi rüsumuda ödəmişdir. Lakin 64/01 saylı hərracın yekunları barədə protokol əsasında satın aldığı əmlaka sahib çıxa bilmir. Dəfələrlə icra şöbəsinə və hərrac təşkilatına satın aldığı əmlakı natura formasına (texniki pasportda olduğu kimi) ona təhvil verilməsinin xahiş və tələb etsə də, müsbət nəticə hasil olmadı. Böyük vəsait hesabına satın aldığı mənzilin ona naturada, texniki pasportda olduğu formada ona təhvil verilməsi onun haqqıdır. Verilimiş elanda bu xususatlar qeyd edilməmişdir. Ağlına gəlməzdi ki aldığı mənzilə qonşunun giriş qapısından girməli olacaq və yaxud sanitar qovşağından qonşu ilə şərik istifadə edəcək. Bu tam absurddur. Vicdanlı alıcıdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASCnin nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı hərracda iştrak etmək üçün beh ödəmiş, iddia predmeti olan mənzilə dair qalib alıcı olmuş, lakin 7 gün müddətində hərracda qalıb gəldiyi əmlakın ödəniş etməmişdir. Bu səbəbdən qeyd olunan əmlaka dair hərrac keçirilmiş və sonra ipoteka saxlayana təklif olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan; Yasamal rayon İcra Şöbəsinin İddiaçı ünvanladığı 14.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iştirakı ilə həmin mənzilə baxış keçirilən zaman 4 otaqlı mənzilin birləşdirilərək bir mənzil şəklinə salındığından natura qaydada ona təhvil verilməsi mümkün deyildir. 26.08.2021-ci il tarixli, 64/01 nömrəli hərracın yekunları barədə protokoldan görünür ki, X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin, ümumi sahəsi 28,3 kv.m olan 5 saylı mənzil ipoteka predmetinin ilkin hərrac qiyməti 60000 manat, hərracdakı satış qiyməti 100000 manat qiymətlə qalib alıcı İddiaçı əldə etmişdir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. "xxxx" MMC-nin 28.07.2021-ci il tarixli, 01/3845 qeydiyyat nömrəli, 01 nömrəli hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, Yasamal rayon İcra şöbəsinin 17/72-132325/3-17501 saylı, 22.07.2021-ci il tarixli və Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 20.08.2019-cu il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri, Yasamal rayonu, M.A.Şərifzadə küçəsi, ev 146A, Bakı şəhəri, Yasamal rayonu, AK.Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi, ev 97-də qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7 (28.3 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, (4-cü köndələn) ev 7 (45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, (4-cü köndələn) ev 7 (32 kv.m), ünvan 3 ünvandakı əmlaklar hərracda satılması və hərracın 26.08.2021-ci il tarixdə saat 11:00-17:00-dək keçiriləcəyi bildirilmişdir. "xxxx" MMC-nin 31.08.2021-ci il tarixli, 01/4228 qeydiyyat nömrəli, 02 nömrəli hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, Yasamal rayon İcra şöbəsinin 17/72-132325/3-17501 saylı, 22.07.2021-ci il tarixli və Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 20.08.2019-cu il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, (4-cü köndələn) ev 7 (45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, (4-cü köndələn) ev 7 (32 kv.m), ünvan 3 ünvandakı əmlaklar hərracda satılması və hərracın 15.09.2021-ci il tarixdə saat 11:00-17:00-dək keçiriləcəyi bildirilmişdir. 01.10.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, 01.10.2021-ci il tarixli, 68/02 saylı hərracın yekunları barədə protokola əsasən X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin, ümumi sahəsi 45.2 kv.m olan 6 saylı mənzilin qiyməti 63750 manat olmaqla "xxxx" ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. 01.10.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, 01.10.2021-ci il tarixli, 68/03 saylı hərracın yekunları barədə protokola əsasən X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin, ümumi sahəsi 32 kv.m olan 19 saylı mənzilin qiyməti 60562,50 manat olmaqla "xxxx" ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. 01.10.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, 01.10.2021-ci il tarixli, 68/04 saylı hərracın yekunları barədə protokola əsasən X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin, ümumi sahəsi 39.15 kv.m olan 20 saylı mənzilin qiyməti 57375 manat olmaqla "xxxx" ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. "xxxx" MMC tərəfindən 05.10.2021-ci il tarixdə Yasamal rayon İcra şöbəsinə, "xxxx" ASC-ə, X3, X2, X6, “Falcon Group”-a göndərilmiş 01/4513 qeydiyyat nömrəli İpoteka predmetinin əldə olunmasına dair Təklif məktubunun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin, ümumi sahəsi 28.3 kv.m olan mənzili təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 38250 manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı 11.10.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin, ümumi sahəsi 28.3 kv.m olan 5 saylı mənzili 38250 manata almalarına razılıq bildirmişlər. "xxxx" MMC-nin Yasamal rayon İcra şöbəsinə və "xxxx" ASC-yə ünvanladığı məktubun surətindən görünür ki, 17/72-132325/3-17501 saylı, 22.07.2021-ci il tarixli sifariş məktubuna əsasən X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin, ümumi sahəsi 28.3 kv.m olan 5 saylı mənzil ipoteka saxlayan "xxxx" ASC 38250 manat məbləğə əldə etdiyi bildirilmişdir. 12.10.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, 12.10.2021-ci il tarixli, 69/01 saylı hərracın yekunları barədə protokola əsasən X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin, ümumi sahəsi 28.3 kv.m olan 5 saylı mənzilin qiyməti 38250 manat olmaqla "xxxx" ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Qanunun: 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7-ci maddəsinə görə hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qeyd edilən mülki qanunvericliyin öhdəliyin yaranma əsaslarını müəyyən edən normasının məzmunundan da aydın olur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulan digər əsaslarla yanaşı müqavilə əsası da mövcud olmalıdır. Beləliklə, məhkəmə baxışı iclasında, mülki işin materiallarından müəyyən olundu ki, X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin, ümumi sahəsi 28.3 kv.m olan 5 saylı mənzil 17/72-132325/3-17501 saylı, 22.07.2021-ci il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmışdır. İddiaçı hərracda beh ödəyərək iştirak etmiş və həmin mənzilə dair qalib alıcı seçilmişdir. Lakin iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 7 təqvim günü ərzində qalib gəldiyi əmlakın alış qiymətini ödəməmişdir. Bu səbəbdən qeyd olunan əmlaka dair yenidən hərrac keçirilmiş, sonra ipoteka saxlayan "xxxx" ASC-yə 38250 manat məbləğə təklif olunmuş və sonuncu təklif ilə razılaşaraq əmlakı əldə etmişdir. Sadalanan qanunvericilik əsaslarından göründüyü kimi hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. İşin hallarından o da aydın olur ki, “İpoteka haqqında”Qanunun 42.7-ci maddəsinə uyğun olaraq iddiaçı hərracın iştirakçısı kimi iştirak etmək və öz razılığı əsasında hərracın keçirilməsi üçün behi ödəmişdir. Bu səbəbdən də hərrac baş tutmuşdur. Hazırki vəziyyətdə də hərracın keçirilməsi mübahisələndirilməmiş. İddiaçı 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəmədiyi üçün tərəflər arasında hərraca dair alqısatqı müqaviləsi bağlanmamışdır. İddiaçı alış qiymətini ödəməsi barədə məhkəmə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia İddiaçı cavabdeh "xxxx" MMC qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə hərrac nəticəsində əldə edilmiş əmlakın təhvil verilməsi tələbinə dair iddia tələbi rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar