Məhkəmə qərarları › İş №2(005)-4748/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4748/2021

25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4748/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi X2, eni zamanda nümayəndə və vəkil X3, Cavabdehin "xxxx" ASC-nin nümayəndəsi-X9 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “təyin olunmuş müavinət məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “təyin olunmuş müavinət məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli, 2(005)-2110/2014 saylı qətnaməsi ilə cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən İddiaçı xeyrinə tulumuş 360 manat müavinətin məbləğinin artırılaraq hər ay üçün 840 manat müəyyən olunması və cavabdeh 'Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən İddiaçı Nurıdın oğlunun xeyrinə hər ay üçün 840 (səkkiz yüz qırx) manat müavinət tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli, 2(005)-2110/2014 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı və X2 cavabdeh "xxxx" ASC-yə qarşı əmək əlili kimi hər ay 400 manat müavinətin verilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə hər ay 360 manat müavinət tutulması qət edilmişdir. İşin faktiki halı ondan ibarətdir ki, İddiaçı 2010-cu ildə hündürmərtəbəli binanın tikintisində əmək müqaviləsi bağlanılmadan hər iş günü 15 manat əmək haqqı ödənilməklə qəlbçi fəhlə işləmişdir. O, 10.05.2010-cu ildə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən inşa olunan Masazır qəsəbəsində yerləşən 27 saylı binanın 71-72-ci girişinin 4-cü mərtəbəsində lift üçün qəlb quraşdırarkən həmin binadan yıxılaraq İİ bel fəqərəsinin və bədəninin digər əzalarının sınması ilə nəticələnən xəsarətlər almışdır. Həmin xəsarətlərlə bağlı İddiaçı AR ƏƏSMN TSEK tərəfindən İİ qrup əlillik dərəcəsi verilmiş və həmin orqan tərəfindən verilmiş arayışda onun əmək qabiliyyətinin olmaması qeyd olunmuşdur. Nəzərə alınsa ki, təyin olunmuş müavinət 2010-2014-cü ilin iqtisadi reallığına əsaslanaraq təyin olunub, onda bugünki günün iqtisadi reallığına uyğun olaraq, həmçinin 2015-ci ildə baş vermiş manatın devalivasiyaları, bundan başqa ərzaq və dərman preparatlarının qiymət artımına uyğun olaraq həmin məbləğ də artırılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı evlidir və 2 övladı vardır. Övladları böyüdükcə təbii olaraq ailənin tələbatları da artır ki, hazırki vəziyyətdə təyin olunmuş müavinət ailənin təminatlarını ödəməyə çatmır. Bundan başqa 2021-ci ilin hazırkı dövründə hündürmərtəbəli binalarda qəlbçi fəhlə və qəlbçi ustanın 1 günlük əmək haqqı məbləğinin miqdarının müəyyən edilməsi məqsədilə vəkil tərəfindən AR Dövlət Statistika Komitəsinə sorğu verilmiş və sorğuya 30.07.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Həmin məktubda göstərilmişdir ki, 2021-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatının tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 861.1 manat təşkil etmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qətnaməsi ilə müavinət təyin edilərkən hesablama aşağıdakı qaydada aparılmışdır: Hər iş günü üçün 15 manat əmək haqqı; həftəlik 6 gün iş günü hesablanmaqla bir iş həftəsi üçün 6 gün X 15 manat=90 manat; 90 manat X 4 iş həftəsi=360 manat bir ay. Hazırki vəziyyətdə həmin qayda ilə hesablama aparsaq 1 iş günü üçün əmək haqqı 35 manat təşkil edir ki. bu da 1 həftə üçün 210 manat, bir ay üçün isə 840 manatdır. (861.1 manat: 24 gün =35.8 manat) Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6, eyni zamanda nümayəndə və vəkil X7 ayrıayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin "xxxx" ASC-nin nümayəndəsi X11 iddianı qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin 2(005)-2110/2014 saylı, 27.06.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçı X1 xeyrinə hər ay 360 manat müavinət tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın Qərarı 19.05.2015-ci il tarixdə 2(102)- 1929/15 saylı qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməməsi MK-nın 17.12.2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. ƏSMMN DSMF-nin salyan rayon şöbəsi tərəfindən verilmiş 000843 №-li Vəsiqədən görünür ki, İddiaçı 2-ci qrup əmək zədəsi əlilidir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 30.07.2021-ci il tarixli, 06/1-129 №-li sorğuya cavab məktubundan görünür ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqına dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı- ayrı vəzifələr (peşələr) üzrə orta aylıq nominal əməkhaqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən sorğunuzda qeyd edilmiş “qəlibçi fəhlə və qəlibçi usta' vəzifəsi üzrə orta aylıq nominal əmək haqqı barədə məlumatların tərəfimizdən təqdim edilməsi mümkün deyil. Bildiririk ki, 2021-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatının tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 861,1 manat təşkil etmişdir. 2021ci ilin iyun ayı üzrə məlumatlar isə cari ilin avqust ayının ikinci yarısında hazır olacaqdır. Məhkəmə araşdırması zamani müəyyən olundu ki, İddiaçı 2006-cı ildən İİ qrup əmək zədəsi əlilidir. 10 may 2010-cu il tarixdə X5 bədbəxt hadisə nəticəsində işlədiyi tikintidə yıxılaraq ağır bədən xəsarətləri almışdır. Həmin xəsarətlərlə bağlı İddiaçı AR ƏƏSMN TSEK tərəfindən İİ qrup əlillik dərəcəsi verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 27 iyun 2014-cü il tarixli qətnaməsi dəyişdirilərək cavabdeh “Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası" ASC-dəıı İddiaçı xeyrinə sağlamlığı bərpa olunanadək hər ay 360 manat müavinət tutulması qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək mövcud iqtisadi vəziyyətlə əlaqədar olaraq məhkəmə qətnaməsi ilə təyin edilmiş müavinətin məbləğinin artırılmasını tələb edir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1118-ci maddəsi: 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Məhkəmə araşdırması zamanı İddiaçın məhkəmə qətnaməsi ilə təyin olunmuş müavinət məbləğinin artırılması üçün qanuni əsalar məyyən olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “təyin olunmuş müavinət məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “təyin olunmuş müavinət məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar