Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4772/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər X1 və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı güzəştlərin müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5898,96 ABŞ dolları borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi vəzifəsinin ƏSF ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh ƏSF LPO Cavabdeh ASC-nin əsl cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə əvəz edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-559/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən ondan və X4 müştərək qaydada cəmi 5898,96 ABŞ dolları borc ödəniş anında məzənnə nəzərə alınmaqla manatla və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemi kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.02019-cu il tarixli “Fiziki şəxslərin xarici valyuta olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin vǝ həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatının həyata keçirilməsi təmin edilir. Ona görə də tərəflərindən ƏSF Ləğv prosesində olan Cavabdeh ASC-yə müraciət edilərək “Fiziki şəxslərin xarici valyuta olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatınin həyata keçirilməsinin təmin edilməsini xahiş etmişəm. Lakin cavabdeh sözügedən Qaydanın 6.16-cı bəndinə istinad edərək fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığını bildirmişdir. Beləliklə ƏSF Ləğv prosesində olan Cavabdeh ASC "Fiziki şəxslərin xarici valyuta olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatının həyata keçirilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan portalda Cavabdeh ASC ilə bağlanan müqavilə üzrə borcu 2756,51 manat müəyyənləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı nümayəndəsi və vəkili X7 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan sayılır. “Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. Mərkəzi Bankın normativ xarakterli aktları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir. Həmin Qanunun 15-ci maddəsinin tələblərinə görə Mərkəzi Bank Azərbaycan dövlətinin bankıdır. Mərkəzi Bank Azərbaycan dövlətinin maliyyə agenti kimi çıxış edə bilər. Mərkəzi Bank bu Qanunla müəyyən olunmuş məqsədlərinə uyğun olaraq dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə yardım edir. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Bunun üçün də ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh qismində işə cəlb edilmiş Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondunun hazırkı işdə statusu “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan kimi nəzərə alınmalıdır. Belə ki, müvafiq qanunvericiliyə əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş və hüquqi şəxs olan Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu hazırki mübahisənin yaranmasına əsas olmuş münasibətlərdə yalnız ona xas olan fəaliyyəti həyata keçirən xüsusi hüquqi subyekt kimi iştirak edir və inzibati akta bərabər tutulan qərarları qəbul etməklə müraciət edən tərəf üçün hüquqların və ya vəzifələrin yaranmasına zəmin yaradır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı müvafiq qanuna əsasən qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil şəkildə qəbul etmək səlahiyyətinə malik olmaqla inzibati orqan sayılır. Əmanətlərin Sığortalanması Fondu həmçinin əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən və inzibati akt qəbul etmək səlahiyyəti olan orqandır. "xxxx" ASC-nin ləğvedicisi isə Əmanətlərin Sığortalanması Fondudur. Hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati orqandır və hazırki mübahisə inzibati mübahisələrə dair işlərə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.3-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Eyni Məcəllənin 114.1.4-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankının və Əmanətlərin Sığortalanması Fondunun hazırki mübahisədə inzibati orqan statusunu daşıdığını nəzərə alaraq hesab edir ki, müvafiq tələb inzibati mübahisə kateqoriyasına aiddir və beləliklə də bu cür tələbə ümumi məhkəmədə baxıla bilməz. Beləliklə, məhkəmə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı güzəştlərin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməli olduğu qənaətinə gəlir və hesab edir ki, iddiaçıya həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Həmçinin iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı güzəştlərin müəyyən edilməsi tələbinə dair icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 55 (əlli beş) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, mədaxil qəbzinin nömrəsi – 1927) İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4772/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4772/2023
20.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver