Məhkəmə qərarları › İş №2(005)-4919/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4919/2025

31.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4919/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı iddiaçı “Tolkun Lojistik Limited” şirkətinin AR-kı filialının cavabdeh "Tolkun Lojistik Limited şikətinə (İstanbul, Türkiyə) qarşı “vergi borclarının ödənilməsi təmin edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “Tolkun Lojistik Limited” şirkətinin AR-kı filialı cavabdeh "Tolkun Lojistik Limited şikətinə (İstanbul, Türkiyə) qarşı “vergi borclarının ödənilməsi təmin edilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "Tolkun Lojistik Limited” şirkəti tərəfindən filialın Dövlət Vergi xidmətinə olan vergi borclarının ödənilməsinin təmin edilməsi, Filialın ləğviylə bağlı qanunvericiliyin tələblərinə əsasən "Tolkun Lojistik Limited" şirkəti tərəfindən bütün öhdəliklərin icrasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına və məzmununa və ərazi, məhkəmə aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən göründüyü kimi, cavabdeh "Tolkun Lojistik Limited şikətinin (İstanbul, Türkiyə) qeydiyyat ünvanı Türkiyə Respublikasındadır. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin belə bir iddiaya baxılması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. İddiaçı ümumiyyətlə hansı səbəbdən belə bir iddia ilə ümumi məhkəməyə müraciət etməsini əsaslandırmır. Belə ki, cavabdeh xarici hüquqi şəxsdir, iddiaçı isə ümumiyyətlə hüquqi şəxs deyil, sadəcə filialdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmçinin, “X1” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət edərkən, qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət rüsumu da ödəməmişdir. Belə olan halda isə hazırki mübahisənin iddia icraatı qaydasında baxıldığını, Azərbaycan Respublikası MPM-nin 35, 36, 149 və 152-ci maddələrinin müvafiq maddələrinin tələblərini nəzərə aldıqda, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasının mümkün olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, hesab edirəm ki, iddiaçının hazırki mülki iş üzrə - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etməsi yolverilməzdir. Ona görə də, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəmələrə müraciət edə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı “Tolkun Lojistik Limited” şirkətinin AR-kı filialının cavabdeh "Tolkun Lojistik Limited şikətinə (İstanbul, Türkiyə) qarşı “vergi borclarının ödənilməsi təmin edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaiçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aidiyyəti üzrə məhkməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar