Məhkəmə qərarları › İş №2(005)-4757/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4757/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4757/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Çinar-Trans" MMC-dən onun xeyrinə avtomobilin təmirinə çəkdiyi 220 manat maddi ziyan və 1000 manat məbləğdə mənəvi ziyan, 30 manat dövlət rüsumuna görə ödədiyi məbləğlər olmaqla, cəmi 1250 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “Çinar-Trans" MMC-nin sürücüsü Gasanov Samed idarə etdiyi Cavabdeh MMC-nə məxsus **-JK-*** dövlət nömrə nişanlı Karsan 561 avtobus markalı avtomobillə, etibarnamə üzrə idarə etdiyi 99-FR- 711 dövlət nömrə nişanlı Toyota Rav-4 minik markalı avtomobili yol nəqliyyat hadisəsi törətməklə əzərək, öz telefon nömrəsini ona verib avtomobili düzəldəcəyinə söz verərək, tələsdiyini bəhanə edib qəzanın baş verdiyi yerdən qaçmışdır. Bundan sonra hazırki günə qədər həmin şirkətdən vurulan ziyanın əvəzini ala bilməmişdir. Bununla bağlı X3 müraciət etmiş və həmin şəxsə yol nəqliyyat hadisəsi törətdiyinə və yol hərəkəti qaydalarını pozduğuna görə X6 İXP ******* saylı protokol tərtib olunmuşdur. “Çinar-Trans" MMC-yə məxsus Gasanov Samedin idarə etdiyi avtomobil icbari siğorta olunmadığına görə ona vurulmuş ziyanın əvəzi ödənilməmişdir. X1suz hərəkətlərinə və "Çinar-Trans” MMC-nin istismara buraxdığı avtomobilini siğorta etdirmədiyinə görə ona maddi və mənəvi ziyan vurulmuşdur. X3 təqdim etdiyi ərizədə göründüyü kimi o, 70 manat ustaya əl haqqı xərci ödəmişdir. Bundan əlavə idarə etdiyi avtomobildə 250 manat dəyərində olan sağ duman işığı qırılaraq yararsız hala düşmüşdür. Onunda işlənmişini “Tap.az” saytından taparaq 100 manata əldən alıb dəyişdirmişdir. Buferin rənglənməsi üçün 50 manat dəyərində rəng almışdır. Həmçinin baş vermiş nəqliyyat hadisəsi nəticəsində 2-3 gün öz işindən avara olmuş, avtomobili düzəltdirmək üçün ehtiyyat hissəsi dalınca getmiş və bütün bunlara həm vaxt həmdə 30 manatdan çox dəyərdə benzin xərcləmişdir. X5 aldatmasını, süründürməsini, onun qanunsuz hərəkətləri nəticəsində şəxsi işlərinin arxasınca gedə bilməməyi, həmçinin bütün bu əziyyətləri Cavabdeh MMC-nin qanunun tələbini icra etməyib avtomobili icbari siğorta etdirmədiyinə görə yaşadığı üçün, keçirdiyi stresləri və itirdiyi vaxtı mənəvi zərər hesab edir. Həmin mənəvi zərəri 1000 manat həcmində qiymətləndirir. Qeyd olunan zərər ona inzibati xətaların törədilməsi nəticəsində vurulmuşdur. Hətta DYP əməkdaşları unutduqları üçün “Çinar-Trans" MMC-ni avtomobili siğorta etdirmədiyinə görə cərimədə etməmişlər. Qeyd olunan “Karsan'’ markalı avtomobil sığorta olunmayıb və təhlükə mənbəyi olaraq qalır. “Çinar-Trans" MMC-nin fəaliyyəti qanunsuzluqlar üzərində qurulduğu və sürücüləri seçərkən əmək müqaviləsi bağlamadıqları və ya heç bir kriteriyalan olmadığı, cavabdehlik daşımadıqları və mətbuatda gedən xəbərlərə görə hətta narkomanları sürücü qismində işə qəbul etdikləri üçün yalnız baş verənlərdə Cavabdeh MMC-ni günahkar hesab edir və cavabdeh qismində qoyur. Üzləşdiyi problemlər məhz şirkətin fəaliyyətinin və avtobuslarını icbari siğorta etdirməmələri nəticəsində baş vermişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya MPM-nin 54-cü maddəsinə əsasən əsl iddiaçı ilə əvəz olunmasına razılığının olmasına dair fikri dəqiqləşdirilmiş, iddiaçı qeyd etmişdir buna qəti etiraz edir. Bildirmişdir ki, idarə etdiyi avtomobil atasına məxsusdur, etibarnamə əsasında idarə edir. Atası vəfat etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almayıb. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan; Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X4 “Toyota Rav 4” minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İddiaçı etibar etmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Rav 4” minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İddiaçı Bakı şəhər BPİ DYPİ-yə təqdim etdiyi ərizənin surətindən görünür ki, iddia ərizəsində qeyd olunmuş yol-nəqliyyat hadisəsi barədə məlumat vermiş və ona köməklik göstərilməsini xahiş etmişdir. 22.06.2021-ci il tarixli X6 İXP ******* nömrəli protokoldan görünür ki, Gasanov Samed 08.05.2021-ci il tarixdə “Karsan 561 Avtobus” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həsənov Səmədin Bakı şəhər BPİ DYPİ-də verdiyi izahatın surətindən görünür ki, ----- ------- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Karsan 561 Avtobus” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nin mülkiyyətindədir. Cavabdeh MMC-nin 22 nömrəli yol vərəqəsinin surətindən görünür ki, 01-31 may 2021-ci il tarixlərdə “Karsan 561 Avtobus” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı və Abşeron ərazisində şəhərdaxili və şəhərətrafı sərnişin daşıma üçün sürücü Həsənov Səmədə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının vurulmuş zərərəin əvəzinin ödənilməsini tələb etdiyi qeydiyyat şəhadətnaməsinə əsasən “Toyota Rav 4” minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İddiaçıya müvəqqəti etibarnamə əsasında verilmişdir. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən X4 “Toyota Rav 4” minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün hazırki iş üzrə İddiaçı etibar etmişdir. Bu etibarnamə ilə səlahiyyətlərin başqa şəxsə verilməsi hüququ da iddiaçıya verilməmiş, yalnız onun idarə edilməsinə dair verilmişdir. Məhkəmə iclasında iddiaçıya MPM-nin 54-cü maddəsinə əsasən əsl iddiaçı olan avtomobilin sahibi X4 ilə əvəz olunmasına razılığının olmasına dair fikri dəqiqləşdirilmiş, iddiaçı qeyd etmişdir buna qəti etiraz edir. Bildirmişdir ki, idarə etdiyi avtomobilin sahibi X4 onun atasıdır. etibarnamə əsasında idarə edir. Atası vəfat etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almayıb. İşin hallarından göründüyü kimi iddiaçı ona məxsus olmayan, etibarnamə əssında yalnız idarə etmək üçün verilmiş etibarnaməyə əsasən vurulmuş ziyanın ödənilməsini tələb etməkdədir. Bununla belə ziyan dəymiş avtomobilin sahibi vəfat etsə də bu nəqliyyat vasitəsinə dair vərəsəlik qaydasında şəhadətnaməni də almamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 363.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnamənin qüvvəsinə xitam verilir. Sadalanan əsaslardan göründüyü kimi şəxsin ölməsi ilə də etibarnamənin qüvvəsinə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı) Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməyə subyektiv mənada hüququ yoxdur. Əmlakın sahibi vəfat etdiyindən onun hüquqi statusu da hələ mübahisəlidir. Buna görə də İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olması şübhə doğuran əmlaka vurulmuş zərərin əvəzinin cavabdehdən onun xeyrinə ödənilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar