Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4831/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun barəsində çıxarılan yanlış PCR test nəticəsinin ləvğ edilməsi, həmin nəticələrə görə ona dəymiş 4820 manat məbləğində maddi zərərin, 4000 manat məbləğində mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi və pozulmuş subyektiv hüquqlarının cavabdeh tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ildən davam edən pandemiya şəraitinə görə dünya ölkələrinin bir çoxunda olduğu kimi Azərbaycan Respublikasında da xüsusi karantin rejimi tətbiq olunur. Bu rejimlə əlaqədar olaraq ölkəyə giriş-çıxış müəyyən məhdudiyyətlərlə həyata keçirilir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.1-ci bəndinə görə Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVİD-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənir. Belə müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Həmin Qərarın 2.1.3.2-ci maddəsinə əsasan Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar Azərbaycan Respublikasının vətəndaşları və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları - müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVİD-19-a dair PCR testinin ‘‘neqativ” nəticəsini təsdiq edən sənəd əsasında reysə qəbul edirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi PCR testi götürən klinikaların siyahısını təqdim etmişdir. Həmin klinikalar Qanunla nəzərdə tutulmuş qaydada və şəraitdə, istifadəyə yararlı avadanlıqlarla, tam təchizatlı laboratoriyada və tam gigiyenik şəraitcə vətəndaşlardan COVİD-19 testi götürməlidirlər. Bu siyahıya daxil olan Cavabdeh həyat yoldaşı X6 ilə birlikdə 16.08.2021- ci il tarixdə PCR testi vermişlər. Həyat yoldaşının nəticəsi “neqativ” olmuşdur. Lakin onda COVİD-19-a dair qızdırma, dad və iybilmənin yox olması, öskürək və bu kimi digər simptomlardan heç biri olmadığı halda testinin nəticəsi “pozitiv” çıxmışdır. Eyni tarixçə “Referans” klinikasında test vermiş, həmin klinikada isə testinin nəticəsi “neqativ” çıxmışdır. Ondan PCR testi götürülərkən gigiyena qaydalarına əməl olunmamış, otaqda kənar şəxslər olmuş və tibb işçisi ondan yemək yeyərək test götürmüşdür. PCR testinin götürülmə qaydasına görə burun və boğazdan yaxma alınmalı olduğu halda, yalnız burnundan yaxma götürülmüşdür. “Referans” klinikasında bu qaydaya əməl edilməklə, burnundan və boğazından yaxma götürülmüşdür. Cavabdeh analiz üçün etdiyi ödənişlə bağlı ona və həyat yoldaşına heç bir çek verməmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, Cavabdeh ümumiyyətlə götürülən yaxma nümunələrini laboratoriyada yoxlanışa göndərməmiş və onun barəsində əsassız olaraq “pozitiv” nəticə çıxarmışdır. Cavabdeh əməkdaşlarına yol verdikləri yanlışı düzəltməsi və ondan yenidən test götürülməsi üçün müraciət etsə də, özünü həmin klinikanın laboratoriyasının işçisi kimi təqdim edən Eldar adlı şəxs zəng edərək bunun mümkün olmadığını, artıq adının sistemə yoluxan kimi salındığını demişdir. Göründüyü kimi, onun hüquqlarını kobud şəkildə pozmuş, öz etibarlarına zərər gəlməsin deyə yol verdikləri səhvi aradan qaldırmaqdan imtina etmişlər. Yol verilmiş qanun pozuntusu nəticəsində peyvənd olunmağı barədə tibb müəssisələrinə müraciət etmək imkanından məhrum olmuşdur. Bunun nəticəsində həyat və sağlamlığım təhlükə altında qalmışdır. Pozulmuş hüquqlarının bərpası ilə bağlı Cavabdehla yanaşı, Azərbaycan Respublikasının Səhiyyə X8 və eyni zamanda, TƏBİB-nin sədri Ramin Bayramlıya şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin bu günədək Səhiyyə Nazirindən heç bir cavab məktubu gəlməmiş, 14.09.2021-ci tarixdə TƏBİB tərəfindən göndərilmiş cavab mektubunda isə bu məsələnin TƏBİB-nin səlahiyyətləri xaricində olduğu bildirilmiş, hüquqlarının bərpası ilə bağlı heç bir tədbir görülməmişdir. 17.08.2021-ci il tarixdən 24.08.2021-ci il tarixədək ailə üzvləri ilə birgə Türkiyə Respublikasına istirahətə getmək üçün "xxxx" MMC ilə 31.07.2021-ci il tarixdə otel xərcləri və aviabiletlərlə birlikdə 8450 manat məbləğində “Turizm xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlamış və 4590 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tarif əsasında və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində müəyyən edilmiş müqavilə əsasında özü və həyat yoldaşı ilə birgə PCR testinə Cavabdeh bir nəfər üçün 70 manat olmaqla, ümumilikdə 140 manat, “Referans” Hospitalda PCR testi üçün isə 90 manat olmaqla, ümumilikdə 4820 manat ödəniş etmişdir. Verdiyi test nümunələrinin cavabları, müqavilə və etdiyi mədaxil qəbzləri iş materiallarına əlavə olunmuşdur. Bağladığı müqavilə və aldığı biletlər batmış, yanlış test nəticələrinə görə yenidən test vermək məcburiyyətində qalmış və buna görə ona xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən çıxarılan yanlış test nəticəsinə görə həyat yoldaşı, bir və beş yaşında olan iki övladı ilə birgə karantin şəraitində qalmağa məcbur olmuşdur. Ailədə heç bir COVİD xəstəsi olmadığı halda cəmiyyətdən izolyasiya olmuş, işə gedə bilməmiş, zəruri ərzaq malları almaq üçün çölə çıxa bilməmiş və fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Cavabdeh yanlış test nəticəsinə görə işə gedə bilmədiyi üçün bu hal əmək fəaliyyətinə mənfi təsir göstərmişdir. Əmək hüquqları, ailənin və onun istirahət hüquqları pozulmuş, bu hal onda və ailə üzvlərində mənfi psixi reaksiyaya səbəb olmuş, güclü sarsıntı, əsəb və stress yaşamışlar, onlara mənəvi ziyan dəymişdir. “Ege Hospitalam əməkdaşlarının işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun hüquqlarına mühüm zərər vurulmasına səbəb olmuş, cavabdeh tərəfindən ona maddi və mənəvi zərər yetirilmiş, özünün və ailə üzvlərinin subyektiv hüquqları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısının izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 16.08.2021-ci il tarixli Cavabdeh İddiaçı dair Covid-19-RT-PCR analizinin nəticəsindən görünür ki, analizin nəticəsi pozitiv çıxmışdır. 19.08.2021-ci il tarixli Cavabdeh İddiaçı dair SARS-COV-2 Spike RBD analizinin nəticəsindən görünür ki, analizin nəticəsi neqativ çıxmışdır. 19.08.2021-ci il tarixli Cavabdeh İddiaçı dair SARS-COV-2 (Covid-19) analizinin nəticəsindən görünür ki, analizin nəticəsi neqativ çıxmışdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 31.07.2021-ci il tarixli Turizm xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı turizm xidmətlərinə görə "xxxx" MMC-yə 4971 manat ödəniş etməsini öz öhdəsinə götürmüşdür. 16.08.2021-ci il tarixli “Referans” X3 və Poliklinikasının İddiaçı dair SARS-Cov2 (Covid-2019) PCR analizinin nəticəsindən görünür ki, analizin nəticəsi neqativ çıxmışdır. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC-nin 24.07.2021-ci il tarixli, 000720 nömrəli Kassa Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 2545 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 16.11.2021-ci il tarixli, 21/19-5339 nömrəli məktubundan görünür ki, COVİD-19 infeksiyasının diaqnostikası üçün X4 tərəfindən qəbul olunmuş yeganə laborator müayinə üsulu ƏT-PZR-dir və diaqnostik testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilir. “TƏBİB” X11 18.11.2021-ci il tarixli, PHŞ/11-2-2021-4267 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası ərazisində fərqli istehsalçılar tərəfindən istehsal olunmuş reaktivlərdən istifadə olunur və COVİD-19-RT-PCR, SARS-CoV-2 spike RBD test nəticələrinin həssaslıq göstəricisi laboratoriyada istifadə olunan reaktivin istehsalçı tərəfindən verdiyi istifadə qaydasında qeyd olunur. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı xarici ölkəyə gedişi ilə əlaqədar COVİD-19 testi üçün Cavabdeh klinikasına müraciət etmiş, İddiaçı həmin klinikada COVİD-19 testinin nəticəsi pozitiv çıxmış və onu COVİD-19 xəstələrinə aid elektron sistemə əlavə etmişlər. İddiaçı digər klinikada COVİD-19 dair test vermiş və digər klinikada nəticə neqativ çıxmışdır. İddiaçı nəticədə planlaşdırdığı səyahətə gedə bilməmişdir. Bunun səbəbi kimi klinikalar arasında olan COVİD-19 dair testlərin nəticələrinin fərqli olmasını qeyd etmiş və Cavabdeh ona dəymiş ziyanın ödənilməsini tələb edir. Lakin məhkəmə sorğularına Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və “TƏBİB” X12 tərəfindən verilmiş cavablardanda aydın olur ki, Azərbaycan Respublikası ərazisində fərqli istehsalçılar tərəfindən istehsal olunmuş reaktivlərdən istifadə olunur və COVİD-19-RT- PCR, SARS-CoV-2 spike RBD test nəticələrinin həssaslıq göstəricisi laboratoriyada istifadə olunan reaktivin istehsalçı tərəfindən verdiyi istifadə qaydasında qeyd olunur, həmçinin diaqnostik testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilir. Odur ki, klinikalar arasında COVİD-19 dair testlərin nəticələrində yaranmış ziddiyyət həmin klinikalarda istifadə edilən fərqli istehsalçılar tərəfindən istehsal olunan testlər və həmin testlərdə istifadə olunan reaktivlərdən irəli gəlir. Məhkəmə mülki iş üzrə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Həmin Məcəllənin 1118.3-cü maddəsinə görə Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan əsaslardan göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu olmalı, eyni zamanda bu pozuntu sübut ediməlidir. İşin hallarından göründüyü kimi COVİD-19 testi üçün Cavabdeh klinikasına müraciət etmiş, İddiaçı həmin klinikada COVİD-19 testinin nəticəsi pozitiv çıxmış və onu COVİD-19 xəstələrinə aid elektron sistemə əlavə etmişlər. Ömərov X1 COVİD-19 dair test vermiş və nəticə neqativ çıxmışdır. İddia tələbinin əsası kimi iddiaçının əsaslandığı sübut 16.08.2021-ci il tarixli “Referans” X3 və Poliklinikasının İddiaçı dair SARS-Cov2 (Covid-2019) PCR analizinin nəticəsinin neqativ çıxmasıdır. Göründüyü kimi iddiaçının təqdim etdiyi 16.08.2021-ci il tarixli “Referans” X3 və Poliklinikasının İddiaçı dair SARS-Cov2 (Covid-2019) PCR analizinin nəticəsi neqativ olsa da, eyni tarixli Cavabdeh İddiaçı dair Covid-19-RT-PCR analizinin nəticəsin pozitiv çıxmaqla mübahisəli vəziyyət yaranmışdır. Məhkəmənin qənaətinə görə iddiaçının 16.08.2021-ci il tarixli “Referans” X3 və Poliklinikasının İddiaçı dair SARS-Cov2 (Covid-2019) PCR analizinin nəticəsinə iddiaçının əsaslanmaqla onun bu xəstəliyə yoluxmadığını bildirməsi əsaslı hesab edilə bilməz. O da qeyd edilməlidir ki, mübahisənin həlli ilə bağlı test nəticələrinin fərqli çıxmasının səbəbləri ilə bağlı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 16.11.2021-ci il tarixli, 21/19-5339 nömrəli məktubundan və “TƏBİB” X11 18.11.2021-ci il tarixli, PHŞ/11-2-2021-4267 nömrəli məktubundan da görünür ki, COVİD-19 infeksiyasının diaqnostikası üçün X4 tərəfindən qəbul olunmuş yeganə laborator müayinə üsulu ƏT-PZR-dir və diaqnostik testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilir. Məhkəmə onu da qeyd edir ki, testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilməsi və dəqiq nəticələri əks etdirməməsi baxımından Cavabdeh İddiaçı dair Covid-19- RT-PCR analizinin nəticəsin pozitiv çıxması onun təqsirinin olçüsü kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. İddiaçı tərəfin mübahisələndirdiyi bütün hallar məhkəmə tərəfindən araşdırılmış və mövcud mübahisə ətraflı araşdırılmaqla məhkəmə iddia tələbilə bağlı qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4831/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4831/2021
09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver