Məhkəmə qərarları › İş №2(005)-4936/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4936/2023

15.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4936/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və sair” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçılar iddia ərizəsində payçılar Cavabdeh1 və Cavabdeh2, ünvan 1 ünvanında ümumi mülkiyyətdə olan daşınmaz əmlakda 16/32 və 8/32 hissə paylardan ibarət mülkiyyət hüquqları üzərində sərəncam verərək, “pilot layihə” çərçivəsində, mənzillərinin açarlarını "xxxx" MMC-yə təhvil verib, ünvanı tərk edib, hər biri 4-5 otaqlı mənzillərlə təmin olunduqlarını nəzərə alaraq, onların mülkiyyət hüquqlarına Təbriz küçəsi ev 34 ünvanlı daşınmaz əmlaka münasibətdə xitam verilməsi, ünvanda “B” tikilisindən başqa, digər tikililərin hamısının məhv edilərək mövcud olmadıqlarını nəzərə alaraq, DƏDRX-də “B” (118,4 kv.m) tikilisindən başqa bütün tikililərə dair qeydiyyatın ləğv edilməsi, “B” tikilisinin mülkiyyətçisi olmuş A.Mövlamovun vərəsələri İddiaçı1 və İddiaçı2, hər biri ½ hissə paydan ibarət olmaqla, mülkiyyət hüquqları DƏDRX-də qeydə alınmaqla, müvafiq çıxarışların verilməsini xahiş etmişlər. Göründüyü kimi, iddia tələbi həm cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsini, həm daşınmaz əmlak mövcud olmadığından qeydiyyatın ləğv edilməsini, həm də tikili üzərində pay hüquqlarının tanınması və müvafiq çıxarışların verilməsi və sairdən ibarət olmaqla, birlikdə baxılması mümkün olmayan, bir-bir ilə birbaşa əlaqədar olmayan bir neçə iddia tələbini özündə birləşdirir. Həmçinin Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırki iddia ərizəsindən göründüyü kimi iddia ərizəsi qeyri-müəyyən olmaqla aydın formada tərtib edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Eyni Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi İddiaçı1 geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar